«Ozan dünyası».-2010.-№2.-S.3-19.
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN FOLKLORU
Məhərrəm QASIMLI - professor
Milli-mənəvi varlığımızın daşınmasında bənzərsiz və təkrarsız yeri olan folklor mədəniyyətimiz xalqımıza
məxsus tarixi-mental keyfiyyətlərin, etnopsixologiyanın, fəlsəfi-estetik dünyaduyumun, əxlaqi dəyərlər sisteminin
ana qaynağıdır. Xalqımızın əsrlər boyu yaradıb yaşatdığı zəngin milli-mənəvi sərvətlərin qorunub saxlanılması və
dəyərləndirilməsi istiqamətində müxtəlif zamanlarda çeşidli tədbirlər həyata keçirilsə də, bu sahədə sistemli və
irimiqyaslı fəaliyyətə iyirminci yüzillikdə daha çox diqqət yetirilməyə başlanılmışdır.
Sovet hakimiyyətinin ilk onilliklərində sadə, zəhmətkeş xalqa məxsus mənəvi mədəniyyətin əsas göstəricisi
kimi şifahi xalq ədəbiyyatının toplanması, nəşri və tədqiqi işinə xüsusi əhəmiyyət verilsə də, bu, daha çox mövcud
ideoloji sistemə xidmət məqsədi daşımışdır. Belə ki, marksist-leninçi ideologiyaya uyğun olaraq folklora sinfi
yanaşma metodu tətbiq edilmiş, istismarçı siniflərin ifşası, əzilən sadə, zəhmətkeş xalqın onlara kin və nifrəti, eləcə
də mübarizəsi həm nəşr, həm də tədqiq işlərində ön plana çəkilmişdir. Türk-islam dəyərlərini, xalqın gerçək
milli-tarixi yaddaşını əks etdirən folklor örnəkləri üzərinə isə yasaq qoyulmuşdur. Məhz buna görə də "Kitabi-Dədə
Qorqud" başda olmaqla qədim türk eposunun bütün şah əsərləri, Novruz bayramı kimi dərin fəlsəfi məzmuna malik
etnoqrafik mərasim, eləcə də Qurban, Ramazan bayramlarında inikas olunmuş bəşəri-humanist dəyərlər "proletar
mədəniyyətinin" tələblərinə cavab verməyən yabançı, zərərli ünsürlər sayılmışdır. Bu proses bir çox görkəmli
ziyalıların, dəyərli elm adamlarının, folklor-etnoqrafiya irsimizin fədakar, qeyrətkeş araşdırıcılarının taleyində
faciəvi iz buraxmış, onların böyük əksəriyyəti otuz-qırxıncı illərdə repressiya qurbanına çevrilmişlər.
Əsrin ikinci yarısının əvvəllərində Sovetlər İttifaqında gedən siyasi mülayimləşmə mənəvi həyatın bu
sahəsindəki gərgin havanın yumşalmasına müəyyən qədər təsir göstərsə də, folklora münasibətin sinfi yanaşma
mövqeyindən milli yanaşma müstəvisi üzərinə keçməsi altmışıncı illərin sonlarına, yetmişinci illərin əvvəllərinə
qədər uzandı. 1969-cu ildə baş
verən tarixi dəyişiklik - Heydər Əliyevin Azərbaycan Respublikasının siyasi rəhbəri
vəzifəsinə gəlməsi bir çox başqa sahələrlə yanaşı, mənəvi-humanitar istiqamətin, o cümlədən də milli
mədəniyyətimizlə bağlı elmi və mədəni-təşkilati fəaliyyətin canlanmasına səbəb oldu. Memarlıq, xalçaçılıq, xalq
musiqisi, folklor və etnoqrafiya kimi ən müxtəlif istiqamətləri cəmləşdirən milli-mənəvi dəyərlər kompleksi
xatırlanan mərhələdən etibarən əlahiddə bir qayğı və diqqətlə əhatələnməyə başladı. Yetmişinci illərdə Heydər
Əliyevin müdrik və uzaqgörən bir rəhbər kimi Azərbaycanda yeritdiyi siyasətin tərkibində xüsusi yer tutan
humanitar istiqamət məhz belə bir iqlimin yaranmasına səbəb olmuşdur. Onun xalqımızın tarixi keçmişinə, klassik
ədəbi qaynaqlarına, ana dilinə, milli-mənəvi sərvətlərinə həssas və qayğıkeş münasibəti bu sahənin öyrənilməsi,
qorunub yaşadılması işinə güclü təkan verdi. Sözügedən illərdən başlayaraq milli ruhun güclənməsi, vətənçilik,
azərbaycançılıq ideyalarının qüvvətlənməsi nəzərəçarpacaq bir dalğalanma yaratdı. Heydər Əliyevin siyasi
himayədarlığı və öndərliyi ilə həyata keçirilən bu ilkin tərpəniş uzunmüddətli bir mübarizə və mücadilənin əsasını
qoyaraq, öncə Azərbaycan ziyalılarını, daha sonra isə bütün xalqı strateji məqsədlər üçün səfərbər etdi.
Yüzillərin qan yaddaşını daşıyıb gətirən tarixi-mənəvi dəyərlərə, o sıradan folklor qaynaqlarına göstərilən
qayğı və diqqət bütün Azərbaycan miqyasında özünütanıma, özünüdərk və özünəqayıdış proseslərini hərəkətə
gətirdi. Əvvəlki onilliklər üçün yasaq olan "Dədə Qorqud", "Oğuz", "Oğuz yurdu", "Ozan", "Türk mədəniyyəti",
"Qan yaddaşı" anlayışları respublikada yaranmış münbit zəmindən nəşət taparaq, elmi toplantılarda, ədəbi-mədəni
yığıncaqlarda, kitablarda, mətbuatda, radio-televiziya verilişlərində boy göstərdi. Mənəvi yaddaşın və milli
özümlülüyün bərpası İçərişəhər, Şuşa, Ordubad, Gəncə memarlıq komplekslərinin milli qoruq elan edilməsindən,
qədim xalçaların muzey-qoruğa ("Xalça muzeyi"nə) cəmləşdirilməsindən, sazı-sözü, muğam sənətini, xalq
mahnıları və rəqs-oyun mədəniyyətimizi himayə edən rəsmi qurumların (Azərbaycan Aşıqlar Birliyi, "Aşıq Pəri
Məclisi", "İrs", "Atəşgah", "Gülüstan", "Yallı" və s. kimi məşhur xalq kollektivləri, "Muğam teatrı", "Dastan teatrı"
, "Ozan-Aşıq Muzeyi") yaradılmasından, kütləvi folklor nəşrlərindən, folklorun geniş miqyasda təbliğindən (folklor
festivalları, saz bayramları, "Bulaq" və "Ozan" verilişləri, qəzet və jurnallarda folklor səhifələri) başladı və az sonra
öz uğurlu nəticələrini göstərdi.
