- Kifayətdir. – polkovnik-leytenant əlini yuxarı qaldırıb – Deyin görək
Vahid Zaman adlı iş adamını tanıyırdızmı?
- O nə sözdür. Heç Vahid bəyi tanımamaq olar? O mənim yaxın
dostumdur. Mehriban adam idi.
- Siz onun öldüyü barədə bilirsiz?
- Bəli. Bu gün evində yas verilirdi. Orda eşitdim ki, Səyavuşu
buraxmamısız. Dünəndən buradadı. Onun bu işdə əli var bəyəm?
- Orası bizim işimizdir. Siz yalnız verilən suallara cavab verin.
Xatırladaq ki, verəcəyiniz yalnış ifadəyə görə məsuliyyətə cəlb oluna
bilərsiniz.
- Bəli, bəli. Bu barədə artıq məlumatım var. Siz deyin görək məni bura
nöşün çağırmısız?
- Siz avqust ayının 4-ü axşam 10-11 arası harda nə işlə məşğul idiz? -
Məmmədzadə masa üzərindən qələmi əlinə alıb oynatmağa başladı.
- Bircə deməyin ki, məndən şübhə edirsiniz. Bu ki, axmaqlıqdır. –
ürəkdən güldü.
- Burada gülməli heç bir şey yoxdur - polkovnik-leytenant əsəbi halda
dilləndi.
- Üzür istəyirəm. Lakin gülməkdən başqa bir şey bacarmıram. O ki, qala
adam öldürməyə. Biz ki, onunla dost idik.
- Hansı dost? Hansı dost soruşuram? – Paşazadə ayağa qalxıb qışqırdı. –
Dost dosta hədə gələr ki, iki günə fabriki geri satmasan səni
öldürəcəyəm? Buna dostluq deyirsiz?
- Onu kim deyir? Mən ölümlə heç kəsi hədələməmişəm.
- Vəfa xanım ifadəsində belə qeyd edib. Üstəlik Vahid bəyə yumuruq da
vurmusuz. Dodağı sağ tərəfdən partlamışdı. – Məmmədzadə səbrini
boğaraq dedi.
- Bilirsiz, mən o gecə oğlumun evində idim. Nəvəmin ad günü idi. –
mehriban görkəmindən əsər əlamət qalmadı. - Qonaqlıq verirdik. Bir
çox insanlar, yeri gəlsə hamısı mənim şahidim ola bilərlər. O ki, qaldı
ölümlə hədələməyə bunu demişəm. Amma sadəcə hədə idi. Mən indiyə
kimi cinayətə cəlb olunmamışam. Kiməsə ziyanım, zərərim dəyməyib.
- Necə dəyməyib? Bəs Vahid bəyin dodağını vurub partlatmaq zərər
yetirmək deyilmi? - Eyvazov yerindən sıçradı.
- Düzdür. Razıyam. Amma o zərbəni mən yox, oğlum Fuad vurub.
Cavanlıqdır da. Qan vurub təpəsinə. Amma yaxşı oğuldur. Kimsəni
qoymaz mənə artıq hərəkət eləsin. O gecə bizim mübahisəmizdə
anladı ki, mən haqlıyam vurub itələdi. Vahid də pələng kimi cumdu
üstümə. Fuad yumruqla vurub dodağını partlatdı. Bu sadəcə məni
müdafiə üçün idi. Əyər buna görə Fuadı ya məni həbs etmək
lazımdırsa buyurun. Qanun naminə nə lazımdırsa edin.
Bu zaman qapı döyüldü. Vahid bəyin xadiməsi ifadə vermək üçün gətirilmişdi.
Asif Məmmədazadə Faiq bəyə kənardakı stulda oturmağı tapşdırdı. Xadimə işəri
daxil olub göstərilən yerdə əyləşdi.
- Özünüzü təqdim edin.
- Əhmədova Fəxriyə Ağabala qızı.
- Vahid bəyi ən son harda və necə görmüsüz?
- Ölü görmüşəm. Yadıma düşdükcə bədənim əsir. O boyda adam olasan
bir gündə yox olasan. Bilirsiz necə yaxşı adam idi...Ehh hardan biləsiz
ki, onun necə insan olduğunu bir mən bilirəm.
