58
Belə çıxırdı bir həftəyə ya üç yüz dolları qaytarmalıydı, ya da taleyin
istəklərinə boyun əyib, özünü hamamçı Rozanın ixtiyarına buraxmalıydı. Roza da
ondan – daha doğrusu, onun bədənindən qazanc məqsədiylə istifadə edəcəkdi.
“İlahi, sən mənə arxa ol, məni pis yola düşməkdən qoru!”.
Durub gedəndə arxadan hamamçı Rozanın amiranə səsi gəldi:
- Bir həftədən sonra cavab gözləyirəm, haa...
O gecə Fidan qarışıq yuxu gördü. Guya çar-naçar hamamçı Rozanın yazıb
verdiyi ünvana gedir. Qapısı açıq bağ evində bir otağa daxil olur, hündür tavanlı
geniş mənzilin ortasındakı masaya içkilər düzülüb, mer-meyvə qoyulub, amma
otaqda heç kəs yoxdur, səs-səmir gəlmir, kimsə duş qəbul edir, qızın gəldiyini hiss
edən həmin naməlum şəxs: “Gözəl qız, sən özünçün məzələn, mən bu dəqiqə
çıxıram”-deyə səslənir. Qəribə də olsa səs Fidana tanış gəlir, az sonra qurulana-
qurulana lüt-üryan vanna otağından bayıra çıxan həmin səs sahibi onu görcək
heykəl kimi yerində donub qalır, özünü o qədər itirir ki, qurşaqdan aşağısını örtən
hamam dəsmalının yerə düşməsindən xəbəri olmur, sərxoş və çılpaq halda
qarşısında peyda olan Əfqanın dili topuq vurur:
- O qo..ca, çox...bilmiş qəh..bə səni qəs...dən bura göndərib. Fidan özünü
itirmir, dişi aslan kimi axtardığı ovunun üstünə yeriyir:
- Bişərəf, namərd, məni pis yola düşməyə sən vadar etdin, iblis kimi atamın
qılığına girib, ailə tifağımızı dağıtdın, murdar nəfsin Allah bilir, mənim kimi daha
neçəsini bədbəxt edib, çirkaba batırıb...
- Məni izləyirdilər, istəmirdim, arvadım olduğunu bilsinlər...
- Qorxurdun ki, aldatdığın adamlar birinci arvadın kimi məni qaçırdarlar, ay
namussuz, dələduz, gözüylə görən... – deyə Fidan da çığıra-çığıra masaya meyvə
soymaq üçün qoyulmuş mətbəx bıçağını əlinə alıb beş-altı dəfə dalbadal onun
peysərinə, köksünə saplayır... Hər dəfə zərbəni endirəndə: “Al, ailəmin şərəfini iki
qəpiklik etdiyinə görə bu atamdan, bu anamdan, bu bacımdan, bu məndən, bu da
oğlumdan sənə hədiyyə”-deyir. Əfqan qan gölündə üzsə də, hırıldaya-hırıldaya
danışır: “Qanım sənə halaldı, dayqızı, məni bıçaqla yox, baltayla doğra, tikə-tikə
elə, daha orda-burda gizlənməkdən usanıb bezmişəm, yarasa kimi gecədən-gecəyə
59
yuvamdan çıxıram... Ancaq məni öldürməmiş sənə bir vəsiyyətim var, o qara
gədədən uzaq dur... Röyalı de..yi..rəm, o narkoman manyakdı...”.
Yuxudan hövlnak ayılıb bir qurtum su içdi. Özünə gələndə düşünüb-daşındı
ki, yəqin bu yuxunu usta Mehmanın ərzaq göndərdiyi sürücünün danışdığı
əhvalatın təsiri ilə görüb. “Kim bilir, bəlkə Roza arvadın mənimlə tanış etmək
istədiyi “harın kişi” Əfqandı elə? Yox, Allah eləməmiş, birdən “harın” dediyi o
kişi Mehman ustanın özü olar? Deyir, yaxşı bağı-bağçası var. Bu nə boş-boş
fikirlərdi gəlir başıma? Məgər malikanəsi, bağ-bağçası olan təkcə Mehmandı?
Amma bir şey gün kimi aydındı, ev sahibi Allah eləməmiş, mənim pis yola
düşdüyümü bilsə, mütləq burdan qovacaq... Dərdimin üstünə bir dərd də əlavə
gələcək onda. Çalışıb üç-dörd günə Roza arvadın pulunu aparıb qaytararam. Məni
zorla onun-bunun altına yıxmayacaq ki?! Bəs “Röyaldan uzaq dur, o, manyakın
biridir” xəbərdarlığı, özümü ona görə oda atıb, bu qədər borcun altına girməyim,
doğrudanmı, bütün bu fədakarlıqlar əbəsdir”.
Oddan qaçmaqla oda sarı qaçmaq başqa-başqa şeylərdi. Birində od yalnız
düşdüyü yeri yandırıb-yaxır, o birində söndürməyə gedəni də külə döndərir.
Yuxuda Əfqanın Röyalı “manyak” adlandırması yadına psixoloqla etdiyi
söhbətləri saldı: “Narkomanlar yalanı inandırıcı formada danışır, qarşısındakı
adamın qəlbini ələ almaq üçün özlərini məsum göstərib, qəribə fikirlər söyləyir,
qeyri-adi hərəkətlər edirlər...”.
Nə etməli, haranın külünü başına tökməli? Düşündü ki, tutalım öz məhəbbəti
naminə həyatını xilas etdiyi Röyala görə gedib tanımadığı kişilərlə görüşdü,
yaşadı... Məgər bu şərəfsizlik Röyalın özünə xəyanət deyildimi? Əfqana xəyanəti
qəbahət saylmırdı, o bic buna layiq idi, amma xəyalında yaratdığı, həyatdasa
taleyin narkoman kimi qarşısına çıxartdığı Röyala xəyanət edəcəyini ağlının
ucundan belə keçirə bilmirdi... “Axı, onun gözlərinə necə baxaram. Biləndə -səni
narkotika bataqlığından xilas edib, həyata qaytarmaq, işə düzəltmək, bir sözlə,
adam eləmək üçün özümü küçə fahişəsi kimi pula satdım-deyəcəyəm? Lənət sənə,
kor şeytan, bu fikir ağlına hardan gəldi?”
60
Özü də nəetdiyinin, nə düşündüyünün fərqində deyildi, maddi vəziyyəti onu
o qədər sıxmışdı ki, başını tamam itirmişdi. Iki gün idi Röyal evə gəlmirdi. Üçüncü
gün sübh tezdən zəng edib bildirdi ki,anası pul tapa bilməyib.
- Deyəsən, o üç yüz dollar tapılmayınca heç bura dönmək fikrin yoxdur.
Yaxşı, gəl apar, mənə kişi kimi verdiyin sözü də unutma, işə düzəlmək adıyla
aldığın pulu aparıb beynini dumanlandıran o zəhrimara versən, bəxtindən küs!..
Röyal sevinə-sevinə, uça-uça gəldi. üzündən-gözündən öpüb getdi.
*****
Həmin gecə evə zəng edib, onu işə düzəldən dostugildə qaldığını bildirdi.
Səsi yenə bərk xırıldayırdı. Bu hadisədən sonra Fidanın Röyalın sağalacağına
bəslədiyi ümidləri zəncir halqaları kimi bir-bir qırılıb tökülməyə başladı. Bir-iki
gün də keçdi. Böyük kədər hissiylə Röyalın anasına zəng etdi.
- Ay gəlin, başına dönüm, qaranı görüm, qara günlərə qalsın, mənim
günümü də qara edib, kaş öləydi, mənim də canım qurtaraydı, sənin də...
Hansı ana övladını belə qarğıyardı. O qısa telefon söhbətindən belə məlum
oldu ki, yazıq arvad oğlunun məhəlləyə gəldiyi gündən narkotika qəbul etdiyini
bilirmiş, ancaq bu dəfə xəcalətindən Fidabna zəng etmirmiş... Deyirdi ki, bir daha
ağlaya-ağlaya yalvarıb, oğluna kömək istəməyəcək. Çünki oğlu öz əli ilə özünə
qəbir qazır. Küçədən tapılan meyitini də bu gün, sabah yəqin televizorda
göstərəcəklər.
Amma Fidan onun ölümünə razı deyildi. Ürəyində “Allah eləməsin!” deyirdi.
Doğrudan da bu dünyada heç kimə etibar yoxmuş. Bəs bundan sonra Fidanın
aqibəti necə olacaq? Yəqin bacardığı qədər gədəni özündən uzaqlaşdırmağa
çalışacaqdı. Qəlbində ilk dəfə idi ki, “Allah belə məsləhət bilirmiş” ifadəsinə acığı
tutdu, “məgər Allahın mənim qabağımda Əfqan kimi dələduzu, Röyal kimi
narkomanı çıxartmaqdan başqa işi-gücü yox idi? Yox, bu adamlara ürcah olmaqda
mənim də səhvlərim, günahım var, biri qismətimlə barışıb, iradəsizlik
göstərməyimdir, o biri üyəyiyumşaqlığımın, sevgimin, mərhəmətimin ucbatından..,
bunlar bir yana, hələlik hamamçı Rozanın borcundan çıxmaq barədə düşünmək
lazımdı”, axı verdiyi vaxt-vədə get-gedə daralırdı. Röyalın bu hərəkətindən sonra,
Dostları ilə paylaş: |