Artıq yetmişinci illərin ortalarından soykökə, milli kimlik məsələlərinə, tarixi qaynaqlarla bağlı problemlərə
təkcə alim, müəllim və tələbələrə məxsus ixtisas auditoriyalarının yox, bütün ziyalı təbəqələrinin, o cümlədən
gənclərin xüsusi həssaslıq göstərdiyi duyulmaqdaydı. Təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, 1978-ci ildə
akademik Həmid Araslının nəşrə hazırladığı "Kitabi-Dədə Qorqud" kitabı böyük tirajla çapdan çıxdıqdan az sonra
sürətlə satılıb qurtarmışdı. Eyni sözləri həmin illərin digər elmi və kütləvi folklor nəşrləri ("Koroğlu", "Azərbaycan
dastanları", "Aşıq Ələsgər" və s.) haqqında da söyləmək mümkündür. Kütləvi informasiya vasitələrində folklor
irsimizin təbliğinin xalq tərəfindən böyük maraq və rəğbətlə qarşılanması o illərdə radio və telepoçta gələn
məktubların sayından da görünməkdədir. Belə ki, 1975-ci ildə radionun "Bulaq" verilişinin ünvanına həftə ərzində
100-150 məktub daxil olmuşdur. 1979-cu ildə "Ozan" verilişinin həftəlik poçtu daha yüksək göstərici (150-200
məktub) nümayiş etdirmişdir (bu materiallar indi Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun
Arxivində saxlanılır).
"Ədəbiyyat və incəsənət", "Sovet kəndi", "Azərbaycan gəncləri" qəzetlərinin, "Azərbaycan", "Qobustan",
"Ulduz", "Kənd həyatı" jurnallarının poçtunda da xalq yaradıcılığı ilə bağlı materiallar xeyli yer almışdır. Bütün
bunlar yetmişinci illərdə folklor işinə ümumxalq miqyasında həssaslığın səviyyəsini müəyyənləşdirmək baxımından
böyük tarixi-mədəni əhəmiyyətə malikdir.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dönəmində (1969-1982) folklorun təbliği, nəşri və tədqiqi
istiqamətində həyata keçirilən irimiqyaslı tədbirlər bır qayda olaraq onun şəxsi təşəbbüsü, birbaşa
sərəncamı və
qayğısı sayəsində mümkün olmuşdur. Həmin illər bir tərəfdən sistemli və sanballı folklor nəşrlərinin vüsət alması
ilə səciyyəvidirsə, başqa bir tərəfdən də xalq yaradıcılığı ilə bağlı təşkilati tədbirlərin - aşıqların qurultaylarının
çağırılması, "Koroğluya qayıdaq" rubrikası altında Respublika Sarayında (indiki Heydər Əliyev adına sarayda)
silsilə ozan-aşıq tədbirlərinin, dastan axşamlarının təşkil edilməsi, böyük xalq sənətkarlarının yubileylərinin
keçirilməsi, xalq istedadlarını üzə çıxaran folklor festivallarının, sonralar ənənə halını alan və Azərbaycan musiqi
mədəniyyətinə bir çox istedadlar bəxş edən məşhur "Xan bülbül" müsabiqələrinin təşkil edilməsi və s. ilə
əlamətdardır.
Azərbaycan Respublikasının mədəni həyatında mühüm hadisəyə çevrilən həmin tədbirlərin böyük
əksəriyyətində Heydər Əliyev vaxt taparaq özü şəxsən iştirak etmiş, milli-mənəvi dəyərləri yüksək qiymətləndirən
ürək sözlərini söyləmiş, xeyir-duasını vermişdir. Şübhəsiz ki, respublikanın başında duran birinci şəxsin belə bir
mövqe nümayiş etdirməsi həm bu tədbirlərin təşkilatçı və iştirakçılarını, həm də sözün geniş mənasında xalqı
ruhlandıraraq milli-mənəvi dəyərlərimizə qarşı həssaslığı gücləndirmişdir. O illərdə respublika rəhbəri tərəfindən
"Xalqın istedadı, onun yaradıcılıq dühası "Kitabi-Dədə Qorqud", "Koroğlu" və başqa epik əsərlərdə bütün
dolğunluğu ilə təcəssüm tapmışdır" - fikrinin söylənilməsi heç də təsadüfi deyildi. Heydər Əliyevin söylədiyi bu və
bu qəbildən olan digər istiqamətverici mülahizələr elm və sənət adamlarını milli-mənəvi dəyərlərin öyrənilməsi,
qorunması və böyüməkdə olan gənc nəslə mənimsədilməsi işinə yönəldirdi. Həmin illərdən başlayaraq folklor
problematikası elm və bədii yaradıcılıq təşkilatlarının fəaliyyətində aktiv şəkildə gündəmə daxil oldu. Elə buna görə
də o vaxtdan etibarən elmi idarə və tədris müəssisələrində türk mifologiyası və qədim türk epos mədəniyyəti,
xüsusən də "Kitabi-Dədə Qorqud"la bağlı elmi müzakirələr keçirilməyə başlandı, problematik məqalələrdən ibarət
toplular nəşr edildi, eposun elmi-tənqidi mətninin hazırlanması ilə əlaqədar vacib elmi-nəzəri işlər görüldü.
H. Araslı, M.H. Təhmasib, M. Seyidov, F. Zeynalov, T. Hacıyev, S. Əlizadə, Ş. Cəmşidov, E. Əlibəyzadə,
B. Abdulla və başqa tədqiqatçıların bu sahədəki elmi fəaliyyəti gücləndi. Azərbaycan folklorşünaslığının ən
mötəbər tədqiqatçılarından olan M.H. Təhmasibin "Azərbaycan xalq dastanları (orta əsrlər)" (Bakı, Elm, 1972) adlı
sanballı monoqrafiyası da bu dövrün məhsulu oldu. Həmin illərdə "Qobustan", "Azərbaycan", "Ulduz"
jurnallarında, "Azərbaycan filologiyası", "Filologiya məsələləri" məcmuələrində türk mifoloji düşüncə sistemi,
tarixi-etnik yaddaş, soykökə qayıdış, milli kimlik probleminin folklor və etnoqrafiya mədəniyyətimizdə inikası
məsələlərinə həsr olunmuş
çoxsaylı məqalələrin ardıcıl şəkildə çap olunması da elmi-mədəni həyatın milli ovqatını
əks etdirirdi.
Yetmişinci illərdən start götürən Dədə Qorqud hərəkatı qarşıdan gələn onilliklərin Qorqud elmi məkanına
çevrilməsini təmin edə bildi: Azərbaycan qorqudşünaslığı bir-birinin ardınca abidənin kamil mətnlərini nəşr etdi,
Dədə Qorqudla bağlı sistemli araşdırmalar ortaya çıxdı. Qorqudşünaslığın ən nüfuzlu elmi toplantıları təkcə keçmiş
Sovetlər İttifaqı miqyasında deyil, beynəlxalq səviyyədə də Azərbaycanda mərkəzləşdi.