- Niyə siz?- Qədir soruşdu.
- Ay oğul, o kimlərə kömək etməyib ki. Mən də onlardan biri. Əlil qızım
var onu yetimçiliklə böyüdürəm. Özünü idarə edə bilmir. Evdə bacım
baxır mən də iş axtarırdım. Çox əlləşdim amma işə alan olmurdu.
Axırda məcbur olub əl açdıb diləndim. Elə tamamilə təsadüfən Allah
mənimq arşıma çıxardı Vahid bəyi. Qızıl adamdı. Vallah. Məni bağ
evində xadiməliyə götürdü. Maaşımı da vaxtı vaxtında verirdi. Hətta
bəzən arada da bayramda filan pul verərdi. Ya bazarlığımı edərdi. Ehh
hanı o insan, hanı? İndi onun kimisi varmı yer üzündə? Çox çətin
çox...
- Fəxriyə xanım, siz deyin görək ən son o kabineti ümumiyyətlə evi nə
zaman təmizləmişdiz?
- Ay oğul xatırlamıram ki, amma ölməyindən xeylaq qabaq
yığışdırmışdım. Hətta Vahid bəyə zəng edib dedim ki, gələn dəfə gec
gələcəm. Qızım xəstələnmişdi onun dərmanları da ki, Allah
göstərməsin od qiymətinədi. Sağolsun Vahid bəy mənə həmin günü
işçisinin əli ilə pul yetirmişdi. O qədər ağlamışdım ki, o gecə. Nə gözəl
insandır deyə. Yaman dağ basdı sinəmə onun ölümü. Meydini
görəndən özümə gələ bilmirəm. Özümə bir böyük qardaş sanırdım onu.
Allah rəhmət etsin.
- Yaxşı siz ifadənizi imzalyıb gedin. Lazım olsa əlaqə saxlayarıq.
Xadimə kabineti tərk etdikdən sonra, kənarda oturub gözünün yaşını silən Faiq
bəyi yenidən stula dəvət etdilər. Az əvvəl xadimənin dediklərindən
təsirlənmişdi. Məmmədzadə suala davam etdi:
- Həmin gecədən sonra Vahid bəylə görüşmüsüz?
- Yox. Görüşməmişəm. Amma telefonla əlaqə saxlamışıq. Avqustun 3-ü
səhər zəng etmişdi.
- O zəng etmişdi?
- Həri. Dedi ki, Qönçənin ad gününə fabriki hədiyyə eləmək istəyir.
Buna görə də satmaq istəmir. Halalıq istədi. Mən də Qönçəni öz balam
kimi çox istiyirəm. – Faiq bəy əllərini havada yellədərək danışırdı.
Bu zaman Məmmədzadə əsəbi halda noutbukunda elektron poçtunu açdı.
Ümid edirdi ki, polkovnik-leytenant Murad Muradlı məktubuna cavab
yazmışdır. Beləcə bəzi qaranlıq qalmış məsələlərin həllini tapmaqda dostunun
köməyi ola bilər. Kodu daxil edər etməz ünvanına göndərilmiş məktubları
gözdən keçirməyə başladı. Nəhayət polkovnik-leytenant Muradlının bu səhər 8
də göndərdiyi məktubu gördü. Üzərindən bir dəfə basaraq açdı. Faiq bəy isə hələ
də danışırdı:
- Dedim ki, ver. Halal xoşu olsun. O gündən danışmadıq. Beləcə mən də
fabrikdən əlimi üzdüm.
Məmmədzadə artıq ürəyində dostunun məktubunu oxuyurdu:
“Asif, salam! Necəsən?
Sənin göndərdiyin məktubu dönə-dönə oxudum. Nəhayət qəti fikrə gəlib cavab
yazıram. Özümü sizlərin yanında təsəvvür etdim. Bilmirəm Faiq bəyin ifadəsi
necə olacaq. Ancaq onu deyə bilərəm ki, bu qətl yalnız onun fabrikinə görə ola
bilərdi. Sən meyiti təsvir edərkən dedin ki, sol əlində Revolver vardı. Qələm isə
sağ əli tərəfdə masa üzərində imiş. Belə çıxır ki, qatil Vahid bəyə sənəd
imzaladıb. Bu an hələ qələm sahibinin əlində ikən sol tərəfdən gicgahına vurub
öldürüb. Qələm əlindən masaya düşüb. Qatil solaxay olduğundan düşünməyib
ki, Vahid bəy əsasən sağ əlini işlədir. Beləcə silahı Vahid bəyin sol əlinə verib.
