“Qanunçuluq”.-2009.-№7.-S.24-26.
Humanizm ideallarına söykənən
xoşməramlı missiya
Novruz bayramı münasibətilə elan edilmiş amnistiya aktı
ədliyyə orqanları tərəfindən uğurla icra olunmuşdur
Malik ƏLƏKBƏROV,
Cəzaların icrasına nəzarət üzrə
müfəttişliyin rəisi, baş ədliyyə müşaviri
Ümummilli liderimiz Heydər Əliyevin humanizm ideyaları bu gün də ölkəmizdə uğurla davam
etdirilməkdədir. Bəşəri ideyalara sadiqlik nümayiş etdirən dövlətimizin başçısı cənab İlham Əliyev müxtəlif
əlamətdar günlərdə əfv fərmanları imzalamışdır. Sonuncu amnistiya qərarı isə Heydər Əliyev Fondunun
Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul
edilmişdir.
Ümumbəşəri idealları, insan hüquq və azadlıqlarının qorunması kimi yüksək dəyərləri rəhbər tutaraq,
Heydər Əliyev siyasətinin humanizm və mərhəmət ənənələrini davam etdirərək, Mehriban xanım Əliyevanın
xalqımızın tarixi adət-ənənələrinə ehtiram əlaməti olaraq Novruz bayramı münasibətilə amnistiya təşəbbüsü ilə
çıxış etməsi səmimiyyətə söykənən xeyirxahlığın növbəti təcəssümüdür.
Yekdilliklə qəbul olunmuş bu amnistiya aktı bir daha Heydər Əliyev Fondunun insanpərvərlik, humanizm
və ədalət kimi ali dəyərlərə sadiqliyini, insan və vətəndaş hüquq və azadlıqlarına həssas münasibətini əks etdirir.
Xüsusi vurğulanmalıdır ki, məhz ulu öndərimizin 1993-cü ildə xalqın təkidli tələbi və arzusu ilə
hakimiyyətə qayıdışından sonra Azərbaycanda insan hüquq və azadlıqlarının təminatında ciddi dönüş yaranmış,
mütərəqqi məhkəmə-hüquq islahatları aparılmış, penitensiar xidmətin səviyyəsi ildən-ilə yüksəldilmişdir. Ölüm
hökmünün tətbiqinə moratorium qoyulmuş, 1995-ci ildə Əfvetmə komissiyası fəaliyyətə başlamış, islah olunaraq
azad cəmiyyətə qovuşmaq istəyən məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. 1998-ci ilin 10
fevralında Azərbaycanda ölüm hökmü cəzasının birdəfəlik ləğvi də məhz ulu öndərimizin yüksək humanizm və
mərhəmətinin nəticəsində mümkün olmuşdur.
Demokratiya və sosial ədalət prinsiplərinin bərqərar olduğu, insan hüquqlarına, şəxsiyyət azadlığına
humanist münasibətin formalaşdığı ölkəmizdə 1995-2008 - ci illərdə Azərbaycan Prezidentinin 45 Fərmanına
əsasən 4.858 şəxs əfv olunmuş, qəbul edilmiş 9 amnistiya aktı 100 minə yaxın şəxsə şamil edilmişdir.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
əsasında gerçəkləşən sonuncu amnistiya aktı da bu müsbət ənənənin davamı kimi cəmiyyətdə böyük rezonans
doğurmuş, böyük rəğbət və ehtiramla qarşılanmışdır. Amnistiya aktı bir çox təbəqələrdən olan məhkumları əhatə
etməklə olduqca humanist səciyyə daşıyır.
Novruz bayramı münasibətilə elan edilmiş həmin amnistiya aktının ədliyyə orqanları tərəfindən icrası
uğurla başa çatdırılmışdır.
İlk növbədə, bu humanist aktın icrasından irəli gələn məsələlər Ədliyyə Nazirliyi Kollegiyasının 19 mart
2009-cu il tarixli iclasında müzakirə olunaraq qarşıda duran vəzifələr müəyyən edilmiş, qərarın vaxtında, düzgün və
mütəşəkkil icrasını təmin etmək məqsədilə ədliyyə naziri tərəfindən Əmr imzalanmışdır.
