23
Universitetimizin nizamnaməsinə uyğun olaraq, MDBMİ (U)-nun fəxri doktoru dərəcəsi
verilməsinin dəqiq müəyyən
edilmiş qaydası mövcuddur. Statusa uyğun olaraq, bu dərəcə beynəlxalq münasibətlərin inkişafına, sülhün və
təhlükəsizliyin möhkəmlənməsinə, müxtəlif xalqlar və ölkələr arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə,
mədəniyyətin və iqtisadiyyatın inkişafına böyük töhfəsi olan görkəmli siyasi və ictimai xadimlərə, xarici ölkələrin
alimlərinə verilir. Çox hörmətli cənab Prezident, Sizə və bu salonda oturanlara böyük məmnuniyyət hissi ilə
bildirirəm ki, Elmi Şura universitetin nizamnaməsini rəhbər tutaraq və öz səlahiyyətlərimə uyğun olaraq dünyada
qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, ölkələrimiz arasında münasibətlərin inkişafına,
təhsilin, mədəniyyətin və
iqtisadiyyatın inkişafına töhfənizə görə 2003-cü il dekabrın 9-da Sizə MDBMİ (U)-nun fəxri doktoru adının verilməsi
barədə yekdilliklə qərar qəbul etmişdir.
Mən şuranın iradəsini yerinə yetirərək bu adın rəmzlərini – MDBMİ (U)-nun fəxri doktoru diplomunu,
medalını və mantiyasını Sizə təqdim etmək istəyirəm.
Mövcud prosedura uyğun olaraq mərasimin rəsmi hissəsi başa çatır və mən sözü fəxri doktora verirəm.
Lakin bu gün bizim öz sürprizimiz var. Bu gün biz, ilk dəfə olaraq, Məzunlar Assosiasiyası adından MDBMİ
(U)-nun Məzunları Assosiasiyasının fəxri üzvü diplomunu İlham Heydər oğlu Əliyevə təqdim edirik. Özü də bu
diplomda belə yazılmışdır: "Seriya – dövlət başçısı, nömrə – nömrə 1".
Əminik ki, dövlət başçısı nümunəvi tələbə olmuşdur. Biz bu gün böyük məmnuniyyətlə içərisində qiymət
kitabçanız və attestatınız olan mücrünü də Sizə təqdim edirik. Qiymət kitabçanızda ancaq beş və dörddür,
attestatınızda isə bütün qiymətləriniz beşdir, bir dənə də dördünüz yoxdur. Mənə Sizin tələbə biletinizin də təqdim
olunmasını təklif edirdilər. Lakin bu bilet muzeydə saxlanacaqdır. Ancaq Sizə göstərə bilərəm.
Universitetin rektoru Anatoli Torkunov görüş iştirakçılarının gurultulu alqışları altında MDBMİ (U)-nun
fəxri doktoru diplomunu, mantiyanı, medalı və içərisində qiymət kitabçası və attestat olan mücrünü Azərbaycan
prezidenti İlham Əliyevə təqdim etdi.
İ l h a m Ə l i y e v: Hörmətli Anatoli Vasilyeviç!
Əziz dostlar!
İcazə verin,
ilk növbədə, mənə belə yüksək ad verilməsinə görə Sizə təşəkkürümü bildirim. Mən çox gözəl bilirəm
ki, bu ada iqtisadiyyatın inkişafına böyük töhfə vermiş, siyasi proseslərdə fəal iştirak edən çox məşhur adamlar, böyük
təcrübəyə malik və nailiyyətlərinin böyük tarixi olan insanlar layiq görülürlər.
