120
ketmən) həyata keçirilir.
Qumlu və qumsal yerlərdə bu əməliyyat kompressorla asanlıqla yerinə
yetirilir.
Naxçıvanda üzümlüyün becərilməsində ortaya çıxan belə çətinliklərə
baxmayaraq yüksək və keyfiyyətli məhsul hər şeyi həll edir.
Nəmlik
Təbiəti etibarı ilə üzüm mezofit bitkidir. Tənəyin məhsulu və onun emalından
alınan məmulatlar istilik və nəmliyin nisbətindən çox asılıdır. Torpaqda mineral
maddələrin həlli, onların üzüm bitkisinin yarpaqlarına, eləcə də başqa hissələrinə
sorulması üçün normal rütubətin olması vacibdir. Su yarpaqda sintez olunan üzvi
maddələrin və tənəyin bütün orqanlarının tərkibinə daxildir ki, bu da kolun
ümumi çəkisinin 60-80%-i təşkil edir.
Üzüm bitkisinin orqanlarına daxil olan və həmin orqanlar vasitəsi ilə
buxarlanan suyun nisbəti su balansını təşkil edir. Tənəkdə su balansı sutka və
faza müddətində dəyişir. Fizioloji proseslərin gedişinə nəmliyin böyük təsiri
vardır. Üzüm bitkisinin həyat fəaliyyətinin normal keçməsi üçün fizioloji
nəmliyin xüsusi əhəmiyyəti qeyd edilməlidir. Fiziloji nəmlik köklər vasitəsi ilə
suyun udulması dərəcəsi, bitki toxumalarında onların hərəkəti və transpirasiya ilə
müəyyən edilir.
Üzüm bitkisinin suya olan tələbinin ödənilməsi, onun orqanlarının morfoloji
və fizioloji əlamətlərini müəyyən edir. Böyük fizioloji nəmlik tumurcuqların
açılması prosesini sürətləndirir, gilələr şirə ilə yaxşı dolduğundan məhsuldarlıq da
artır,yumurtalıqların giləyə çevrilmə prosesini və gilələrin yetişməsini
sürətləndirir.
Nəmliyin normadan çox olması məhsulun keyfiyyətinə mənfi təsir göstərir,
gilənin ləti yumşalır, şəkərliliyi azalır, rəng və aromat zəifləyir, gilənin saxlama
və nəqliyyata davamlılıq qabiliyyətini azaldır. Çiçəkləmə fazasında yüksək
nəmlik çiçək və gilələrin çox tökülməsinə, nəticədə salxımların çox seyrək
olmasına səbəb olur, şərabı isə az eksraktlı və zəif buketli olur.
Rütubətə tələb ən çox vegetasiyanın əvvəlində artır, çiçəkləmənin əvvəlində
azalır, çiçəkləmənin gedişində və gilənin yetişməyə başlamasında ən çox artır.
Tənəyi əhatə edən mühitə uyğun gəlməyən, yəni artıqlıq etdikdə vegetasiyanın
ayrı-ayrı fazalarında kolun böyümə və məhsul verməsinə pis təsir göstərir.
Torpaqda suyun artıqlığına və azlığına üzüm bitkisi tez reaksiya verir,
nəmliyin tez-tez dəyişməsinə daha çox həssaslıq göstərir. Məsələn: fizioloji
yetişməyə yaxın rütubət artarsa böyümənin ikinci güclü dalğası əmələ gəlir,
biclər sürətlə böyüyür, məhsulun keyfiyyəti və zoğların yetişməsi pisləşir, tənəyin
121
müqaviməti azalır, gilələr çatlayır və çürüyür, gözcüklərdə tumurcuqların
embrional inkişafı başa çatır. Rütubət az olduqda kol suyu gilələrdən almağa
başlayır.
Uzunmüddətli yağışlardan sonra qəflətən baş vermiş qaynar quru hava
bərqərar olduqda yarpaqlarda quruma və soluxma gedir. Bu vəziyyət onunla izah
olunur ki, uzunmüddətli yağışlı havada yarpaq və zoğlarda formalaşan seyrək və
incə toxumalar qəflətən baş vermiş qaynar hava ilə uyğunlaşa bilmir. Belə havada
(qaynar) transpirasiya o dərəcədə güclənir ki, kök sistemi yuxarı orqanlara suyu
çatdıra bilmir.
Torpaqda horizontlar üzrə nəmliyin paylanmasının kök sisteminin yayılma
xarakterinə təsiri vardır. Belə ki, nəmlik normal olan qatda kök sistemi çoxşaxəli
olur. Üzüm bitkisinin mezofit xarakterli olması, onun quraqlığa davamlılığı kök
sisteminin güclü olması, torpağın dərin qatına işləməsi və güclü sorma
qabiliyyətinin olması ilə izah olunur.
Torpaqda nəmliyin artıqlığı tumurcuqda meyvə orqanlarının əmələ gəlməsini
azaldır. Yayın qısa müddətli az yağışları üzümlüyə ziyan gətirir, yəni köklərə
çatmır və torpağın səthində alaqları çoxaldır.
Qış yağıntıları, çiçəkləmə və yetişmədən qabaq ki yağışlar, məhsul
yığımından sonrakı yağışlar üzüm bitkisi üçün xeyirlidir. Yağış və qar şəklində
atmosfer çöküntüləri üzümlüyə xeyir gətirir. Onlar torpaqda nəmliyin çox
toplanmasını və səthi köklərin şaxtadan qorunmasını təmin edir. Qışda qarı çox
olan üzümçülük ölkələrinin təcrübələrinə görə 5 sm qalınlığında olan qar torpağın
temperaturunu 4º qaldıra bilir, 20 sm qalınlığında olan qar, kökləri şaxtadan
qoruyur.
Havanın nəmliyi üzüm bitkisində fizioloji proseslərin keçməsinə əhəmiyyətli
dərəcədə təsir göstərir. Məsələn, çox quru havada yarpağın ağızcıqları qapanır,
transpirasiya və assimilyasiyanı azaldır. Nisbi rütubətin normadan çoxluğu
yarpağın transpirasiyasını azaldır. Üzüm bitkisi üçün havanın optimal nəmliyi 70-
80 % arasındadır.
Azərbaycanın bir çox üzümçülük rayonlarında illik yağıntıların miqdarı üzüm
bitkisinin tələbatından xeyli azdır. Buna görə də belə yerlərdə üzüm bitkisinin
suya olan tələbi süni suvarmalarla həyata keçirilir. İllik atmosfer çöküntülərinin
miqdarı 450-500 mm olan yerlərdə üzüm bitkisini suvarmadan becərmək
mümkündür. Buradan aydın olur ki, respublikamızda yağıntıların miqdarı az olan
yerlərdə suvarma üçün iri miqyaslı irriqasiya tədbirləri görülməsinə böyük
ehtiyac vardır. Üzümlükləri suvarmaqla sahə vahidindən alınan məhsulu xeyli
artırmaq mümkündür. Havanın nisbi rütubəti və suvarma suyu azlıq edən yerlərdə
quraqlığa davamlı sortlar əkilməlidir.
Gecə şehi və isti yay yağışları yarpaqları gec quruyan və havalanma pis olan