- 32 -
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2018, № 1 (90)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2018, № 1 (90)
TÜKƏZBAN RÜSTƏMOVA
Gəncə Dövlət Universiteti
UOT 159.923.31
İMTAHAN STRESİNİN TƏSİRİ ALTINDA TƏLƏBƏLƏRDƏ
PSİXOLOJİ GÖSTƏRİCİLƏRİN TƏDQİQİ
Açar sözlər:
Gərginlik, amil, qıcıqlandırıcı, özünütənzimləmə, yüklənmə
Keywords: stress factor, a stimulus, self-regulation, overload
Ключевые слова: напряженность, фактор, раздраженность, загруженность
Təkamül prosesində möhkəmlənmiş məqsədyönlü reaksiya kimi, emosional gərginlik
neyrofizioloji prosesləri aktivləşdirərək adaptiv davranışın formalaşmasına və dərketmə proseslərin
güclənməsinə səbəb olur. Emosional gərginliyə həsr olunan son illərin ədəbiyyatında əsas fikir
fərdin stres zamanı davranışı, aktivlik və adaptasiya olma göstəricisi, müdafiə olunma qabiliyyəti
kimi proseslərin öyrənilməsi olmuşdur. Elmi məqalələrdə psixi tənzimləmə və fərdin aktivliyinin
özünütənzimləməsinə böyük diqqət ayrılmasına baxmayaraq, yenə də emosional gərginliyin sinir
sisteminin funksiyalarına təsir mexanizmləri hələ də ətraflı öyrənilməmiş qalır.
Ali təhsil müəssisələrində oxumaq özü də bir sıra əhəmiyyətli xüsusiyyətlərə malikdir ki, bu da
tələbələrin seçdiyi ixtisaslarından, yaşayış mühitindən, yaşından, qidalanma və zərərli vərdiş və s. çox
asılıdır. Qeyd etdiyimiz faktorlar tələbələrin orqanizminə çoxparametrli təsir edərək, bir sıra
psixofizioloji funksiyaların, xüsusilə sinir sisteminin ətraf mühitdən gələn stres təsirlərə qarşı
reaksiyalarının dəyişməsilə nəticələnir. Tələbələrdə psixi gərginlik yaradan ən əsas səbəblərdən biri
imtahan stresidir ki, çox vaxt axır nəticə imtahan prosesi psixitravma yarada bilən faktor kimi göstərilir.
İmtahan stresi-klassik stress modeli sayılır və orqanizmdə çoxsaylı kompleks psixofizioloji
dəyişikliklərin yaranması ilə müşaiyət olunaraq, insanın həyat fəaliyyətinə (təhsil, əmək, idman və s.)
təsir edir. İnsanın həyat fəaliyyətində psixi gərginlik yaradaraq imtahan stresinə bənzər çoxsaylı
vəziyyətlər mövcuddur (məsələn, attestasiya, testləşdirmə, yarışlar, ekspertiza, işə qəbul üçün müsabiqə,
dissertasiya və ya diplom işi müdafiəsi, cəmiyyətdə çıxışlar və s.) (1). Bütün hallarda insan qarşıya
qoyduğu məqsədə çatmaq üçün çalışır və psixoloji gərginliyin yaranması ilə nəticələnir.