Qorqudçuluq təkcə elm-təhsil sistemi ilə çərçivələnmədi. Yazıçılar, rəssamlar, heykəltəraşlar,
kinematoqrafçılar Dədə Qorqud mövzu və motivlərinə üz tutdular. Anarın ssenari müəllifi olduğu "Dədə Qorqud"
filmi bu sahədə ən böyük uğurlardan biri oldu. Azərbaycan hüdudlarından çox-çox uzaqlarda da böyük şöhrət tapan
bu gözəl kino əsəri Qorqud obrazının və eposdakı vətənpərvərlik, qəhrəmanlıq, bahadırlıq ideyalarının təbliğində
ölçüyəgəlməz dərəcədə böyük rol oynadı. Qorqud ruhunun, Qorqud ideyalarının, oğuz mənəvi-estetik dünyasının
yenidən xalqa mənimsədilməsində "Dədə Qorqud" filmi ilə yanaşı, M. Abdullayev, F. Əliyev, M. Avşar və başqa
tanınmış rəssamların Dədə Qorqud motivləri əsasında çəkdikləri silsilə rəsm əsərləri, xalça ustalarının hazırladıqları
Qorqud xalçaları, çağdaş heykəltaraşlıqda yer alan çeşidli Qorqud motivləri də əhəmiyyətli iş gördü. Qorqud
ruhuna qayıdış İ. Şıxlı, Ə. Cəfərzadə, İ. Hüseynov, Anar, Elçin, Ə. Əylisli, M. Süleymanlı, F. Kərimzadə,
Ə. Muğanlı, S. Oğuz, V. Nəsib, M. Oruc kimi yazıçıların yaradıcılıq axtarışlarında öz əksini tapdı: onların qələmə
aldıqları müxtəlif səpkili nəsr əsərlərinin dil və üslub keyfiyyətlərində "Kitabi-Dədə Qorqud" eposuna məxsus
poetik-üslubi maneralar, bədii-estetik cizgilər qabarıq yer aldı. R. Rza, O. Sanvəlli, H. Arif, B. Vahabzadə,
N. Xəzri, X.R. Ulutürk, M. Araz, M. Günər, M. İsmayıl, M. Yaqub, N. Həsənzadə, S. Rüstəmxanlı, Dilsuz,
A. Abdullazadə kimi istedadlı şairlərin şeirlərində Qorqud motiv və obrazları milli-tarixi özümlüyün poetik
ifadəsinə çevrildi.
Azərbaycan Respublikasının ədəbi-mədəni həyatındakı bu canlanma Cənubi Azərbaycanın mənəvi həyatına
da öz müsbət təsirini göstərdi. M. Şəhriyar, B. Səhənd, S. Behrəngi, Savalan, Sönməz və başqa istedadlı qələm
sahiblərinin yaradıcılığında folklor, Dədə Qorqud ruhu ön plana çıxdı. B. Səhəndin "Dədəmin öyüdü" poeması sırf
Dədə Qorqud mövzusuna həsr olunmuş milli ruhlu bir əsər kimi böyük şöhrət qazandı. Gör kəmli şair sonralar bu
istiqamətdəki bədii axtarışlarını davam etdirərək "Kitabi-Dədə Qorqud" boylarının hər birini ayrı-ayrılıqda nəzmə
çəkdi və "Dədəmin kitabı" adlı gözəl bir folklor poemasını qorqudsevərlərə ərməğan etdi. 1979-cu ildə Doktor
Cavad Heyətin naşirliyi ilə Cənubi
Azərbaycanda işıq üzü görən "Varlıq" dərgisinin səhifələrində də "Dədə
Qorqud" mövzusu, eləcə də Azərbaycan folklor mədəniyyəti məsələləri qabarıq yer aldı.
Bütün bunlar elm və sənət aləminin Qorqudla - xalqın folklor yaddaşı, soykökü, milli varlıq dünyası ilə nəfəs
aldığının, yaşadığının əyani təzahürü idi. Tarixi keçmişə, folklor-etnoqrafiya qaynaqlarına, milli-mənəvi sərvətlərə
qayıdış və bağlılıq xalqı oyanışa, milli istiqlal, azadlıq mübarizəsinə hazırlamaqda misilsiz iş gördü və bu
qarşısıalınmaz milli-tarixi proses bir müddət sonra özünün layiqli bəhrəsini verdi. Səksəninci illərdə azadlıq
hərəkatının xüsusi bir vüsətlə dalğalanmasında, doxsanıncı illərin əvvəllərində milli istiqlal mücadiləsi və Vətən
torpaqlarının bölünməzliyi, bütövlüyü uğrunda mübarizə prosesində "Qorqud" və qorqudçuluğun müstəsna mənəvi
dəstəyi oldu.
Müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycan dövlətçiliyi bu möhtəşəm milli-mənəvi dəyəri diqqət
önündə saxladı. Bu mənada 1996-cı ildə Xəzər dənizində müstəqil Azərbaycanın ilk nəhəng üzən qazma
qurğusunun "Dədə Qorqud" adıyla fəaliyyətə başlaması da çox təbii göründü. Nəhəng qurğunun açılışında iştirak
edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev öz çıxışında "Dədə Qorqud" adının tarixi
simvolikasında yer alan müdriklik və uzaqgörənlik anlamlarını xüsusi vurğuladı. Ən nəhayət, bütün bunların
məntiqi nəticəsi kimi 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Kitabi-Dədə Qorqud"
dastanlarının 1300 illik yubileyinin qeyd olunması barədə tarixi fərman imzaladı.
"Kitabi-Dədə Qorqud" dastanlarının 1300 illik yubileyinin YUNESKO tərəfindən dünya miqyasında
keçirilməsi təşəbbüsünü də Azərbaycan Respublikası adından Prezident Heydər Əliyev qaldırdı və az sonra
YUNESKO yubileylə bağlı təklifi qəbul etdi. Dədə Qorqud Yubiley Komissiyasının sədri Heydər Əliyev
cənablarının rəhbərliyi ilə 1300 illik yubileyin yüksək səviyyədə keçirilməsi üçün mütəmadi şəkildə sistemli və
ardıcıl iş aparıldı.
