175
arxaik mədəniyyətlərini əhatə edən belə bir tipik situasiyanı aşkar etmişdi ki, əhd kəsmək
mərasimində hansısa heyvanın hissələrə bölünməsi geniş yayılıb [9.с.174-179]. Deməli, müxtəlif
mədəniyyətlərdə əhd etməyin, bağlamağın variantlarında təkrar olunan invariant cəhət «kəsmək»
aktı idi («əhd, mərcə kəsmək» deyimində «kəmək» feili buradandır). Bu tipologiyadan çıxış edərək
Azərbaycan alimi Niyazi Mehdi dilimizin bəzi dialektlərində niyə əhd kəsməklə bağlanmış
müqaviləyə «kəsmət» deyildiyini izah etmişdi [10. c.31-34].
Tipoloji axtarışların bu növündə bir fakt (məsələn, geyim detalı), bir situasiya (hədiyyə
etmək, evlənmək), bir süjet başqa mədəniyyətlərdə və ya mədəni dövrlərdə öz oxşarları (variantları)
ilə tutuşdurulandan sonra tipolojiləşdirilirdi. «Toy bir çox mədəniyyətlər üçün tipolojidir»
(universaliyadır), «bir çox mədəniyyətlərdə şənliyin yemək-içməklə ifadə olunması tipolojidir»
kimi diskursların elmdə peyda olması tipologiyanın konkret simvolla bağladılmasının məhsuludur.
Beləcə, sinxronik (eynizamanlı) xətdə və diaxronik (zaman ardıcıllığı) planında tipoloji simvolla
bağlı mədəniyyətlər üzərində birləşdirmə aktı yerinə yetiriləndə çox maraqlı məsələlər ortaya çıxır.
Kamal Abullanın «Gizli Dədə Qorqud» araşdırması Oğuz dastanları ilə yunan mifologiyası arasında
külli miqdarda tipoloji yaxınlıqlar tapır. Beləcə, Təpəgözlə Polifem, Edip və Buğac, Odissey və
Beyrək arasında tipoloji yaxınlığın tapılması alimin söyləminə, narrasiyasına ovsunlayıcı cazibə
verir .
Sehirli nağılların süjet müxtəlifliyini bir tipoloji modeldə birləşdirmiş Proppun «Nağılların
morfologiyası» kitabı Qərbdə strukturalizmin yaranmasına öz təsirini göstərmişdi [11. с.400-428].
Biz bu faktı ona görə söyləyirik ki, tipologiya əsasında mədəni faktları identifikasiya əlaqəsinə
salmaq, yəni onları bir tip, bir anlayış altında birləşdirmək bizim elmi maraqlı perspektivlərə çıxarır.
Tipoloji təfəkkür sayəsində tapılmış səyyar süjetlər kulturologiya üçün sirli suallar ortaya
çıxarmışdır. Onlardan biri belə idi: səyyar süjetlər mədəniyyətlər arasında mübadilə nəticəsində
mümkün olub, yoxsa onların tipoloji eyniliklərinin mənbəyi başqadır?
Ziqmund Freyd yuxularda və miflərdə eyni simvolların olmasını onunla izah edirdi ki, hər
ikisinin müəllifi şüuraltıdır. Təxminən eyni cavabı Karl Yunq da vermişdi. Miflər ruhun şüursuz
qatlarının təbiətə proyeksiyası olduğu üçün müxtəlif xalqların mifologiyasında tipoloji təkrarlar baş
verir. Tipoloji araşdırmaların başqa «tipi» oxşar mədəniyyət faktlarını, süjetlərini toplamağa
əsaslanmır. Onu daha çox maraqlandırır mədəniyyətləri tipoloji modellərdə birləşdirərək «İbtidai-
icma mədəniyyəti», «Şərq mədəniyyəti», «Antik mədəniyyət», «Qərb mədəniyyəti», «Müsəlman
mədəniyyəti» kimi «taksonları» (taksonomik vahidləri) formulə etmək. Sadaladığımız birliklərin
hamısında ən müxtəlif empirik mədəni materiallar bir ideya ətrafında birləşməklə tipoloji vəhdət
əmələ gətirir. Toynbinin və Hantinqtonun araşdırmalarında bəzi sivilizasiyaların tipini Katolisizm,
Buddizm kimi konfessiyalar verirdi. Bu konfessiyalar müəyyən etdikləri sivilizasiyalarda insanlara
eyni davranış modellərini aşılayırdı. Hantinqton, məsələn, xeyli statistik faktlar əsasında göstərirdi