Qısaca bir söz deyə bilərəm qatil solaxaydır. Və əyər Vahid bəyin
dodağındakı çapıqla qətl hadisəsini müqayisə etsək, əmin ola bilərik ki, Vahid
bəyin dodağını vurub partladan elə qatilin özüdür.
Vacib sənəd isə: hərflərə diqqətlə baxanda orada bəzi sözlərin əvvəlinci
hərfini oxumaq olur. Məsələn: M,s,a,m,l,n,F,o.
M= “Mən” sözü ola bilər; Digər həriflərə bənzər bir neçə söz ola bilər: “s” =
sahib, vəsiyyət və. s; “m,l” daha çox mülk, mülkiyyət sözlərinə işarə ola bilər.
Lakin böyük “F” hərfi ya Faiq bəyin adına ya da Fuad adına işarə ola bilərdi.
İşinə azacıq da olsa köməyim dəydisə çox sevinərəm. Hələlik!”
Məktubu bitirər bitirməz Faiq bəyə ciddi nəzərlərlə baxdı. Ayağa qalxıb
Faiq bəyə yaxınlaşdı:
- Dediniz ki, Fuad vurub Vahid bəyi?
- Necə bəyəm?
- Hədə qorxu gəldiyin gecə Fuad vurub Vahid bəyi?
- Həri! Amma məni müdafiə məqsədi ilə.
- Fuad hardadır?
- Aşağıda maşında. Dedim ifadə verib gəlirəm. Məni gözləyir.
- Qədir, düş aşağı. Fuadı bura gətir!
- Oldu! – Mayor Eyvazov kabinetdən sürətlə çıxdı.
- Deməli, avqustunun 4-ü 10-11 arası oğlunuzun evində olmusuz? –
Məmmədzadə üzünə təəccüblə baxan Faiq bəydən soruşdu.
- Bəli. Niyə bir də soruşursuz?
- Neçə dəfə lazım gəlsə soruşacağıq. Oğlunuz bütün gecəni yanınızda
olub?
- Əlbəttə. Onun qonaqları vardı. Camaatı qoyub heç yerə gedə bilməzdi.
- Bəlkə dəqiq düşünəsiz? Məclis saat neçədə dağıldı?
- Gecə Saat 12-yə qalırdı. Hər kəs evinə getdi.
- Demək o vaxta qədər Fuad bəy yanınızda olub? - Paşazadə polkovnik-
leytenantın nəyi dəqiqləşdirmək istədiyini anlayaraq soruşdu.
- Bütün gecəni mənim yanımda dayanası deyildi ki? Arada başqa
qonaqlarla da salamlaşırdı. Ayaq yoluna da gedirdi. O gecə bərk
soyuqlamışdı. Yaman qaytarırdı.
- Qaytardanda yanında kim olurdu?
- Heç kəs. Kimin tox mədəsi o səhnəni götürərdi ki?
- Məclis keçirilən ev hardadı? – Məmmədzadə sözü dəyişdi.
- Sahil bağında. Oğluma o evi mən almışam. –fərəhlə əlini sinəsinə
qoydu.
Bu zaman qapı döyülərək açıldı. Qədir yanında gətirdiyi enli kürək üzü
təmiz qırxılmış sadə idman geyimində uca boylu 25-30 yaş arası şəxsə oturmaq
üçün yer göstərdi. Bu Faiq bəyin yeganə oğlu Fuad idi. Məmmədzadə qarşısında
əyləşmiş gəncə diqqətlə baxaraq:
- Özünüzü təqdim edin.
- İsayev Fuad Faiq oğlu. İdman klubunun sahibiyəm.
- Kifayətdir. – Məmmədzadə qəfil dilləndi. – Sizin avqust ayının 4-ü
axşam saat 10-11 arası harda və nə işlə məşğul idiz?
