«Təsdiq edilmişdir»
Azərbaycan Respublikasının
Mərkəzi Bankı yanında
Maliyyə Monitorinqi Xidməti
Əmr № 008/a-MMX
«25» «fevral» 2010-cu il
PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN CİNAYƏT
YOLU İLƏ ƏLDƏ EDİLMƏSİ VƏ YA TERRORÇULUĞUN
MALİYYƏLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI OLMASINA ŞÜBHƏ VƏ
YA BELƏ ŞÜBHƏ ÜÇÜN KİFAYƏT QƏDƏR ƏSASLAR
YARADAN HALLARIN AŞKARLANMASI MEYARLARI
(XÜSUSİ İNDİKATORLAR)
BAKI – 2010
ÜMUMİ MÜDDƏALAR
1.
«Pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və
ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə
üçün kifayət qədər əsaslar yaradan halların aşkarlanması meyarları» (bundan sonra
– xüsusi indikatorlar) Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 iyul
tarixli 122 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının
Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamə»nin
10.3-cü bəndinə əsasən hazırlanmışdır.
2.
Xüsusi indikatorlar monitorinq iştirakçıları və monitorinqdə iştirak edən
digər şəxslər (bundan sonra – monitorinq subyektləri) tərəfindən pul vəsaitlərinin
və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun
maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər
əsas yaradan halların aşkar edilməsi üzrə minimum meyarları müəyyən edir.
3.
Xüsusi indikatorlar məhdudlaşdırıcı xarakterli olmamaqla cinayət yolu
ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakla əməliyyatların, terrorçuluğun
maliyyələşdirilməsinin, habelə bu cür əməliyyatların aparılmasına cəhdlərin
müəyyən edilməsi və qarşısının alınması məqsədini daşıyır.
4.
Bu sənəddə nəzərdə tutulmuş meyarlar hər hansı bir əməliyyatda formal
cəhətdən mövcud olsa da, lakin əməliyyat və müştərinin fəaliyyəti cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və
terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə yaratmırsa, monitorinq
subyektləri tərəfindən «müştərini tanı» prinsipinə riayət olunmaqla əməliyyat daha
ətraflı araşdırılmalıdır.
5.
Hər hansı əməliyyatın əlamətinin bu sənəddə nəzərdə tutulmuş meyara
uyğun olduğuna dair şübhə tam olaraq təsdiqlənmədikdə, əməliyyatı aparan
müştərinin sonrakı fəaliyyətinə daha ciddi diqqət yetirilir və bu sənəddə nəzərdə
tutulmuş meyarlara uyğun olan digər əlamətlər müəyyən edildikdə bu barədə
məlumat Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə
Monitorinqi Xidmətinə təqdim edilir.
I.
ÜMUMİ MEYARLAR
6.
Aşağıdakı meyarlar bütün monitorinq subyektlərinə şamil edilir:
6.1.
bəyan etdiyindən fərqli olaraq müştərinin əməliyyatı öz adından və ya
öz hesabından aparmamasına dair şübhələrin yaranması;
6.2.
müştərinin həyata keçirdiyi əməliyyatın məxfiliyini vurğulaması,
yaxud əməliyyat haqqında məlumat verilməsinin qarşısını almağa cəhd etməsi;
6.3.
real bazar qiymətlərindən aşkar şəkildə kənarlaşan (şişirdilmiş və ya
azaldılmış) qiymət əsasında müqavilə bağlanılması və ya həmin müqavilə
əsasında əməliyyat aparılması;
6.4.
müştərinin cinayətkar fəaliyyətdə iştirakını etiraf etməsi;
6.5.
xidmət göstərilməsi müqabilində müştəri tərəfindən rüşvətin və ya
rüşvət xarakterli digər təkliflərin edilməsi;
6.6.
