"Necə də cavandır, görəsən bura niyə düşüb? Yəni o dəli olub? " Bu suallar
Səmranın beynində fırlanırdı ki, tibb bacısı onu çağırdı. Əlindəki dərmanı cavan
xəstəyə onun verməyini istədi. Səmra, ilk dəfə idi ki, xəstələr arasında idi. Həm
buna görə həyəcanlanırdı, həm də qarşısındakı yaraşıqlı oğlanın ağlını itirdiyinə
inana bilmirdi. Əlindəki dərmanı ona yaxınlaşdırıb:
-- Bilirəm, içmək istəmirsiz. Amma bir konfet kimi baxın buna. Necə də dadlı
görünür, elə deyil? - Səmranın ağlına bunlar gəlmişdi. Bir də baxdı ki, oğlan
əlindəki dərmanı özü götürdü və içib stəkanı geri qaytardı. Üstəlik də "Sağolun"
dedi. Yəni bu dəlidir ki? Səmra onun yanında özünü dəli hesab etməyə başladı.
Axı hansı dəli sağol deyir ki?
Qapıdan çıxanda tibb bacısı onun dərman vermək bacarığını bəyəndiyini dedi.
İki gün sonra baş həkimdən aldığı göstərişdə xəstələrə şəxsən dərman vermək də
var idi. Beləcə günlər keçdikcə hər bir xəstəyə necə yaxınlaşmağı da öyrəndi.
Pəncərə önündə oturan oğlana baxdıqca fikirləşirdi: "Axı o nə düşünür?
Həyatınımı, yoxsa onu bura atanlarımı?"
Yanında işləyən tibb bacısından onun haqqında bəzi məlumatlar almışdı.
Öyrənmişdi ki, 45 saylı xəstə kimsəylə danışmır. Kimsəylə ünsiyyət qurmur.
Tək istəyi pəncərə önündə oturmaqdır. Səmra gələnə kimi kimsənin əlindən
dərman içmir, kimsəni yaxına buraxmır. Yanına təkcə atası gəlib gedir. Amma
atası ilə nəinki danışmır, hətta çönüb üzünə də baxmır. Bəli, bu cavan oğlan
qəribə idi. Amma içindən bir səs onun eynən bir zamanlar Səmranın yaşadığı
kimi mənəvi sarsıntı keçirdiyini deyirdi. Axı bir zamanlar Səmra özü də
kimsəylə danışmırdı, ancaq təmizliklə məşğul olurdu. Onu nə sağaltdı?
Xədicənin reallığı araşdırması... Bəli, həqiqətləri öyrəndikdən sonra həyata
yenidən bağılanmışdı. "Bəlkə, o da həyatındakı həqiqətləri bilsə, sağalar?" bu
suala hər gün işə gəlib ona tamaşa edərək cavab axtarmağa başladı. Bir gün
onun atasını dəhlizdə gördü. Səmra yaşlı kişiyə yaxınlaşıb suallarını verdi.
Oğlunun niyə bu halda olduğunu ətraflı bilmək istəyirdi. İnanırdı ki, ona kömək
ola biləcək. Atası oğlunun bir zamanlar bir qızı sevdiyini dedi. İki il ərzində elə
oldu ki, universiteti bitirib əsgər gedəsi oldu. Qayıdıb gələndə eşidib ki, sevdiyi
qız başqasına ərə gedib... O gündən içinə qapanıb kimsəylə dərdini bölüşmür.
Artiq 3 ildir ki, burdadır. Psixiatrdan başqa, kimsəni yaxına buraxmırmış.
"Həyatdan əlini üzüb daha ..."
Bu son cümlə Səmraya pis təsir etdi. Bir atanın övladı haqqında bunu deməsi
necə də təsirli idi. Amma Səmra artıq onun burda olma səbəbini öyrənmişdi.
Odur ki, bir an belə itirmədən psixiatrin yanına getdi. Bir necə dəqiqəlik
söhbətdən sonra Səmra həkimdən onunla ünsiyyət qurmaq üçün icazə aldı.
Birinci gündən ona yaxınlaşdı. Dərmanı eyni cür verib sonra yanından
çəkilmədi.
-- Atanı incitmək, deyəsən, lap xoşuna gəlir? Məgər, yazıq deyil, o boyda kişi
boynunu bükə-bükə həkimlərin ağzını güdür ki, bəlkə ümid olar. Sən
iradəsizsən! Bilirsən, mən də sənin kimi bir xəyanət yaşamışam. Amma bax,
görürsən, həyatımı davam edirəm. Çünki həyat davam edir. Çünki yaşamağa
dəyər... Kimlərəsə görə onu niyə yarım qoyum ki? Sən yenə də düşün. Düşün
gör axırı nə olacaq bu susmağının.