- Həmin günü oğlumun ad günü idi. Evimdə qonaqlarımın yanında idim.
- Məclis neçədə dağıldı?
- Gecə 12 olardı.
- Vahid Zamanı tanıyırsınız? - polkovnik-leytenant davam etdi.
- Şəxsən yox. Amma bir dəfə atamla onlara gedəndə görüşmüşəm.
- Daha doğrusu yumruqla vurub dodağını partladanda. – Paşazadə
yerindən dilləndi.
- Atamla mübahisə edirdilər. Cumdu onu vursun. Mən də kənarda
dayanıb gözləməli deyildim ki, buyur vur sənə qurbandır. Atama hələ
kimsə mənim gözlərim önündə əl qaldırmayıb. Qaldıra da bilməz.
- Nə qoçaq oğlansan ə-ə-ə! – Məmmədzadə ayağa qalxıb Fuadın
yanından keçdi. Bu zaman bayaqdan əlində oynatdığı qələmini qəsdən
yerə atdı. Məqsədi Fuadın qələmi hansı əli ilə qaldıracağını
yoxlamaqdır.
- Qələminiz düşdü. – Fuad əyilərək sol əli ilə yerə düşmüş qələmi
qaldırdı.
- Bərəkallah, həm də cəld adamsan. – Məmmədzadə ona doğru uzanmış
sol əli qələmi götürmədən bərk sıxdı.
- Siz nə edirsiz? – təəccüblənə Fuad Məmmədzadənin gözləri içinə
baxdı.
- Sən solaxaysan?
- Həri. Dedim axı körpəlikdən elədir. – yerindən sıçrayan Faiq bəy
təbəssümlə dilləndi.
- Siz qarışmayın. – Məmmədzadə hələ də sol əlini tutduğu Fuadın
gözləri içinə baxırdı.
- Bəlkə qolumu buraxasız?
- Buyur! İndi buraxdım. Lakin bir neçə dəqiqədən sonra uzun müddətlik
tutacam. – Məmmədzadə qarşısında əyləşmiş güclü adama diqqətlə
baxaraq əlini onun biləyindən çəkdi. - Ayaqqabı ölçün neçədir?
- 46. Nolub ki? Sozünüzün canını deyin. Vaxtım yoxdur. Məşqim var. –
Əsəbi halda ayağa qalxan Fuad dilləndi.
- Qorxma çox çəkməyəcək. Sadəcə o gecə qaytarmaq bəhanəsi ilə
haraya getdiyini boynuna alsan daha da tez bitirərik.
- Nə demək istəyirsiz?
- Onu demək istəyirəm ki, sən avqust ayının 4-ü axşam saat 10-11 arası
Vahid bəyin şəxsi bağ evinə hasardan aşaraq daxil olmusan. Vahid
bəyin kabinetindəki eyvanın açıq olmağından istifadə edərək. Evə
daxil olmusan. Mərhumun qarşısına gözlənilməz anda çıxaraq, əlində
gətirdiyin revolver markalı odlu silahla hədələmisən. İş otağına salaraq
orada vacib sənəd imzalatdırmısan. İmzanı alan kimi soldan sol əlində
tutduğun silahla yaxın məsafədən gicgahından atəş açaraq öldürmüsən.
Burada buraxdığın bir səhv vardı ki, onu bu bir neçə gündə aşkar
etməmişdik. Sən Vahid Zamanın solaxay olmadığını unutmusan.
Bundan da əlavə hasardan aşarkən palçıq üzərində ayaqqabı izinin
qalacağına əhəmiyyət verməmisən.
Polkovnik-leytenant Məmmədzadənin təsvir etdiyi ölüm səhnəsini
eşitmək Fuada heç də asan olmadı. Sanki həmin gecəni yenidən yaşayırdı.
Başını iki əlinin arasına qoyaraq qışqırmağa başladı:
- Siz heç nə bilmirsiz. O mənim varis olduğum fabrikə yiyə çıxıb. Geri
satmamağı cəhənnəmə qalsın, hələ üstəlik öz qızına da hədiyyə vermək
istəyirdi. Nə etməli idim? Get ver. Fabrik zad istəmirəm deməli idim?
