2
Çaqqal neçə axşam idi ki, kəndə gedir, bircə hinə də yaxın düşə
bilmirdi. İyini alan itlər qoparağını götürürdülər. O, bəzən özünü kola-
kosa vurur, canına dolan tikanların sızıltısından çimir də eləmirdi, bəzən
də qayalardan, sıldırımlardan atılır, çınqıllarla dığırlanır, xəncər kimi iti
daş kəsəklər baş-gözünü çapır, yaralayırdı. Çaqqal bunların hamısına
dözürdü, amma ac qalırdı, aclıq onu gündüz də meşəyə, dağ-dərəyə
qovurdu, onda da ovçuya rast gəlirdi, güllələr, saçmalar, qulağının
dibindən vıyıldayıb keçirdi, ayaqlarının altından toz qaldırırdı.
Belə günlərin birində göydə qartal gördü. Əvvəl alçaqda süzürdü,
sonra dövrə vura-vura havalandı, göy səmanın sonsuzluğunda nöqtə
kimi qaraldı. Axırda yenə fırlana-fırlana aşağı endi, dağın başına qondu.
Dağın zirvəsində çiyni qara yapıncılı çobana oxşadı, sanki hər ətəkdə,
hər axar-baxarda bir sürü qoyun-quzu örüşə yayılmışdı, onlara baxır,
onlara göz qoyurdu.
Qartal zirvədə çox ləngimədi, aşağı şığıdı. Çaqqalın başının
üstündə dolana-dolana göylərə milləndi.
Çaqqal fikirləşdi ki, ona qanad verən zirvədir, gülləçatmaz
ucalıqdan hər yanı aydın görür, ovunu gözü alır, sonra da şığıyıb
götürür. O da toyuq-cücə oğrusudur. İndicə elə bildi mən də havayı bir
yeməm, azıb yiyəsizliyə çıxmışam. Gördü yox, çox yekələmə qanadım
olsa, mən üç-dörd o boyda görünərəm, vaz keçdi. Mənim toyuq –
cücələrimi qorxuzub hinlərə dolduran odur! İtləri duyuq salan odur! İndi
hin vaxtıdırmı?! Bu istidə toyuq-cücələr hində bişirlərmi?! Belə
bugünkü gecələrdə boşu atan, başından basıb keçsən də dünyadan xəbəri
olmayan itlərin görmürsən qulaqları necə dikdir?! Qanadım olsa, göyün
yeddi qatında süzərəm toyuq-cücələr bağlara, meşələrə dağılaşanda
birini qapıb yenə havaya qalxaram. Sabah da başqa kəndə. Hər gün bir
özgə kəndə. Belə eləməsəm; pusquda yatıb məni gözləyən toyuq-cücə
sahibləri yorulub bezikməzlər, tüfənglərini dabandan salmazlar. Lap hər
kəndin üstündə ildə bircə dəfə görünərəm. Qanadlarım məni haralara
aparmaz ki! O boyda göyün üzü mənim olmazmı?!
Çaqqal başını qaldırıb qartala bir də baxdı: "Əgər göydə ondan
başqa bir kimsə varmı?! Ona qanadı həmin qəlbi verib. Gündüz ordan-
burdan çalıb-çatıb gəzir, gecə də yemək-içməyində kefində olur. Ora
kimin əli çatar, ünü yetər ki!.. Toyuq --cücə yiyələri gərək ayıq ola.
Yuxarı dırmansınlar, iməkləsinlər. Allahın bir toyuğundan, cücəsindən
ötrü o əziyyəti, əzabı kim çəkmək istəyir?! Mən də həmişə dərə
xəlvətliyi, tülkü bəyliyi axtarmışam. Gecələr qobu-qolpunlarda
3
sürünmüş, gündüzlər yarğanlarda uçurumlarda gizlənmişəm. Aşağılarda
can çürütdüyümə görə də qanadım yoxdur. Allah aşağıdakına haçan
qanad verib ki!.."
Çaqqal xeyli yuxarı dırmaşdı. Dayanıb boylandı. Baxdı ki,
yaxındakı kəndlər də meşənin ətəklərindəki sürülər də, qapı-bacada
dənlənən toyuq-cücələr də, çayda çimişən uşaqlar da hər şey, hər şey
çox aydın, çox açıq görünür, yəqin, indi onlar da onu görəcəklər.
Uşaqların hərəsi bir daş, bir ağac qapıb dalınca salınacaqlar, böyüklər də
tüfəngi götürüb nişan alacaqlar, onu toza-torpağa qatacaqlar. Bir kolun
dalında gizlənəcəklər :
"Qoy qaranlıq düşsün". Şər qarışanda zirvəyə sarı yönəldi.
Qabağına bir çınqıllıq çıxdı. Elə bildi düzlərdə– düzəngahlarda gördüyü,
keçdiyi daşlıqlardandır. Ayağını basan kimi çınqıllıq şəlalə kimi axmağa
başladı. Çaqqal dərənin dibində bənd aldı.