Mən yeni seçilmiş prezidentəm. Təbii ki, bütün bu rütbələri və fəxri adları gələcək fəaliyyətim üçün avans kimi
qəbul edirəm. Əziz dostlar, sizi əmin edə bilərəm ki, Azərbaycan prezidenti kimi, bütün fəaliyyətimlə doğma
institutumuzu layiqincə təmsil etməyə, MDBMİ-nin məzunu adına layiq olmağa çalışacağam və ümidvaram, hətta
əminəm ki, bu institutda aldığım biliklər, qazandığım təcrübə, tapdığım dostlar, bir sözlə, burada əldə etdiklərimin
hamısı mənim bu fəaliyyətimdə çox mühüm rol oynayacaqdır. Bu gün burada olmaq mənim üçün çox xoşdur.
MDBMİ-nin binasına yaxınlaşdıqda məni həyəcanlı hisslər bürüdü. Axı ömrümün xeyli hissəsi burada keçmişdir.
MDBMİ-də təhsil də, aspiranturada təhsil də, sonra universitetdə işləmək də ömrümün o çağlarına daxildir. Bu
müddət ərzində mən burada nəinki biliklərə yiyələndim, dünyagörüşümü genişləndirdim, həm də və ən başlıcası, çox
etibarlı, sadiq dostlar tapdım. Mən
təhsilimi bitirdikdən, MDBMİ-də işdən getdikdən sonra da onlarla uzun müddət
ərzində əlaqə saxlayıram. Ümidvaram ki, əlaqələrimiz gələcəkdə də davam edəcəkdir. Mən buna əminəm. Bu gün
mən bu salonda çox tanışlarımı və mənə əziz olan simaları görürəm. Çox ümid edirəm ki, mərasim başa çatdıqdan
sonra biz görüşüb söhbət edəcəyik. Fürsətdən istifadə edib bütün dostlarımı – onlar kimləri nəzərdə tutduğumu
bilirlər – Azərbaycana gəlməyə, qonağımız olmağa dəvət etmək istərdim. Düşünürəm ki, bu, dostluğumuzun yaxşı
davamı olardı.
Bu gün mən, Azərbaycan prezidenti kimi, Rusiyaya rəsmi səfərimi başa çatdırdım. Bu, ilk rəsmi səfər idi və ölkələrimiz
arasında ikitərəfli münasibətlərin inkişafı üçün böyük əhəmiyyəti var.
Sovet İttifaqı dağıldıqdan sonra müstəqil dövlət olaraq Azərbaycan çox çətinliklərə məruz qaldı, çox mürəkkəb
problemlərlə – iqtisadi və siyasi böhranla, cəmiyyətdə xaos və anarxiya, müharibənin nəticələri,
vətəndaş müharibəsi
ilə qarşılaşdı. Bütün bunları aradan qaldırmaq üçün Azərbaycan rəhbərliyindən, ilk növbədə, prezident Heydər
Əliyevdən çox böyük, titanik səylər göstərmək tələb olunurdu. 1993-1996-cı illər dövründə ölkə daim gərgin
vəziyyətdə idi – daxili problemlər, sosial məsələlərin həll edilməmiş qalması, Azərbaycan ərazisinin Ermənistan
tərəfindən işğal olunması. Əlbəttə ki, bütün bunlar vətəndaşlarımızın vəziyyətini ağırlaşdırırdı. Lakin siyasi,
iqtisadi və sosial sahələrdə qətiyyətlə islahatlar aparılması sayəsində 1996–1997-ci illərdən başlayaraq ölkə
iqtisadi inkişafın bir çox göstəricilərində nəzərəçarpacaq dərəcədə irəlilədi. 1996-cı ildən iqtisadiyyatımızın ar-
tım
sürəti ildə, orta hesabla, 10 faiz təşkil edir, inflyasiyanın səviyyəsi isə 2 faizdən yuxarı deyildir. Azərbaycan
regional layihələrin fəal iştirakçısıdır. Azərbaycan iqtisadiyyatına çox böyük məbləğdə xarici sərmayələr
qoyulmuşdur və bu göstəricidə ölkəmiz MDB dövlətləri arasında liderdir. Gələcək üçün çox yaxşı
perspektivlərimiz var. Biz həyata keçirilən regional layihələrə böyük əhəmiyyət veririk. İndi Azərbaycanda,
ekspertlərin rəyincə, dünyada ən möhtəşəm energetika layihələri çox uğurla həyata keçirilir.
24
Bütün nailiyyətlərimiz, planlarımız ancaq bir şeyə – Azərbaycan vətəndaşlarına daha layiqli həyat yaratmağa, sosial
problemləri, qaçqınların və məcburi köçkünlərin məsələlərini həll etməyə yönəldilmişdir. Bununla da ölkə
möhkəmlənmiş olar.
Belə siyasət çərçivəsində Azərbaycanın öz qonşuları ilə münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Ölkə-
lərimiz – Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsini müşahidə etmək bu gün
bizim üçün çox xoş və sevindiricidir. Bəli, ölkələrimizin münasibətləri tarixində mürəkkəb,
bəzən də dramatik
dövrlər olubdur. Xoşbəxtlikdən, bunların hamısı keçmişdə qalmışdır. Azərbaycan və Rusiya prezidentlərinin –
Heydər Əliyevin və Vladimir Putinin siyasi iradəsi, müdrikliyi və uzaqgörənliyi sayəsində qarşılıqlı anlaşmanın,
qarşılıqlı hörmət və etimadın belə yüksək səviyyəsinə nail olmuşuq və indi ikitərəfli əməkdaşlıqda uğurları,
əsasən, bu müəyyənləşdirir.
İndiki səfər bir daha aydın göstərdi ki, ölkələrimiz arasında heç bir həll edilməmiş problem yoxdur. Mürək-
kəb və həllolunmaz görünən problemlər həll edilmişdir. Bu sıraya Xəzər regionuna, hərbi-texniki əməkdaşlığa
dair məsələləri, iqtisadi xarakterli məsələləri də aid etmək olar. Ona görə də biz gələcəyə böyük nikbinliklə
baxırıq.
Uğurlarımızı təsdiqləyən bir neçə konkret misal çəkə bilərəm. Bu uğurlar Xəzər dənizinin statusu ilə əlaqədar Ru-
siya ilə Azərbaycan arasında siyasi qarşılıqlı anlaşma və qarşılıqlı əməkdaşlıq ruhu sayəsində mümkün olmuşdur. Bu
məsələ barəsində 1990-cı illərdə, daha dəqiq desək, 1994-1996-cı illərdə ziddiyyətlər, fikir ayrılıqları vardı,
beynəlxalq hüquq normaları müxtəlif cür yozulurdu. Lakin tərəflərin səyləri ilə, qarşılıqlı fayda və qarşılıqlı anlaşma
zəminində bu məsələ həllini tapdı və indi Rusiya ilə Azərbaycan arasında milli sektorlarımızı müəyyənləşdirən
müvafiq saziş imzalanmışdır. Bu sənəd Rusiyanın da, Azərbaycanın da mənafelərinə tam uyğundur.
Regional təhlükəsizliyin təmin edilməsində son dərəcə mühüm rol oynayan Qəbələ radiolokasiya stansiyasının
statusu barədə məsələnin həll olunmaması, ümumiyyətlə, əməkdaşlığımızın yolunda çəkindirici amil olan mühüm
məsələ idi. Bu məsələ də həllini tapdı və Rusiya ilə Azərbaycan arasında müvafiq saziş imzalandı.
İndi Azərbaycan nefti Rusiyanın Novorossiysk limanına nəql edilir. Ölkəmizə Rusiya ərazisindən
qaz və
elektrik enerjisi göndərilir. Ölkələrimiz arasında əmtəə mübadiləsi xeyli artmışdır. Əmtəə dövriyyəsi 2002-ci ildə
70 faiz, ötən il isə 40 faiz çoxalmışdır. Bu gün iki ölkə arasında əmtəə dövriyyəsi təxminən yarım milyard dollar
təşkil edir. Bizim vəzifəmiz bunu iki dəfə artırmaqdır. Bunun üçün potensial mövcuddur, çünki ölkələrimiz iqtisadi
cəhətdən uğurla inkişaf edir. Arzu və istək də var, siyasi münasibətlər elə yüksək səviyyədədir ki, bu məqsədlərin
həyata keçirilməsi üçün yaxşı zəmin yaradır.
Humanitar sahədə əməkdaşlıq həmişə, hətta iqtisadi əməkdaşlığın yenicə başlandığı dövrlərdə də yüksək
səviyyədə olmuşdur. Biz rus mədəniyyətinə, rus dilinə çox böyük əhəmiyyət verir və çox qayğı ilə yanaşırıq.
Biz bu ənənəni qayğı ilə qoruyub saxlayırıq. Sizə deyim ki, indi Azərbaycanda 400-dən çox məktəbdə təhsil rus
dilində aparılır. Müstəqillik illərində onlardan heç biri bağlanmamışdır. 21 dövlət ali məktəbindən 20-də təhsil
həm də rus dilində aparılır. Bizdə bu baxımdan heç bir məhdudiyyət yoxdur və Azərbaycanda yerli rusdilli
mətbuat da çox fəal inkişaf edir.
Sovet İttifaqının dağıldığı vaxtdan bəri Azərbaycanda rus dilində qəzetlərin sayı azalmamış, əksinə, art-
mışdır. Ümumdünya Rus Mətbuatı Konqresinin ötən ilin sentyabrında məhz Bakıda keçirilməsi faktı daha əyani
şəkildə sübut edir ki, bu sahədə çox yaxşı ənənələrimiz var.
Biz ikitərəfli münasibətlərimizi ənənələrimiz, çoxdankı dostluq əlaqələrimiz
və əlbəttə ki, qarşılıqlı fayda
əsasında qururuq. İndi bütün sahələrdə əməkdaşlıq Rusiyaya da, Azərbaycana da sərfəlidir. Qeyd etdiyim kimi,
ikitərəfli əməkdaşlıq məsələlərində bizim aramızda tam qarşılıqlı anlaşma var. Regional siyasət məsələlərində
çox fəal qarşılıqlı anlaşma var, beynəlxalq siyasətin bir çox məsələlərində baxışlarımız uyğun gəlir.
Regional layihələr, regional əməkdaşlıq baxımından biz çox istərdik ki, Rusiya bu istiqamətdə aparıcı rolunu
davam etdirsin. Biz böyük ümid bəsləyirik ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, Rusiya
Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Ermənistanla Azərbaycan arasındakı münaqişənin nizama salınmasında
bundan sonra da fəal iştirak edəcəkdir. Bu münaqişə bütün regionda çox böyük təhlükə və gərginlik mənbəyidir.
Ona görə də Azərbaycan bu münaqişənin dincliklə nizama salınmasına tərəfdar olduğunu dəfələrlə bəyan
etmişdir. Təbii ki, bu nizamasalma beynəlxalq hüququn prinsip və normalarına əsaslanmalıdır. Günün reallığı
belədir ki, Azərbaycan ərazisi Ermənistan silahlı birləşmələrinin işğalı altındadır. Azərbaycanın keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayəti və onun hüdudlarından kənarda olan digər yeddi rayonu 10 ildən
çoxdur işğal
altındadır. Ölkəmizin ərazisinin bir hissəsinin işğal edilməsi nəticəsində 1 milyon insan öz ev-eşiyini itirmişdir.
Təəssüf ki, Azərbaycan əhalinin sayı ilə nisbətdə qaçqın-köçkünlərin sayına görə dünyada birinci yeri tutur – 8
milyon əhalinin bir milyonu qaçqın və məcburi köçkündür. Əlbəttə ki, beynəlxalq birlik bu məsələyə
münasibətini dəfələrlə bildirmişdir, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olunmuşdur. Bu sənədlərdə
erməni işğal qüvvələrinin ərazimizdən dərhal çıxarılması tələb edilir. Avropa Şurası çərçivəsində də müvafiq
sənədlər qəbul olunmuşdur və bu faktlar burada da öz əksini tapır.