ON DOQQUZUNCU FƏSİL
– Siz niyə mənə sübut eləməyə çalışırsınız ki, özünüzü yaxşı
hiss etməyə
başlayırsınız, hə? –lord Henri ağ barmaqlarını qızılgül suyu ilə dolu fincanın içinə
salaraq səsini ucaltdı. – Siz tamam yaxşısınız. And için ki, dəyişməyəcəksiniz,
belə də qalacaqsınız.
Dorian Qrey başını buladı.
– Yox, Harri, – dedi. – Mən çox ağır günahlar etmişəm həyatda. Bundan sonra
bircə günah belə işlətməyəcəyəm! Dünəndən artıq xeyirxah işlərə başlamışam.
– Dünən harada idiniz ki?
– Kənddə idim. Tək getdim və orada xırda bir karvansarada qaldım. Yalqız
qaldım.
– Əzizim, kənddə hər kəs xeyirxah ola bilər, – lord Henri gülümsədi. – Orada heç
bir günah, şirnikləndirici, ya da azdırıcı deyil. Elə buna görə də kənddə yaşayan
adamlar sivilizasiyadan tamam uzaq olurlar. Mədəniyyət isə elə şeydir ki, ona
qovuşmaq o qədər də asan iş deyil. Ona qovuşmaq üçün iki yol var:
ya mədəni
olmalısan, ya da əxlaqsız! Kənd adamlarının isə bu iki yoldan heç birinə çıxışı
yoxdur. Bax buna görə də onlar mömin olub, xeyirxahlıq durğunluğunda batıblar.
– Mədəniyyət və əxlaqsızlıq! – Dorian təkrar etdi. – Mən bunların hər ikisi ilə
bağlı adamam; indi mənə çox dəhşətli gəlir ki, bunların ikisi də üst-üstə düşə
bilər, ikisi də birləşə bilər. Bu barədə düşünmək qorxuludur. Yox, Harri, mən
başqa adam olmaq istəyirəm. İndi mənim tamam yeni bir idealım var. Düşünürəm
ki, mən artıq dəyişirəm.
– Axı
siz mənə demədiniz, dünən hansı xeyirxah iş görmüsünüz? Ya da səhv
etmirəmsə, dediniz, bir neçə xeyirxah iş görmüsünüz? – deyən lord Henri öz
boşqabına təmizlənmiş qırmızı çiyələk qoyub, üstünə şəkər tozu səpdi.
– Mən sizə deyərəm, Harri. Amma sizdən başqa heç kəsə deyə bilmərəm. Mən bir
nəfəri bağışladım. Bəlkə də, bu, kiməsə mənasız görünə bilər, amma siz məni
başa düşərsiniz. Bağışladığım adam qadındır; o da Sibil
Veyn kimi çox gözəl və
cazibədar idi. O, mənə Sibili xatırladırdı və bəlkə, elə buna görə də ilk baxışdan
məni özünə cəlb etdi. Siz Sibili xatırlayırsınızmı? Ah, üstündən neçə illər keçib!
Nə isə... O qadın, Hetti, əlbəttə, bizim təbəqədən deyil. O, adi bir kəndli qızı idi.
Lakin mən, həqiqətən, ona vurulmuşdum və əmin idim ki, bu sevgidir! Bütün
gözəl may ayı ərzində həftədə iki-üç dəfə qızın yanına gedirdim. Dünən bağda
ona rast gəldim. Alma ağaclarının çiçəkləri onun saçlarına tökülmüşdü və o
gülürdü. Biz bu gün səhər çıxıb getməli idik. Lakin qəflətən mən qərara gəldim
ki, o qızı necə varsa – təmiz, pak, məsum gördüyüm vaxtlardakı kimi saxlayım,
elə beləcə də qalsın burada, onu heç yerə aparmayım.
– Dorian, belə görürəm, bu təzə duyğu,
ehtiras sizi çox məmnun edib, – lord
Henri onun sözünü kəsdi. – Lakin sizin gələcək dinc həyatınızı əvəzinizə mən
tamamlaya bilərəm. Siz o qıza yaxşı məsləhət vermisiniz və onun qəlbini
sındırmısınız. Bu, sizin mürvətli həyatınızın başlanğıcı olub.