Əcəb eləmişəm. Lazım olsaydı yenə öldürərdim. Fabrik mənimdi.
Eşidirsiz? Mənim!
- Ə-ə-ə, sən özünü nə hesab edirsən? Fabrikin sahibi o özü idi. Nə
edəcəyinə də qərar o verməli idi. Sən isə bu qədər axmaqlıq eləmisən.
– Bayaqdan eşitdiklərinə inana bilməyən Faiq bəy özünü saxlaya
bilmədi. – Axmaqsan! Axmaq! Sən adında oğlum yoxdur mənim.
Rədd ol gözüm görməsin səni!
- Susun!- Məmmədzadə əsəbi halda yerinə keçdi.- aparın bunu.
Paşazadə belindəki qandalları Fuadın qollarına salaraq kabinetdən
çıxartdı. Polkovnik-leytenantın dilxor olduğunu anlayan Qədir də kabineti tərk
etdi.
Onikinci fəsil
Yayın sərin gecələrindən biri idi. Məmmədzadə qocaman tut ağacının
altında əyləşmişdi. Təmiz dağ havasını ciyərlərinə çəkərək tətilin ləzzətini
dadırdı. O bura iki həftə əvvəl qəfildən gəlməyi qərarlaşdırmışdı. Nədənsə ailəsi
üçün yaman darıxmışdı. Kiçik oğlu Elcanın sabah 10 yaşı olacaqdı. Hər zaman
olduğu kimi gün doğar doğmaz yuxudan ayılacaq, soyuducuda ad günü üçün
hazırlanmış tortdan bir barmaq krem oğurlayaraq yeyəcək. Bununla
kifayətlənmədən yatmış olan hər bir kəsi oyatmağa çalışacaq. Kimsə doğum
günü hədiyyəsi verməsə küsəcəyi ilə hədələyəcək. Qızı Selcan isə hər zaman
olduğu kimi qardaşını aldadaraq ona hədiyyə almadığını deyəcək.
Məmmədzadə ailəsini çox sevirdi. Bəzən işdən yorğun gəlsə də yoldaşının
övladlarının mehriban üzünə baxmaq kifayət edər ki, bütün günü yaşadığı əsəb
və yorğunluqları unutsun. İki həftə əvvəl də hər zaman olduğu kimi əsəbi və
yorğun idi. Ani qərar verərək kəndə ailəsinin yanına gəldi. Hikmətlə Qədirə isə
artıq kənddə olanda zəng vurub müəyyən müddət olmayacağını bildirmişdi.
Üzərində məşğul olduğu cinayət işini isə bağlamışdı. Qatil hər şeyi etiraf etdi.
Səyavuş sərbəst buraxıldı. Qönçə isə atasını itirməsinə baxmayaraq həyatın
davam etdiyini anlayırdı. Başa düşürdü ki, atası yalnız onun qəlbində yaşadıqca
əbədi olaraq var olacaq. Onu Qönçə var olduqca yaşadacaqdı. Bir tərəfdən də iki
həftə əvvəl aldığı sevincli xəbər onu lap göylərə qaldırmışdı. Çünki, Qönçə ana
olmaqla yanaşı atasının və anasının ən böyük arzusunu gerçək edəcəkdi. Bundan
böyük sevinc ola da bilməzdi. Səyavuş qardaşınındəstəyi ilə bir gecəlik həbsi
unudub həytına davam etdi. Qönçə ilə doğulacaq balasını düşünməlkə Vahid
bəyin yoxluğunu pərdələməyə çalışdı. Vəfa xanım hər zamankı soyuqluğunu
qoruyaraq yenidən “Moda evi”nə döndü. Vahid bəyin bütün mirası Qönçəyə
qaldı.
