diqqətlə yoxlayıblar. Heç bir gizli çıxış yolu onların ayıq nəzərindən yayına bilməzdi.
Bununla belə, onlara bel bağlamayaraq hər şeyi öz gözlərimlə yoxladım. Hər iki
otağın dəhlizə açılan qapıları içəridən açarla bağlanmışdı. Gəlin buxarılara nəzər
salaq. Buxarı səkkiz-on fut enliyində olsa da, yuxarı qalxdıqca elə daralırdı ki, heç
oradan iri pişik belə keçə bilməzdi. Bu yolla caninin qaçması mümkün olmadığından,
bircə pəncərələr qalır. Otağın küçəyə açılan pəncərəsindən cani qaça bilməzdi,
küçədəki adamlar dərhal onu görə bilərdi. Deməli,qatil yataq otağının pəncərəsindən
istifadə edərək aradan çıxıb. Zahirən qeyri-mümkün görünən bir şey, əslində bir o
qədər də elə deyil. Bizə yalnız bir yol qalır ki, bütün ağıllı adamlar kimi məntiqi
nəticədən çıxış edərək, o qeyri-mümkün şeyin mümkün olduğunu sübut edək. Yataq
otağının iki pəncərəsi vardı. Onlardan birinin qabağında heç bir avadanlıq
qoyulmadığından tamamilə görünürdü. Digər pəncərənin aşağı tərəfi isə çox iri bir
çarpayının başlığı ilə tutulmuşdu. Birinci pəncərə içəridən möhkəmcə bağlanmışdı.
Onu açmaq cəhdləri heç bir nəticə vermədi. Pəncərənin çərçivəsində sol tərəfdən
burğu ilə deşik açılmışdı. Onun içində düz axıra kimi vurulmuş iri bir mismar vardı.
O biri pəncərəni yoxlayarkən, orada da əvvəlkinə oxşar, onun kimi vurulmuş mismar
gördük. Bu pəncərəni də açmaq cəhdi baş tutmadı. Bundan sonra polis tamamilə
arxayın olub ki, qatil bu yolla qaçıb canını qurtara bilməzdi. Elə buna görə də
mismarları çıxarıb pəncərələri açmağı artıq iş hesab edib. Mənsə, daha diqqətlə
yoxladım, çünki mənim qarşımda bir vəzifə dururdu, o da zahirən qeyri-mümkün olan
bir işin, həqiqətdə mümkün olduğunu sübut etmək idi. Beləliklə, mənə təcrübə
lazımdır, — deyə düşündüm. Qatillər hökmən bu pəncərələrdən birindən qaçıblar.
Belə olan surətdə onlar pəncərə çərçivələrini içəri tərəfdən təzədən bağlaya
bilməzdilər. Çünki pəncərələr bağlı idi. Elə bu mülahizələrə əsasən polis bu
istiqamətdə öz axtarışlarını dayandırıb. Deməli, onlar öz-özünə bağlanırmış. Başqa
nəticəyə gəlmək də mümkün deyil. Boş pəncərəyə yaxınlaşdım, bir qədər çətinlikdən
sonra mismarı çıxartdım və çərçivəni qaldırmağa cəhd göstərdim. Gözlədiyim kimi,
açılmadı ki, açılmadı. Haradasa gizli yay olduğunu qət etdim.
Mismarlarla bağlı məsələnin hələ də gizli qalmasına baxmayaraq, mülahizəmin
bu təsdiqi məni inandırdı ki, elə ilk gümanlarım da düz imiş. Diqqətli axtarışdan sonra
tezliklə gizli yayı aşkar etdim. Onu basdım, tapıntımdan məmnun qalaraq, çərçivəni
qaldırmaq fikrindən vaz keçdim. Mismarı yenidən yerinə vurdum və onu diqqətlə
nəzərdən keçirdim. Bu pəncərədən çıxan adam onu yenidən bağlaya bilərdi. Belə ki,
cəftə öz-özünə işə düşərdi, lakin mismarı yerinə salmaq mümkün olmazdı. Nəticə
aydındı və mənim təhqiqat dairəmi daha da məhdudlaşdırırdı. Belə isə onda qatillər o
biri pəncərədən qaçıb getmişdilər. Onda güman etmək olar ki, pəncərələrin hər birində
cəftə eyni olub, fərq ya mismarlarda və yaxud onların necə vurulmağında idi. Döşəyin
üstünə çıxdım və çarpayının baş tərəfindən əyilərək ikinci pəncərə çərçivəsini diqqətlə
yoxladım. Sonra əlimlə çərçivədəki cəftəni tapdım və onu basdım, bu da gözlədiyim
kimi eynən o biri pəncərədəki cəftə kimiydi. Mismarlarına nəzər saldım. Bu da o biri
mismar kimi iri idi və demək olar ki, axıra qədər vurulmuşdu. Yəqin mənim çətinliyə
düşdüyümü zənn edirsiniz, belə düşünürsüzsə, induktiv metodun mahiyyətini düz
başa düşməmisiz. İdmançıların diliylə desək, həmişə hədəfə düz vurmuşam. Indi də
düz yoldayam. Mühakimələrimdə bir dənə də olsun qüsur yoxdur. Bu sirri son
nöqtəyə qədər araşdırmışam. Həmin o son nöqtə mismarla nəticələnib. Yenə sizə
deyirəm, o mismar hər cəhətdən, qonşu pəncərədəki mismara oxşayır, amma bu dəlil
(özünün bütün inandırıcı təkidi ilə) təkzibedilməz olduğundan sirrin açılmasında açar
rolunu oynayır. Mismara nə isə olub, — deyə düşündüm və ona toxunan kimi
mismarın başı azacıq taxta ilə qopub əlimə düşdü. Görünür, sınıb orada qalmışdı.