Əmrin müvafiq bəndlərinə uyğun olaraq amnistiya aktının ədliyyə, o cümlədən, Penitensiar xidmətin
işçiləri tərəfindən öyrənilməsi və əhali arasında geniş izahının təşkili məqsədilə aktın mətni və digər sənədlər toplu
şəkildə nəşr edilərək bütün tabe qurumlara göndərilmiş, nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi,
Cəzaların icrasına nəzarət üzrə Müfəttişlik, Penitensiar xidmət və Məhkəmə icraçıları Baş idarəsi ilə birlikdə
amnistiya aktının mahiyyəti barədə məhkumlar və əhali arasında geniş maarifləndirmə işləri aparılmış, kütləvi
informasiya vasitələrində çıxışlar edilmişdir.
Eyni zamanda, həmin dövrdə Ədliyyə Akademiyasında Məhkumların islah olunmasında iştirak edən və
penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitə ilə birgə amnistiya aktının
icrasını və bütövlükdə penitensiar sistemin fəaliyyətini işıqlandıran jurnalistlər üçün seminar təşkil edilmiş,
interaktiv dialoq aparılmış, media nümayəndələrinin çoxsaylı sualları cavablandırılmışdır. Tədbirdə ölkəmizin
aparıcı kütləvi informasiya vasitələrinin 20-yə yaxın nümayəndəsi iştirak etmişdir.
Seminarda jurnalistlərə həmçinin, penitensiar sistemdə aparılan islahatlar, cəzaların icrası məsələlərini
tənzimləyən qanunvericilik və beynəlxalq normalar haqqında ətraflı məlumat verilmişdir.
Qərarın düzgün və dürüst icrasını təmin etmək məqsədilə penitensiar müəssisələrdə amnistiya aktı tətbiq
ediləcək məhkumların dairəsi müəyyən edilmiş, onların şəxsi işləri öyrənilmiş, müvafiq materiallar hazırlanmış və
cəzadan azad edilməsi üzrə zəruri tədbirlər görülmüşdür. Penitensiar müəssisələrdə, məhkəmə icraçıları xidmətinin
yerli qurumlarında amnistiya aktının tətbiqi vəziyyəti nəzarətdə saxlanılmaqla onlara lazımi metodiki köməklik
göstərilmiş, bu aktın tətbiqində süründürməçilik, əsassız imtina və amnistiya aktının qanunsuz tətbiq edilməsi
hallarının qarşısının alınması üzrə profilaktiki tədbirlər görülmüşdür.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Məhkəmə icraçıları Baş idarəsi tərəfmdən Azərbaycan
Respublikası Baş prokurorluğunun müvafiq qurumları ilə işgüzar əlaqələr yaradılmış, amnistiya aktının tətbiq
edilməsi barədə qərar, təqdimat və digər sənədlər prokurorluq orqanları ilə razılaşdırılmışdır.
Qərarın icrası vəziyyətinin nəzarətdə saxlanılması, müraciətlərin hərtərəfli və obyektiv araşdırılması, habelə
yol verilmiş pozuntuların təxirəsalınmadan aradan qaldırılması, təqsirkar şəxslərin intizam məsuliyyətinə cəlb
olunması üçün ciddi tədbirlərin görülməsinin təmin olunması məqsədilə qurum rəhbərləri tərəfindən nazirliyin
rəhbərliyinə məlumat verilməsi tapşırılmışdır.
Amnistiyanın tətbiqi ilə bağlı Müfəttişliyin və İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin
əməkdaşları bir sıra penitensiar müəssisələrə baş çəkmiş, bu qərara əsasən cəzaçəkmə müəssisələrindən azad
edilmiş məhkumlar barədə statistik məlumatlar toplanmışdır.
Amnistiya aktının icrası Ədliyyə Nazirliyinin məsul əməkdaşlarının, Penitensiar xidmət rəhbərliyinin,
Ombudsman aparatının, İctimai Komitə üzvlərinin, qeyri-hökumət təşkilatların habelə kütləvi informasiya
nümayəndələrinin iştirakı ilə həyata keçirilmişdir.
