39
Və Məmmədağa bütün bunları fikirləşə-fikirləşə təzəcə yuxuya
gedirdi ki, Dar
dalanda şivən qopdu. Məmmədağagilin məhəlləsində çox işlər olmuşdu, amma o,
ömründə bu cür ağlaşma görməmişdi, bu cür səslər eşitməmişdi. Gecənin yarısı
birdən-birə Dar dalandan gələn arvad qışqırtıları, ağlaşmalar, ağılar elə səslənirdi,
elə bil, bütün dalan qəflətən dərd əlində ulamağa başlamışdı. Bircə dəqiqənin içində
Məmmədağanın başındakı tüklər biz-biz durdu və hövlnak yerindən qalxıb həyətə
çıxan Səkinə xalanın da çığırtısı gələndə Məmmədağanın
bütün bədəni əsməyə
başladı.
Bütün məhəllə ayağa qalxdı, uşaqdan böyüyə hamı küçəyə çıxdı və həmin
gecə Dar dalanın qabağında o qədər adam vardı ki və bu adamlar elə şivən qoparırdı
ki, günlər, aylar, hətta illər keçəndən sonra da bu gecə izdihamı, bu müsibət
uşaqların gözünün qabağından getmədi, qulaqlarından çəkilmədi.
– Kitabulla avariyaya düşüb ölüb! – Bu xəbər həmin gecə uşaqdan böyüyəcən
bütün məhəllənin belini sındırdı.
Axşam Kitabulla Lökbatandan yük gətirəndə Şıx çimərliyi tərəfdə boş bir
avtobusla toqquşmuşdu. Sükan Kitabullanın sinəsini basıb qarnına girmişdi və o, elə
o saat keçinmişdi. Avtobusun kefli sürücüsünə heç nə olmamışdı.
Kitabullanın meyitini maşından düşürüb Dar dalanla aparanda birdən axırıncı
həyətin qapısı açıldı, başıaçıq, ayağıyalın bir qız, arvadların əlindən qopub tabuta
tərəf cumdu,
vəhşi kimi, qabağındakı kişiləri aralayıb iki əli ilə tabutun taxtasından
yapışdı, var gücü ilə dartdı; tabutu çiyinlərində saxlayan kişilərin ayağı titrədi, bu
qızın dəli baxışlarının qabağında irəliləyə bilmədilər; qız tabutun taxtasını bir də
dartdı, az qaldı meyit tabutun içindən yerə düşsün və kişilər, ancaq onu eləyə bildilər
ki, tabutu cəld çiyinlərindən düşürüb yerə qoydular; tabutu yerə qoymaqla qızın
özünü meyitin üstünə atmağı bir oldu və onun sinəsindən qopan şivənlə bütün bu
gecə izdihamının köksündən çıxan nalə də bir oldu.
Məhəllənin adamları Tamillanı birinci dəfə belə gördü.
Səhər üz-gözünü cırıq-cırıq eləmiş Fatma batmış səsilə güclə qışqırırdı, az
qalırdı boğazının göy damarları şişib partlasın:
– Toyunçun gələn qoyunlar ehsanına kəsilir, ay Kitabulla, va-a-ay!..
Toyuna çağırılmış qonaqlar, bütün məhəllə Kitabullanı basdırmağa getdi.
Məmmədağagilin məhəlləsindən qəbiristanlığa qədər
on kilometrlik yolu mafə
çiyinlərdə getdi, heç kim maşına minmədi.
Kitabullanın şofer dostları öz maşınları ilə gəlmişdilər. Maşınlar məhəlləyə
sığışmırdı.
Qəbiristanlıqda Ələkbər üz-gözünün yaşını sildi, hıçqıra-hıçqıra klarnetini
qabından çıxardıb yığdı və həmin sentyabr günü Kitabullanın mafəsinin başında bir
«Segah» çaldı. Ələkbərin klarneti bütün məhəllənin adından Kitabulla ilə sağollaşdı.
Həmin sentyabr günü Ələkbər klarneti elə çaldı ki, bu çalğı dünyanın bütün dərdli
işlərindən söhbət açdı; klarnet Ələkbərin titrəyən barmaqları arasında yandım deyib
su istədi.
