31
– Məni heç istəmirsən? Tosu tərpənmədi, heç bir söz demədi, gözlərini də yumdu, bitimi
ağaca döndü. Nazlı bir əlini onun çənəsinin altına apardı, başını azca dikəltdi: – Tosu məndən
zəhlən gedir? O yumulu gözlərdən iki yaş bulağı açıldı, elə qaynadı, elə axdı ki, elə bil Tosunun
bütün varlığı əriyib suya çevrilir, gözlərindən gəlirdi. Nazlı üzünü Tosunun üzünə yapışdırdı,
pıçıldadı: – Bəs mən neynim, Tosu, özümü öldürümmü, hə, öldürümmü? Mən özümü öldürsəm,
sənin hansı yaran sağalar, hansı dərdin yüngülləşər? Nazlı da hönkürdü. Yaşlı gözləri ilə
Tosunun çəkişən dodaqlarına, alt çənəsinin büzüşüb yığışa-yığışa oynayan düyününə, üzündəki
yaş çığırlarına baxdı. – Bəs mən neynim? Mən getsəm də, sizə baxan lazımdır. Axı, atan
yaralıdır, qılçası hələ sağalmayıb. Axı o paltar yuya bilməz, axı o xörək, çörək bişirə bilməz.
Mən getsəm də, biri gələcək, Tosu. Sən nə bilirsən o, necə adam olacaq. Evinizə eləsi gəlib çıxar
ki, atanı sənə, səni də atana düşmən eləyər, Tosu. Sən analıqlar görməmisən, Tosu!.. Mən sənin
heç xətrinə dəymişəmmi, dəyirəmmi?
– Nazlı ah çəkdi, qarğış tökdü: – Hitlerin evi yıxılsın, onu da, – ayrı heç nə demirəm, –
balaları mən çəkən günləri çəksin. Tosudan səs-səmir çıxmadı. Nazlı onu dindirməyə çalışdı:
– Bir evdə iki düşmən dolanmaz, yola getməz, Tosu. Neynək, qoy axşam atan gəlsin,
məni şəhərə aparsın. Beləmi istəyirsən? Hə... Tosu gözlərini açdı. Gözləri damar-damar
qızarmışdı. Nazlı belə qızartını payız sabahlarında görmüşdü. Ondan sonra şəhərdə külək
ağacları, telefon, işıq dirəklərini yıxmışdı, yaddan çıxıb açıq qalan aynaları divara çırpmışdı,
şüşə qırıqlarını kiminin başına ələmişdi, kimini qan-ürək eləmişdi. Nazlı o gözlərin yiyəsindən
yaxşı cavab gözləmədi. Elə fikirləşdiyi kimi də oldu: – Çıx get! Nazlı bomboz bozardı. Qolları
yanına düşdü. İstədi desin ki, heç yana getməyəcəyəm, bax, sənin o qanlı gözlərinin içində
qalacam, canını ala-ala qalacam. Bir bunun boy-buxununa bax, hökmünə, kininə bax! Nə yaxşı
ki, hələ yekəlib, kişi olmamısan – səni görüm heç yekəlməyəsən, – ixtiyarımız səndə olsa, bizi
divara dırmaşdırarsan. Ay küçük. Niyə qarnın ağrıyır, hər şeyin hazırının, durusunun yiyəsi
deyilsənmi?! Nazlı evə, Tosu isə bağçaya yönəldi.
* * *
Köhlən bu axşam kişnəmədi. Fınxırdı gəldi, fınxırdı getdi. Qonşu uşaqları əski-üsküdən
top düzəltdi, məftillə bərk-bərk sarıdılar, neftə batırıb od vurdular, gah hamısı birdən, gah da
dalbadal göyə atdılar. Topun bəzisi kol-kosa düşdü, az qaldı çəpərlərə yanğın salsın. Anaları
onlara acıqlandı. Uşaqlar öz doqqazlarından aralandılar, orta yola çıxdılar, toplarını orta yolda
odlayıb yenə göylərə atdılar. Tosu hələ də bağçada idi. Bunların hamısını bağçada görür,
bağçada eşidirdi. Birdən çığırışma qopdu, alov göyə dirəkləndi, hamı ora yüyürdü. Yanğın get-
gedə güclənir, qışqırtı, bağırtı da artırdı. Bu hay-harayın içindən bir fəryad sıyrılıb çıxır, aydın
eşidilirdi. Bu, Rəhim kişinin arvadının naləsi idi. Onların tayası topdan od almışdı, yanırdı.
