140
Kitabxanalar
Bəşər mədəniyyətinin beşiyi olan Şərqdə ilk kitabxanaçılıq fikirləri yarandığı kimi, gil lövhələrdən
ibarət kitabları saxlayan ilk kitabxanalar da burada meydana gəlmişdir. İlk kitabxana kataloqlarının
burada tərtib
olunması da həmin fikri təsdiq edir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın zəngin tarixi, əsrlərlə
formalaşan mədəniyyəti vardır. Bu mədəniyyətin ayrılmaz hissəsi olan Azərbaycan kitabxanalarının da tarixi
çox qədimdir. Hələ V əsrdə Albaniyada əlifbanın meydana gəlməsi ilə əlaqədar kitablar yaranmış, məbəd və
məktəblərdə kitabsaxlayıcılar təşkil edilmişdi. VII əsrdə Azərbaycanın Ərəb xilafətinin tərkibinə daxil olması və
islam dininin yayılması nəticəsində məscidlərdə Quranın müxtəlif əlyazmalarını və digər dini kitabları
cəmləşdirən kiçik kitabxanalar, sonralar isə din xadimləri hazırlayan mədrəsələrdə təlim-tədris işinə kömək
məqsədilə xüsusi kitabxanalar təşkil olunurdu. Azərbaycanda ilk məscid və mədrəsə kitabxanaları Bərdə,
Gəncə, Şamaxı, Naxçıvan, Ərdəbil, Təbriz, Beyləqan və s. şəhərlərdə yaradılmışdı. Kitablar ilk dövrlərdə
sandıqlarda və xüsusi rəflərdə saxlanılırdı. Artıq XI-XII əsrlərdə bəzi böyük məscid kitabxanalarında kitab
saxlamağın, onu oxucuya verməyin özünəməxsus sadə üsulları formalaşdı. Məscid kitabxanaları başqa
kitabxanaların yaradılmasında, kitabçılığın inkişafında, kitabxanaların cəmiyyətdəki rol və əhəmiyyətinin
möhkəmlənməsində mühüm rol oynadı. Həm kitabxana, həm də kitabın üzünü köçürüb yayan dini ocaqlar
Azərbaycan kitabçılığının inkişafı, kitabxanaların və kitabxana işi proseslərinin təkmilləşdirilməsi sahəsində
xeyli iş görmüşlər. Məscid və mədrəsə kitabxanaları həmçinin kitabxanaçılıq biliklərinin rüşeym halında
meydana gəlib formalaşmasında da yaxından iştirak etmişdir. Məscid kitabxanalarında ayrıca kitabdar
(kitabxanaçı) vəzifəsi var idi. Ən savadlı ruhanilər bu vəzifədə çalışmış, kitabxanaları idarə etmək,
kitabxanaların quruluşuna, texniki təchizatına, kitab fondlarının zənginləşməsinə kömək göstərmək, kitabxana
fondlarının mühafizə olunması, düzgün saxlanma və düzülüş sistemlərinin yaradılması, kitabların oxuculara
verilmə qaydalarının
müəyyənləşdirilməsi, fondda olan kitabların siyahılarının tərtibi və s.
kimi vəzifələri yerinə
yetirmişlər. Məscid və mədrəsə kitabxanalarının taxçaları sonralar kitab dolablarına (rəflərinə), siyahılar isə
kitabxana kataloqlarına çevrildi.
XI-XIII əsrlərdə Azərbaycanın iri mədəniyyət və təhsil mərkəzlərində saray kitabxanaları təşkil edildi.
Belə kitabxanaların Gəncə, Şamaxı, Təbriz və s. şəhərlərdə olması barədə Nizaminin, Xaqaninin, digər alim və
şairlərin əsərlərində məlumatlar vardır. XII əsrin II yarısında Şirvanşahlar sarayında zəngin kitabxana olmuş,
minlərlə kitabı olan bu kitabxanadan dövrün görkəmli alim və şairlərindən Əbül-Üla Gəncəvi, Əfzələddin
Xaqani, Fələki Şirvani və başqaları istifadə etmişlər. Kitabxananın nəzdində şairlər məclisi olmuşdur.