ki, İslam sivilizasiyası qaçılmaz olaraq digərləri ilə münaqişələr yaşayır. Alimin fikrincə, müsəlman
cəmiyyətlərinin çoxlu konfliktə cəlb olunması onunla bağlıdır ki, bu cəmiyyətlər xeyli militarlaşmış
sosiumlardır. Başqa səbəb odur ki, bir din kimi İslamla hərb, döyüşkənlik arasında əzəli bağlılıq
var. Bu baxımdan onun «qılınc dini» adlandırılması təsadüfi deyil. Məhəmməd özü İsus və
Buddadan fərqli olaraq böyük sərkərdə olub. İslam doktrinində inanmayanlarla savaş var. Sonralar
bu, təriqətlər arasında savaşlara transformasiya olub. İslam dünyasında fitnə (daxili savaşlar) cihada
nisbətdə heç də az olmayıb. Quranda zorakılığa qarşı az yasaqlar var. Münaqişələri dinc yolla çözmək
anlayışı İslam ehkamlarında və praktikasında yoxdur [13.p.258]. Əlbəttə, radikal islamçılara, İŞİD kimi
qaniçənlərə aid ittihamların İslam mədəniyyyətinə və müsəlmanlara yönəldilməsi ciddi elm üçün
qəbuledilməzdir. Hələ onu demirik ki, qılınc ideyası İsus mouzələrinə də yad olmayıb. Eyni zamanda
dini motivlər üstündə Katolisizm, Parvoslavlıq və Protestanizm arasında qanlı münaqişələr olsa da heç
kim bundan Xristianlığın qılınc dini olması nəticəsini çıxarmamışdır. Ona görə də Hantiqtonun gətirdiyi
statistikanı başqa narrasiya tipində söyləməsi elmi baxımdan daha politkorrekt olardı. Görkəmli
amerikan politoloqu, ən azı, onu nəzərə almalı idi ki, qonşularının sayı və dini-etnik müxtəlifliyi
müsəlmanlarda hamıdan çox olduğundan münaqişələrin statistikası da belə yüksək olmalı idi.
Sivilizasiyalar üzrə tipoloji axtarışlar kulturologiyanın ən səmərəli (produktiv) istiqamət–lərin–
dəndir, ona görə bu istiqamət son dövrlər Azərbaycanda paradiqma işini görərək müxtəlif tədqiqatlar
törətmişdir. İstedadlı alim Rahid Ulusel Sivilizasiya mövzusunda harmoniya axtarışlarını önə çəkmişdir
[15.s.19]. Gənc tədqiqatçı Ərəstu Həbibbəyli isə sivilizasiya nəzəriyyələrinin tarixi və indisi haqqında
kifayət qədər səriştəli məlumatlar verəndən sonra «Türk sivilizasiyası» ideyasının aktuallığını göstərən
arqumentlər irəli sürmüşdü. Əlbəttə, rus alimləri Slavyan sivilizasiyası məsələsini qoyanda
176
Ə.Həbibbəylinin təşəbbüsü tam məntiqi görünür . Gənc alim bu sivilizasiya ilə bağlı irəlidə bizim
qabartdığımız qonşuluq fenomenini vurğulayır. Türk sivilizasiyasının dini və etnik baxımdan müxtəlif
qonşularının sayı yalnız İslam sivilizasiyası ilə müqayisəyə gələ bilər. Bütünlükdə isə, görünür,
sivilizasiyaların sayı, adı, mənsubiyyəti haqqında hər hansı diskussiya perspektivsizdir. Əgər kimsə
Hantiqtonun Katolik, Ortodoks, Buddist, Hinduist sivilizasiyalarının sırasına türk, ərəb sivilizasiyalarını
artırmaq arzusunda olsa, onun qarşısında yalnız bir tələb qoymaq olar. Bu əlavələrin sivilizasiya
nəzəriyyəsi üçün kəmiyyət artımından başqa hansı dəyəri var? Bu əlavələr sivilizasiya nəzəriyyəsinə
yeni ideyalar verə bilirmi? Bu suallara müsbət cavab vermək üçün Türk sivilizasiyasının uğurlu, təsirli
tipologiyasını qurmaq lazımdır. Təəsüf ki, Türk dünyasının tipoloji modelləşdirilməsi məsələsində hələ
də ciddi irəliləyiş yoxdur. Ortaçağın özündə müsəlman dünyasında fars, ərəb və türk dünyalarının
tipoloji fərqini intuitiv duyurdular. Ərəb dilini bəlağət, fars dilini hazırcavablıq, türk dilini sadəlik dili