Kitabullanın başı da əzildiyinə görə üzünü açmamışdılar və Məmmədağa heç
cür ağlına sığışdıra bilmirdi ki, başdan-ayağa kəfənə bürünmüş bu
uzun bağlama
Kitabulladı. Məmmədağa bütün ömründə birinci dəfə idi qəbiristanlığa gedirdi və
indi o, heç cürə ağlına sığışdıra bilmirdi ki, bu saat bu uzun ağ bağlamanın içindəki
Kitabullanı mafədən götürüb təzə qazılmış qəbrin içinə qoyacaqlar, üstünə torpaq
40
töküb sulayacaqlar, sonra da hamı məhəlləyə qayıdacaq,
bu qəbir isə burada beləcə
qalacaq, yağış yağacaq, külək əsəcək, bu qəbir isə burada beləcə qalacaq.
Məmmədağanı dəhşət basdı, az qala hədəqəsindən çıxacaq gözləri ilə mafədəki uzun
ağ bağlamaya baxdı, ağzı, burnu kəfənlə sarınmış Kitabullanın yerinə nəfəsi
tıncıxdı, gözünün qabağına ağappaq duman gəldi və birdən elə bil ki, Kitabulla
gülümsədi, bu ağ dumanın içində qızıl dişi işıldadı;
Məmmədağa bircə onu bildi ki,
bərkdən qışqırdı, daha sonrasını bilmədi, bir də iki gündən sonra evlərindəki
çarpayısında özünə gəldi.
Həmin ilin qışında Bakıya yaman qar yağdı, dərslər dayandı, maşınlar,
tramvaylar işləmədi. Məhəllənin qocaları deyirdi ki, Bakıda belə qar-çovğun, belə
qış görməyiblər.
Bir gün belə bir xəbər yayıldı ki, gecə yuxarı məhəllələrdən birinə canavar
gəlib. Üç ayın içində beli bükülmüş Səmədulla bu xəbəri eşidəndə çənəsi əsə-əsə
dedi:
– Bizim evə canavar sentyabrda gəlmişdi...
Alxas bəy isə deyirdi:
– Dədə Qorqudun bir sözü var, deyir:
Gəlimli,
gedimli dünya,
Son ucu ölümlü dünya...
...Məsməxanım dənizin qırağı ilə yaş qumun üstündə addımlaya-addımlaya bir
müddət heç nə demədi, sonra soruşdu:
– Bəs qız nə oldu?
– Tamilla?
– Hə.
– Fatmanın iki uşağı vardı, Kitabullanın qırxı çıxandan sonra, ikisini də
götürüb getdi, atasıgilə, Yadulladan boşandı. Tamillanın da kəbinini kəsdirdi
Yadullaya. Fatma deyirdi ki, Tamilla mənim bacımdı, Yadulla da day bundan sonra
mənim qardaşımdı. Hamı bilirdi ki, Fatma Tamillaya görə belə elədi...
– Day atasıgilə qayıda
bilməzdi Tamilla, hə?
– Nə bilim?.. Yəqin qayıda bilmirmiş də... Hamı bilirdi ki, Fatma Yadullanı
məcbur eləyib, çünki Yadullayla Fatma da bir-birlərini çox istəyirdi...
Ay lap yuxarı qalxmışdı və indi saysız ulduzlu göy ilə dənizi birləşdirən üfüq
uzaq qaranlıq içində görünməz olmuşdu; üfüqün əvəzinə qapqara bir boşluq vardı;
sahil boyu xeyli aralıda Buzovna elektrik stansiyasının işıqları gəlirdi və bu işıqlar
indi elə bil dənizin ulduzları idi; dənizin ulduzları ilə göyün ulduzları qarışmışdı bir-
birinə; bir belə saysız ulduzun içində dan ulduzu tamam başqaydı, iri, işıqlı, tənha...
– Tamilla Yadullanı istəyirdi?
– Nə bilim... – Məmmədağa fikirləşdi ki, nə üçün bu sual indiyə kimi onun
ağlına gəlməyib, nə üçün
o indiyə kimi fikirləşməyib ki, Tamilla Yadullanı istəyirdi,
ya yox?
Məmmədağa gözlərini dənizdən çəkməyən Məsməxanıma baxdı və birdən-
birə ona elə gəldi ki, gecənin yarısı Zuğulbanın dəniz sahilində qəflətən peyda olmuş
bu qarabəniz qız onun əziz və doğma bir adamıdı.
– Yazıq... – Bunu Məsməxanım dedi.
– Kitabulla yazıq?