Tayaya su üstündən su töksələr də, bellə, yava ilə tayanı döysələr də yanğını öləzidə bilmirdilər.
Tosu da ora getmişdi. O, Rəhim kişini kənara çəkilib tamaşa eləyən gördü, sanki yanan taya
onunku deyildi, hamı əl-ayaq verir, özünü ora-bura vururdu, o isə gülümsünürdü, dəyirmandan
darısı da axmayan adam arxayınçılığı ilə deyirdi:
– A camaat, özünüzü yormayın, qismət deyilmiş, heç bəndənin çarxı dönməsin, döndü-
qurtardı. İndi mənim də gethagedim başlanıb. Əzizim qarğamışa, Qar yağar qar-qamışa. Yüz min
alqış neynər, O bir fələk qarğamışa. Görmədiniz başımıza nələr gətirtdi?! Hamının qarnı qan
ağlayan vaxtdan kənddə zurna çaldırdı. Bu da uşaqları havalandırdı. Uşaq ki havalandı, ondan nə
xeyir?!. Öz içini kef alıb. Elə bilir hamının könlündən «Tərəkəmə» keçir. Bizi avam yerinə
qoyub, daha demir ki, sənin əyirdiyini biz çoxdan sarımışıq. İki cöngə kəsdirdi, kolxozun
anbarını boşaltdı zurna çaldırdı, guya bayram keçirdi, camaatın kefini açdı. Özünə toy vurdurdu.
Əsgər dostunun namusunu yaman saxladı... Tosu orada çox dayanmadı. Gördü ki, Rəhim kişi
dediklərinin hamısını ona eşitdirir. Bir az da çox dursa, qulaqları daha çox söz eşidəcək. Ordan
aralandı ki, Rəhim kişi girsin, onun dediklərin də başqalarının qulağı olmasın... Atası həyət
qapısının ağzında dayanmışdı. Tosu istədi geri dönsün, eşitdikləri, gördükləri ondan əl çəkənə
qədər getsin, ürəyi, könlü boşalana kimi yerisin, qəlbinə yığılanları dağlarda, dərələrdə itirənə,
azdırana təki dayanmasın. Dala çevrildi də, lakin elə bil dizləri tutuldu, elə bil evlərində,
32
həyətlərində onu gözləyən kədər yetim kimi mələdi, onu çağırdı, «ata»! deyib ağlayacaq, «ana!»
deyib inləyəcək, atası da, anası da «Tosu» deyib vaxt-bivaxt göz yaşı axıdacaq, bir eli, bir kəndi
zara gətirəcək. – Tosu!.. Atası çağıranda da ona elə gəldi ki, bu səs onsuz qalan kədərin səsidir,
kədərin harayıdır. Bu kədər axşamdan bəri qapı ağzında dayanıb, Tosunun yolunu gözləyib.
Acdır bu kədər, susuzdur bu kədər. Əli yerlərdən də, göylərdən də üzülüb bu kədərin. Kədərin
yetimliyi necə yaman olarmış...
Kədərin iniltisi, sızıltısı necə ürək dağlayan olarmış ürəkdə yurd salan kədər üzdə, gözdə
necə gözərmiş, necə sevinərmiş, necə gülərmiş necə ağlayar, necə hönkürərmiş. Acı kədər bəzən
necə şirinləşərmiş, necə bala dönərmiş. Axı bu evdə, bu həyətdə, ana həsrəti vardır... Atası qapını
açdı, həyətə qabaqca özü gəldi, sonra da Tosu. Atası qoltuq ağacını ikicə dəfə irəli atıb dayandı,
geri çevrildi. Aynadan həyətə süzülən işıq Tosunun üzünə düşürdü. O, atasının kölgəsinə çəkildi.
Mehdi yana tərpəndi, kölgəsini qaçırtdı. Tosunun üzünə yenə işıq düşdü. O, gözlərini yerə dikdi.
Solğun işıq Tosunun qanı qaçmış üzünü bir az da sarı göstərirdi. Aylarla aclıq, qıtlıq görən uşaq
heç bu qədər candan düşməmişdi. İndi boğazı armud saplağına dönmüşdü, elə bil başı
yekəlmişdi, ovurdları boşalıb sallanmışdı. Canını-cəsədini kip tutan qara, nimdaş köynəyinin
boyunluğu sanki genəlmişdi, köynəyin ətəyindən tutub bir azca çəkən olsaydı, əynindən çox
asanca çıxardı.