Faiq bəy isə cəmiyyətdən uzaq gəzməyə başlamışdı. Özü ilə tək qalanda
düşünərdi: “Bütün günah məndədi. Axı mən ölmüş erməni balası ilə evlənəndə
bilməliydim ki, ondan törəmə ondan artıq olmayacaq. Kül mənim başıma! Anası
xəyanət etdiyi az deyildi, bir də yetimçəsi xəyanət elədi. Zalımlar, nadanlar. Heç
səni görməz olaydım Erna! Yerlə yeksan etdin bütün həyatımı. Bircə oğlum
vardı yer üzündə. Vətənimdə vətənimin suyu ilə, havası ilə, torpağı ilə
böyütdüm, amma nə faydası. Qan ki erməni qanıdı. Qanınız kəsilsin sizin elə,
qanınız! Yox olasız yer üzündən necə ki yox iydiz..” Əlbəttə bu sözləri o özünə
deyərdi. Onu kimsə eşitməzdi, eşidən də qulaq ardına vurub “başına hava gəlib”
deyərək keçərdi. Yeganə oğlunun xəyanəti onu tamamilə əldən salmışdı. Fuadı
varislikdən məhrum etmişdi. Sahib olduğu fabrik və tikinti firmasını isə
satmışdı. Özü də uzaq rayonlardan birində sahib olduğu villasına köçərək
ömrünün son anınadək orada yaşayacağına qərar vermişdi. Eyni ilə atası İsbala
müəllim kimi...
Fuad isə qətli necə törətdiyini sonradan ifadəsində qeyd etdi. Həmin gecə
evində ziyafət verməsinə baxmayaraq tez-tez ürəyinin bulandığını bəhanə
edərək məclisdən uzaqlaşırmış. Saat 11-ə 20 dəqiqə işləmiş bir neçə dəqiqəlik
evindən uzaqlaşıb. Vahid Zamanın evindən 4 ev sonra yaşamağına baxmayaraq
onunla cəmi bir dəfə rastlaşmışdı. Həmin gün atasının Vahid bəylə telefon
danışıqlarını eşitmişdi. Bilirdi ki, Vahid bəy həmin evdə təkdir. Əgər ona nəsə
olsaydı kimsə xəbər tutmazdı. Bunun üçün əlini cəld tutmalı idi. Evindən
kimsənin gözünə görünmədən tələsik çıxaraq Vahid bəyin evinə yaxınlaşdı.
Sahibi gözlənilmədən vurmaq üçün gərək hasarı aşardı. Belə də edir. Ətrafın 2
saat əvvəl yağmış yay yağışı ilə palçıq olduğunu unudaraq hasarı aşır. İri
addımlarla hansı pəncərənin açıq olduğunu axtarmağa başlayır. Çox keçmədən
kürsülü villanın birinci mərtəbəsindəki eyvanın açıq olduğunu görür. Beləcə evə
daxil olmağı bacarır. Vahid bəy həmin anlarda televizora baxırmış. Fuad özü ilə
gətirdiyi qeydiyyatsız revolveri əlində bərk tutaraq Vahid bəyi öldürməklə
hədələyir. Sonra qəfil fikrini dəyişir. Vahid bəydən şəxsi kabinetinə keçərək
masa arxasında əyləşməsini tələb edir. O da elə həmin mərtəbədə özünə aid olan
kabinetinə keçir. Masa arxasına əyləşərək Fuadın sonrakı göstərişini gözləyir.
Bu zaman Fuad intihar “səhnəsi”-ni qurmağı planlaşdırır. Gicgahından vurulan
güllə ilə öldürmək istəyir. Vahid bəy:
- Çox gözünü döymə. Vurmağa gəlmisənsə vur kişi kimi.
- Tələsmə o da olacaq. – bu zaman Fuadın gözü Vahid bəyin
qarşısındakı masadakı üç ədəd ağ vərəqə sataşır. – Qələm götür!
Dediklərimi yaz!
- Nə yazım? – soruşan Vahid bəy masanın birinci çəkməcəsindən
çoxdandır ki, istifadə etmədiyi qələmini götürdü.
- Yaz ki, “Mən Vahid Zaman sahib olduğum tikinti fabrikini Fuad Faiq
oğluna verilməsini vəsiyyət edirəm. Qızıma və yoldaşıma isə sahib
olduğum hər bir şeyi vəsiyyət edirəm. İmza: Vahid Zaman.” – ani
olaraq susduqdan sonra – İmzanı da çək!
- Elə bu?
- Bəli. Bu da sonun.