Geniş miqyaslı hazırlıq işlərinin gedişatına xüsusi diqqət və həssaslıqla yanaşan Heydər Əliyev bir neçə dəfə
mütəxəssislər və uyğun sahə rəhbərlərinin də iştirakı ilə Yubiley Komissiyasının işgüzar iclasmı çağıraraq,
yubileyin yüksək səviyyədə təşkili üçün lazımi tövsiyə və tapşırıqlar verdi. İki əsr və iki minilliyin qovşağında -
2000-ci ildə keçirilən "Dədə Qorqud-1300" təntənəli yubileyi Heydər Əliyevin siyasi öndərliyi ilə Azərbaycanın
beynəlxalq miqyasda gerçəkləşdirdiyi uğurlu elmi-mədəni tədbirlər silsiləsində öz ləyaqətli yerini aldı. Bu təntənəli
yubiley münasibəti ilə "Kitabi-Dədə Qorqud" eposunun təkmilləşdirilmiş
elmi-tənqidi mətni və müxtəlif dillərə
(rus, ingilis, alman, gürcü, eston,
litva, qazax, yapon və s.) tərcümələri, bu ölməz folklor abidəsi haqqında
Azərbaycan və xarici ölkə alimlərinin hazırladıqları tədqiqat əsərləri, Dədə Qorqud mövzusuna həsr olunmuş rəsm,
xalça və heykəltəraşlıq işləri, teatr, kino və musiqi əsərləri ictimaiyyətə çatdırıldı. Azərbaycan Milli Elmlər
Akademiyasının müxtəlif institutlarında, universitetlərdə, tədris müəssisələrində, elmi-mədəni mərkəzlərdə
"Kitabi-Dədə Qorqud" dastanının tədqiq və təbliği məqsədi ilə keçirilən konfrans və simpoziumlar eposun geniş
miqyasda tanıdılmasında mühüm rol oynadı. Elmi istiqamətdə zirvə toplantısı olan "Dədə Qorqud-1300"
Beynəlxalq Elmi Simpoziumu da öz missiyasını uğurla yerinə yetirdi. Azərbaycan Milli Elmlər Akademiyası, Bakı
Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində "Qorqudşünaslıq" elmi laboratoriyaları
yaradıldı. "Dədə Qorqud" elmi jurnalı fəaliyyətə başladı. Ulu öndərin xeyir-duası, Ön sözü ilə açılan iki cilddən
ibarət "Kitabi-Dədə Qorqud ensiklopediyası" yubileyə və bütövlükdə qorqudşünaslığa böyük töhfə oldu: son illərdə
müstəqilliyin imkanlarından istifadə edərək tariximizi təhlil etmək, ədəbiyyatımızı, mədəniyyətimizi yenidən dərk
etmək və dünyaya nümayiş etdirmək sahəsində çox işlər görülmüşdür. Sözsüz ki, bu istiqamətdə bundan belə də
qarşımızda duran mühüm problemlər çoxdur və ümidvaram ki, biz onları həll edə biləcəyik. Bu genişmiqyaslı
planların mərhələ-mərhələ gerçəkləşdirilməsi Azərbaycanın müstəqil dövlət kimi daha yaxşı tanınmasına kömək
edəcəkdir. Əlbəttə ki, "Kitabi Dədə Qorqud" ensiklopediyasının nəşri də həmin ali məqsədə xidmət edən bir amil
olacaqdır.
Ümummilli liderimiz Heydər Əliyevin mədəniyyətimizin tarixi köklərinə, o cümlədən də folklor
qaynaqlarımıza həssas, diqqətcil münasibəti "Kitabi-Dədə Qorqud" eposu ilə bağlı fikir və mülahizələrində də özün
əyani şəkildə göstərir. Ulu öndərin "milli varlığımızın mötəbər qaynağı adlandırdığı "Kitabi-Dədə Qorqud" eposuna
böyük ehtiram və məhəbbətlə yanaşması təbii bir qanunauyğunluqdan doğurdu: bu möhtəşəm folklor abidəsində öz
inikasını tapmış milli-mənəvi dəyərlər xalqımızın tarixi kimliyini qürurverici bir görüntü ilə əks etdirdiyindən
müstəqil Azərbaycan dövlətçiliyi baxımından dünəni, bu günü və sabahı çevrələyən bütün zamanlar üçün böyük
siyasi-ideoloji əhəmiyyətə malikdir: "Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin
bir çox qaranlıq səhifələrini açmaqla kimliyim tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc
nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi
keçmişimizin çox dəyərli
səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın
hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa
başlayır və sözsüz ki, bununla fəxr edir" (Kitabi-Dədə Qorqud ensiklopediyası. I cild. Bakı, 2000, s. 6).
Məhz dövlətçilik düşüncəsi kontekstində yanaşma və dəyərləndirmə nəticəsində Heydər Əliyev dünyası
"Kitabi-Dədə Qorqud"un bir qəhrəmanlıq eposu olaraq əsas mahiyyətində duran alp-ərənlik, cəngavərlik motivini
yeni, özünəməxsus biçimdə şərh edib mənalandırdı: "Kitabi-Dədə Qorqud" qəhrəmanlıq eposudur, özü də bir
cəngavər, bir igid haqqında yox, bütöv bir xalqın qəhrəmanlığını özündə cəmləşdirən bir eposdur. Onun ən böyük
ideyası baş sərkərdədən tutmuş böyükdən kiçiyə kimi bütün qəhrəmanlarının doğma torpaqlarını qorumaq uğrunda
canlarından keçməyə daim hazır olduqlarını göstərməkdir" (Yenə orada, s.6).
Eposun əsas mahiyyətini təşkil edən qəhrəmanlığın igidlik, bahadırlıq motivi və ya cəngavərlik şücaəti
hüdudundan daha geniş bir miqyası - ideologiya səviyyəsi və səciyyəsi kəsb etməsi məsələsi də ulu öndər tərəfindən
dahiyanə uzaqgörənliklə müəyyənləşdirilmişdir: "Eposun əsas mahiyyətini qəhrəmanlıq ideologiyası təşkil edir.
Ölkəmizin yaşadığı bugünkü mərhələdə xalqımızın qarşısında duran ən ümdə problemlərin həlli, o cümlədən
respublikanın suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması baxımından
müasir Azərbaycan Respublikası vətəndaşlarının bu qəhrəmanlıq ideologiyasından faydalanmasının nə dərəcədə
vacib olduğu gün kimi aydındır" (Yenə orada, s.6).
Göründüyü kimi, "Kitabi-Dədə Qorqud" eposunda qəhrəmanlığın bir ideoloji sistem olması müstəqil
Azərbaycan dövlətçiliyini, onun ərazi bütövlüyünü qorumaq uğrunda Azərbaycan xalqı, ölkəmizin hər bir vətəndaşı
qarşısında duran çağdaş vəzifələrlə üzvi şəkildə əlaqələndirilir, həmin kontekst fonunda tarix və müasirliyin vəhdəti
yaradılır. Heydər Əliyevin milli dövlətçilik konsepsiyası da "Dədə Qorqud" eposundakı dəyərlər sistemi arasındakı
doğmalıqdan irəli gələn bu dəyərləndirmələr xalqımız, dövlətimiz qarşısında duran taleyüklü problemlərin həlli
yollarının göstərməklə yanaşı, milli-strateji istiqamətləri də aydınlaşdırır.
"Dədə Qorqud"u sözün geniş mənasında "xalq kitabı" statusunda görən Heydər Əliyev abidəni böyük qürur
hissi ilə xalqımızın əxlaq kodeksi sayır, Dədə Qorqud öyüdlərinin didaktik-nəsihətamiz səciyyəsinin bu günümüzlə
yaxından səsləşdiyinə xüsusi diqqət yetirərək, həmin davranış etiketlərinin milli mənəviyyatımızın
formalaşmasındakı tarixi rolunu müdrik uzaqgörənliklə açıqlayırdı. Bu səbəbdən də, onun müdrik qənaətinə görə,
xalqımıza məxsus milli-mental keyfiyyətlərin biçimlənməsi
və qorunub bu günlərə daşınmasında "Kitabi-Dədə
Qorqud" boylarında öz əksini tapmış ailə dəyərləri, tayfadaxili ünsiyyət formaları, davranış normalan münbit tarixi
zəmin olduğundan, soykökümüzün həmin keyfiyyətlərinə milli varlığımızın ayrılmaz tərkib hissəsi kimi yanaşılması
olduqca vacib və zəruridir: "Kitabi-Dədə Qorqud" həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir. Böyüyə
hörmət, ata-anaya məhəbbət iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa, vətəninə sədaqət - bu insani
keyfiyyətlər, mənəvi məziyyətlər Qorqud övladlarının qanına an; südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur və son
mənzilə qədər də onlarla birlikdə gedir. Dədə Qorqud dünyasındakı milli dəyərlər, stereotiplər, rituallar sistemi
əslində hər bir azərbaycanlının mentalitetində milli v ümumbəşəri dəyərlərin yerinin müəyyənləşdirilməsi də Dədə
Qorqudu etik prinsiplərindən çıxış etməklə gerçəkləşir" (Yenə orada, s.6).
