İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə40/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   36   37   38   39   40   41   42   43   ...   142

 
 
Azərbaycanlı gəlib rus çölünə çıxdı. Bellə torpağı qazmağa başladı. Bir az qazmışdı, yerdən su çıxdı.
Suyu ovuclayaraq üz-gözünə çırpıb, sevinclə qışqırdı:
– Su! Mən su tapdım!
Evinin kandarında oturub duzlu xiyarla əldə tutulma araq içən saqqallı rus kişisi ona baxıb dedi:
– Sən heç nə tapmadın. Rus torpağının altı buzlaqlardır, haranı qazsan, su çıxacaq.
 
***
Qobi yol gedirdi. Rus qarılarından aldığı günəbaxan yağında bişirilmiş piroq yeyir, quyularda
qızlardan su alıb içir, gecələr bağlarda, yol kənarlarında yatır, səhərlər durub yoluna davam eləyirdi.
Rusiya soyuq və böyükdü.
İri şəhərlərdə polisin onu axtaracağından ehtiyatlanıb Rusiyanın ucqarlarına doğru gedirdi. Adı
hardasa qeydə alınmasın deyə qatarla, təyyarəylə getmir, yol maşınlarına, avtobuslara üstünlük
verirdi. Polisdən uzaq qaçır, qəfildən onu yaxalayan polislərə də sənədlərini itirdiyini deyib beş-on
manat verməklə canını qurtarırdı.
On gündən sonra gəlib Uraldakı bu ucqar kəndə çıxdı. Kənddə ilk qarşısına çıxan adamın adı Stepan
idi, onun bura yaşamağa gəldiyini və yaşaması üçün ona torpaq lazım olduğunu biləndə dedi: “Bizim
torpaqlar çoxdur, adamlarımız çıxıb gedir, kənd boşalır, torpaqlar da başlı-başına qalıb. Cavanlar
kənddə qalmırlar, ya iri şəhərlərə gedirlər, ya da çeçenlərlə müharibəyə gedib orda ölür, geri
qayıtmırlar. – Ona meşəyə bitişik çəmənliyi göstərib dedi: – Get orda hardan xətrin istəyir, nə qədər
istəyir, torpaq götür, ək, becər, mal-qoyun saxla. Amma əvvəlcə gedək bizə, nahar elə. Yoxsa
acqarına bir iş görə bilməzsən”.
Stepan onu evinə apardı, arvadı narazı qalmışdı. Sən müsəlmanı evə nahaq gətirirsən, düşər-düşməzi
olar. Müqəddəs ata moizəsində deyirdi ki, müsəlmanların ayaqları bizim torpaqlara dəysə,
torpaqlarımız murdarlanacaq, bərəkəti qaçacaq.
Stepan arvadının üstünə qışqırdı. Kəs səsini! Sənin o müqəddəs atanın qandığı bir şey yoxdur. Heç
arağı da adam balası kimi içə bilmir. İçdimi, dul qadınlardan birinin daxmasına soxulur. Bütün kənd
yığışıb onu ordan çıxarda bilmir. Əslində çıxartmarıq da, nəyimizə lazım, çünki dul qadınlar da
narazı olmurlar. Amma kilsə keşişsiz qalır. Sizsə beləsinin sözünə qulaq asırsız. Müsəlmanların
bizim torpaqlara ayaq basmasını istəmirdiksə, biz də onların torpağına ayaq basmamalıydıq. Rusiya
torpaqlarının çoxu müsəlman torpaqlarıdır. Sən az danış, ayağa qalxıb sür-sümüyünü əzməyimi
istəmirsənsə, tez süfrə aç. Qonağa xidmət elə. Mən işi belə görürəm, sənə kilsəyə getməyi, o keşişin
axmaq moizələrinə qulaq asmağı qadağan eləməli olacağam!
Qadın əlavə nəsə deməyə cürət eləmədi, süfrə açdı, çörək, soyutma kartof, bir dolça süd, duza
qoyulmuş kələm gətirdi. Stepan da süfrəyə litrlik şüşədə samaqon qoydu. Özü üçün araq, onun üçünsə
süd süzdü, bu mənim üçün, bu da sənin üçün, dedi. Xristian araq içir, müsəlman da süd.
Qobi onun bölgüsüylə razılaşmadı, mənə də araq süz, dedi, qoy xristian da araq içsin, müsəlman da.
Bir süfrədə oturmuşuqsa, niyə ayrı-seçkilik eləyirsən?
Stepan eşitdiklərinə inana bilmirdi.
– Sən nə danışırsan, müsəlman necə araq içə bilər, axı araq müsəlmanlara qadağan olunub.
– O qadağalar kasıblar üçündür, – Qobi onu başa salmağa çalışırdı, –müsəlmanlarda varlılar içirlər,
yalnız kasıblar bizə qadağan olunub deyə içmirlər. Mən varlı deyiləm, amma ağlım var.