əməliyyatın xarici dövlətlərin siyasi xadiminin iştirakı ilə və ya onun
səlahiyyətli nümayəndəsi tərəfindən həyata keçirilməsi;
6.7.
müştərinin davranışının aqressiv olması, əməliyyata dair sualların
cavablandırılmasından yayınması, yaxud eyniləşdirmə prosedurlarının həyata
keçirilməsinə etiraz etməsi;
6.8.
girov üçün götürülən əşyanın və ya malın bazar dəyərindən çox aşağı
qiymətləndirilməsinə müştərinin əhəmiyyət verməməsi;
6.9.
eyniləşdirmə və verifikasiya zamanı müştəri tərəfindən aidiyyəti
olmayan sənədlərin təqdim edilməsi;
6.10.
müştərinin ona aid yazışma sənədlərinin və ya digər aidiyyəti
sənədlərin onun yaşadığı və ya qeydiyyatda olduğu ünvana göndərilməsinə etiraz
etməsi;
6.11.
monitorinq subyektinin daxili nəzarət sisteminə müştərinin qeyri-
adi dərəcədə maraq göstərməsi;
6.12.
şübhəli əməliyyatlar haqqında məlumat verilməsinə dair
qanunvericiliyin tələbləri barəsində müştərinin məlumatlılıq səviyyəsinin qeyri-
adi şəkildə yüksək olması;
6.13.
müştərinin öz vəsaitlərinin qanuni olmasını və onları
leqallaşdırmağa cəhd etmədiyini həddən artıq ciddi cəhdlə inandırmağa
çalışması;
6.14.
müştərinin ev və ya iş telefonunun işləməməsi, yaxud hesabın
açılmasından dərhal sonra müştəri ilə əlaqə qurmağa cəhd edildikdə, belə
nömrənin ümumiyyətlə aşkar edilməməsi;
6.15.
müştərinin öz davranışına, yaxud fəaliyyət xarakterinə uyğun
gəlməyən əməliyyat həyata keçirməsi;
6.16.
müştərinin əməliyyat haqqında təqdim etdiyi informasiyada
uyğunsuzluqların və ziddiyyətli məqamların aşkar edilməsi;
6.17.
müştərinin bir sıra oxşar, lakin uydurma adlardan istifadə etməsi;
6.18.
müştərinin həyata keçirdiyi əməliyyatların aparılmasının ümumi
qəbul edilmiş bazar praktikasına aşkar şəkildə uyğun gəlməməsi;
6.19.
müştəri tərəfindən məlumatların əsassız gecikmələrlə təqdim
edilməsi, bu məlumatların yoxlanılmasının olduqca çətin və ya məsrəfli olması;
6.20.
müştərinin fəaliyyət istiqamətinin aid edildiyi bazar iştirakçıları
barədə məlumatsız olması;
6.21.
müştərinin fəaliyyət xarakteri və növü ilə müraciət etdiyi xidmətlər
arasında aşkar əlaqənin olmaması;
6.22.
müştərinin ləğv olunmuş müqavilədən əldə ediləcək və ya üçüncü
şəxslərə çatacaq vəsaitinin ilkin ödənişin həyata keçirildiyi (əvvəlki) hesaba
deyil, digər hesaba geri qaytarılmasını təklif etməsi;
6.23.
müştəri tərəfindən həqiqiliyi şübhə doğuran sənədin təqdim
edilməsi;
6.24.
müştərinin saxta, şəkli dəyişdirilmiş və ya dəqiqliyi hər hansı
şəkildə şübhə doğuran şəxsiyyəti təsdiq edən sənəd təqdim etməsi;
6.25.
müştərinin şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməkdən imtina
etməsi, yaxud belə sənədlərin yalnız surətlərini təqdim etməsi;
6.26.
özünə aid olmayan sənədlərdən istifadə etməklə müştərinin özünü
eyniləşdirməyə çalışması;
6.27.
müştərinin təqdim etdiyi eyniləşdirməyə və həyata keçirilən
əməliyyatlara dair sənədlərində informasiyanın göstərilməməsi və ya təhrif
edilmiş informasiyanın göstərilməsi;
6.28.
müştərinin əvvəllər həyata keçirdiyi əməliyyatların məbləğlərinə
uyğun olmayan əməliyyatlar həyata keçirməyə başlaması;
6.29.
əvvəlki təcrübəsindən fərqli olaraq, müştərinin iri nağd pul
məbləğləri ilə əməliyyatları tez-tez həyata keçirməyə başlaması;
6.30.
monitorinqdən yayınmaq məqsədilə müştərinin məcburi qaydada
hesabat verilməsi tələb olunan limitdən aşağı məbləğdə nağd əməliyyatları
mütəmadi olaraq həyata keçirməsi;
6.31.
müştərinin mütəmadi şəkildə xırda əskinasları daha iri əskinaslara
mübadilə etməsi;
6.32.
müştərinin yol çekləri ilə əməliyyatlarının qeyri-adi şəkildə
intensivləşməsi;
6.33.
adsız qiymətli kağızlarla iri əməliyyatların aparılması;
6.34.
müştərinin və ya onun kontragentlərinin rəsmi fəaliyyəti ilə
açıq-aşkar əlaqəsi olmayan xeyriyyə təşkilatının iştirakı ilə əməliyyatın həyata
keçirilməsi;
6.35.
şəxsin saxta və ya digər qeyri-qanuni müqavilə bağlamağa
çalışması.
II.
XÜSUSİ MEYARLAR
7.
Aşağıdakı meyarlar kredit təşkilatları, lizinq xidmətləri göstərən
kredit təşkilatları, pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti
göstərən müəssisələr və lombardlara şamil edilir:
7.1.
açılmış və uzun müddət ərzində istifadə olunmayan hesablardan
həyata keçirilən əməliyyatların həcminin gözlənilmədən əhəmiyyətli dərəcədə
artması;
7.2.
müştərinin hesabdan birdəfəlik əməliyyatların aparılması üçün
istifadə etməklə sonradan bağlanılması üçün müraciət etməsi;
7.3.
ödənişin təyinatında onun həyata keçirilməsi üçün əsasın
göstərilməməsi şərtilə xaricə, yaxud xaricdən köçürmələr;
7.4.
ölkə xaricindən fiziki şəxsin adına (hesab açmadan) və ya hesabına
müntəzəm olaraq vəsaitlərin (yaxın qohumlardan daxil olan vəsaitlər istisna
olmaqla) daxil olması;
7.5.
bir neçə hesabda yerləşdirilmiş vəsaitlərin bir hesaba, sonra isə ölkə
daxilindəki və ya ölkə xaricindəki digər hesaba köçürülməsi;
7.6.
qeydiyyatdan keçmiş digər təsərrüfat subyektlərinin adlarına oxşar
adlarda hesabların açılması;
7.7.
müştəri ilə aşkar iqtisadi əlaqələrə və inandırıcı səbəblərə malik
olmayan üçüncü tərəfin zəmanət verməsi;
7.8.
əsas fəaliyyəti üçün nağdsız formada hesablaşmaların xarakterik
olduğu halda, müştərinin hesabına daxil olan nağd pul vəsaitlərinin həcminin
əhəmiyyətli dərəcədə artması;
7.9.
müştərinin əmanətin məbləği haqqında ümumi təsəvvürə malik
olması;
7.10.
müştərinin əmanət hesabına üçüncü şəxslər tərəfindən vəsaitlərin
yerləşdirilməsi;
7.11.
hüquqi şəxsi təmsil edən şəxsin həmin hüquqi şəxs barədə ümumi
məlumata malik olmaması, o cümlədən hüquqi şəxsin fəaliyyət xarakterini, onun
yerləşdiyi yeri və ya əlaqə məlumatlarını bilməməsi;
7.12.
alınmış iri kreditin gözlənilməz şəkildə vəsaitin mənbəyi
bilinmədən vaxtından əvvəl qaytarılması;
7.13.
bir qayda olaraq, passiv təsərrüfat dövriyyəsinə malik hüquqi şəxsin
və ya yeni yaradılmış hüquqi şəxsin böyük xərclər üçün vəsait əldə etməsi
məqsədilə qeyri-adi dərəcədə böyük dövriyyə və ya şişirdilmiş mənfəət haqqında
məlumatlar təqdim etməsi;
7.14.
yeni müştəri üçün iri hesab edilən və ya işgüzar münasibətlərin
mövcud olduğu müştərinin adi fəaliyyətinə uyğun olmayan iri məbləğlərdə
valyuta mübadiləsinin və ya bank əməliyyatlarının həyata keçirilməsi və yaxud
da buna cəhd edilməsi;
7.15.
rezident və ya qeyri-rezident kredit təşkilatının emissiya etdiyi
çeklərin müntəzəm olaraq inkasso olunması üçün təqdim edilməsi;
7.16.
sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan və müştəri ilə müqavilə
münasibətlərinə malik olmayan şəxsdən müştərinin bank hesabına «borc»,
«kredit», «ssuda», «qabaqcadan ödəniş» və ya «qrant» təyinatı ilə pul
vəsaitlərinin köçürülməsi;
7.17.
müştərinin «kredit üzrə ödəniş», «borc üzrə ödəniş» və ya «növbəti
ödəniş» təyinatı ilə müqavilə münasibətlərində olmadığı fiziki və ya hüquqi
şəxslərə pul vəsaitlərinin köçürməsi;
7.18.
kifayət qədər izah olmadan bir neçə şəxsin bir hesaba ödəniş
etməsi;
7.19.
müştərinin plastik kartlardan istifadə etməklə etibarlılığı şübhə
doğuran internet səhifələri vasitəsilə pul vəsaitlərini köçürməsi və ya qəbul
etməsi;
7.20.
müştərinin gün ərzində ümumilikdə 5`000 manat ekvivalentinə
bərabər və ya onu keçən məbləğdə vəsaiti bankomat vasitəsilə köçürməsi (kredit
ödənişi istisna olmaqla);
7.21.
nağd xarici valyutanın mənbəyi haqqında heç bir izahat
verilməməsi və ya verilən məlumatın həqiqətə uyğun olmaması;
7.22.
bir şəxsin müxtəlif pul köcürmə sistemləri vasitəsilə eynitipli
köçürmələr etməsi;
7.23.
hüquqi şəxs tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan
fiziki şəxsə 3`000 manat ekvivalentinə bərabər və ya onu keçən, həmçinin
məbləğindən asılı olmayaraq mütəmadi şəkildə vəsaitin köçürülməsi;
7.24.
fiziki şəxslər tərəfindən qiymətli kağızlarla (səhmlər, istiqrazlar,
veksellər və s.) əməliyyatlar üzrə müntəzəm beynəlxalq hesablaşmaların həyata
keçirilməsi;
7.25.
malların alqı-satqısına (işlərin görülməsinə, xidmətlərin
göstərilməsinə) dair müqavilənin tələblərini icra edilməməsinə görə rezident
tərəfindən qeyri-rezidentə təchiz olunmamış malların (görülməmiş işlərin,
göstərilməmiş xidmətlərin) ümumi dəyərinin 10 faizindən artıq məbləğdə
cərimənin (dəbbə pulunun) ödənilməsi;
7.26.
lizinq müqaviləsi əsasında lizinq alan ilə lizinq predmetini satan
eyni şəxs olması;
7.27.
qabaqcadan razılaşdırılmış əməliyyatın şərtlərinə dəyişikliklərin
daxil edilməsi.
8.
Aşağıdakı meyarlar sığortaçılara, təkrar sığortaçılara və sığorta
vasitəçilərinə şamil edilir:
8.1.
müqavilənin daha səmərəli şərtləri ilə maraqlanmadan, müştərinin
həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair şərtlər barəsində qeyri-
adi marağın nümayiş etdirməsi;
8.2.
sığortalının son nəticədə onun üçün maddi baxımdan əlverişli olub-
olmamasının fərqinə varmadan, sığorta müqaviləsini vaxtından əvvəl
dayandırması;
8.3.
şəxs sığorta risklərinə və sığorta müqaviləsinin digər şərtlərinə
mütənasib olmayan sığorta məbləğləri ilə müşayiət olunan sığorta etdirmək
təklifi ilə çıxış etməsi;
8.4.
şəxsin sığorta etdirmək üzrə maliyyə imkanlarına aşkar şəkildə
mütənasib olmayan məbləğdə sığorta haqqının nağd və (və ya) birdəfəlik
ödənilməsi;
8.5.
müqavilənin qüvvədə olduğu müddətdə sığortalıya birbaşa aidiyyəti
olmayan şəxsin faydalanan şəxs kimi təyin edilməsi;
8.6.
sığortalının və ya sığorta olunan tərəfindən sığorta müqaviləsi üzrə
faydalanan şəxs hesab edilməyən digər şəxsə sığorta ödənişinin verilməsi təklifi
ilə çıxış etməsi;
8.7.
şəxsin 3 ildən az müddətə həyat sığortası üzrə müqavilə bağlamaq
təklifi ilə çıxış etməsi;
8.8.
müştərinin iri məbləğdə sığorta haqqı ödənilməklə bağlanılmış
sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən keçən qısa müddət ərzində
həmin müqaviləyə xitam verməklə, sığorta haqqının qaytarılan hissəsinin nağd
olaraq üçüncü şəxsə ödənilməsini tələb etməsi;
8.9.
həyat sığortası müqaviləsinin bağlanılmasından sonra nağd və ya çek
formasında geri qaytarılması üçün həmin müqaviləyə xitam verilməsi barədə
müraciət olunması;
8.10.
sığortalının gözlənilmədən həyat sığortası üzrə aylıq sığorta
ödənişləri üsulunun illik sığorta ödənişləri üsuluna və ya birdəfəlik sığorta
ödənişi üsuluna dəyişməsi təklifi ilə çıxış etməsi;
8.11.
sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığortalının sığorta
məbləğinin iri həcmdə artırılması təklifi ilə çıxış etməsi.
9.
Aşağıdakı meyarlar qiymətli kağızlar bazarının peşəkar
iştirakçıları olan brokerlərə, qiymətli kağızların idarə olunması üzrə
peşəkar fəaliyyəti həyata keçirənlərə və investisiya fondlarına şamil edilir:
9.1.
vəkil edilmiş şəxsin həyata keçirdiyi əməliyyatlarda benefisiarın və
ya müştərinin adını eyniləşdirmək istəməməsi;
9.2.
müştərinin öz hesabından digər hesaba qiymətli kağızları və ya pul
vəsaitlərini köçürməsi;
9.3.
müştərinin broker hesabını vəsait saxlamaq məqsədi ilə istifadə
etməsi və bu vəsaitlə uzun müddət hər hansı qiymətli kağızın ticarətini həyata
keçirməməsi;
9.4.
eyni şərtlərlə qiymətli kağızların alışı və satışı istiqamətində
tapşırıqlar verilərək ticarət təxəyyülünün yaradılması;
9.5.
qısa müddət ərzində bir neçə müştərinin eyni qiymətli kağızların alqı
satqısını həyata keçirmək məqsədi ilə hesab açması;
9.6.
institusional investorun qeyri müəyyən üçüncü şəxslər adından
20 000 manatdan artıq həcmdə imtiyazlı və ya kiçik nominallı səhmləri birjadan
kənar yollarla alması;
9.7.
nəzarət orqanları tərəfindən qeyri-qanuni fəaliyyətlə məşğul olmaqla
bağlı tənbeh tədbirləri və ya sanksiyalar tətbiq olunmuş şəxslərin ticarət əqdləri
bağlaması;
9.8.
monitorinq iştirakçılarının əməkdaşları və ya onların yaxın qohumları
tərəfindən naməlum şəxslər xeyrinə əməliyyatlar aparılması;
9.9.
bir biri ilə hər hansı əlaqəsi olmayan şəxslərin pul vəsaitlərinin eyni
hesaba köçürülməsini tələb etməsi;
9.10.
investorun qısa müddət ərzində investisiya fondunun paylarını
(səhmlərini) alıb, geri satması və bunun üçün heç bir aydın məqsədinin
olmaması.
9.11.
ölkə xaricində yerləşən qiymətli kağızlar bazarının tənzimlənməyən
iştirakçıları tərəfindən, üçüncü şəxslərin adından çıxış edərək, investisiya
fondunun payları (səhmləri) ilə bağlı əqdlər bağlanması.
10.
Aşağıdakı meyarlar lotereya təşkilatçılarına şamil edilir:
10.1.
şəxsin əldə etdiyi uduşları digər şəxsin bank hesabına daxil etməsini
xahiş etməsi və ya digər şəxsin uduşunu nağd pula satın alması;
10.2.
eyni bir şəxsin il ərzində iki dəfədən artıq 10`000 manata bərabər və
ya ondan yuxarı uduşlar udması;
10.3.
şəxsin üçüncü şəxsin adına udulmuş məbləğ haqqında yazılı arayış
tələb etməsi.
11.
Aşağıdakı meyarlar öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan,
toplayan, verən və ya vəsait köçürən hər hansı qeyri-hökumət təşkilatlarına
və ya dini təşkilatlara şamil edilir:
11.1.
qeyri-hökumət təşkilatının və ya dini təşkilatın hesabına onun
məqsədlərinə uyğun gəlməyən təyinatla pul vəsaitlərinin daxil olması;
11.2.
terrorçuluq fəaliyyətində iştirakı və ya belə fəaliyyətlə əlaqəli
olması ehtimal edilən şəxsin donor qismində çıxış edərək qrant təklif etməsi.
