_______________ Milli Kitabxana _______________
10
böyük fikirlərin obrazlı ifadəsi üçün xatırlanır. Zülm və ədalətsizlik alovları
üzərinə su tökülsün, ədalət bərpa edilsin, mənəm-mənəmlik, qürrə, başqa
sözlə, özbaşınalıq, haqsızlıq yeli torpağa gömülüb yox olsun - deyən şairi
narahat edən onun zəmanəsi, insanların taleyidir. Eyni həyəcanlı, narahat
çağırış peyğəmbərə müraciət hissəsində də özünü aydın göstərir.
Poemanın müqəddiməsində şeir və sənət məsələlərinə də xüsusi diqqət
yetirən şair sözün meydana çıxması, insan həyatında rolu, onun qiyməti və s.
haqqında söhbət açır. Sözü xilqətin birinci gözəli adlandıran Nizami doğru
göstərir ki, qələm hərəkətə başlayan zamandan dünyanın gözünü sözlə
açıbdır. Söz insanın canı, bədən isə onun mənzilidir. Bayraqlar söz qədər
qələbə çala bilməz, söz hər şeydən qiymətlidir:
Kimsə alıb söz və zəri bir sabah
Sərrafa göstərdi, dedi: - Ey qoçaq,
Köhnə qızıl, ya təzə söz yaxşıdır?
Söylədi usta: - Təzə söz yaxşıdır.
Qasid olub söz haraya getmədi?
Söz kimi kimsə bir işi etmədi.
Göründüyu kimi, Nizami sözə geniş mənada yanaşır, dilin, bədii sözün,
nitqin, yazının bəşəriyyətin inkişaf tarixindəki misilsiz rolundan, onun müasir
həyatda əhəmiyyətindən danışıb, sözü insanın canı və özü hesab edir. Nizami
ümumiyyətlə sözdən danışdıqdan sonra şeir haqqında söhbət açır, ərşin ötən
bülbülü saydığı şairin zəhmətinə yüksək qiymət verir, onu peyğəmbərlərə
yaxın tutur. Şair və şeir qarşısında ciddi ictimai vəzifələr qoyan Nizaminin
fikrincə, şeir insanları tərbiyə etmək vasitəsidir.
Kim ki sözə verdi sığal, sahmanı,
Sözlə bişirdi çiy olan insanı.
Nizami şeirin asan yazılmadığını, dərin düşüncələr, yaradıcılıq iztirabları
nəticəsində yarandığını qeyd edir. Onun yaratdığı hər söz canın bir parçasıdır,
qəlbin dişi ilə yonulmuş heykəldir; o, yeni söz üçün axtarışa başlayanda gah
ölür, gah dirilir. Şair yaradıcılıq prosesinə çox ciddi bir iş kimi yanaşır, onun
ağırlığından danışır.
_______________ Milli Kitabxana _______________
11
Mədən açıb tapmaq üçün bir göhər,
Yeddi göyə fikri salar rəxnələr.
Yaxşı sözü övladına tay tutar,
Səy edib ilham ataya oxşadar.
Xoş nəfəsi canlara dinclik verər,
Hər sözü dillərdə gəzər sərbəsər.
Nəqqaşısa kim bu gözəl dilbərin,
Bil ki, o, şairdir, oxu sözlərin.
Əsil sənətkar, həqiqi şair haqqında Nizaminin qənaəti belədir. Dahi şair
sözü hörmətdən salan alçaq adamlara, var-dövlət və şöhrət xatirinə ona-buna
mədhiyyə yazanlara da biganə qalmır, onları nifrətlə xatırlayır. Nizami dünya
İntibahının ən qüdrətli şairlərindən biri kimi poeziya sənətinə onun insana,
həyat həqiqətinə xidməti baxımından qiymət verir. Şairin fikrincə, hər şeir
qaralayanı, qafiyə qoşanları şair adlandırmaq olmaz:
Çoxlu çaparlar bu yolu getdilər,
Alçaq olanlar onu xar etdilər.
Diddi bu söz, parçaladı bağrımı,
Söz bəzəyən tökdü sözün abrım.
Candır ürək meyvəsinin qiyməti,
Onlar üçün yox su qədər hörməti.