Stepan arağını içdi, sifətini turşudub duzlu xiyardan yedi və kartof götürüb soymağa başladı. Sən bir
bura gəl, arvadını səslədi, deyirdin, müsəlmanların ayaqları bizim torpaqlara dəydimi, torpaqlarımız
murdarlanacaq, onlar isə arağı səndən, məndən yaxşı içirlər.
Qobi də arağını içdi, kömür kimi qapqara çörəkdən yedi, çörək qara olsa da, ləzzətliydi, qəribə ətri
var idi, ağ çörəkdən daha çox ləzzət eləyirdi. Kartof götürüb soydu, duzlayıb yeməyə başladı. Stepan
ona deyirdi, şaxtalar düşən kimi donuz kəsəcəyəm, onda bizim arvad sənin üçün yaxşı yeməklər
bişirər. Donuz salasıyla araq ləzzət verir, həm də sala şaxtadan qoruyur.
– Yox, – etiraz elədi, – mən donuz əti yemirəm.
– Necə? – Stepan inamsızlıqla səsləndi. – Araq içirsən, amma donuz əti yemirsən? Sən nə cür
müsəlmansan, bir qadağanı vecinə almırsan, digər qadağaya əməl eləyirsən?
– Bu, qadağaya görə deyil, – Qobi dedi, – donuz ətini xoşlamıram. Zəhləm gedir, salasını isə heç
dilimə də vura bilmirəm. Amma qaban əti yeyirdim, kənddə olanda meşəyə gedər, qaban vurub
gətirərdik. Ləzzətli əti olardı.
– Qışda meşəyə gedər, sənin üçün qaban vurarıq, – Stepan təzədən stəkanlara araq süzdü, – bizim
meşələrdə qaban çox olur. Amma sən sala yeməyə alışmalısan. Sala yeməsən, bizim yerlərin
şaxtasına dözə bilməzsən.
Yeyir, içirdilər. Stepan ondan soruşdu:
– Sən hardansan?
– Azərbaycandanam, – Qobi dedi.
– Tatarsan?
– Yox, türkəm.
– Bizlərə orda tatarların yaşadıqlarını deyiblər. Amma nə fərq elər?
Yeməkdən sonra ayağa qalxıb həyətə düşdülər. Qobi Stepandan bel, balta aldı, dedi, özüm bunları
alana kimi səninkilərdən istifadə eləyəcəyəm. Birlikdə kənd dükanına getdilər, Qobi araq, çörək,
qənd-çay, duz, qəhvədan və fincan aldı. Burdan isə Stepanın ona göstərdiyi çölə getdi. Çöl yamyaşıl
otlarla və ağappaq göbələklərlə örtülmüşdü. Qobi öz çöllərindən də göbələk yığmışdı, amma ilk
dəfəydi çöldə bu qədər göbələk görürdü. Bu onu sevindirdi, yemək sarıdan narahat olmaya bilərdi.
İlk işi su axtarmaq oldu, beli götürüb torpağı qazdı və üç metr qazandan sonra su çıxdı. Suyu var idi,
indi də gecələmək haqda düşünməliydi, Stepan ona demişdi, gündüzlər havanın mülayim, isti
olmağına baxma, gecələr hava soyuyur, açıq çöldə yata bilməzsən, bizə gələrsən. O isə getməyəcəkdi,
ona görə də gecə harda yatacağı haqda düşünməliydi.
Torpağı metr yarım dərinə qazdı, sonra da köndələninə oyuq qazmağa başladı. Torpaq yumşaq
olduğundan işi sürətlə gedirdi. İki adamın belə rahatlıqla yerləşə biləcəyi oyuq hazır olanda hələ
günün batmasına çox qalırdı. Meşəyə getdi, iki-üç qucaq yamyaşıl şam budağı qırıb gətirdi və oyuğun
yerinə döşədi. Aşağı düşüb çıxmaq üçün rahat pillələr düzəltmişdi, oyuğun ağzı dar idi. Adam
çətinliklə içəri keçə bilirdi, içəri isə geniş idi.
Yenə meşəyə gedib quru çırpı, odun yığıb gətirdi və ocaq qaladı. Qəhvədanı doldurub ocağın
üstündən asdı. Yaxınlıqdan bir vedrə göbələk yığıb ocağın kənarında oturdu. Köz düşəndən sonra
közü yaydı, göbələkləri təmizləyir, içlərinə duz töküb közün üstünə düzürdü. Duz əriyib sulananda
göbələkləri götürüb Stepanın verdiyi çovdar çörəyi ilə ləzzətlə yeyir, araqdan az-az içirdi. Yeyib
doyandan sonra çay dəmlədi.
Rus çölündə ocağın kənarında oturmuşdu. Çay içir, ara-sıra ocağa çırpı, odun atırdı. Gün əyildikcə də
hava soyuyurdu. Ocaq sönsün deyə daha ocağa çırpı atmadı. Bir fincan da çay içib, ayağa qalxdı.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə