35
XALQIM,
MİLLƏTİM
36
YA QİSMƏT
Qəlbimizdə sonsuz arzu, həvəs var,
başımızda yüz qəzavət, ya qismət.
Bəxt bu yolda gah oyanar, gah yatar,
kimə qoyar qədir-qiymət, ya qismət?
Zaman-zaman təbiətin hikməti
bizə növ-növ şirin, acı öyrətdi.
Nə qədərdi yaxşı-pisin qiyməti,
harda hörmət, harda töhmət, ya qismət?
Ey acların loxmasına göz dikən,
bostançının çiyinində tağ əkən,
sənə qalmaz, kimin olar görəsən,
topladığın bu qənimət, ya qismət?
Hansı həris həvəsindən usanmış,
hansı xəbis əməlindən utanmış?
İnsanlığa qənim elə insanmış,
kimi tutar bu bəd xislət, ya qismət?
Azaltdıqca istisini od-ocaq,
Vətən gülü güllüyündə solacaq.
Haçanacan dərd olaraq qalacaq
tapdaq torpaq, namus, qeyrət, ya qismət?
Boş buraxdıq neçə ciddi söhbəti,
əvəzində gördük zülmü, zilləti.
Kim aldatdı, kim sındırdı milləti,
açılarmı bu həqiqət, ya qismət?
Sözün də öz hikməti, öz gücü var,
əsrlərin min sirrini daşıyar.
Neçə dildə, neçə eldə yaşayar,
yazdığım dörd-beş hekayət, ya qismət?
Mart, 2005
37
CƏSURLARIN NƏĞMƏSİ
Nə qədər əzaba dözsün
bu səbri ümman Vətən?
Sinəsində yağı gəzən
yaralı aslan Vətən.
Yurd yerindən qovulursa
hələ min-min soydaşın,
demək savaş alnımıza
yazılıbdı, qardaşım.
Təsir etməz daha bizə
nə yalvarış, nə hədə.
Mücahidlik, əqidəmiz
dəyişilməz heç vədə.
Öncə Vətəndir deyirik,
yox qeyri qərarımız.
Çünki heç kimə qalmayıb
daha etibarımız.
ATƏT* -lə torpaq qayıtmaz,
budur sözün qısası.
Xalqı məcbur eyləyirlər
dola səbr kasası.
Bizim olmaz, ağrıları
keçməsə səndən, məndən.
Əsgər çəkməsi altında
qalan torpaqdır Vətən.
Ər oğullar önə çıxsın,
el də gəlsin dalınca.
Ayrı bir yol yoxdur artıq,
bu yurd azad olunca.
Avqust, 2005
*ATƏT – Qarabağ savaşını nizamlamalı olan rəsmi beynəlxalq təşkilat.
38
QALXIN Kİ, QALXAQ
Ön cəbhə xəttində ayıq-sayıq dayanan əsgərlərimizə
Siz ey bu torpağın ər oğulları,
mətin insanları, nər oğulları.
Hələ qarşımızda ağır imtahan,
hələ çiynimizdə əzablı yük var.
Qalxın, nərənizdən qızışsın meydan,
qalxın, zərbənizdən titrəsin dağlar.
Siz ey cəbhə boyu ayıq olanlar,
gecəni sübhətək oyaq qalanlar,
gözünüz rəqibdə olsun həmişə,
əliniz tətikdə olsun həmişə.
Cəsurlar ölməyə, uduzmağa yox,
qələbə əzmiylə girir döyüşə.
Siz ey şir biləkli, qartal gözlülər,
yolundan dönməzlər, kişi sözlülər.
Rəqib önünüzdə duruş gətirməz,
əgər qarşısında sipər olsanız.
Vətən sərhəddindən quş səkə bilməz,
siz orda keçilməz çəpər olsanız.
Siz ey and yerimiz, güvənc yerimiz,
səcdəgah yerimiz, söykənc yerimiz.
