sərbəst buraxırıq! Biz burjua hakimləri kimi qanunun mahiyyətinə yox, inqilabçı
vicdanımıza və duyğumuza görə hökm veririk”. (201, s.9)
Bu faktlar bir daha təsdiqləyir ki, Azərbaycanda bolşevik rejiminə qarşı
şərəfli və ağır istiqlal mübarizəsi aparılırdı.
Digər tərəfdən, xalqın etiraz müqaviməti artır, Azərbaycanın bütün
bölgələrini silahlı üsyanlar bürüyürdü. Azərbaycanda Sovet hökümətinə qarşı baş
verən ən güclü silahlı üsyan 1920-ci ilin mayında Gəncədə oldu. (92) Gəncə üsyanı
zamanı XI Qızıl Ordudan 8500, Milli Ordumuzdan və mülki əhalidən isə 8000-
13000-ə qədər adam həlak oldu. M.Ə. Rəsulzadə bu üsyanla bağlı belə yazırdı:
“Bu üsyan ibtida Gəncədə başladı. Çarizmin qəddar generalı, knyaz Sisyanovla
parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə
də özünü göstərdi”. (183, s.70)
Sovet hökümətinin xalq üsyanlarına və müqavimət hərəkatına qarşı
göstərdiyi cinayəti tanınmış yazıçı Y.V. Çəmənzəminli belə ifadə edirdi: “Yaxmaq,
yıxmaq və öldürmək!” – şüarı hər yerdə hökmfərmandır”. (102, s.42)
Eyni zamanda, hərbi hissələrdə də ciddi təbliğat işləri aparılır, əsgərlərin,
zabitlərin mövcud rejimdən narazılığı gücləndirilirdi. 1927-ci ildə “Gizli Müsavat”
təşkilatı Sovet Ordusundakı Azərbaycan əsgərlərinə müraciətlə onları Qızıl
Ordunun və bu ordunun başçıları olan bolşeviklərin istismarçı məqsədi ilə tanış
edirdi. (89) Bolşeviklər gəncləri kommunist ruhunda tərbiyə etmək, millət, din
əleyhinə mübarizədə yetişdirmək üçün məqsədyönlü “Allahsızlar cəmiyyəti”
yaradıb, mətbu orqan nəşr etsələr də, xalqın müqavimətini dayandıra bilmədilər.
1929-cu ilin sonlarından Azərbaycanda kütləvi kəndli üsyanları alovlandı.
Sovet hökümətini ciddi sarsıdan bu üsyanlar haqqında Almaniyanın, Fransanın,
İsveçrənin, İngiltərənin mətbuatında da yazılar çap olundu. Üsyan Azərbaycanın
bütün vilayətlərini bürüdü. Zaqatala, Şəki, Qazax, Gəncə, Naxçıvan, Qarabağ,
Muğan, Salyan, Lənkəran, Göyçay, Ağdaş, Şirvan, Quba vilayətlərində üsyanın
dalğası daha güclü idi. Bu üsyanları yatırmaq məqsədi ilə Moskva Azərbaycana
yeni rus əsgərləri, 2000-dən çox “çekist” göndərdi. (170) Bir çox mahallarda
kəndlilər Moskvadan göndərilən nümayəndələri ya döyür, ya da öldürürdülər.
Salyanda aparılan səyyar məhkəmədə aydınlaşmışdı ki, Moskvanın Azərbaycanın
Muğan və Mil bölmələrində apardığı ruslaşdırma siyasətinə qarşı bir qiyam olmuş,
kəndlilər Kür bəndlərini açaraq bütün əkinləri, rus mühacir kəndlərini məhv
etmişdilər. (88)
Azərbaycanda mövcud qaydalardan narazılıq artırdı. Tez-tez baş verən
kəndli qiyamları, partizan hərəkatı davam edirdi. Gəncəbasarda, Cəbrayılda,
Ağdamda, Şəkidə, Qazaxda, Naxçıvanda, Qubada böyük partizan dəstələri
mübarizə aparırdı. Partizanlara ərzaq və geyimlə yardım etdiklərinə görə 200
azərbaycanlı qadın həbs edilib Rusiyaya göndərildi. Onların arasında qoca və
hamilə qadınlar, 16-17 yaşlı qızlar da vardı. (90)
Sovet höküməti Azərbaycanı ruslaşdırır, milli kadrları mühüm vəzifələrə
yaxın buraxmırdı. Aşağıdakı cədvəl Sovet hökümətinin “ruslaşdırma” siyasətinə
əyani bir sübutdur.