Son illərin ədəbiyyatında imtahan stresinin tələbələrin sinir, ürək-damar və immun sisteminə,
hətta genetik aparata mənfi təsir etdiyini, onkoloji xəstəliklərin yaranma ehtimalının artmasına şərait
yaratdığını sübut edən kifayət qədər məlumatlara rast gəlinir. İmtahan stresi beyin qabığından başlayan,
hüceyrə səviyyəsində yekunlaşan zəncirvari disfunksiyalara səbəb olur. Emosional stresə qarşı insan-
ların müxtəlif davamiyyətini nəzərə alaraq, ədəbiyyat mənbələrində vegetativ sinir sisteminin simpatik
və parasimpatik şöbələrinin aktivləşməsinə, vegetativ homeostazın pozulmasına, ürək-damar sisteminin
reaksiyalarının yüksəlməsi faktları göstərilib. Zehni və psixo-emosional gərginlik neyroendokrin siste-
min funksiyalarına da təsir göstərərək, maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. İmtahanın
ağırlıq dərəcəsindən əlavə, imtahan zamanı müxtəlif yaş qruplarında olan tələbələrdə emosional gərgin-
liyə qarşı reaksiyalar müxtəlif şəkilli olması ilə diqqəti çəkir.(3) Qeyd olunan faktları nəzərə alaraq, üç
müxtəlif yaş qrupuna daxil tələbələrdə eyni tədqiqatlar aparmaqla, beyin fəaliyyətinin dəyişikliklərinin
mexanizmlərinə aydınlıq gətirmək mümkün ola bilər.
Material və metodlar:
Dissertasiyanın nəzərdə tutulmuş tədqiqatlarını həyata keçirmək üçün Gəncə Dövlət
Universitetinin tələbə və magistrları tədqiqatlara cəlb ediləcək. Belə ki, I kursda oxuyan 17-18 yaşlı,
IV kursda oxuyan 21-22 yaşlı tələbələr, magistra-turanın son kursunda oxuyan 24-25 yaşlı
magistrlar üzərində psixofizioloji və elektrofizioloji tədqiqatların aparılması nəzərdə tutulub.
Tədqiqatlarda iştirak edənlərin praktiki sağlam olması və könüllü olaraq tədqiqatlarda iştirakı vacib
şərtlərdəndir. Hər qrupda minimum 30-40 nəfər tədqiq olunacaq.
- 33 -
Tədqiqatlar əsasən 4 mərhələdə aparılması nəzərdə tutulub:
I mərhələ: İmatahandan 2 ay əvvəl - psixoloji və elektrofizioloji fon göstəricilərinin təyini
məqsədilə aparılacaq. Bu zaman əsasən, imtahan dövründə tədqiq olunacaq tələbə və magistrların
psixofizioloji göstəriciləri adi gündə təyin olunmaqla, emosional gərginliyin təsiri altında yaranan
dəyişiklikləri müqayisə edərək aşkar etmək
üçün vacib əhəmiyyətə malikdir;
II mərhələ: İmatahandan 30 dəqiqə əvvəl- tədqiqatlarda iştirak edənlər imtahan
başlanmazdan 30 dəqiqə əvvəl psixoloji və elektrofizioloji müayinələrdən keçiriləcək;
III mərhələ: İmtahandan 10 dəqiqə sonra- tədqiqatlarda iştirak edənlər imtahan qurtardıqdan
10 dəqiqə sonra psixofizioloji tədqiqatlara cəlb olunaraq, emosional gərginliyin yaratdığı
dəyişikliklər
aşkar ediləcək;
IV mərhələ: İmtahandan 2 saat sonra- imtahan qurtardıqdan 2 saat sonra tələbə və
magistrlarda emosional gərginliyin aradan götürülməsindən sonra qalan iz reaksiyalarının müəyyən-
ləşdirilməsi gözlənilir.
İmtahan prosesinin özü də iki mərhələdən ibarətdir və burada imtahan prosesinin ağırlıq
dərəcəsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, imtahan prosesinin ağırlıq dərəcəsi deyiləndə I kurs
tələbələri üçün hümanitar ( məsələn, tarix) və dəqiq elmlərdən (məsələn, fizika), IV kurs tələbələri
buraxılış imtahanı və dövlət imtahanı (diplom işi müdafiəsi prosesi də ola bilər), magistrlar isə
buraxılış imtahanı və magistr dissertasiyasının müdafiəsi prosesi ərəfəsində tədqiq olunacaqlar.