Səmra uzun monoloqdan sonra onun yanından uzaqlaşdı. Amma hiss etdi ki,
dediklərini anlayırdı, hətta bəzi anlarda ona elə gəldi ki, gözləri pəncərəyə deyil,
sanki ona doğru baxırdı. Əlbəttə ki, onun sağalması üçün zaman lazım idi. Necə
ki, Səmraya lazım olmuşdu. Birdən anladı ki, həmişə 45 saylı xəstə deyərək
müraciət etsə sağalmağına ümid olmaz. Odur ki adını onun şəxsi qovluğu
arasından oxudu. "Necə? Adı: Saleh??? " Səmra gözlərinə inana bilmirdi. Dərk
etməyə çalışırdı. "Yəni Zərifənin sevdiyi Salehdir?" Bəlkə də bir təsadüfdür,
amma yenə də dəqiqləşdirmək istəyirdi. Bir daha həkiminə gedib şəxsən Salehin
ağzından Zərifə adı eşidib eşitmədiyini soruşdu. Bəli, Saleh elə Zərifənin sevdiyi
Saleh imiş. "Təsadüfə bir bax. ... " Səmra heç cürə inana bilmirdi. Evdə anasına
hər şeyi danışdı. Anası ona məsləhət verib dedi ki, "əlindən gələn varsa, et
qızım. Əgər sən olanlarla barışmısansa, demək o da barışacaq." Zəng vurub
Xədicəyə dedi. O da buna bənzər söz dedi. "Xatırlayırsan, demişdim ki,
düşünmə ki yer üzündə bu acını çəkən tək sənsən, axı Saleh də eyni acını
yaşayırdı. İnanıram ki sən ona öz vaxtı ilə yaşadığın hissləri danışsan, o da tək
olmadığını anlayar. "
Hər zamankı kimi Xədicə sirrli məsləhətini verdi. Səmra qərar verdi ki, nə
olur olsun Salehə kömək edəcək. Ona həyatı yenidən sevdirəcək... Bir neçə həftə
Səmra Salehin dərmanını verdikdən sonra dayanıb saatlarla danışırdı. Salehdən
cavab gəlmirdi, amma Səmra hiss edirdi ki, hər gün daha çox fikrini Səmranın
deyəcəklərinə yönəldir. Artıq bir ay keçmişdi. Səmra Salehi həyətə təmiz hava
almağa aparmışdı. Saleh əslində invalid olmasa da, əlillər üçün arabada oturardı.
Gəzintilərin birində Səmra ona əkilmiş qızılgüldən danışdı. Sevgini ona
bənzətdiyini, tikanları isə sınan qəlb olduğunu dedi. Əslində demək istəyirdi ki,
sınan tək sənin qəlbin deyil. Get-gedə Səmra danışmırdı əksinə, bir başa Salehə
unvanlanmış suallar verirdi. Bu nə rəngdir? Bu hansı güldür? Bu yolla istəyirdi
ki, Saleh sağa-sola baxsın. Onun işarə etdiyi hər şeyə nəzər yetirsin. Bir gün belə
gəzintilərin birində Səmra yenə sual verdi. Bu uçan heyvanın adını de görüm?
"Kəpənək"
Bəli, Səmra yanılmamışdı. Saleh son 4 ay ərzində ilk dəfədir ki Səmranın
hansısa sualına cavab vermişdi. Günlər keçdikcə onun sualları artar, cavablar da
həmçinin. Əksər cavablar tam doğru olurdu. Bu da Səmranı daha da
ruhlandırırdı.
Səkkizinci fəsil
6 ay sonra...
Səmra hər gün bağçada Salehlə havadan sudan danışardı. Daha Saleh
istədiklərini dilə gətirirdi. Hər tərəfə baxır. Təbiəti yenidən sevməyə başlayırdı.
Həkimlərlə zarafatlaşırdı. Bəzən Səmranı gülüş mərkəzinə çevirib bütün tibb
bacıları arasında gülüşə səbəb yaradardı. Amma Səmra Zərifədən bir kəlmə də
demirdi. Zaman keçdikcə işə daha çox həvəslə gedirdi. Bir gün Salehlə unsiyyət
qurmasa, qəti özünə yer tapa bilmirdi. Hər gün Salehə yeni bir şey öyrətmək
fikri ilə getsə də, geri dönüşdə özü ondan çox şey öyrənmiş olurdu. Nəhayət bir
səhər işə gələndə Salehi ayaqüstə gördü. Yavaş-yavaş addım ataraq yeriyirdi. Bu
yenilik Səmraya çox xoş gəldi. Axı necə aydır onun həyata bağlanması üçün
əlindən gələni edirdi.
Dostları ilə paylaş: |