“Azərbaycan məktəbi”.-2015.-№ 1.-S.22-25.
DİLİMİZ MƏNƏVİYYATIMIZDIR
Tofiq Hacıyev,
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik
Ölkədə Azərbaycan dilinin inkişafına və zənginləşməsinə dövlət qayğısı və geniş imkanlar yaradıldığı
bir şəraitdə Azərbaycan dilinin tədrisi ilə bilavasitə məşğul olanların üzərinə böyük vəzifələr düşür. Bu gün
şagird şəxsiyyətinin formalaşmasında onun milli mənlik hissinin, dünyaya baxışının, ən başlıcası vətəndaşlıq
təfəkkürünün yaranması xüsusi əhəmiyyət kəsb edir. Böyük dünyaya özünün milli mentalitet çərçivəsindən
baxmaq, hər şeyi müasir cizgilərlə görə, dərk edə bilmək mühüm bacarıqlar hesab olunur. Əgər biz özünün milli
müstəvisində dünyəvi ola bilmək bacarıqlarını uşaqlarımıza öyrətmək istəyiriksə, о zaman ən etibarlı mənbə,
həm də vasitə kimi doğma dilə müraciət etməliyik. Onun keçmiş və müasir zamanlarda yaranmış, illər keçdikcə
özünün qənirsiz gözəlliyi, bənzərsizliyi ilə diqqəti cəlb edən nümunələrinə diqqət yetirməliyik. Çünki
Azərbaycan dili özünün bütün imkanları ilə xalqımızın tarixi boyu ona sirdaşlıq etməklə həm özünün tarixi, həm
də sosial-kommunikativ funksiyasını qoruyub saxlayıb, nəsillərin yaddaşında qalanları nəsillərə ötürübdür.
Dil təlimi təcrübələrinə istinad etsək, belə qənaətə gəlmək olar ki, Azərbaycan dilinin tədris
edilməsində şagirdlərin nitq mədəniyyətini formalaşdırmaqla yanaşı, dil quruculuğu, eləcə də dil siyasəti ilə
bağlı onların təfəkkürünü cilalamaq əsas tələblərdən hesab edilir. Bu tələblər indi də Azərbaycan dili təliminin
leytmotivini təşkil etməklə böyük uğur qazanıb. Odur ki, yuxarı siniflərin Azərbaycan dili kursunda aşağıdakı
məsələlər ətrafında müzakirələr aparmaq, diskussiyalar təşkil etmək faydalı bilinir. X və XI siniflər üçün
“Azərbaycan dili” dərsliklərində də bu barədə kifayət qədər material vardır. XI sinfın Azərbaycan dili kitabı
“Mənim dövlət dilim” sözləri ilə açılır və ümummilli liderimiz Heydər Əliyevin aşağıdakı sözləri sitat kimi
verilir: “Bizim çox gözəl, zəngin, cazibədar, dilimiz var. Bəlkə də biz bu dildə danışdığımıza görə öz dilimizin
zənginliyini və gözəlliyini hələ tam dərk edə bilməmişik. Ancaq bilin ki, bu, həqiqətdir. Ona görə də bunu heç
bir şeyə dəyişmək olmaz. ... Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan
dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı
varsa, çalışın, bunu aradan qaldırın. Xarici ölkələrdə təhsil alarkən, həmin ölkənin dilini öyrənərкən, eyni
zamanda başqa dilləri öyrənərkən öz dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç bir başqa dilə
dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz” (“Azərbaycan” qəzeti, 31
avqust 1997-ci il). Sonra Həsən bəy Zərdabi, Nəriman Nərimanov və Ömər Faiq Nemanzadənin müdrik
sözlərinə müraciət edilir. Şagirdlər elə buradaca böyük alman şairi Hötenin: “Ana dilində danışmaq böyük
mədəniyyətdir”, - sözləri ilə də tanış olurlar.
Azərbaycan xalqı doğma dilinə sədaqətli xalqdır. XX əsrin əvvəllərindən başlayaraq ruslaşdırma
siyasətinin basqıları altında şifahi ədəbi dilimizin saxlanmasına, dilin təmizliyinə, yad təsirlərdən qorunmasına
elm, sənət adamları, müəllimlər tərəfindən
[səh.22-23]
çox həssas münasibət bəslənilmişdir. Ana dilimizin
orfoepiya, orfoqrafıya qaydalarına və nitq mədəniyyəti məsələlərinə ciddi fıkir verilməsinə, dilimizin
təmizliyinə, incəliyinə sevgi, məhəbbət oyadılmasına elə ümumtəhsil məktəblərindən bir mənəvi borc kimi
yanaşılmalıdır.
