42
Cavidmi torpağa? Söz tarixindi. (5, s.130-131)
Tanımış şair Zəlimxan Yaqub da ulu Cavidin cənazəsinin qalıqlarının Sibirdən,
Maqadandan gətirilərək Naxçıvanda dəfn olunmasını poetik fikrin diqqət mərkəzinə çəkmişdir.
Onun “Cavid əfəndi” şeirindəki aşağıdakı misralar bu baxımdan xarakterikdir:
Yandı urək,
coşdu könül, düşündü baş, yaratdı əl,
Qalx məzardan, Cavid adlı heykəllərin seyrinə gəl.
Nurun Gunəş, qəlbin atəş,
gözün ocaq, sözün məşəl,
Bostanına yağan daşlar necoldu, Cavid Əfəndi!
İnam səndə, şərəf səndə, dözüm səndə,
səbir səndə,
Sən qurbətdə, sən Sibirdə,
qurbət səndə, Sibir səndə.
Qırx illik bir yoldan gəldi, quşa döndü qəbir səndə,
Maqadandan Naxçıvana köç oldu, Cavid Əfəndi! (10, s.143)
Tanınmış şair Asim Yadigarın “!Ulu Cavid” şeirində bir zamanlar haqsız ittihamlara hədəf
olan dahi şairin yenilməz şəxsiyyəti, əzəməti diqqət mərkəzinə çəkilmiş, onun sənəti ilə mənəvi
ölümsüzlük qazanması vurğulanmışdır.Şeirdə həmçinin Naxçıvanda məqbərədə birgə uyuyan
Cavidlərin
son mənzildə nəhayət ki, qovuşması da özünün poetik təcəssümünü tapmışdır:
Hansı yolla getmiş idin, necə gəldin, yoluna bax,
Kimlər yatır sənlə qoşa-sağına bax, soluna bax.
Mişkinaz tək el anası, Ərtoğrul tək oğluna bax,
Cafakeşlər cəfakeşi, o, Turandı, ulu Cavid!
Necə varsan, elə qaldın,- daha ötkəm,
daha məğrur,
Əbədiyyət yolçususan, qəlbində od, gözdə qürur.
Əyilməzlik simvolusan, qazancın bu, haqqın budur,
Sənət yolun bir işıqlı kəhkəşandı, ulu Cavid! (11, s.41)
Azərbaycan ədəbiyyatında ustad Hüseyn Cavid və onun ailə üzvləri haqqında çoxsaylı və
müxtəlif səpkili şeirlər yazıldığı kimi, son illərdə bəzi poemalar da qələmə alınmışdır.
Xalq şairi Zəlimxan Yaqubun “Cavidin qız balası” poemasında mütəfəkkir şair-dramaturqla
bağlı lirik düşüncələrin bədii təqdim üsulları maraq doğurur. Poemada görkəmli ədibin qızı Turan
xanım Cavidin şəxsiyyəti və taleyi barədəki poetik düşüncələr ideya-bədii təsir gücü ilə oxucu
qəlbinə yol tapır.
Şairə-dramaturq Nafilə Abuzərlinin Hüseyn Cavidə həsr etdiyi “Eşq mələyi” poeması da bu
baxımdan xarakterikdir. Tanrısı gözəllik və sevgi olan Hüseyn Cavidə poetik ehtiramdan yaranan
həmin poema əsasında Azərbaycan televiziyasında hazırlanmış “Ah, ədalət!” adlı kompozisiyanı da
xatırlatmaq yerinə düşər.
Azərbaycan poeziyası ilə yanaşı, bədii nəsrində də Hüseyn Cavidə həsr olunmuş bir sıra
əsərlər vardır. Bu sahədə ilk nümunə tanınmış akademik və yazıçı-publisist Rafael Hüseynov
tərəfindən yazılmışdır. Onun 1984/1985-ci illərdə qələmə aldığı “Cavidlər” sənədli romanı
bütövlükdə Hüseyn Cavid haqqında dəyərli əsərdir.
Ümumiyyətlə, Rafael Hüseynovun Hüseyn Cavidə və onun ailə üzvlərinə həsr olunmuş
“Cavidlər” sənədli romanı və digər əsərləri
(6) elmiliklə bədiiliyin, sənədliliklə lirik-fəlsəfi
düşüncələrin, bədii yozumların vahid məcrada və böyük məharətlə təcəssümü ilə səciyyələnir.
Cavidin şəxsiyyəti, bioqrafiyası, mühiti, müasirləri ilə bağlı bir çox mətləblərin və səhifələrin ilk
dəfə R. Hüseynov tərəfindən sənədli-bədii tərzdə təqdimi məsələləri, Cavidin tanıtdırılması və
dərkində həmin əsərlərin mühüm rolu da ayrıca qeyd olunmalıdır.
Bütövlükdə Rafael Hüseynovun “Cavidlər” əsəri Azərbaycan sənədli bədii nəsrində orijinal
və dəyərli nümunədir. Xalq yazıçısı Anar Rafael Hüseynovun bu əsərini yüksək qiymətləndirərək
obrazlı şəkildə belə yazmışdır: “Cavidlər” sənədli romanının oduna-atəşinə, yəqin ki, heç bir cihaz
davam gətirməzdi. Həm bəhs olunan hadisələrin faciə şiddəti, həm də müəllif qəlbinin odu-alovu o
43
qədər gurdur ki, öz- özünə alışan əşyalar kimi, bu səhifələrin də sanki birdən-birə yanıb külə dön-
mək ehtimalı var” (6, s.605).