Qırıq köhnə idi /çünki ucları paslanmışdı / və çəkic zərbəsi ilə vurulmuşdu. Çəkic
zərbələri pəncərəni bir qədər içəri əzmiş, mismarın başını isə ona tərəf əymişdi.
Sınmış hissəni yenidən yerinə qoydum. Çat yeri heç gözə çarpmırdı. Yayı basaraq,
pəncərəni ehmalca bir qədər yuxarı qaldırdım. Öz yerində möhkəmcə oturan
mismarın başı çərçivə ilə yuxarı qalxdı. Pəncərəni aşağı saldım. Belə təəssürat yarandı
ki, guya mismar bütövdür. Müəmmanın, beləliklə, bu hissəsi aydınlaşır. Qatil
qarşısına çarpayı qoyulmuş pəncərədən qaçıb. Çərçivə aşağı düçərkən çərçivə öz-
özünəmi, ya kiminsə köməkliyi ilə işə düşmüş və çərçivəni bağlamışdı. Polis isə
pəncərədəki yayı görməyərək, mismarın yerində olması ilə kifayətlənmiş, sonrakı
axtarışlarını mənasız hesab etməklə səhvə yol vermişdir. Növbəti məsələ qatilin aşağı
necə düşməsi ilə bağlıdır. Bu barədə sizinlə evin ətrafını gəzərkən düşünmüşdüm.
Haqqında söhbət gedən pəncərə yerindən beş fut yarım aralı ildırımötürən keçir.
Həmin ildırımötürəndən pəncərəyə adlamaq adam üçün mümküm olmayan bir işdir.
Pəncərədən içəri keçmək haqqında isə danışmağına dəyməzdi. Bununla belə,
dördüncü mərtəbədəki parisli dülgərlərin “ferrades” adlandırdığı pəncərə qapaqları
nəzərimdən qaçmadı. Hal-hazırda bu cür qapaqlar nadir hallarda düzəldilir, amma
onlara hələ də Lion və Bordo yaxınlığındakı xüsusi malikanələrdə tez-tez rast gəlmək
olar. Bu qapaqlar cüttaylı yox, təktaylı qapılara oxşayır, fərqi ondadır ki, aşağı hissəsi
döyülmüş şəbəkə formasında olub, əllə tutmaq üçün çox münasibdir. Haqqında
danışdığımız pəncərə qapaqlarının eni üç fut yarımdır.
Evin arxa tərəfindən onları görəndə qapaqlar yarıaçıq vəziyyətdədir, necə
deyərlər, divarlarla müqayisədə düzbucaq altında durmuşdur. Ola bilsin, polis işçiləri
də mənim kimi evi arxa tərəfdən yoxlayıb. Pəncərə qapaqlarına köndələn istiqamətdə
baxdığından, onların çox enli olmasına əhəmiyyət verməyib, ya da lazimi diqqət
yetirməyib. Bu yolla qatilin aradan çıxa bilməməsinə əmin olduğundan, təbii ki,
burada başdansovdu yoxlama aparıblar. Mənə aydın oldu ki, qabağında çarpayı olan
pəncərənin qapağı divara tərəf axıradək açılsaydı, onunla ildırımötürəndən pəncərəyə
qalxmaq olardı. Iki fut yarımlıq (indi fərz edək ki, pəncərə qapağı açıq vəziyyətdədir)
məsafədən qatil əlini uzadaraq şəbəkədən bərk-bərk yapışar, sonra isə ildırımötürəni
buraxıb ayaqlarını divardan təkanla aralayıb qapını örtər, pəncərənin açıq olduğunu da
zənn etsək, özünü içəri sala bilərdi. Istərdim ki, bu qədər cəhdli, çətin bir əməliyyatın
baş tutması üçün fövqəladə dərəcədə çevikliyin tələb edildiyini yaddan
çıxarmayasınız. Məqsədim birinci sizə bu işin mümkün olduğunu sübut etməkdir.
Ikinci və başlıcası bundan ibarətdir ki, siz təsəvvür edəsiniz — bu işin yerinə
yetirilməsi adamdan fövqəladə dərəcədə, demək olar ki, misli görülməmiş cəldlik