Dilimiz haqqında danışmazdan əvvəl bir haşiyəyə çıxmaq istəyirəm. Fransız yazıçısı, Nobel
mükafatçısı Albert Kamyu demişdir: “XVII əsr riyaziyyat əsridir, XVIII əsr fızika, XIX əsr biologiya, XX əsr
qorxu əsridir. Qorxu elm deyil, ancaq bu qorxuda elmin payı var”. Doğrudan da, böyük elmi kəşflərin sırasında
XX əsrdə şəhərləri, ölkələri xarabalığa çevirən, on milyonlarla insanı məhv edən silahlar da vardır. Texniki
yüksəlişi, çox-çox abadlıqları yaradan dəqiq elmlərdir, həm də bunlar dünyanı insan qanı ilə suvarmağa da
yönəlmişdir. XX əsrdə Kamyunun xatırlatdığı insanları daimi xofda, qorxuda saxlayan insan şüurunun yaratdığı
fövqəladə kəşflərin müqabilində humanitar elmləri də yada salmaq lazım gəlir, məhz bu elmlər insanlara
humanizm aşılayır, sevgi təbliğ edir. Нələ böyük mollanəsrəddinçi Ömər Faiq Nemanzadə deyirdi ki, biz bütün
sevgilərimizin ən üst qatında dil sevgimizi tutmalıyıq.
Elmə dövlət diqqəti bütün elm sahələri ilə bərabər dilçiliyə də göstərilir. Dövlətin dilçilik elminə, dilin
özünə diqqəti, həssaslığı, ilk növbədə, dəqiq elmlərlə müqayisədə dövlətçiliklə, azərbaycançılıqla, dövlətin milli
siyasət quruculuğu ilə, dillə bilavasitə bağlı olması ilə izah olunur. Cəmiyyətdə bir dil quruculuğu var, bir də dil
siyasəti. Dil quruculuğu (qrammatikalar yazılması, lüğətlər hazırlanması və s.) alimlərin işidir, dil siyasəti isə
dövlətindir. Dil quruculuğu dövlətin dil siyasəti ilə idarə olunur. Dövlət siyasəti dil quruculuğunu sürətləndirə
də, ləngidə də bilər. Məsələn, 1970-ci illərin əvvəllərində, mərhum Heydər Əliyevin zamanında ali məktəblər
üçün dörd cildlik Аzərbaycan dili dərsliyi Dövlət mükafatı aldı. Bundan sonra Azərbaycan dilçiliyinin
inkişafında xüsusi dirçəliş dövrü başlandı.
Dilçiliyin təcrübəsi məsələləri ilə müqayisədə dilin etnik mənşəyi, dilin tariхən dövlət quruculuğu ilə
bağlı problemlərinin tədqiqində dövlət sözünə, dövlət himayəsinə daha çox ehtiyac var. Əlbəttə, bu, о demək
deyil ki, tədqiqat dövlətin diktəsi ilə getməlidir. İş ondadır ki, bu problem sırf milli xarakter daşıdığı üçün,
xüsusilə sovet dövründə sərt müqavimətlərlə qarşılaşırdı. Yalnız milli mənafe xatirinə yox, birinci növbədə,
elmi həqiqətə dövlət arxa duranda həqiqət rahatlıqla irəliləyir. Məsələn, dil tarixçiləri elmi mənbələrə
əsaslanaraq, Аzərbaycan türkcəsinin tarixini tarixin dərinliyinə apararkən bir sıra tarixçilərlə mübahisə aparmalı
olmuşlar. Ancaq Аzərbaycan dövlət dili haqqında Qanuna imza qoyarkən ümummilli liderimiz Heydər Əliyev
mətnin giriş hissəsində (preambula- da) dedi ki, e.ə. Azərbaycanda türk dili ünsiyyət vasitəsi kimi işlənirdi.
Bununla da məsələyə dövlətin münasibəti ifadə olunmuş oldu və bu sahədə tədqiqatlar dərinləşməyə başladı.
Yaxud Azərbaycan milli ədəbi dilinin tarixi, formalaşması haqqında sovet dövründə yuxarıdan -
Moskvadan gələn qeyri-elmi bir münasibət hökm sürürdü. Avropa dilçiliyinə, marksist dilçiliyə görə milli dil və
ümumiyyətlə, millət kapitalizm dövründə yaranır. Həmin fıkrə görə, Аzərbaycan milli dilinin yaranması XX
əsrin əvvəllərinə, bir az da loru desək, dünənə, srağagünə də yox, məhz dünənə düşür. Bununla bərabər elmdə,
tarixşünaslıqda başqa dünyabaxışı da var: Avropada kapitalizmin gördüyü işi Şərqdə mərkəzləşmiş dövlət görür.