Heydər Əliyevin "Kitabi-Dədə Qorqud" dastanlarına verdiyi tarixi dəyərləndirmə, sözün əsil mənasında,
konseptual yanaşmadır. Bütün məqam və nüanslarında kifayət qədər dərin və mükəmməl akademizm mövcud
olduğu bu konseptual yanaşmada eposun həm ideoloq siyasətçi, həm tarixçi, həm dilçi, həm filosof, həm də
folklorşünas etnoqraf kimi professional elmi qiyməti verilmişdir. Məhz Heydər Əliyev kimi mütəfəkkir şəxsiyyət
belə bir tarixi dəyərləndirmə verə bilmək qüdrətinə sahib idi.
Heydər Əliyevin Azərbaycan folkloruna xüsusi diqqət göstərməsinin parlaq təzahürü onun milli-mənəvi
dəyərlərimizin unikal daşıyıcı yaşadıcıları olan el sənətkarlarına - aşıqlara, el şairlərinə, sinədəftər s bilicilərinə,
istedadlı folklor ifaçılarına qayğıkeş münasibətində də ifadəsini tapırdı. Tarixi keçmişimizə, əsrlərin daş sınağından
keçib gələn saz-söz qaynaqlarımıza, xalqımızın tarixin müxtəlif mərhələlərində yetişdirdiyi ustad sənətkarlara
həqiqi qədirbilənliklə yanaşdığındandı ki, onun təşəbbüsü və sərəncamı ilə böyük xalq ozanlarımız Aşıq Ələsgərin
150 illik (1972-ci il), Aşıq Alının 180 illik (1981-ci il) yubileyləri böyük təntənə ilə, ümumxalq bayramı
səviyyəsində qeyd olunmuşdur.
1972-ci ildə Heydər Əliyevin qeyri-adi təşkilatçılıq bacarığı və həm də böyük siyasi nüfuzu sayəsində Aşıq
Ələsgərin 150 illik yubiley tədbiri Bakı ilə yanaşı, Moskvada da ən yüksək səviyyədə keçirildi. İstər Bakıda, istərsə
də Moskvada keçirilmiş Aşıq Ələsgər yubileyinə keçmiş Sovetlər Birliyinin bütün respublikalarında ən tanınmış
elm, mədəniyyət və incəsənət xadimləri toplanmışdılar. Müxtəlif millətlərdən olan natiqlər Kremlin Qurultaylar
Sarayında Aşıq Ələsgərin timsalında Azərbaycan saz-söz sənətinin ecazkar qüdrətindən söz açdılar. Yubiley
tədbirlərinin İttifaq miqyasındakı böyük əks-sədası o vaxt hətta erməniləri də Aşıq Ələsgərin
150 illiyini qeyd
etmək məcburiyyəti qarşısında qoydu: Ermənistan SSR ərazisində olan Göyçə mahalında - Aşıq Ələsgərin vətəni
Ağkilsə kəndində böyük sənətkarın əzəmətli qəbirüstü abidəsi ucaldıldı. Bu, həmin dövrdə Heydər Əliyev
nüfuzunun sayəsində əldə edilmiş parlaq bir nailiyyət idi. Qüdrətli söz ustadının poetik irsini cəmləşdirən "Aşıq
Ələsgər" (Elm, 1972; 1973) ikicildliyinin Elmlər Akademiyası tərəfindən hazırlanıb nəşr edilməsi, aşığın seçmə
şeirlərinin SSRİ xalqlarının dillərinə tərcümə edilməsi yubileyin uğurlu nəticəsi idi.
Qədirbilən rəhbər iyirmi beş il sonra böyük xalq ozanımız Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi ilə
bağlı növbəti sərəncam (1996) imzaladı. Aşıq Ələsgər sənətinə, Aşıq Ələsgər ruhuna ürəkdən gələn sonsuz hörmət
və ehtiram ifadə edən 175 illik yubiley tədbiri bütövlükdə Azərbaycan saz-sözünün bayramı kimi yüksək təntənə ilə
qeyd olundu. Ustad sənətkarın poetik irsinin külliyyat şəklində gerçəkləşdirilməsi imkanını da sözügedən yubiley
sərəncamı reallığa çevirdi. 1999-cu ildə buraxılmış "Aşıq Ələsgər, Əsərləri külliyatı" (hazırlayan İ.Ələsgər) böyük
el aşığının yaradıcılığını cəmləşdirən ən mükəmməl nəşr oldu,
2001-ci ildə isə dövlət başçımızın sərəncamı əsasında Aşıq Ələsgərin 180 illiyi təntənə ilə qeyd olundu.
Aşığın adının əbədiləşdirilməsi, poetik irsinin tədqiq və təbliği istiqamətində irimiqyaslı iş aparıldı.
1981-ci ildə Aşıq Alının 180 illik yubileyinin respublikamızda təntənə ilə qeyd olunması da Heydər Əliyevin
şəxsi təşəbbüsünün nəticəsi idi. Məhz həmin yubiley qərarından sonra Aşıq Alının poetik irsinin toplanılması, nəşri
və təbliği sahəsində geniş miqyaslı elmi-təcrübi işlər aparılmış, böyük el sənətkarının yaratmış olduğu bənzərsiz və
zərif söz inciləri itib-batmaqdan qorunmuşdur.
Yetmiş-səksəninci illərdə istedadlı el sənətkarlarının yaradıcılıq və ifaçılıq sahəsində qazandıqları uğur və
nailiyyətlərə görə bir çox dövlət təltiflərinə layiq görülməsi də Heydər Əliyevin xalq yaradıcılığına, folklora
qayğıkeş münasibətinin əyani ifadəsi olmuşdur. Həmin illərdə tanınmış el sənətkarları Aşıq Hüseyn Cavan, Aşıq
Şəmşir Qocayev, Aşıq Şakir Hacıyev, Aşıq Əkbər Cəfərov, Aşıq Ədalət Nəsibov, Aşıq Pənah Pənahov və Aşıq
İmran Həsənov "Əməkdar incəsənət xadimi", musiqi folklorunun əvəzsiz ifaçıları olan İzzətalı Zülfüqarov, Ələsgər
Şəkili və Əli Kərimov isə "Azərbaycanın əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görüldülər. Yeri gəlmişkən
qeyd etmək lazımdır ki, bu ənənə müstəqillik illərində də davam etdirildi. Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov
kimi qocaman ustadlara fəxri Prezident təqaüdünün verilməsi, Aşıq Əhliman Rəhimov və Ədalət Dəlidağlının
"Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülməsi buna sübutdur.