Amnistiyanın tətbiqi müddəti ərzində dövlət orqanlarından və vətəndaşlardan daxil olmuş şikayət və
müraciətlər nazirliyin müvafiq qurumlarında qanunvericiliklə müəyyən edilmiş müddətdə baxılaraq onlara ətraflı
cavablar verilmişdir.
Belə ki, amnistiyanın tətbiqi ilə bağlı Ədliyyə Nazirliyinə dövlət orqanlarından vətəndaşların ümumilikdə
64 müraciəti daxil olmuş, onların əksəriyyəti ədliyyə naziri tərəfindən nəzarətə götürülmüş və dərhal icrası təmin
edilmişdir. Həmin müraciətlərdə amnistiyanın tətbiqinin gecikdirilməsi göstərilsə də, bütün hallarda müvafiq qərar
vaxtında icra olunmuş və bu barədə ərizəçilərə ətraflı və dolğun məlumat verilmişdir.
Amnistiya aktı ilk növbədə böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə məhkum
olunmuş qadınlara, birinci və ikinci qrup əlillərə, 60 yaşına çatmış kişilərə, cinayət törədərkən 18 yaşına
çatmayanlar, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ikinci qrup əlil övladı olan
kişilərə şamil edilmişdir.
Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması
uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz, itkin düşmüş şəxslərin yaxın
qohumları, 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində
Ermənistandan deportasiya olunmuş, 1988-1993 - cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində
doğma torpaqlarından məcburi köçürülmüş, 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş
şəxslərin yaxın qohumları və bəzi digər kateqoriyalardan olan şəxslər də amnistiyanın təsir dairəsinə düşmüşlər.
Amnistiya haqqında Qərar ümumilikdə 9.564 nəfərə tətbiq edilərək qanun pozuntusuna və digər neqativ
hallara yol verilmədən 17.07.2009 - cu il tarixədək tam icra olunmuşdur.
Həmin qərar Penitensiar Xidmət üzrə 4.167 məhkuma tətbiq edilmiş, onlardan 1.198 nəfər cəzaçəkmə
müəssisələrindən, 830 nəfər məntəqə tipli cəzaçəkmə müəssisələrində, 1.594 nəfər xüsusi müəssisələrdən azad
edilmiş və 545 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır.
Amnistiya aktı Penitensiar xidmətin cəzaçəkmə müəssisələri üzrə aşağıdakı şəxslərə tətbiq edilmişdir:
- 1.1 -ci bəndinə əsasən (həmin qərar qüvvəyə mindiyi günədək azadlıqdan məhrum etmə cəzasının
çəkilməmiş hissəsi bir ildən artıq olmayan qadınlar və altı aydan artıq olmayan kişilər) -1.614 nəfər;
- 2.1 -ci bəndinə əsasən (müddətindən asılı olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş
qadınlar) - 5 nəfər;
- 2.3 -cü bəndinə əsasən (müddətindən asılı olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş
60 yaşına çatmış kişilər) - 8 nəfər;
- 2.4 -cü bəndinə əsasən (bu qərar qüvvəyə mindiyi günədək birinci və ya ikinci qrup əlil sayılmış şəxslər) -
15 nəfər;
- 2.5 -ci bəndinə əsasən (öhdəsində, himayəsində yetkinlik yaşına çatmayan və ya birinci və уа ikinci qrup
əlil övladı olan kişilər, o cümlədən bu qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürülməsi, qəyyumluğu
və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər) - 368 nəfər;
- 2.6 -cı bəndinə əsasən (İkinci Dünya dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin
dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericilikdə müəyyən edilmiş
qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz İtkin düşmüş şəxslərin
yaxın qohumları) - 2 nəfər ;
- 2.7 -ci bəndinə əsasən (Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması
uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri
tərkibində beynəl-millət borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin
düşmüş şəxslərin yaxın qohumları) - 3 nəfər;
- 2.10 -ci bəndinə əsasən (1948-1953 -cü və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı
siyasəti nəticəsində Ermənistan SSR-dən deportasiya olunmuş şəxslər) - 3 nəfər;
- 2.11 -ci bəndinə əsasən (1988-1993 -cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin erməni silahlı
qüvvələri tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər) - 9 nəfər;
- 2.13 -cü bəndinə əsasən (1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin
yaxın qohumları) - 1 nəfər cəzadan azad edilmişdir.