adlandıranlar təkcə dil fərqini nəzərdə tutmurdular. Beləcə, həm də ərəblərin, farsların, türklərin mental,
kulturoloji özünəməxsusluqları qabardılırdı. Göründüyü kimi, hətta Orta əsrlərdə belə «müsəlman»
anlayışının eyniləşdirici gücü o qədər deyildi ki, etnik fərqləri şüurlardan tam götürsün. Bu fərqlərin
mədəniyyətdə qalmasına «Azərbaycan», «Bakuvi», «Təbrizi» kimi kunyalar, ləqəblər də öz xidmətlərini
göstərirdilər. İndi ümumiləşdirmə aparıb söyləyə bilərik ki, mədəniyyətləri anlamağın ciddi yollarından
biri onları hər hansı tipoloji modelin içinə salaraq düşünməkdir. Bundan çıxış etsək, deyə bilərik ki,
kulturoloji nəzəriyyələrin tarixi mədəniyyətlərlə bağlı müxtəlif tipologiyalar, taksonomik modellər
qurmaq tarixidir. Ancaq bu zaman ciddi vasitələrdən biri müqayisə etmək mexanizmidir. Dedik ki,
kulturologiyada müqayisə, əslində, yenə birləşdirmək və fərqləndirmək əməliyyatının strukturunda
iştirak edir. Bizim dilimizdəki müqayisə mənasında «tutuşdurmaq» sözü bu prosesin yalnız bir aspektini
açır. Tutuşdurmaq iki faktı yan-yana tutub birinin o birisinə baxanda necə olmasını aşkar etməkdir. İki
çubuqdan hansının uzun olduğunu beləcə tutuşdurub tapırlar. Ancaq «tutuşdurmaq» sözünü müqayisə
anlayışına transformasiya edəndə, artıq, genişlənərək təkcə uzunluğu yox, necəliyi, nəliyi və nə
qədərliyi də əhatə edir. Beləliklə, müqayisə əməliyyatı üçün iki hadisəni hansı məkanda isə bir
müstəviyə gətirmək lazımdır. Bu müstəvi coğrafi məkan ola bilər. Deməli, müəyyən mənada fiziki
məkan mədəniyyətlərin, mədəniyyət hadisələrinin tipoloji müqayisəsi üçün müstəvi verə bilər. Bunu
qonşuluq da adlandırmaq olar. Şərq və Qərb mədəniyyətlərinin belə fiziki məkan müstəvisində,
qonşuluq koordinatlarında müqayisə olunması elmdə çox bəhrə vermişdir. Bununla da, bu barədə
söylədiklərimizdən aşağıdakı nəticəni çıxarmaq olar:
1) Taksonomiya elmin obyektini əmələ gətirən, deməli, idrakın hədəfləri olan cism və
hadisələri nizam-intizamlı düzmək vasitəsidir. Ona görə də qruplaşdırma və düzmək taksonomik
paradiqmalarla bağlıdır.
2) Düşünməyin fundamental paradiqması nələrisə ayırmaq, nələrisə birləşdirməkdir.
Taksonomiya, kompravistika və tipologiya hərəsi bu epistemoloji əməliyyat üçün öz qaydalarını
verirlər.
ƏDƏBİYYAT
1.
Losevin bu diskursunun izahı üçün bax: Mehdi Niyazi. Sənətin arxeologiyası, sənətin
arxitektonikası. B.: Qanun, 2007, 342 s.,s.208-209;
2.
Курпатов А.В. 5 великаих тайн мужчины и женщины. М.: ЗАО «ОЛМА Медиа групп,
2007, 256 с., с.26).
3.
Əliyeva Yeganə. Mədəni sahənin diplomatiyası. B.: Nəşriyyat yoxdur, 2013, 296 s., s.17
4.
Исаев Б. А. Социология. Краткий курс. Спб: Питер, 2007, 224 с., с.42.
5.
Bax: Benedict Ruth. The Chrysanthemum and the Sword: Patterns of Japanese Culture.
Boston. 1989; Misheva Vessela. Shame and Guilt. Sociology as a Politic System. Uppsala
University. Department of Sociology. 2000, p.112-114.
6.
Мехти Ниязи. Средневековая мусульманская культура: эстетика проявленного и и
философия сокрытого. Б.: Ганун, 1996, 191 с., с. 131-132
7.
Кулиев Г.Г. Архетипичные азери: лики менталитета. Б.: Ени несил, 2002, 246
с., с.164-169
8.
Фуко Мишель. Слова и вещи. Архиология гуманитарных наук. М.: Прогресс, 1977, 488
с., с.61-76
9.
Фрэзер Джемс Джорж. Фольклор в Ветхом Завете. М.: Изд.-во Политической
Dostları ilə paylaş: |