Ancaq bu fikrə əsaslanmaq bizə yasaq edilmişdi. Çünki о fıkirdən çıxış edəndə Azərbaycan milli dili-
[səh.23-
24]
nin tarixi daha uzaq əsrlərə gedir. Məsələ burasındadır ki, sovet dövründə toxumlamış anti-Azərbaycan
qüvvələr hələ tükənməyib və milli tarixin, milli dil tarixinin obyektiv təqdiminə yenə рəl vuranlar var.
Akademik Ramiz Mehdiyevin son illərdəki tədqiqatları, xüsusilə Şah İsmayıl Səfəvi haqqındakı son
monoqrafiyası və XVI əsr dövlət sənədlərinin aşkar olunub onun müqəddiməsi, redaktəsilə çap olunmuş nəşri
bu işdə əsaslı elmi söykənəcək oldu. Artıq indi biz müqavimətsiz deyə bilirik ki, XVI əsrdə milli dilimizin
müəyyənləşməsi üçün hər iki faktor - obyektiv və subyektiv faktor meydanda idi: mərkəzləşmiş dövlət yaranmış
və italyan dili tarixinin Dantesinin işini görmüş böyük Füzuli yetişmişdi. Milli dilin bugünkü əsas lüğət fondu,
morfologiya və sintaksisi XVI əsrdə müəyyənləşmişdi.
Azərbaycan dilçiliyinin dilimizin tarixi ilə əlaqəli mühüm problemlərindən biri yazılı ədəbi dilin
başlanğıcı ilə bağlı idi. Bu problemin açarı bütövlükdə türk ədəbiyyat tarixinin möhtəşəm abidəsi “Dədə Qorqud
kitabı” idi. Bu məsələdə Azərbaycan və Türkiyə qorqudşünasları arasında kəskin mübahisə gedirdi. Türkiyə
qorqudşünaslarına görə, abidə XV-XVI əsrlərdən о yana keçmir, Azərbaycan qorqudşünasları dilindən çıxış
edərək, məzmununa əsaslanaraq abidəni daha dərinə aparırdılar. Yenə məsələ Azərbaycan dövlətinin səbatı ilə
həllini tapdı. Mərhum Prezidentimiz Heydər Əliyev “Dədə Qorqud kitabı”nın 1300 illik yubileyi haqqında
fərman verdi. YUNESKO qəbul etdi, bütün dünya qəbul etdi ki, Azərbaycan yazılı ədəbi dilinin, yazılı
ədəbiyyatının tarixi eramızın VII əsrinə gedib çıxır. Təsəvvür edirsinizmi, yazılı tariximiz əvvəl rəsmi qəbul
olunmuş tarixdən - XIII əsrdən altı yüz il irəli getdi. Dövlət öz abidəsinə, öz dilinin, ədəbiyyatının tarixinə sahib
çıxdı, Azərbaycan elminə arxa durdu. Dövlət bu məsələdə nəinki elmə dayaq oldu, hətta bu işə özü də qoşuldu,
qolunu çırmayıb, elmi işçilərlə birgə işlədi. Şahidəm ki, uzun illər üzərində iş aparılan “Dədə Qorqud
ensiklopediyası”nın yubileyə qədər başa çatdırılması üçün professor Fatma xanım Abdullazadə Azərbaycan
nəşriyyatında iki ay səhərdən axşamacan, şənbəsiz, bazarsız bizimlə birlikdə oldu, bir an ayrılmadı ki, işlər
sürətini azaltmasın. Beləliklə, elmi işçilərlə, qorqudşünaslarla dövlət aparatı birlikdə ensiklopediyanı vaxtında
yubileyə təqdim etdi.
Dövlətimizin ana dilinə, ədəbi dilə, dövlət dilinə qayğısını, himayəsini, onu hər cür qada-bəladan
qorumasını bu gün də görürük. Cənab İlham Əliyevin Azərbaycan dilinin qloballaşma şəraitində işlənməsinə və
dilçiliyin inkişafına dair sərəncamını və qəbul olunmuş Dövlət proqramını nəzərdə tuturam. Görürük ki, dilin
dövlətdə, ölkədə işlənməsi və dilçiliyin inkişafı kimi milli yüklü anlayışlar sərəncamın özündə vurğulanır.
Füzuli deyirdi:
Yaxşı görünür surəti məhvəşlərin, əmma
Yaxşı nəzər etdikdə sərəncamı yamandır.
Bu gün qloballaşma deyilən anlayış dünya siyasətinin Füzuli deyən ayüzlü gözəlidir. Bu “ayüzlü
gözəl” ancaq iri dövlətlərin mənafeyinə xidmət edir. Prezidentimiz bizi həmin “gözələ” Füzuli münasibətinə
çağırdı, bu “gözələ” aşiq olub məxrəcimizdən çıxmamağa, ona mübaliğəsiz yanaşmağa çağırdı.
