14
də bir örnəyə çevrilmişdir. Bu isə ondan irəli gəlir ki, “B.Vahabzadə
vətəndaşlıq duyğularını ön plana çəkən, cəmiyyət qarşısında insanın
mənəvi borcu və məsuliyyətini şəxsiyyətin formalaşmasında başlıca
amil sanan, şəxsi ləyaqət hissini insani paklıq zirvəsində təsvirə cəhd
edən sənətkardır... Bir yazıçı kimi Bəxtiyar Vahabzadə bütöv
müəllif xarakterinə malikdir və onun bütün pyeslərini birləşdirən
vahid baş ideya –azad cəmiyyət və bu cəmiyyətin yetişdirdiyi kamil
insan problemidir.
Şəxsiyyət və cəmiyyət baş mövzu kimi B.Vahabzadənin bütün
əsərlərində mövcuddur. Dramaturq borc və hiss, sevgi və imkan,
qanun və vicdan və s. problemlərini bilavasitə şəxsiyyət və
cəmiyyət mövzusu ilə bağlılıqda təsvir edir ”(95,58). Həmin
mövzu və problemlər isə bəşəri və əbədi olduğundan bu gün , çağdaş
cəmiyyəti, incəsənəti də narahat edir, düşündürür ki, bu, Bəxtiyar
Vahabzadə pyeslərini müasir Azərbaycan dramaturgiyası və teatrı
kontekstində də aktual səsləndirir.
Beləliklə, B.Vahabzadənin dramaturgiyası milli ədəbiyyat
xəzinəsini zənginləşdirdiyi kimi, səhnədə təcəssüm taparaq,
Azərbaycan teatrı və bütövlükdə mədəniyyətinin də tərkib hissəsinə
çevrilmişdir. Dərin biliyə, geniş dünyagörüşə, yüksək intellektual
səviyyəyə malik şair-dramaturqun pyeslərinin səhnə həyatını
araşdırmaq həm milli ədəbiyyat, həm də teatr tariximizi müasir
nəzərlərlə öyrənmək baxımından vacibdir.
Monoqrafiyanın məqsədi B.Vahabzadə dramaturgiyasının
poetik və estetik özəlliklərini üzə çıxarmaq, onun pyeslərinin səhnə
təcəssümünün xüsusiyyətlərini müəyyənləşdirmək, Azərbaycan teatr
sənətindəki rolunu aşkara çıxarmaqdan ibarətdir.
Qarşıya qoyulmuş məqsədə çatmaq üçün monoqrafiyada
aşağıdakı vəzifələrin yerinə yetirilməsinə səy edilmişdir:
- B.Vahabzadə dramaturgiyasının şairin yaradıcılığında yerini,
mövqeyini və ümumi xüsusiyyətlərini
müəyyənləşdirmək;
- Şair-dramaturqun hər bir pyesinin teatr səhnəsinə, tamaşa
mədəniyyətinə gətirdiyi yeni keyfiyyətləri üzə çıxarmaq;
- Azərbaycan dramaturgiyasında lirik-psixoloji üslubun
formalaşmasında B.Vahabzadə pyeslərinin
rolunu müəyyən etmək;
15
- B.Vahabzadənin tarixi pyeslərinin təhlilini vermək və onların
Azərbaycan teatrındakı mövqeyini müəyyənləşdirmək;
- B.Vahabzadə dramaturgiyasının rejissor və aktyor sənətinə
təsir aspektlərini araşdırmaq.
B.Vahabzadənin “İkinci səs” (15.04.1969), “Yağışdan sonra”
(08.05.1971), “Yollara iz düşür” (30.10.1977), “Kimdir haqlı?”
(27.12.1981), “Fəryad” (24.03.1984), “Hara gedir bu dünya?”
(10.09.1991), “Özümüzü kəsən qılınc” (10.04.1998), “Cəzasız
günah” (11.06.2000), “Dar ağacı” (09.12.2000), “Rəqabət”
(27.11.2003) pyesləri Azərbaycan Akademik Milli Dram Teatrında,
“Atamın kitabı” pyesi (06.10.2000) Dövlət Gənclər Teatrında
tamaşaya qoyulmuşdur. Müəllifin pyesləri yalnız Bakıda deyil,
respublikamızın ayrı-ayrı rayonlarında fəaliyyət göstərən Dövlət
Teatrlarında da səhnə həllini tapmış, geniş tamaşaçı rəğbəti
qazanmışdır. “Vicdan” pyesi Gəncə və Ağdam Dövlət teatrlarında,
“Ədalət” pyesi Naxçıvan Dövlət Musiqili Dram teatrında, “Dar
ağacı” pyesi Qazax və Şəki Dövlət teatrlarında, “Vicdan”, “Cəzasız
günah” pyesi Şəki teatrında tamaşaya qoyulmuş, “İkinci səs” pyesi
həmçinin Almaniya Türk Dövlət Teatrında (2000) oynanılmışdır.
Tədqiqatın predmeti olan bu tamaşaların bədii-estetik səciyyəsi,
rejissor işi, bədii tərtibatı, rəssam və bəstəkar işi, baş rolun
təfsirindən tutmuş epizodik rolların ifalarına qədər bütün obrazların
səhnə təcəssümü monoqrafiyada təfərrüatlı öyrənilmiş, tədqiq
edilmiş,
nailiyyətlər təhlil olunaraq, uğursuzluqlar qeydə alınmışdır.