12.
Aşağıdakı meyarlar daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik
xidmətləri göstərən hüquqi şəxslərə şamil edilir:
12.1.
daşınmaz əmlakla əməliyyat üçün əməliyyat iştirakçısı ilə əlaqəsi
olmayan şəxsin ödəniş etməsi;
12.2.
müştərinin daşınmaz əmlak satışından əldə etdiyi məbləği üçüncü
şəxsin hesabına daxil edilməsini xahiş etməsi;
12.3.
müştərinin daşınmaz əmlaka baxmadan onu almağa razı olması;
12.4.
müştərinin daşınmaz əmlak üçün bazar qiymətindən daha çox
ödəməyə razı olması;
12.5.
müştərinin daşınmaz əmlak qiymətləndiricisindən qiymətləndirmə
aktında daşınmaz əmlakın dəyərinin bazar qiymətindən daha yüksək və ya daha
aşağı göstərməsini xahiş etməsi;
12.6.
müştərinin yaşayış və ya kommersiya binalarını bazar qiymətindən
baha icarəyə götürməyi arzu etməsi və ya icarənin qiyməti ilə maraqlanmaması.
13.
Aşağıdakı meyarlar auditor xidməti göstərən şəxslərə şamil edilir:
13.1.
şəxsin adi kommersiya fəaliyyətindən əldə etdiyi mənfəətinin və ya
dövriyyəsinin həmin sektorda fəaliyyət göstərən təsərrüfat subyektləri ilə
müqayisədə qeyri-adekvat olması və iqtisadi cəhətdən əsassız olması;
13.2.
şəxsin fəaliyyət sferasına adekvat olmayan nağd pullarla
əməliyyatların tez-tez həyata keçirilməsi;
13.3.
şəxsin düzgün və ədalətli hesabatlılıqdan qaçmaq məqsədilə
mühasibat uçotu sahəsində həmişə müxtəlif peşəkarlara müraciət etməsi (onları
dəyişməsi);
13.4.
əməliyyatlara cəlb olunmamış üçüncü şəxslərə və ya onlardan
ödənişlərin həyata keçirilməsi;
13.5.
şirkətin profilinə uyğun olmayan əmtəə və xidmətlərlə əməliyyatlar;
14.
Aşağıdakı meyarlar notariuslar, vəkillər və hüquqi xidmət
göstərən digər şəxslərə şamil edilir:
14.1.
daşınmaz əmlakla əməliyyat üçün əməliyyat iştirakçısı ilə əlaqəsi
olmayan şəxsin ödəniş etməsi;
14.2.
satıcının daşınmaz əmlak satışından əldə edilmiş məbləği üçüncü
şəxsin hesabına daxil edilməsini xahiş etməsi;
14.3.
qeyri-rezidentlər tərəfindən daşınmaz əmlakla əməliyyatların
həyata keçirilməsi;
14.4.
alqı-satqı müqaviləsinin predmeti olan əmlakın qiymətinin faktiki
bazar dəyərindən əhəmiyyətli dərəcədə fərqlənməsi;
14.5.
qısa müddətdə eyni daşınmaz əmlakla əvvəlki əməliyyatdan
əhəmiyyətli dərəcədə fərqlənən qiymət üzrə (əgər bu fərq daşınmaz əmlak
bazarında qiymətlərin artması və / və ya azalması ilə bağlı deyildirsə) yeni
əməliyyatın həyata keçirilməsi;
14.6.
şəxsin öz adından fəaliyyət göstərməsinə şübhənin yaranması;
14.7.
müştərinin hüquqi xidmət göstərən şəxsin vasitəsi ilə iri nağd
məbləğdə əməliyyat həyata keçirmək niyyətində olması və əmlakın mənbəyi
haqqında məlumatı təqdim etmək istəməməsi;
14.8.
müştərinin notariusa və ya hüquqi xidmət göstərən digər şəxsə
pulların yuyulması şübhəsi doğuran hər hansı digər təkliflə müraciət etməsi.
Dostları ilə paylaş: |