Tapdı əlindən necə ey çərx, aman,
Yaltaq olub şerə düyünlər salan...
Qızıl üçün saralıb-solan, qızılla sözü qiymətdən salan, söz ləlini qiyməti
olmayan daş-qaşa dəyişən bu şaircikləri Nizami alçaq adlandırır. Zahirən,
saraylarda yüksək mövqe tutan bu adamların özlərini alçaltdığını Nizami həm
nifrət və qəzəb, həm də ürəkağrısı ilə qeyd edir. O, saray şairi vəzifəsinin
aqibətindən söz açır, saraylarda bir müddət zərli don geyənlərin axırda
qurğuşun yediyini, civə kimi zərdən ötrü ölənlərin axırda Sultan Səncərin
dəmiri ilə məhv olduqlarını xatırladır. Nizami şeiri ucuz tutmağı rəva görmür,
şairdən ağır zəhmət, böyük iradə tələb edir.
Xalq və hökmdar problemi Nizami poeziyasının, o cümlədən "Sirlər
xəzinəsi"nin əsasını təşkil edir. Çox vaxt bu problemi ədalətli
_______________ Milli Kitabxana _______________
12
hökmdar ideyası şəklində ifadə edirlər. Guya Nizaminin məqsədi ədalətli
hökmdar surəti yaratmaq imiş ki, şair sonrakı əsərlərində buna çalışmış, lakin
arzuladığı ideal hökmdar surətini İskəndərin simasında, son əsərində yarada
bilmişdir. Nizami yaradıcılığında xalq və hökmdar probleminin həllinə,
inikasına bu cür yanaşmaq birtərəfli və yanlışdır. Nizaminin məqsədi ideal
şah obrazı yaratmaq olsaydı, ilk əsərindən başlayaraq son əsərinəcən istənilən
qədər ədalətli şah surətləri yarada bilər, onlarda heç bir nöqsan da görməzdi.
Nizami dühasının böyüklüyü ondadır ki, mütəfəkkir şair xalqla hökmdar,
fərdlə cəmiyyət arasındakı münasibətləri və bu münasibətlərin kölgəli
cəhətlərini qorxmadan, cəsarətlə açıb göstərə bilmiş, onların səhvlərini,
cinayətlərini üzlərinə deməkdən çəkinməmiş, ibrətləndirmək, qorxutmaq,
öyrətmək, xəbərdarlıq etmək yolu ilə onları ədalətə, insanlığa, sülhə
istiqamətləndirmişdir. Əsərlərində şahların ədalətini təsvir etmək Nizami
üçün az əhəmiyyətlidir, dövrün hökmdarlarını isə xəcalətləndirmək,
utandırmaq, həvəsləndirmək, ağıllandırmaq yolu ilə ədalətə yönəltmək,
onların ədalətli olmasına nail olmaq şairin zəngin ədəbi irsinin əsas
qayələrindən birini təşkil edir.
"Sirlər xəzinəsi" əsərindəki bir çox məqalət və hekayələrini də şair onu
çox narahat edən, düşündürən problemə həsr etmişdir. "İnsanın mərtəbəsi
haqqında" birinci məqaləti, "Ədalət və insafı gözləmək haqqında" ikinci
məqaləti, "Padşahın rəiyyətə qayğı göstərməsi haqqında" üçüncü məqaləti,
hekayələrdən "Özündən naümid olub bağışlanan padşahın hekayəsi",
"Nuşirəvan və bayquşların söhbəti", "Sultan Səncər və qarı", "Zalım padşahla
zahidin dastanı", "Bir şahzadənin hekayəsi" və başqalarını xatırlamaq
kifayətdir. Həmin hekayə və məqalətlərdə hamını düşündürən aktual bir
məsələ - hökmdarın xalqla rəftarı məsələsi qoyulub həll edilir. Dahi şair
dövrünün zalım hökmdarlarını gah axirətlə qorxudur, gah zülmün bu dünyada
onlara zərər, ziyan yetirəcəyini xatırladır, onları xalqın qəzəbi ilə hədələyir.
Aləmi kim fəth eləyər zülm ilə.
Mülkü ədalətlə alarlar ələ.
Məmləkət ədlilə olar payidar,
İşlərin əql ilə olar bərqərar.
Dostları ilə paylaş: |