Türklərin (azərbaycanlıların) ümumilikdə nisbəti:
1.
Azərbaycan Baş İqtisad Şurasında – 1928-ci ildə türklər yüzdə 31, 1931-
ci ildə isə yüzdə 22 olmuşdur.
2.
Sığorta idarəsində - 1928-ci ildə türklər yüzdə 12, 1929-cu ildə yüzdə
16, 1931-ci ildə yüzdə 14.
3.
Azərbaycan Petrol Komitəsində - 1928-ci ildə türklər yüzdə 67, 1931-ci
ildə isə yüzdə 39-a enmişdir.
Qeyd edək ki, Azərbaycandan on minlərlə insanə həbs edib “ölüm
düşərgəsi” adlanan Solovkiyə göndərir, orada ağır işlərdə məcburən çalışdırır,
məhv edirdilər. (15, 16, 17, 235)
Qeyd olunmalıdır ki, bu illərdə Azərbaycan kəndində sosial-siyasi proseslər
də olduqca mürəkkəb idi. Sovet dövlətinin yeritdiyi siyasət (xüsusən
kollektivləşmə siyasəti) insanlarda ciddi narazılıq doğurur, əhalinin hökümət
dairələrinə qəzəbini artırırdı. Uğursuz “NEP”-dən sonra dolanışığı daha da
pisləşmiş əhali kollektivləşməni qəbul etmək istəmirdi. Sovet höküməti isə bütün
imkanlarından istifadə edib kənddəki sosial-siyasi prosesləri nəzarətində
saxlamağa çalışırdı. Bu məqsədlə də yeni hakimiyyət kəndliləri sosializm
quruluşuna cəlb etmək üçün kooperativləşmə, kredit verilməsi, vahid kənd
təsərrüfat vergisi, yer quruluşunda güzəştlər, yoxsul fondunun yaradılması və s.
tədbirlərdən istifadə edirdi. (134, s. 126)
Digər tərəfdən Sovet hökümətinin kəndin varlı təbəqələrinə qarşı 1930-cu
ilin yanvarın 5-də qəbul etdiyi ölüm hökmü haqqındakı qərar da vəziyyəti daha da
gərginləşdirmişdi. Məhz bu səbəblərdən kəndli öz əmlakını, mənliyini və ən əsası
varlığını qoruyub saxlamaq üçün müqavimət göstərməli idi. (134, s. 134)
Kollektivləşmə siyasətinin törətdiyi acı nəticələri müxtəlif rəqəmlərlə
göstərmək mümkündür. Bu siyasətin nəticəsində Azərbaycanda yüzlərlə adam
öldürüldü, minlərlə insan uzaq yerlərə sürgünə göndərildi. Xarici ədəbiyyatlarda
göstərilən rəqəmlərə diqqət edək: elliklə kollektivləşmə zamanı 13 milyon adam
məhv olmuşdur ki, bundan 7 milyonu acından ölmüşdür. Digər məlumatlara görə
isə acından ölənlərin sayı 3-4 milyon olmuşdur. (134, s. 152)
Sovet dövlətinin apardığı kollektivləşmə siyasətinin ağır nəticələri haqqında
V. Surorovun və Robert Konkvestin kitablarında isə daha çox rəqəmlər göstərilir.
Bildirilir ki, kollektivləşmə nəticəsində Sovet İttifaqında 10-16 milyon insan həlak
olmuşdur. (334, s. 40). Qeyd edək ki, Stalin həmin dövrdə Sovet hökümətinin
xaricə 5 milyon taxıl satdığını bildirirdi.
Bundan əlavə, Sovet hökümətinin mənəvi-əxlaqi, xüsusən dini sahədə
apardığı siyasət insanların ciddi narazılığına səbəb olurdu. Əsrlər boyu İslam
Dostları ilə paylaş: |