Uyduq hiyləsinə kələkbazların,
onların istəyi, sevgisi üzdə.
Marağı ayrıymış bu işbazların,
ümid də sizədir, qüvvət də sizdə.
Siz ey mələk kimi təmiz əsgərlər,
övlad, qardaş qədər əziz əsgərlər.
Sizin çiyninizdə qorunur Vətən,
sizin adınızla tanınır Vətən.
Amandı, sıx durun səf sıranızda,
əsgər gücsüz olsa, tez sınar Vətən.
39
Siz ey ön cəbhədə xidmət edənlər,
özünü Vətənə qurban deyənlər.
Kimsə deyə bilməz qurbanlıq sizə,
qəhrəman oğullar, igid oğullar.
Bütün bu el-oba qurbandır sizə,
ey torpaq uğrunda şəhid oğullar.
Siz ey döyüşlərdə ad qazananlar,
ayaq izləriylə tarix yazanlar.
Min ilin tarixi ibrətdir bizə,
qorunur o yurd ki, qorxmazı çoxsa.
Qalxın, örnək olun bir-birinizə,
Allahın izniylə qalxın ki, qalxaq!
Aprel, 2006
MİLLƏT ŞƏRQİSI
Qalx, ey zavallı millətim,yetər
bu qədər əzaba dözdüyün illər.
Yadlar neçə yol yurd yerlərini,
doğmalar sadəlövh xalqı böldülər.
Qalx, vətəndaş millət, həmrəy olmağa,
qalx, aldanmış millət, həmrəy olmağa!
Rədd olsun araya nifaq salanlar,
rədd olsun kütlədən qisas alanlar.
Biz tayfa deyilik, ixtiyar xalqıq,
hayqıraq – istiqlal, deyək – azadlıq!
Bacılar, qardaşlar, bir rəyə gəlin,
gələcək naminə birliyə gəlin!
Qalx, ey yaraları hələ qan Vətən,
gücünü birlikdə göstər, can Vətən.
Bizim nicatımız bütövlüyündə,
azad Azərbaycan həmrəyliyində.
Yığılın, soydaşlar həmrəy olmağa,
bu xalqa, bu yurda kömək olmağa!
İyul, 2001
40
ŞAH XƏTAİNİN RUHU İLƏ GİLEY-GÜZAR
Yüz ildir kiçilir məmləkətimiz,
yüz ildir nisgilli, dağlıyıq, dədə.
Qaçqınıq, köçkünük, didərginik biz,
qoyub dərdimizi ağlayaq, dədə.
Yüz ildə neçə yol bölündük, böldük,
Vətənə yad olduq, millətə dönük.
Fərsizik, gücsüzük, acizik, nəyik,
axır bu torpağın oğluyuq, dədə.
Kiçik millətlərə söylədik – özgə,
bölündük kəndbəkənd, bölgəbəbölgə.
Nə bütöv xalq olduq, nə böyük ölkə,
Ləzgi, Tat, Kürd, Talış, Dağlıyıq, dədə.
Xeyrinə ortaqlar, şərinə özgə,
naqislər Vətəni sevərlər üzdə.
Deyirlər kasıbıq, onunçun biz də,
Vətənə bu qədər bağlıyıq,dədə.
Kimə imkan düşür dağıdır, sökür,
biri bank açdırır, biri bağ tikir.
Gözümüz önündə məmləkət çökür,
nankoruq, qulduruq, oğruyuq, dədə.
Bu yolla düşmənə yurd satan bizik,
neçə günahsıza şər atan bizik.
Bu gün Həccə gedən şarlatan bizik,
biz ayrı kimik ki, biz buyuq, dədə.
Boğur kişiləri içindən qəhər,
nə vaxt üzümüzə açılar səhər?
Hələ ki, tapılmır bir ər oğlu ər,
hələ qəlb göynədən ağrıyıq, dədə.
Yanvar, 2005
Dostları ilə paylaş: |