– Harri, siz nə insafsız adamsınız! Siz gərək belə sözləri dilinizə gətirməyəsiniz!
Hettinin qəlbi sınmayıb. Əlbəttə, o ağladı, göz yaşı tökdü. Amma axı o, bakirə
qaldı, mən onun namusuna toxunmadım! O, Perdita kimi yaşaya bilər, əzilmiş
qızılgül bağçasında qalıb yaşaya bilər.
– Deyirsiniz, o, vəfasız Florizel üçün göz yaşı töksün, hə? – lord Henri kresloya
yayılaraq gülə-gülə dedi. – Əzizim Dorian, sizdə hələ də uşaq sadəlövhlüyü var!
Siz elə bilirsiniz bu qız öz təbəqəsindən olan ürəyi istədiyi adamla indən belə
sevişə biləcək? Onu çox kobud arabaçıya, ya da kəndçi bir adama ərə verəcəklər.
Lakin sizinlə tanışlıq və o qızın sizi sevməsi öz işini gördü; o, öz ərinə nifrət
bəsləyəcək və özünü daim bədbəxt qadın kimi hiss edəcək. Əxlaqi baxımdan deyə
bilmərəm ki, bu, sizin böyük fədakarlığınızdır. Hətta başlanğıc üçün bu, çox
bəsitdir.
Bundan başqa, siz necə biləcəksiniz ki, indi Hetti nə edir, bəlkə, elə o,
Ofeliya kimi gölməçələrdə üzür, ətrafında da gözəl suzanbağılar, hə?
– Harri, bəsdirin, mən daha dözə bilmirəm! Siz hər şeyə lağ edirsiniz, sonra da
özünüzdən ən dəhşətli faciə qondarırsınız! Sizə hər şeyi danışdığım üçün
peşmanam.
Nə deyirsiniz-deyin, onu bilirəm ki, mən düz hərəkət etmişəm. Bunu
cəsarətlə deyirəm. Yazıq Hetti! Bu gün səhər fermanın yanından atla çapıb
gedəndə onun pəncərədən boylanıb baxan çöhrəsini gördüm, yasəmən kimiydi,
ağappaq. Gəlin bu barədə bir də danışmayaq və məni də inandırmağa çalışmayın
ki, ömrümdə atdığım ilk yaxşı addım, fədakarlıq və xeyirxah bir iş, əslində,
cinayətdir. Mən yaxşı adam olmaq istəyirəm... Nə isə, bu barədə qurtaraq. Mənə
özünüz barədə danışın. Şəhərdə nə var, nə yox? Nə danışırlar? Çoxdandır kluba
getmirəm...
– Camaat hələ də yazıq Bazilin yoxa çıxmasından danışır!
– Mənsə elə bilirdim onlar artıq bu barədə danışmaqdan usanıblar, – Dorian özünə
şərab süzə-süzə qaşlarını çataraq bic-bic Henriyə baxdı.
– Nə danışırsınız, əzizim! Bu barədə, sadəcə, ay yarımdır danışırlar; amma
bilirsən ki, bizim təbəqədən
olan insanlar, adətən, bir mövzu barədə üç ay
danışırlar. Onların ağlı elə yalnız belə-belə şeylərə çatır. Əlbəttə, bu mövsümdə
bəxtləri daha çox gətirib; danışmağa mövzuları çoxalıb – mənim boşanmağım,
Alan Kəmpbellin intihar etməsi. İndi də Bazilin müəmmalı yoxa çıxması.
Skotlənd Yardda təkidlə bildirirlər ki, noyabrın doqquzu gecə qatarı ilə Parisə
gedən boz paltolu adam Bazil imiş; amma fransız
polisləri xəbər veriblər ki, Bazil
adlı adam Parisə gəlməyib. Yəqin, bir-iki həftədən sonra xəbər tutarıq ki, Bazili
San-Fransiskoda görüblər. Deyilənə görə, qəşəng şəhərdir San-Fransisko; amma
bunu da deyirlər ki, San-Fransiskoda o biri dünyanın əlamətləri var...
– Sizcə, Bazilə nə olub? – Dorian soruşdu və şərab dolu stəkanını qaldırıb işığa
tutdu, sonra bu mövzuda belə təmkin nümayiş etdirməsinə özü də mat qaldı.