Sözümün sonunda mən 1300 il bundan əvvəlki dilimizdən nəzərinizə bir nümunə çatdırıram.
Fonetikası, morfologiyası ilə eynən “Dədə Qorqud kitabı”ndakı kimi deyirəm: “Qız anadan görməyincə öyüd
almaz”, “Oğul atadan görməyincə süfrə açmaz”. Bu ata sözlərinə bu təşbehləri də əlavə edirəm: “Qurulu yaya
bənzər çatma qaşlım, Qoşa badam sığmayan dar ağızlım. Güz almasına bənzər al yanaqlım”. Vəcdlə və inamla
deyirəm ki, bu gün dünyanın irili-
[səh.24-25]
xırdalı heç bir millətinin dili 1300 il bundan əvvəlki səslənişinə
bizimki qədər uyğun gəlmir. 1300 il bundan əvvəl işlənmiş bu dil Səməd Vurğunun bugünkü dilindən nə qədər
seçilir:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən...
Könlüm keçir Qarabağdan,
Gah о dağdan, gah bu dağdan.
Axşamüstü qoy uzaqdan Havalansın xanın səsi,
Qarabağın şikəstəsi!
Bu misraların dili həm vətəndaşlıq, dövlətçilik məzmunu ilə, həm milli psixoloji yükünə görə о qədər
dolğundur ki, hərbi qurumlarda bərkimiş mərhum Prezidentimiz də, hamıya məlum olduğu kimi, bu misraları
deyərkən kövrəldi. Mənim xalqım 1300 ildir (təbii ki, daha qədimə gedir, mən əlimizdə olan yazılı nümunəni
nəzərdə tutub deyirəm) bu dili öz danışığı ilə, şifahi və yazılı ədəbiyyat dili kimi işlədə-işlədə, qoruya-qoruya bu
kamillikdə bu günə gətirib çıxarıb. İndi mənim bu dilim dövlətimin dilidir, dövlətimin siyasət dilidir, indi
millətimlə bərabər, dövlətim də bu dili qoruyur. Mən Azərbaycan alimlərinin I qurultayında bir təklif də irəli
sürmüşəm. 1926-cı ildə Bakıda ilk türkoloji yığıncaq oldu. Bu, tarixdə “Birinci Ümumittifaq Bakı Türkoloji
qurultayı” kimi əks olunub, bu gün də elə deyilir. О zaman qərarlaşdılar ki, II Türkoloji qurultay 1930-da
Səmərqənddə keçirilsin. Məlum irtica hadisələri ilə bağlı Səmərqənd qurultayı baş tutmadı. 1966-cı ildə
görkəmli sovet türkoloqlarının təşəbbüsü ilə Bakıda bu qurultayın 40 illiyi qeyd olundu və qərara alındı ki, 4
ildən bir müxtəlif türk dövlətlərində (təbii, SSRİ-də) türkoloji konfranslar çağırılsın. Qurultay adından
qorxdular. Ancaq həmin konfranslar, həqiqətən, 1989-cu ilə, yəni SSRİ dağılan ərəfəyə qədər davam etdi. 2006-
cı ildə cənab İlham Əliyevin sərəncamı ilə Bakıda bu Türkoloji qurultayın 80 illiyi beynəlxalq konfrans kimi
keçirildi. 2016-cı ildə I Bakı Türkoloji qurultayının 90 illiyi tamam olur. Мən istəyirəm ki, Bakı Türkoloji
qurultayının üstündən 1 rəqəmi götürülsün. Biz bu yubileyi II Bakı Türkoloji qurultayı adı ilə qeyd edək.
Bundan sonra Səmərqənddə, Aşqabadda, Astanada, Kazanda, Ankarada III, IV, V, VI, VII... türkoloji
qurultaylar çağırılsın.
Ümumtürk kökündən ayrılmış bir qol olan Azərbaycan dili bu gün dünyanın ən yüksək kürsülərindən
eşidilir, o, həyatımızın mühüm tərkib hissəsi olmaqla həm də xalqımızın milli quruculuq daşıyıcısı kimi səslənir.
Onu öyrənmək, inkişaf etdirmək və müqəddəsliyini qorumaq hər Azərbaycan vətəndaşının şərəfli vəzifəsidir.
Т. Гаджиев
Язык - наша духовность Резюме
В статье говорится о заботе, оказываемой азербайджанскому языку в стране, о мероприятиях,
проведенных в этой области лингвистики и о предстоящих задачах. В статье также затрагиваются
вопросы, связанные с съездами тюркологов.
T. Hajiyev
Mother tongue is our spirituality Summary
In the article it is spoken about the attention paid to the development of Azerbaijan language, about the
issues and challenges in the field of Azerbaijan linguistics. In the article it is also touched upon the issues of
Turkish congresses.
Dostları ilə paylaş: |