XII əsrdə Gəncədə "Darəl kitab" adlı böyük bir kitabxana fəaliyyət göstərirdi.
Bu kitabxana bir çox Şərq
ölkələrindən ən qiymətli əlyazma kitabları alırdı. Kitabxananın özündə də kitabın üzü köçürülüb çoxaldılırdı.
Orta əsrlərin məşhur saray kitabxanalarından biri də XII əsrin 90-cı illərində fəaliyyətə başlamış Qəzvin
şəhərinin şimalında yerləşən Ələmut qalasındakı "Seyyidanə" kitabxanası idi. Qala və kitabxana İsmaililər
dövlətinin banisi Həsən Səbbah (1055-1124) tərəfindən yaradılmışdı. "Seyyidanə" kitabxanasının Azərbaycanla
yanaşı, xarici ölkələrdə də oxucuları var idi. Nəsirəddin Tusi XIII əsrin 30-cu illərində Kuhistanda həbs olunub
Ələmut qalasında saxlandığı dövrdə
bu kitabxanada işləmiş, bir neçə il həmin kitabxananın müdiri olmuşdur.
XIII əsrdə Təbrizdə Qazan xanın sarayında zəngin kitabxana yaradılmış, bu məqsədlə xüsusi bina
tikilmişdir. Dövlət kitabxanası hüququna malik həmin kitabxanada qiymətli elmi və dini əsərlərlə yanaşı dövlət
fərmanları, diplomatik məktublar və digər rəsmi sənədlər də toplanmışdır. Kitabxananın idarə olunması xüsusi
kitabdarlar tərəfindən həyata keçirilmişdir.
Təbrizin Qazan adlanan hissəsində daha iki böyük dövlət əhəmiyyətli kitabxana olmuşdur. "Beytül-
kütüb" ("Kitab evi") və "Beytül-qanun" ("Qanun evi") adlanan bu kitabxanalarda müxtəlif elm sahələrinə dair
zəngin əlyazmaları mühafizə edilmişdir.
1300-cü ildə görkəmli alim Fəzlullah Rəşidəddin tərəfindən Təbrizin şimal-şərqində salınmış "Rəbi-
Rəşidi" şəhərciyindəki 7 minə qədər tələbənin təhsil aldığı universitetin zəngin kitabxanası olmuş, bu
kitabxanada bir çox Şərq ölkələrindən gətirilmiş müxtəlif elm sahələrinə dair 60 mindən artıq ədəbiyyat
saxlanılmışdır.
Orta əsrlərdə Azərbaycanda məşhur elmi kitabxanalardan biri böyük alim Nəsirəddin Tusinin bilavasitə
rəhbərliyi və iştirakı ilə 1258-61-ci illərdə yaradılmış Marağa rəsədxanasının kitabxanası olmuşdur.
Kitabxanada İraqdan, İrandan, Suriyadan, Mərkəzi Asiyadan, Anadoludan gətirilmiş riyaziyyat, astronomiya,
fəlsəfə, məntiq, tarix və s. elm sahələrinə dair kitablar, o cümlədən N.Tusinin özünün 100-dən artıq əsəri vardı.
Kitabxana fondunun ümumi həcmi isə 400 min nüsxə idi.
XIII-XIV əsrlərdə mədrəsə kitabxanaları öz fondlarının zənginliyi ilə fərqlənmiş, burada dini kitablarla
yanaşı dünyəvi ədəbiyyat da saxlanılmışdır.
XIV-XVI əsrlərdə Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövründə Azərbaycanın bir sıra
hökmdarları tərəfindən zəngin saray kitabxanaları yaradılmışdır. Bu kitabxanalar içərisində Cahanşahın