Amnistiya Qərarının 4-cü bəndinə əsasən bu qərarın 1.1 və 2-ci bəndlərində nəzərdə tutulan şəxslərdən
başqa 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 545 nəfərin bu qərar
qüvvəyə mindiyi günədək çəkilməmiş cəzası yarıyadək azaldılmışdır.
Amnistiya Qərarının icrası ilə bağlı Penitensiar xidmətin xüsusi müəssisələrindən:
- 1.3 -cü bəndinə əsasən (azadlığın məhdudlaşdırılması cəzasının bu qərar qüvvəyə mindiyi günədək
çəkilməmiş hissəsi iki ildən artıq olma-yan qadınlar və bir ildən artıq olmayan kişilər) -1.063 nəfər;
- 3.2 -ci bəndinə əsasən (azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər) -531 nəfər
cəzadan azad edilmişdir.
Azad olunan məhkumlardan 82 qadın və 1 yetkinlik yaşına çatmayan şəxs olmuşdur.
Bu qərar həmçinin 3-ü qadın olmaqla 75 nəfər xarici ölkə vətəndaşlarına - 22 nəfər Rusiya Federasiyasının,
32 nəfər Gürcüstanın, 1 nəfər Mavritaniya Respublikasının, 5 nəfər İran İslam Respublikasının, 4 nəfər Əfqanıstan
Respublikasının, 1 nəfər Pakistan İslam Respublikasının, 2 nəfər Türkiyə Respublikasının, 2 nəfər Ukraynanın, 2
nəfər Özbəkistan Respublikasının, 1 nəfər Qazaxıstan Respublikasının, 2 nəfər Türkmənistanın vətəndaşlarına və 1
nəfər vətəndaşlığı olmayan şəxsə şamil edilmişdir.
Nazirliyin Məhkəmə icraçıları xidməti üzrə bu Qərar 5.205 məhkuma tətbiq edilmişdir. Onlardan 2.853
nəfər islah işləri, 198 nəfər ictimai işlər, 1.860 nəfər cərimə cəzası, 174 nəfər şərti məhkum edilmiş, 101 nəfər
cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və 18 nəfər cəzası təxirə salınmış şəxslər və 1-i əsas cəza kimi
müəyyən vəzifə tutma hüququndan məhrumetmə cəzası ilə bağlı olmuşlar. Amnistiya aktının tətbiqi ilə əlaqədar
623.483 manat 19 qəpik dəyərində cərimə cəzasına məhkum edilmiş şəxslər həmin məbləği dövlət büdcəsinə
ödəməsindən azad edilmişlər.
Cəzadan azad edilmiş şəxslərə azad olunma haqqında müvafiq arayışlar təqdim edilmiş, onlara yardımlar
göstərilmiş, əvvəlki daimi yaşayış yerləri üzrə icra hakimiyyəti və polis orqanlarına rəsmi məlumatlar
göndərilmişdir. Xarici ölkə vətəndaşları qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycandakı səfirliklərinə və
Respublika Miqrasiya Xidmətinə təhvil verilmişlər.
Amnistiya haqqında Qərarın icrasının başa çatdırılması ilə əlaqədar Heydər Əliyev Fondunun prezidenti,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
Hüquq-mühafizə orqanları ilə iş şöbəsinə məlumat verilmişdir.
Cəza çəkməkdən azad olunmuş şəxslər Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın bu humanist addımını yüksək qiymətləndirməklə böyük minnətdarlıq hissi ilə
qarşılamış, onlara göstərilən bu etimadı özlərinin gələcək həyatlarında doğruladacaqlarına, həbsxana həyatına bir
daha qayıtmayacaqlarına və layiqli vətəndaş kimi cəmiyyətə fayda verəcəklərinə söz vermişlər.
Sonuncu amnistiya aktı onu sübut edir ki, ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfmdən əsası qoyulmuş
humanizm ideyaları yaşayır və daim yaşayacaq.
Dostları ilə paylaş: |