- Sən nə əclaf insansan! Fabrik atanın olub. Onunla da halallaşmışam.
Bilir ki, qızıma hədiyyə verəcəkdim.
- Kəs səsini. Əclaf sənsən ki, gələcəkdə mənim sahib ola biləcəyim
fabriki qızcığazına hədiyyə vermək istəyirsən.
- Alçaq! Bəs atan? Onun sənin tutduğun işdən xəbəri olarsa nə deyəcək?
- Heç nə! Heç nə deməyəcək. Desə də sonradan başa düşəcək. Çünki
onsuz da fabrik mənim olacaqdı. Ya 10 il sonra. Ya da indi. Yəni səni
öldürəndən sonra.
- Vur! Vur deyirəm sənə axmaq! Əlindən heç nə gəlmir. Kişisənsə vur!
Bu zaman güllə açıldı. Fuad əlində əsə-əsə tutduğu revolveri ilə Vahid
zamanın sol gicgahından vurdu. Sonra heç nə olmamış kimi cibindən yaylıq
çıxardaraq silahın üzərindən əl izlərini silməyə başladı. İzlərini tamamilə
sildiyindən əmin olandan sonra silahı Vahid bəyin əlinə qoyaraq. Masa
üzərindəki ağ vərəqlərdən yazılı olanını götürüb cibinə qoydu. Burada olduğunu
kimsə anlamasın deyə elə gəldiyi yolla da geri qayıtdı.
Evində verdiyi ziyafət başa çatdıqdan sonra anladı ki, Vahid bəyi çox tez
öldürməkdə səhv edib. Gərək ona intihar etdiyi barədə etiraf məktubu
yazdırardı. Lakin tezliklə özü özlüyündə hərəkətinə bəraət qazandırdı. Bu isə
uzun çəkmədi. Tezliklə həbs olundu. Atasının varisliyindən də, məhrum olundu.
Üstəlik övladlarının gələcəyini də ləkələdi. Onları cəmiyyət içindən
uzaqlaşdırdı.
- Ata! Ata!
- Burdayam Elcan. – qəfil fikirdən ayılan Məmmədzadə oğlunu səslədi.
- Ata, qorxulu yuxu gördüm.
- Nə gördün?
- Gördüm ki, maşınlar surətlə üstümə gəlir. Sürücülərin heç birini görə
bilmirəm. Mən də dayanmadan qaçıram. Çox yoruluram. – sanki
həqiqətən qaçırmış kimi göstərən Elcan atasını qucaqladı.
- Yaxşı. Qorxma! Sən axı kişisən. Gedək sən yerinə uzan. –
Məmmədzadə sevimli oğlunun başını sığallayıb evə getdi.
Bir neçə dəqiqə sonra yenidən həyətə çıxdı. Yayın istisi gecə də olsa öz
təsirini göstərirdi. Bunun üçün yuyunmağa getdi. Gecə 2-yə on dəqiqə işləyirdi.
Məmmədzadə evə daxil olub yatağına uzandı.
Yarım saat keçməmiş cib telefonundan gələn zəngə oyandı. Xəttin digər
tərəfində Qədir Eyvazov idi:
- Axşamınız xeyir!
- Hər vaxtın xeyir! Nəsə olub?
- Çox pis xəbərim var. Təəssüflər olsun ki, istirahətinizi yarımçıq
qoyacaqsız.
- Mən isə Elcanın doğum günündə iştirak edə bilməyəcəyimə
təəssüflənirəm. Buyur eşidirəm.
- Şəhərdən bir qədər aralıda qəza nəticəsində körpüdən düşmüş taksi
alışıb yanıb. İçində sürücüdən başqa sərnişin də olub. Sürücü sağdır.
Sərnişin isə yanıb.
- Necə? – təəccüblənmiş Məmmədzadə qəfil qışqırdı. Əllərini alnında
ovuşdurub yenidən danışmağa başladı. – Qədir, sürücünü içəri sal.
Özüm də tezdən yola çıxaram. Görüşənədək.
SON 2007-2010.
“Hər bir həqiqətdə bir yalan, hər bir yalanda bir həqiqət vardır.”
Helbert.
Dostları ilə paylaş: |