İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə41/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   37   38   39   40   41   42   43   44   ...   142

Artıq günəş meşənin arxasına əyilmişdi. Bağlamasını da götürüb oyuğa düşdü. Bağlamadan adyalı
çıxartdı, adyala bürünüb şam budaqlarının üstünə uzandı. Oyuqdan qatran və rütubət qoxusu, təzəcə
qazılan torpağın qoxusu gəlirdi. Qarşıdakı bacadan sayrışan ulduzlar görünürdü. Qobi düşünürdü:
“Mən burda, rus çölündə uzanmışam, göydəki ulduzlara baxıram, bəlkə indi vətəndə də kimsə evində
uzanıb pəncərədən eynilə mənim baxdığım ulduzlara baxır. İkimiz də eyni ulduzu görə bilirik, amma
aramızda min kilometrlərlə məsafə var”.
Yorğun olduğundan tez yuxuya getdi, belə şəraitdə yatmağa alışmışdı, yerinin narahat olmasını hiss
eləmirdi, soyuq da deyildi. Yalnız gecəyarısı oyanıb havanın soyuduğunu hiss eləyəndə oyuğun ağzını
iki iri şam budağı ilə möhkəmcə örtdü və yenidən yatdı. Ayılanda şam budaqlarının arasından içəri
günəş şüası süzüldüyünü gördü.
Qarşıdan qış gəlir, dedi, bundan sonra gərək az yatam. Yoxsa qışa qəfildən yaxalansam, rus çölündə
donaram.
Oyuqdan çıxıb ocaq qaladı, çay qaynatdı, göbələk yığıb közün üstündə bişirdi, səhər yeməyini yeyib
çayını içəndə Stepan gəlib çıxdı. Ocağın kənarında oturdu, ona da çay süzdü. Stepan dinməzcə çayını
içir, mənalı baxışlarla onu süzürdü. Sözlü adama oxşayırdı, nəhayət, dilləndi:
– Hə, indi mənə həqiqəti danış. Məncə, sənin pulun var, elə isə niyə şəhərdə qalmadın, gəlib bu ucqar
kəndə sığındın. Niyə kənddəki evlərdən birində kirayə tutmursan, çöldə oyuq qazıb orda
gecələyirsən?
Qobi də heç nəyi gizlətmədən qan davasından danışdı. Məni polislər və oğraşlar tayfasının adamları
hər yerdə axtarırlar, dedi. Şəhərdə qalardımsa, polislər yaxalardı. Həmişə pul verib qurtara
bilməzsən. Kənddə ev kirayə tutmamağım isə bununla bağlı deyil, gedib hansısa hisli, qoxulu evdə
qalmaqdansa belə geniş, gözəl çöldə gecələmək mənə xoşdur. Axı mən qabanam. Qaban meşəni, çölü
qoyub kəndə getməz.
Stepan ona dedi, mən sənin polislərdən qaçdığını dərhal hiss elədim. Yalan danışsaydın, bəhanələr
gətirsəydin, elə bu gün zəng eləyib polisi çağıracaq, səni onlara təslim edəcəkdim. Sənsə həqiqəti
danışdın. Həqiqəti danışmağı bacaranlar haqlı olurlar. Ən əsası da pis adam olmurlar. Mən sənə
kömək eləyəcəyəm. De görüm, sənin üçün neyləyə bilərəm?
– Mənə pasport lazımdır, – Qobi dedi, – öz pasportumla heç yerə gedə bilmərəm. Puluna görə də
narahat olma, nə istəsələr, verəcəyəm.
Stepan getdi və axşam qayıdıb gəldi. Taqilə getmişdim, dedi, orda tanışlarım var. Oğlumla birlikdə
döyüşüblər. Məni bu işi bacaran adamla tanış elədilər. Sənə saxta yox, əsl pasport verəcək. Rusiya
vətəndaşının pasportunu. Amma bu ucuz olmayacaq, on min istəyirlər.
Dinməzcə çıxarıb Stepana on min dollar verdi, yol pulu kimi özünə də beş yüz dollar verdi. Stepan
götürmək istəmirdi, nə danışırsan, mən sənə pula görə kömək eləmirəm.
Zorla pulu onun cibinə saldı və səhərisi Stepan cavan bir oğlanla çölə onun yanına gəldi, oğlan şam
ağaclarının arasından ağ parça asıb, parçanın önündə onun şəklini çəkdi və çıxıb getdi. Stepan üç
gündən sonra gətirib onun pasportunu verdi. Bu pasporta görə o, Rusiyada doğulmuşdu, Rusiya
vətəndaşı olan azərbaycanlıydı.