Əsas məqsəd, imtahanın ağırlıq dərəcəsindən asılı olaraq yaranan emosional gərginliyin (həyəcanın)
səviyyəsinin təhsildə uğurun əldə edilməsindəki rolunu aşkar etməkdir.
Tədqiqatlar zamanı həm psixoloji-həyəcan göstəriciləri tədqiq olunacaq, həm də elektro-
fizioloji tədqiqatlar aparılacaq. Psixoloji-həyəcan göstəricilərinin müayinəsi zamanı aşağıdakı
testlərdən istifadə ediləcək:
Teylor testi -ümumi həyəcanın səviyyəsini təyin etmək üçün;
Spilberger-Xanin testi - situativ və fərdi həyəcanın səviyyəsini təyin
etmək üçün;
Ayzenko testi- İntellektual vəziyyəti müəyyənləşdirmək üçün;
A.A. Rean testi- uğur qazanılmasının motivasiyası və uğursuzluqdan qorxmanın təyini testi;
SAN testi- özünühissetmə, aktivlik və əhvalın təyini.
Göstərilən testlərin köməyi ilə, həyəcan, intellekt, dərketmə və s. psixofizioloji göstəricilərin
emosional stresin təsirindən hansı dəyişikliyə uğraması müəyyənləşdiriləcək. Eyni zamanda, yalnız
imtahandan 2 ay əvvəl bir neçə testlərin köməyi ilə müxtəlif yaş qruplarında temperament və
psixofizioloji xarakter xüsusiyyətlərin təyini nəzərdə tutulub. Bu zaman temperament təyini testi və
Lyuşer testinin işlədilməsi planlaşdırılıb.
Tədqiqatın nəticələri:
Təcrübələrdə imtahan stresi modelindən istifadə edərək sağlam gənclərdə emosional
göstəriciləri tədqiq olunmuşdur. Tədqiqatlar 17-22 yaşlarında biologiya -kimya fakültəsinin 60
praktiki sağlam gənclər üzərində aparılmışdır.
Psixoloji göstəricilərin tədqiqatı zamanı psixotestlərdən istifadə olunub: Spilberger-Xanin testi
vasitəsilə fərdi və situativ həyəcan, Teylor testi ilə ümumi həyəcan, göstəricisi yoxlanılıb.
Eksperimentlər üç mərhələdə aparılıb: adi dərs günlərindən birində; imtahan önü dövr; imthandan 2 saat
sonra. Hal-hazırda isə müşahidə olunan psixoemosional dəyişikliklər orqanizmin yaranmış şəraitə qarşı
uyğunlaşma reaksiyası kimi qiymətləndirilir. Məlumdur ki, emosional gərginlik təkamül prosesində
möhkəmlənmiş məqsədyönlü reaksiya kimi adaptiv davranışın yaranmasına imkan verir və
informasiyanın qəbul olmasını gücləndirir, neyrofizioloji proseslərin gedişini sürətləndirir (12).
Orqanizmin psixofizioloji mexanizmlərinin inteqrasiyası emosional hal üçün həlledici amil olub,
orqanizmin müxtəlif ekstremal şəraitə uyğunlaşmasına, adekvat reaksiyanın yaranmasına imkan verir və
bununlada mövcud şəraiti bütövlükdə ümumi bir psixoloji səviyyəyə gətirib çıxarır (11).
Yeniyetmələrdə emosinal gərginlik şəraitinin təsiri nəticəsində yaranmış psixofizioloji
dəyişikliklər onların inkişaf prosesində öz mənfi təsirini edərək, gələcəkdə rastlaşma ehtimalı olan
sinir-psixi və somatik xəstəliklərin əsasını qoya bilər. Xüsusən, yeniyetməlik dövrlərində emosinal
gərginliyin təsiri daha ciddi fəsadlara və adaptasiya pozğunluqlarına səbəb olaraq, davranışın,
psixoloji vəziyyətin, xasiyyətin dəyişməsi və sağlamlığın itirilməsilə nəticələnə bilər (11).