yazmışdılar. Məgər təkcə onun əri öz övladını görmək istəmirdi?!
Belələri saysız-hesabsız, minlərləydi. Övladlarını körpəykən atan,
onlardan oğurluq edən, onlara qəsd edən o qədər
valideynlər və ya əksinə,
valideynlərinə bütün bunları qəddarcasına tətbiq edən o qədər övladlar
vardı ki! Millətindən asılı olmayaraq qızlarına tamah salanlar, hətta
oların bakirəliyinə toxunanlar olub, uşaqlarını küçəyə atan qadınlardan
da az yazılmayıb. Bəli, bioloji qohumluğun ali ilahi hisslərlə, insani
duyğularla heç bir əlaqəsi yox idi. Bununla yalnız barışmaq qalırdı ki,
Mədinə də bacarmırdı. O, adi günləri istirahət, bayram günlərindən çox
sevirdi. İstirahət-bayram günlərində kitablar da ona kömək etmirdi.
Zəhərli fikirlər qanını qaraldır, ürəyini parçalayırdı. “Dünən özü uşaq idi.
Bu gün budur, bir balacanı da dalınca çəkməlidir.” Məzuniyyət aylarında
evdə oturmaqdan qorxduğu üçün işdən hara gəldi putyovka götürməyə
hazır idi. Təki fikrini dağıda bilmək üçün yer olsun. Təyyarə vağzalına
da atası aparırdı. Bilgəhdəki istirahət evinə də atası onu yola salırdı.
Onun qəmini dağıtmaq üçün kişi şən səslə : “Bax, səyahətdən gözəl şey
yoxdur, qızım, sənə də yaxşı yol”, - deyirdi. Bilgəh yaxın olduğu üçün
bacıları, anası ilə atası yanına tez-tez gələrdilər. “Bəh-bəh cənnətdir ki,
bura”, - deyirdilər. Atası onun yerinə sevinirdi. “Putyovka 24 günlükdür
də, deyirsən, qızım. Əcəb yaxşıdır, qiyamətdir, otağın da əla, rahat, - sən
buna layiqsən.”
Evdən uzaqda, uşaqla tək qalacağı halda atası ona daha qızlıq
dövrlərindəki təki göstərişlər, nəsihətlər vermirdi. Kişi indi ona hər şeyi
özünün daha yaxşı bildiyi böyük, məsuliyyətli, cavabdeh adam kimi
baxırdı.
***
Meşəni xatırladan uca sərv ağaclarının, üstündə dələlər oynaşan
sənubərlərin, eldar şamlarının göz oxşayan yaşıl rəngi, bir neçə
metrlikdəki dənizin zümrüd sinəsi, səmanın mavi aydınlığı- o qədər
füsünkar, gözəl, cazibədar idi ki, hətta qəmli adamın da ürəyini açır,
vəcdə gətirirdi. Uca ağacların yarpaqları arasından yol edib keçən
günəşin oynaq şüaları süzülüb güzgülənir, adama “gəl-gəl” deyirdi.
Ləpədöyəndəki tənha skamya da Mədinə üçün lap göydəndüşmə
idi. Səhər yeməyindən sonra kitabxanaya girir, kitabla, jurnalla torbasını
doldurub pilləkənlərlə sahilə düşürdü. Moskva, Leninqrad və digər