– Ağrın alım, Tosu... Elə bil ata səsi, ata yalvarışı deyildi, ana nəvazişi idi, çay dərəsindən
keçib gəlmişdi, Mehdini, Tosunu görüb gəlmişdi, ərinin halına acımışdı, oğluna iltimasa
gəlmişdi... Mehdi ayaq üstə dura bilmədi, oturdu. – Otur, Tosu. Tosu da əlini yerə verib əyləşdi.
Arxasını işığa, yönünü qaranlığa çevirdi, atası ilə yanaşı oturdu.
– Neyniyək, Tosu? Bu yazığı çöllərə salsaq bizə nə deyərlər, bizim kişiliyimizə necə
baxarlar? Tosu başını cəld döndərib, atasına baxdı. Sonra üzünü çox yavaş-yavaş qaranlığa
çevirdi. Bu, baxışa oxşamadı, sanki iti bıçaq idi, atasının boğazına çəkmişdi, bu söz-söhbəti
atasının boğazında kəsmək istəmişdi. Atası bilmirdimi ki, Tosu uşaq da olsa, bəzi şeyləri başa
düşür. Bilir ki, bu qapı-baca arvadsız qalmayacaq, gec-tez birini gətirəcəklər, biri gələcək, o da
bəxtə-bəxt ya ilan-əqrəb çıxa, ya da Tosuya ana payı, bacı payı ola, heç olmasa, ona qohum gözü
ilə baxa, dili ilə yağlayıb, gözü ilə dağlamaya onu; əli ilə bağlayıb, ayağı ilə saxlamaya onu.
Nazlıdan başqa hansı analıq Tosunu cəhənnəm odunda yandırsa, ona belə təsir eləməzdi. Axı
burda dost qeyrəti vardı. Dost dostun başsız qalan arvadını saxlamalıydı, ona başqa gözlə
baxmamalıydı, ərə verməliydi, alan olmasa belə özü evlənməli, o da bu evin ocağı başında
qocalıb qarımalıydı – dost namusu, dost əmanəti kimi... Rəhim kişi hələ bu axşamdan
damğalanmağa başlayıb, qara yaxmağa başlayıb, aradan beş-on gün keçəndən sonra gör bu
«pişik nə qədər balalayacaq?» Kəndə söz yayacaq ki, Mehdi o əsgərlə davada tapışmayıb,
davada dostlaşmayıb, yaxınlıqları davadan qabaq – kolxoz sədri olandan varmış. Şəhərə yolu
düşdükcə ora gedirmiş, kolxozun müftə pulundan xərcləyirmiş, kişini kefləndirib arvadı ilə o
vədədən mazaqlaşırmış. İmanım Allah əmanəti, yalançısı bunu deyib olsun, eşitdiyimə görə
«dostunu» da həmin bu nazlı-qəmzəli xanıma görə öz cüyəsi qəsdən öldürüb. Yoxsa, Nazlı
şəhərdə bir kölgə, bir dalda tapmazdı? Elə gəlinə quyruq yedirdən qəhədliyi başlanmışdı
şəhərdə? Rəhim kişinin uşaqları məktəbdə Tosuya söz atacaqdılar, onu ələ salacaqdılar:
«Dostunu öldürən, dostunun arvadını alan Mehdinin oğlu», – deyib onu lağa qoyacaqdılar, ona
güləcək, uşaqları da inandırıb ona güldürəcəkdilər. Atası bunları niyə fikirləşmirdi? Mehdi əlini
qanamayan yerdən qan çıxardanların dırnaqları altına niyə salırdı? – Bu yazığın əlində bir sənəti
yox, şəhərdə bir qohumu yox, meylini, mehrini də sənə salıb, gedib orda necə dolansın? Bizi
qınamazlarmı ki, bir tikə çörək verməyin dərdindən burunladılar, didərgin saldılar?
– Qoy getsin!
– Nə? – Mehdinin ağzı əyildi.
– Nə?.. Səsi Tosunun başına daş kimi düşdü. O dönüb əyilmiş ağzı ilə bu daşı düz atan
atasına baxanda onun tərs şilləsi üzündə tapança kimi açıldı. Tosu üzünü tutub qalxdı, qulağının
biri batdı, həyət qapısına sarı yüyürdü. Göy guruldadı, şimşək çaxdı. Dənizdə batan uşaqların
sahil qayalarında qalan çığırtısı, Tosunun anasının çay dərəsindən qopan səsi eşidildi: «Can