Tanınmış yazıçı Anarın “Cavid ömrü” filmi üçün yazdığı kinossenari epik və dramatik
səpkili, tarixilik və müasirlik keyfiyyətlərinə malik dəyərli bədii mətn kimi ideya-bədii
mükəmməlliyə malikdir.
Xalq yazıçısı, bir sıra tarixi romanlar müəllifi Hüseyn İbrahimovun repressiya qurbanı
olmuş Hüseyn Cavidin faciəli taleyinə həsr edilmiş “Böhtan” romanında (7) müasirlik və tarixilik,
sənətkar və zaman probleminin bədii təcəssümü kimi məsələlər diqqəti çəkir. Əsərin ideya-bədii
məziyyətləri, tematikası, problematikası, obrazlar aləmi, süjet-kompozisiya xüsusiyyətləri, üslub
özəllikləri və s. tarixi nəsrin əsas prinsiplərinə uyğundur. Mütəfəkkir ədibimizin böhtanlara
mətanətlə sinə gərən yenilməz xarakterinin, faciə ilə tamamlanan ömür yolunun tarixi romanda epik
təqdimi də ayrıca vurğulanmalıdır. Azərbaycan tarixi nəsrinin tanımış tədqiqatçısı professor Yavuz
Axundlu “Hüseyn Cavid haqqında ilk roman” adlı məqaləsində “Böhtan” barədə yazmışdır:
“Romanda tarixi sənədlərlə, faktlarla, canlı xatirələrlə bir sırada müəllif təxəyyülündən doğan
səhnələr, təsvirlər qaynayıb qarışır, təbii ki, bunlar yazıçı ustalığı, məharəti sayəsində bir-birini
tamamlayır” (2, s. 112).
Xalq yazıçısı Anarın “Cavid ömrü” bədii filmi üçün yazdığı kinossenari epik və dramatik
səpkili, tarixilik və müasirlik keyfiyyətlərinə malik dəyərli bədii mətn kimi ideya-bədii
mükəmməlliyə malikdir.
Hüseyn Cavidin bədii obrazı Azərbaycan dramaturgiyasında da özünəməxsus yer tutur.
Şairə-dramaturq Kəmalə Ağayevanın Hüseyn Cavidə həsr etdiyi “Mənim tanrım gözəllikdir,
sevgidir” mənzum dramında Hüseyn Cavidin müxtəlif əsərlərindən seçilmiş parçalardan istifadə
məqamları, onların ideya-bədii arxitektonikada mövqeyi və ədəbi funksiyası maraq doğurur.
Dramaturgiyamızda Stalin repressiyasını pisləyən ilk örnəklərdən biri olan bu mənzum dram
Naxçıvanda Cavid poeziya teatrının səhnəsində tamaşaya qoyulmuşdur.
Son dövr Azərbaycan dramaturgiyasında Hüseyn Cavidə həsr olunmuş bəzi yeni əsərlər də
qələmə alınmışdır. İsgəndər Atillanın 3 hissəli “Cavid” dramı (3),
Nafilə Abuzərlinin “Hüseyn
Cavid”
(1), Həsənəli Eyvazlının “Ərtoğrul Cavid, yaxud bir ailənin dramı” əsərləri bu baxımdan
xarakterikdir. İ.Atillanın və N. Abuzərlinin əsərlərində Hüseyn Cavidin şəxsiyyəti və keşməkeşli
ömür yolunun dramatik təqdimi məsələləri, xüsusən Hüseyn Cavid obrazı, həmçinin ədibin ailə
üzvləri və bəzi müasirləri ilə bağlı məqamlar diqqəti çəkir.
Həsənəli Eyvazlının “Ərtoğrul Cavid, yaxud bir ailənin dramı” adlı iki pərdəli, doqquz
şəkilli mənzum faciəsində (4,s. 3-70) Cavidlər ailəsinin faciəli taleyi və bu aspektdə Hüseyn
Cavidin həyatdan vaxtsız köçmüş istedadlı oğlu Ərtoğrul Cavidin ömür yolunun dramatik təqdimi
əsas yeri tutur. H.Eyvazlı bu pyesdə süjetin inkişafı boyunca mövzunun xarakterinə, dramaturji
situyasiyalara uyğun olaraq H.Cavidin əsərlərindən, xüsusən “İblis” dramından bəzi parçaları da
əsərə daxil etmiş, onların ideya-bədii baxımdan əsərlə üzvi surətdə bağlanmasına da nail olmuşdur.
Deyilənlər göstərir ki, ustad sənətkarımız Hüseyn Cavid haqqında Azərbaycan ədəbiy–
yatında müxtəlif janrlarda bir çox dəyərli bədii əsər yazılmışdır.
ƏDƏBİYYAT
1. Abuzərli N. Eşq mələyi. Bakı: MBM, 2012, 168 s.
2. Axundlu Y.Ədəbi mühit və sənətkar. Bakı: Adiloğlu, 2002. 188 s.
3. Atilla İ. Cavid. Bakı: ADPU, 2009, 76 s.
4. Eyvazlı H.
Seçilmiş əsərləri, 1-ci cild. Naxçıvan: Məktəb, 2015, 377 s.
5. Həsənzadə N. Seçilmiş əsərləri. Bakı: Azərnəşr. 1987, 376 s.
6. Hüseynov R. Əbədi Cavid. Bakı: CBC, 2007, 840 s.
7. İbrahimov H. Böhtan. Bakı: Şərq-Qərb, 1998, 286 s.
8. Qasımbəyli Y. XX əsr Azərbaycan poeziyasında Cavid. “Ədalət” qəzeti, 2012, 23 oktyabr
9. Rza X. Uzun sürən gənclik. Bakı: Azərnəşr,1994, 435 s.