İstedadlı saz-söz ifaçıları və folklor kollektivləri ötən əsrin yetmiş-səksəninci illərində Heydər Əliyevin
yaratdığı imkanlar sayəsində dəfələrlə Beynəlxalq festivallara göndərilmişdi. Azərbaycan rəhbərliyinin ruh
yüksəkliyi ilə uğurladığı xalq istedadları Fransa, İspaniya, Yunanıstan, Bolqarıstan, Macarıstan, Polşa, Hollandiya,
Monqolustan, Çin, Almaniya və Avstriyada keçirilmiş Beynəlxalq Folklor Festivallarından respublikamıza laureat
adı ilə qayıtmışdılar. Qazanılmış uğurlar həmin dövrdə respublikada folklor istedadlarına yaradılmış gözəl şəraitin
məntiqi nəticəsi idi. Təkcə belə bir faktı xatırlatmaq yetərlidir ki, yetmişinci illərdə başqa respublikalarda folklor
kollektivləri ictimai əsaslarla fəaliyyət göstərdikləri halda, Azərbaycanda belə qurumlar mədəniyyət sarayları
strukturuna yerləşdirilərək, büdcədən maliyyələşdirilirdi. 1980-ci ildə respublika rəhbərliyinin göstərişi ilə
Ağstafada "Saz məktəbi"nin açılması, daha sonra Tovuzda Hüseyn Bozalqanlı adına "Ozan - Aşıq Muzeyi"nin
yaradılması folklorla bağlı görülən böyük tədbirlər cərgəsindədir. Bu dövrdə folklor işinə maraq o qədər
güclənmişdi ki, respublika və rayon qəzetlərində folklor səhifə və guşələrinin verilməsi, ali və orta məktəblərdə
folklor mərasimlərinin təşkil edilməsi adi hal almışdı. Hətta bir sıra yerlərdə folklor bayramları - "Qurbani saz
bayramı" (Cəbrayıl, 1978), "Bayatı bayramı" (Laçın, 1979), " Dastan gecəsi" (Tovuz, 1980), "Koroğluya qayıdaq"
(Bakı, 1982) və s. keçirilirdi. Azərbaycan Dövlət
Filarmoniyasında ardıcıl şəkildə Borçalı, Göyçə, Tovuz, Gədəbəy,
Şirvan, Gəncə aşıqlarının konsertləri təşkil edilirdi. Radio və televiziya ilə dastan axşamlan verilirdi. Folklorun
təbliğində fədakarlıq göstərən "Odlar yurdu", "Bulaq", "Ozan", "Elin sazı - elin sözü", "Ocaq" kimi radio və
televiziya verilişləri xalq arasında böyük rəğbət qazanmışdı. Məhz sözügedən radio və televiziya verilişləri
sayəsində Aşıq Şəmşir, Mikayıl Azaflı, Əkbər Cəfərov, İmran Həsənov, Şakir Hacıyev, İsfəndiyar Rüstəmov,
Murad Niyazlı və başqa istedadlı el aşıqlarının repertuarından dastanlar, aşıq havalan yazıya alınıb qorundu.
Azərbaycan Respublikası hüdudlarından kənarda - qonşu Gürcüstan və Ermnənistan respublikalarında
yaşayan Borçalı və Göyçə aşıqları - Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Kamandar Əfəndiyev, Fətulla Göyçəli,
Hacı Bayramov kimi ustad sənətkarlar tez-tez Bakıya dəvət olunur, konsertləri təşkil edilir, repertuarları yazıya
alınırdı. Göründüyü kimi, milli mənəvi dəyərlərin qorunub yaşadılması ilə bağlı həyata keçirilən tədbirlər
kompleksinin arxasında olduqca uzaqgörən bir siyasət yürüdülürdü. Strateji məqsəd daşıyan bu siyasət
özünütanıma, özünətapınma, soykökü, tarixi-milli yaddaşı qoruma işinə xidmət edirdi.
Heydər Əliyevin yetmiş-səksəninci illərdə milli-mənəvi sərvətlərimizə verdiyi qiymət, göstərdiyi qayğı və
diqqət onun doxsanıncı illərdəki fəaliyyətinin də ayrılmaz tərkib hissəsi olaraq qalırdı. Azərbaycan Respublikasının
Prezidenti seçildikdən sonra o, həyatımızın digər sahələri kimi, mənəvi-mədəni dəyərlər istiqamətini də daim diqqət
mərkəzində saxlayaraq, bu sahənin perspektivi üçün sistemli tədbirlər həyata keçirdi. Müdrik rəhbərin folklor və
klassik ədəbi irsə xüsusi maraq göstərməsi müstəqil Azərbaycana rəhbərliyin hər məqamında qabarıq şəkildə özünü
göstərirdi. "Dədə Qorqud-1300", "Aşıq Ələsgər-175; 180", "Aşıq Şəmşir-100" yubileylərinin dövlət səviyyəsində
hazırlanması və birbaşa Prezidentin nəzarəti altında həyata keçirilməsi bunun əyani təzahürü idi.
Səksəninci illərin ikinci yarısından az qala unudulmaq səviyyəsinə gəlmiş folklor işi məhz ulu öndərin qayğı
və diqqəti sayəsində yenidən öz qaynar həyatına qovuşdu. Folklor kollektivlərinin yenidən təşkili və bərpası,
Azərbaycan Folklor Külliyyatı və Atlasının nəşrinə başlanılması, çoxcildlik Azərbaycan folklor antologiyasının
onlarla cildinin (Borçalı, Naxçıvan, İraq-türkmən, Zəngəzur, Göyçə, Qarabağ, Şəki, Şirvan, Dərbənd və s.) işıq üzü
görməsi və bu istiqamətdəki elmi fəaliyyətin uğurla davam etməsi də Heydər Əliyev hakimiyyətinin ikinci
dönəminin yaratdığı münbit zəmin və yeni ab-hava ilə bağlıdır.
Azərbaycanda folklor işinin yüksək səviyyəli təşkilini həyata keçirmək üçün 1994-cü ildə Milli Elmlər
Akademiyasında xüsusi elmi
statusa malik Folklor Elmi-Mədəni Mərkəzinin yaradılması həmin dövr üçün çox
mühüm bir addım idi. 1998-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə folklor işinin
xüsusi tələblər səviyyəsində qurulması ilə bağlı qarşıda duran perspektiv vəzifələr müəyyənləşdirilmiş və onların
gerçəkləşdirilməsi üçün uzunmüddətli tədbirlər planı hazırlanmışdı. Folklorun toplanması, nəşri, tədqiqi və təbliği
sahəsindəki fəaliyyətin köklü şəkildə yenidən qurulması və mənəvi quruculuqda aparıcı istiqamətlərdən birinə
çevrilməsi ölkə Prezidentinin humanitar sahədəki strateji siyasətinin tələbi idi. 2003-cü ildən AMEA Nizami adına
Ədəbiyyat İnstitutu nəzdindəki Folklor Elmi-Mədəni Mərkəzinin müstəqil elmi-tədqiqat qurumuna - Folklor
İnstitutuna çevrilməsi bu sahəyə qayğı və himayənin nə qədər güclü olduğunu bir daha təsdiqlədi.