Dağın o üzünə keçdi. Yenə sıldırımlara, uçurumlara rast gəldi,
hamısının da içi sürüşkən, çınqıllıq, biri tərpənsə daş-qaya seli onu yenə
öz ağzına alacaqdı. Dağın günbatan tərəfinə hərləndi. Bura daha
təhlükəli idi. Sıldırımların, yarğanların dibi də görünmürdü. Dağın ən
çox gündəyən səmtinə keçdi. Bir qılıcı tutub axıracan getdi. Bir qayanın
üstə çıxıb şöngüdü. Qılıcın iti daşları dırnaqlarını aparmışdı, ayaqlarını
çapıq-çapıq etmişdi. Sızıltısı beyninə işləyirdi. Aşağılara boylandı.
Kəndlərin kom-kom işıqları görünürdü. Göydə də ulduzlar sayrışırdı.
Zirvədəki qara yapıncılı "çoban" tərpənmirdi. "Mənim başım yollara
qarışanda oğurluğu yeyib, doyub, indi də şirin-şirin yatır. Böyründən
qəfil çıxacam.." Çaqqalın acından heyi kəsilsə də ləzzətlə gülümsədi.
Yola düzəldi. Qılıcın ən iti yerində büdrədi. Yaralı əli ilə xəncər
daşlardan yapışdı, göydən asılı qaldı. Ayaqlarını qılıcın döşünə dirəyib
güc verəndə əlinin birini çatdırdığı daş qopdu, bir qolunun ümidinə
qaldı. Bağırdı. Qılıca necə sarmaşdığını, ölümdən necə xilas olduğunu
özü də bilmədi. Bircə onu gördü ki, yenə qılıcın belindədir, ancaq
canının hərəsi bir dil demiyən yeri yoxdur. Dan yerinin ağarmasını
gözlədi. Hava işıqlaşar-işıqlaşmaz özünü zirvəyə çatdırdı.
Qartal havalandı.
Çaqqal zirvənin ətəklərinə baxdı. Heç bir toyuq-cücə tükü, sür-
sümüyü görmədi: "Bəs bu oğrunun oğurluğundan niyə heç bir nişanə
qalmayıb?
– Güldü.
4
– Gicdir, iz azdırmır". Gün çıxanda ilk dəfə zirvə, zirvədəki çaqqal
qızardı. Aşağılardan hay-küy qopdu. Hər kənddən bir dəstə uşaq zirvəyə
sarı axışdı. İtlər hürüşə-hürüşə dağın ətəklərinə tərəf götürüldülər. Dağın
zirvənin elə bir səmti qalmayıb ki, çığırtı-bağırtı, toz-duman bürüməsin.
Çaqqal əvəl elə bildi ki, itlər, uşaqlar ona çatana kimi zirvəyə qanad-
quyruğu düzüləcək. O da onların başının üstündən gülə-gülə ötəcək,
qapı-bacanı yiyəsiz qoyub gələnlərin neçə toyuq – cücəsini çalıb
qaldıracaq, göydəcə parçalayacaq, birini də götürüb ən uzaq zirvələrin
birinə qonacaq. Lakin özündə əvvəlki ağırlığı bir də duydu, çiyinlərini
tərpətdi, heç bir yüngüllük hiss etmədi. İnanmadı, sandı ki, hoppansa,
qanadlar qeybdən nazil olub onu göylərdən göylərə aparacaq. Hoppandı
da…
Axşamüstü günəş zirvəyə sarı saç atanda qartal yenə də havada
süzür, çaqqal isə göylərə, qartala baxa-baxa zarıyırdı.
ÇİNAR
Dümdüz bir çöl vardı. Baxanda adamın gözləri axırdı, adamın
gözləri itirdi. Elə bil bu düz kar idi, adam öz səsini güclə eşidirdi. Bu
düzün göyü çox alçaq idi, əl uzansa çatardı. Bu düzün yeri çox yastı idi,
yeriyənin yerişi artmırdı, qaçanın qaçışı bilinmirdi, sanki yüyürür, kəslər
yüz addım atandan sonra bircə addım qabağa düşürdü. Ona görə də bu
düzə həm kar, həm kor, həm də hərami düz deyirdilər. Bu düzdə
küləklər də, gündüz də yorulurdu, bu düzdən gecələr də bezikirdi.
Bir gün payız küləyi öz qanadında bir çinar toxumu gətirdi, bu
düzə saldı. Bulud göydən yağış ələdi, bu tumu suvardı. Günəş bu düzün
üstündə çox dayandı, bu tumu cücərtdi. Bu düdə bir çinar şivi baş
qaldırdı. Çox zərif idi, çox incə idi, mehdən də uçunurdu, əyilirdi.
Fəsillərin küləyi illərlə bu şivdən aralı keçdi, qorxdular ki, qatlayarlar,
sındırarlar, illərin tufanları bu şivə yaxın gəlmədilər, bu şivi
dondurmaqdan qorxdular. Ayların quraqlığı bu şivin bir köçlüyündən
ötdü, qorxdular ki, bu şivi qurudarlar. Bu şivin başının üstündən günəş
əskik olmadı, bulud əskik olmadı, su istəyəndə su verdilər, gün
istəyəndə gün. Bu şiv barmaq-barmaq böyüdü, çilik-çilik ucaldı, buğum-
buğum qalxdı. Qol-budaq atdı. Gövdəsi yoğunlaşdı, maralbuynuz
budaqlar qalxdıqca qalxdı. Bu şiv dibində, kölgəsində min qoyun-quzu
Dostları ilə paylaş: |