6
1910-cu ildə məşhur rus ixtiraçısı Y.V.Mamin tərəfindən traktorlarda istifadə etmək üçün
özüalışma ilə işləyən kompressorsuz mühərrik yaradıldı.
Daxili yanma mühərriklərinin konstruksiyalarının təkmilləşdirilməsi sahəsində aparılan elmi-
tədqiqat işləri və mühərrikin işçi proseslərinin nəzəriyyəsinin yaradılması onların güc-qənaətlilik
göstəricilərinin yüksəldilməsinə və dünya iqtisadiyyatında daha müvəffəqiyyətlə tətbiq olunmalarına
səbəb oldu. Rusiyada mühərrikin işçi prosesinin nəzəri əsasları — istilik hesabının klassik üsulu
1906-cı ildə Moskva Ali Texniki Məktəbinin professoru V.İ.Qrinevetski tərəfindən verilmişdir.
Hal-hazırda dünyanın yüzlərlə avtomobil, traktor və motor zavodlarında, elmi-tədqiqat
institutlarında və ali məktəblərində mövcud daxili yanma mühərriklərinin təkmilləşdirilməsi və yeni
perspektiv mühərriklərin yaradılması sahəsində tədqiqat işləri aparılır.
1.2.
Nəqliyyat mühərriklərinin təsnifatı.
Avtomobil və traktorlarda istifadə olunan porşenli DYM aşağıdakı əlamətlərinə görə müxtəlif
növlərə ayrılır:
1. İşlədilən yanacağın növünə görə:
a) yüngül maye yanacaqla (benzin, kerosinlə və qaz kondensatı) işləyən mühərriklərə;
b) ağır maye yanacaqla (dizel yanacağı,
xam neft, solyar yağı, bitki yağı) işləyən mühərriklərə;
c) qaz yanacaqla (təbii, sıxılmış, mayeləşdirilmiş və generator qazı ilə) işləyən mühərriklərə;
d) müxtəlif yanacaqlarla işləyən mühərriklərə (çoxyanacaqlı mühərriklər).
2. İşçi siklin həyata keçirilməsinə görə:
a) işçi sikli porşenin dörd gedişində və yaxud dirsəkli valın iki tam dövründə baş verən
mühərriklər (dördtaktlı mühərriklər);
b) işçi sikl porşenin iki gedişində və yaxud dirsəkli valın bir tam dövründə baş verən mühərriklər
(ikitaktlı mühərriklər).
3. Yanıcı qarışığın hazırlanma üsuluna görə:
a) xarici qarışdırmalı (karbüratorlu, qaz və yanacağı sorma borusuna püskürülən) mühərriklər;
b) daxili qarışdırmalı (dizel, yanacağı silindrə püskürülən qığılcımla alışdırılan) mühərriklər.
4. İşçi qarışığın alışdırılmasına görə:
a) qığılcımla və yaxud məcburi alışdırmalı mühərriklər (karbüratorlu, benzin püskürməli və qaz
mühərrikləri);
b) sıxma nəticəsində özüalışdırmalı mühərriklər (dizel mühərrikləri);
c) forkamer-məşəllə alışdırmalı mühərriklər. Bu mühərriklərdə işçi qarışığın bir hissəsi əvvəlcə
kiçik həcmli xüsusi yanma kamerində (forkamerdə) qığılcımla alışdırılır, yanma prosesinin sonrakı
əsas hissəsi isə forkamerdən məşəl şəklində əsas yanma kamerinə keçən alovun hesabına silindrdə
baş verir.
5. Silindrlərin sayına və yerləşməsinə görə:
a) bir silindrli, iki silindrli və s. mühərriklər;
b) birsıralı (şaquli və üfüqi) mühərriklər;
c) ikisıralı (V-şəkilli və silindrləri qarşı-qarşıya yerləşən — oppozit) mühərriklər.
d) çoxsıralı (W-şəkilli)
6. Soyutma üsuluna görə:
a) maye ilə soyudulan mühərriklər;
b) hava ilə soyudulan mühərriklər.
Avtomobil və traktorlarda son zamanlar rotorlu mühərriklər də tətbiq olunur. Bunlar iki yerə
bölünür:
a) pərli (qazturbinli) mühərriklər;
b) rotor-porşenli, yaxud fırlanan porşenli mühərriklər.
7
Qazturbinli mühərriklər genişlənmə pillələrinə görə birpilləli, ikipilləli və çoxpilləli; qaz axınının
istiqamətinə görə isə radial, aksial və radial-aksial olur. Fırlanan porşenli mühərriklər işçi
seksiyalarının sayına görə birrotorlu, ikirotorlu və çoxrotorlu ola bilərlər.
YOXLAMA SUALLAR
1. DYM-nin sənayenin ayrı-ayrı sahələrindəki əhəmiyyəti nədən ibarətdir?
2. İlk qığılcımla alışdırmalı və dizel mühərrikləri nə vaxt və kimlər tərəfindən yaradılmışdır?
3. İşlətdiyi yanacağa görə DYM-nin hansı növləri var?
4. İşçi siklə görə DYM-nin hansı növləri var?
5. Yanıcı qarışığın hazırlanma üsuluna görə DYM-nin hansı növləri var?
6. Silindrlərin sayı və yerləşməsinə görə DYM-nin hansı növləri var?
7. Soyutma üsuluna görə DYM-nin hansı növləri var?
8. DYM-nin digər növləri hansılardır?