2002-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində "Folklor haqqında Qanun"un qəbul edilməsi və
Prezident Heydər Əliyev tərəfindən təsdiqlənməsi faktı da müstəqil Azərbaycan dövlətçiliyinin mənəvi-humanitar
həyatında folklor mədəniyyətinə diqqət və qayğının əyani təzahürü idi.
Bu həssas münasibətin nəticəsi olaraq elmi-tədqiqat müəssisələrində, universitetlərdə, konservatoriyada,
eləcə də kütləvi informasiya vasitələrində folklor işinə xüsusi maraq göstərilməyə başlandı. Azərbaycan folklor və
etnoqrafiya mədəniyyətinin geniş arenada tanıdılması məqsəd ilə "Folklor və etnoqrafiya" beynəlxalq elmi jurnalı
işıq üzü gördü Azərbaycan muğamının YUNESKO tərəfindən qeydə alınması (2004 hadisəsi də bu yöndəki
məqsədyönlü fəaliyyətin nəticəsi oldu.
Vaxtilə yasaqlara məruz qalmış Novruz bayramının Azərbaycanda hər il dövlət səviyyəli tədbir kimi
keçirilməsi də ulu öndərimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə sıx şəkildə bağlıdır. 1979-cu ildə
İçərişəhərdə keçirilən Novruz şənlikləri onun göstərişi əsasında Azərbaycan televiziyası ilə birbaşa translyasiya
edilmişdir. Bu, həmin dövr üçün böyük cəsarət tələb edən bir hərəkət idi. Şübhəsiz ki, belə bir addımın atılmasında
böyük siyasi avtoritet kimi Heydər Əliyev şəxsiyyəti mühüm rol oynamışdı.
Yetmiş-səksəninci illərdə milli-etnoqrafik həyatımızla bağlı bayram mərasimlərinin keçirilməsini mümkün
ola biləcək imkanlar daxilin təşkil və himayə edən Heydər Əliyev doxsanıncı illərdə - hakimiyyətinin ikinci
dönəmində Novruz bayramının dövlət statuslu bayramlar sırasına daxil edilməsini gerçəkləşdirmişdir. Hər il böyük
təntənələrlə qeyd olunan Novruz mərasimlərində müdrik rəhbər xalq arasında olur, bayramında yaxından iştirak
edirdi.
1997-ci ilin yazında İçərişəhərdə keçirilən Novruz mərasiminə təşrif gətirən Azərbaycan Respublikasının
Prezidenti etnoqrafik etüdlərə, çal-çağırlara, xalq rəqslərinə, Novruzla bağlı göstərilən el adətlərinə səmimi nəzər
yetirərək, mərasimə toplaşanları salamlayır və elin bayramını təbrik edirdi. Birdən o, ayaq saxladı və "Bala Nərgiz"
aşıq mahnısını böyük şövqlə oxuyan cavan bir aşığa yaxınlaşdı. Prezidentin üzündəki səmimi təbəssüm və
məmnunluq onun gənc aşığın oxumasından necə böyük zövq aldığını aydın göstərirdi. Cavan aşıq oxuyub
qurtardıqdan sonra Heydər Əliyev əlini onun kürəyinə vurub dedi:
- Bu mahnı çox gözəldir. Sən də onu gözəl oxudun. Sağ ol! Belə mahnılar adamın ruhunu oxşayır.
Prezidentin el mahnısına belə həssas münasibəti, şübhəsiz ki, onun xalq ruhuna, el musiqisinə, bir sözlə,
milli-mənəvi dəyərlərə qandan-candan bağlılığından irəli gəlirdi.
Ümummilli liderimizin Novruz bayramı münasibəti ilə Azərbaycan xalqına təbriklərində də onun mənsub
olduğu etnosun mənəvi-tarixi dəyərlərinə həssas münasibəti öz əksini tapırdı: "İnsanları baharın gəlməsi, təbiətin
oyanması münasibəti ilə müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı
olmuş, tariximizin müxtəlif dövrlərində bəzi təzyiqlərə, süni maneələrə məruz qalmasına baxmayaraq, bu günə
qədər gəlib çatmışdır. Bu milli bayramımızın indi dövlət səviyyəsində geniş qeyd olunması Azərbaycanın dövlət
müstəqilliyinin bəhrələrindəndir.
Novruz bayramı ürəklərdə saf duyğuların oyanması üçün, insanlar arasında səmimiyyət, mehribanlıq və
qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, onların bir-birinə qayğı və diqqətinin artırılması üçün gözəl zəmin
yaradır. Yaxınların yad olunması, umu-küsünün, kin-küdurətin aradan qaldırılması, cəmiyyətdə qarşılıqlı xoş
münasibətlərin bərqərar olması Novruzun əsrlərin süzgəcindən keçərək formalaşmış gözəl ən-ənələrindəndir".
Soykökdən, qan yaddaşından gələn milli-mənəvi keyfiyyətlərin, xəlqi koloritin qüvvəsi özünü Heydər
Əliyevin qeyri-adi, bənzərsiz natiqlik qabiliyyətində də əks etdirirdi. Ana dilinin, xalq ruhu və psixologiyasının
gözəl bilicisi olan ulu öndərin nitq və çıxışlarında, eləcə də söhbət və müsahibələrində Azərbaycan dilinin saflığı,
duruluğu, xəlqi kolorit və dinamizmi öz dolğun və təbii ifadəsini tapırdı.
Folklor və etnoqrafiya mədəniyyətimizin, elat həyatının incəliklərini dərindən bilən Heydər Əliyev cənabları
Naxçıvana səfərlərinin birində çayxanada əyləşib adamlarla söhbətləşdiyi zaman qədim el adətincə, "dişləmə çay"ın
nə olduğunu və onun necə içildiyini çox təbii və səmimi
bir koloritlə nümayiş etdirəndə çevrəsindəkilər onun
sadəliyinə, həm də "dişləmə çay" adətini necə böyük şövq və qürurla göstərdiyinə heyran qaldılar.
Orada ona ətirli ot çayı da təqdim etdilər. Bu çayı uşaqlıqdan çox bəyəndiyini söylədiyi zaman çayı gətirən
adam:
- Kəkotu çayıdı, - dedi.
Heydər Əliyev gülümsünərək özünəməxsus təbəssümlə:
- "Kəkotu" yox, oğlum, "Kəklikotu". Bu, kəklikotu bitkisindən hazırlanmış çaydır. Odur ki, "kəklikotu çayı"
deyilməlidir, - şəklində onun sözünə düzəliş verdi.
Göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin bənzərsiz tarixi fenomenliyi onun dünya miqyaslı böyük siyasi
xadim olmaqla yanaşı, doğma xalqına məxsus adət-ənənələri dərindən bilməsi, onları öz şəxsi həyatının
nümunəsində qoruması və yaşatması amili ilə də çıx bağlı idi.
Dilimizin, ruhumuzun incəliklərinə, tariximizin dərin qatlarına, ədəbi-mədəni abidələrimizə müdrik meyarlar
və dəqiq elmi-nəzəri ölçülərlə qiymət verən Heydər Əliyev təkcə Azərbaycan hüdudlarında dəyərləndirmələr
aparmırdı. Onun mülahizə və düşüncələri Azərbaycan mənəvi-mədəni gerçəkliklərini Şərq mədəniyyəti kompleksi,
ümumtürk konteksti daxilində təqdim və təhlil edirdi. Prezidentimizin təkcə Bakıda yox, dünyanın ən müxtəlif
yerlərində, ən mötəbər mədəniyyət və siyasət kürsülərində tarixi keçmişimizlə, mənəvi dəyərlərimizlə bağlı
söylədiyi fikir və mülahizələr bu baxımdan öz konseptuallığı ilə seçilirdi. Mənəvi mədəniyyətlərimizin tarixi
köklərinin türk xalqlarının ortaq keçmişində - vahid etnik-mədəni sistem daxilində təşəkkül tapması fikrini Heydər
Əliyev özünəməxsus məntiq və faktlar əsasında açıqlayırdı. "Biz, adətən, böyük tariximiz haqqında, xalqlarımızın
böyük tarixi mədəniyyəti haqqında danışarkən birinci növbədə onların yaratdıqları bədii əsərlərə, şairlərimizin,
yazıçılarımızın əsərlərinə istinad edirik, onları nümunə gətiririk. Qədim dövrlərdə "Dədə Qorqud", "Manas",
"Alpamış", "Koroğlu" dastanları, xalqımızın hamısına mənsub olan şairlərimiz, yazıçılarımız - Nizami, Yunis
Əmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məxdumqulu, Abay və digərləri xalqlarımızın tarixini, mənəvi dəyərlərini əks
etdirən, onu dünyada tanıdan ölməz əsərlər yaratmışlar və bunlar nəsillərdən-nəsillərə xalqımızı özünəməxsus
milli-mənəvi dəyərlər, o cümlədən ümumbəşəri dəyərlər əsasında tərbiyə etmiş, hazırlamış, vətənpərvərlik, vətənə
sədaqət hisslərini daim gücləndirmişdir" (1, s. 370-371).
1997-ci ildə Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun dəvəti ilə Daşkənddə rəsmi səfərdə
olarkən Heydər Əliyev cənabları öz çıxışında ortaq türk mənəvi dəyərləri sırasında qədim türk eposlarının, yerini də
məhz bu məqsədlə bir daha vurğulamışdı: "Biz ümumi köklərə bağlıyıq, eyni tarixi köklərə mənsubuq və
xalqlarımızın dil birliyi, mənəvi-əxlaqi, mədəni dəyərlərinin birliyi bizi həmişə birləşdirmiş və dostluq şəraiti,
qarşılıqlı yardım şəraiti yaratmışdır. Biz "Dədə Qorqud", "Alpamış", "Koroğlu" dastanlarından iftixar hissi ilə
danışırıq. Onlar həm özbək xalqı üçün, həm də Azərbaycan xalqı üçün eyni dərəcədə dəyərlidir".
Türk folklor mədəniyyətinin şah əsərlərindən biri olan "Manas" eposunun 1000 illiyinin beynəlxalq
səviyyədə qeyd olunduğu 1997-ci ildə bu möhtəşəm hadisəyə Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin verdiyi dəyər həmin dövrdə bütün türk dünyasında böyük əks-sədaya səbəb olmuşdu. Qırğızıstanın
paytaxtı Bişkekdə təntənəli yubiley münasibəti ilə keçirilən zirvə toplantısında o, türk dünyasının müdrik ağsaqqalı
kimi bu əzəmətli dastanın qırğız xalqı və bütövlükdə türk dünyası üçün nə qədər böyük əhəmiyyət daşıdığına xüsusi
diqqət yetirərək göstərirdi ki, "Manas" qırğız xalqının müdrikliyinin rəmzidir, zəkasının, qəhrəmanlığının,
cəsarətinin rəmzidir. "Manas" qırğız xalqının daim vətənpərvər olduğunu, ədalətsevər, azadlıqsevər olduğunu,
cəsarətli olduğunu bütün dünyaya nümayiş etdirir. "Manas" qırğız xalqının böyük mədəni-mənəvi sərvətidir, bütün
dünya sivilizasiyasının, bəşəriyyətin dəyərli sərvətidir, türk dünyasının, türkdilli xalqların, islam dünyasının böyük
mənəvi sərvətidir. "Manas" eyni zamanda Azərbaycan xalqına məxsusdur. Azərbaycan xalqının da mənəvi, mədəni
sərvətidir. "Manas" bizim hamımızın, xalqlarımızın hamısının ulu babasıdır" {!, s. 309).
Bütün mübariz həyatı boyu apardığı qlobal, uzaqgörən və taleyüklü siyasətlə vətən, millət öndərinə, qurtuluş
gətirən xilaskara çevrilən Heydər Əliyevə Azərbaycan xalqının dərin, sarsılmaz sevgisi və sonsuz ehtiramı yığıncaq
və toplantılarda tez-tez diqqəti çəkən "Heydər - Xalq" şüarında çox dəqiq ifadə edilmişdir. Xalq öz ümummilli
liderini ruhunun, varlığının yenilməz ifadəçisi və əvəzolunmaz tərcümanı kimi görür. El şairlərinin, aşıqların
Heydər Əliyev şəxsiyyətinin tarixi qüdrətinə, Heydər Əliyev dünyasının parlaq, nurlu, həmişəyaşar əzəmətinə həsr
etdikləri qoşma və gəraylılarda, aşıq mahnılarında da eyni ruhun hakim olması tamamilə təbiidir:
Dilləndir sazını, Aşıq Əhliman,
Sözlərin aləmə qoy olsun bəyan.
Otuz beş il xalq yolunda can qoyan
Ulu Heydər kimi rəhbərimiz var.
(Aşıq Əhliman)
Elin ər oğludu, yurd dayağıdı,
Dünyaya səs salır sözü Heydərin.
Sabaha nur saçan el mayağıdı,
Qartal baxışlıdı gözü Heydərin.
(Aşıq Murad)
Yurduna bağlıdı eşqi, həyatı,
Azad Azərbaycan onun muradı.
Elin sərkərdəsi, xalqın nicatı,
Yenilməz qüdrətdi Heydər babamız.
(Aşıq Mahrnud)
Xalqın ruhuyla, milli-mənəvi dünyasıyla qırılmaz tellərlə bağlı olan, onu işıqlı sabaha, aydınlığa aparan
Heydər Əliyev şəxsiyyətinin nurlu siması el məhəbbətinin gözüylə belə görünür.
Redaksiyadan: Folklorumuzun yorulmaz tədqiqatçısı, filologiya elmləri doktoru, professor, AAB-nin
birinci katibi Məhərrəm Qasımlı bu tədqiqat işinə görə Dövlət mükafatına layiq görülüb. Bu münasibətlə
görkəmli alimimizi təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq.
Dostları ilə paylaş: |