Stepana yenə də pul verdi. Mənə bir inək al, dedi, süd verən olsun, mən süd içməliyəm.
Stepan onun üçün balalı bir inək alıb gətirdi. İnəyi sağır, axşam yatanda və səhər yeməyində süd
içirdi. Südü buzovla bərabər bölürdü. Yarısını sağır, yarısını isə buzova saxlayırdı. Mətbəxi
zənginləşmişdi, süd içir, közdə göbələk bişirir, külə kartof basdırır, südlə xəmir yoğurub, ocaqda
kömbə bişirirdi. Arada Stepanla çaya gedib balıq da tuturdu. Yalnız ətə həsrətdi, donuz əti yemirdi,


kənddə də nəyə görəsə cöngə kəsib satan da yox idi. Bir-iki dəfə Stepan onun üçün toyuq alıb
gətirmişdi, amma buranın toyuqları dadsız idi, ətindən iy gəlir, rezin kimi möhkəm olurdu. Meyvə-
tərəvəz üçünsə lap burnunun ucu göynəyirdi, ən çox sarımsaq və acı bibər yadına düşürdü.
Stepan ona dedi:
– Sən indi, yəqin, ən çox öz torpaqların, doğmaların haqda düşünürsən.
– Yox, – Qobi köks ötürdü, – mən indi ən çox qadınlar haqda düşünürəm.
– İşimizin ən asan hissəsi sənin düşündüyündür, – Stepan dedi. – Bu kəndin qadınlarının yarısı
duldur, qızlarının da yarıdan çoxu kənddə cavan oğlan olmadığına görə ərə gedə bilmirlər.
Kişilərimiz müharibədə ölür, ya da özləri çıxıb gedirlər. Sən cavansan, sənə ərə getməmiş cavan qız
alarıq. Elə biri bizim qonşuluğumuzda var, atası müharibədə həlak olub. Qəşəng qızdır, ağıllıdır,
zirəkdir. Gedək özün də bax, razı olsan, qalan iş mənlikdir. Anasını yola gətirərəm.
Qobi boyun qaçırtdı, evlənmək istəmirdi.
Aralarındakı bu söhbətin səhərisi Katya adlı bir qız inəyini otarmaq üçün çölə gətirdi. Yoğun
baldırları olan qəşəng qız idi, qızılı saçlarından yoğun hörük hörmüşdü, bədənindən sağlamlıq,
gümrahlıq yağırdı. Çoxdan qadın üzünə həsrət qalan Qobinin qızı görən kimi də bədəninə əsməcə
düşdü.
Qızı çay içməyə dəvət elədi, qız cərgəylə düzülmüş ağappaq dişlərini göstərərək ehtirasla güldü və
onun dəvətini qəbul elədi. Çay içirdilər, Katya özü haqqında danışırdı. Əri üç il imiş döyüşdəymiş,
yalnız iki-üç aydan bir ara-sıra məktub yazır, ya da telefonla danışırmış. “ Nə vaxt qayıdacağı haqda
isə heç nə demir, belə görünür, onun üçün çeçenlərlə döyüşmək ailəsindən, arvadından üstündür”, –
hirslə deyirdi.
Birlikdə göbələk yığıb közün üstündə bişirdilər, göbələklə araq içdilər. İçəndən sonra yanaqları
qızarmış, enli sinəsi, yarısı koftasının yaxasından çöldə qalan döşləriylə onun ağlını başından eləyən
qıza dedi:
– Meşəyə gedəkmi?
– Gedək, – qız düşünmədən razılıq verdi.
Birlikdə meşyə getdilər, Qobi özüylə götürdüyü adyalı yaşıl otların üzərinə sərdi və qızı qucağına
götürüb adyalın üstünə uzatdı. Qıza özünə gəlməyə imkan vermədən onu soyundururdu, qız mərmər
heykəli xatırladan qüsursuz gözəl bədəniylə onu heyran eləmişdi. Daş kimi bərk bu bədəndən doymaq
bilmirdi.
Cəmisi üç aydı evlənmişdik, qız danışırdı, ömrümüzün ən gözəl günlərini yaşayırdıq. Birdən-birə
müharibəyə getdi. Nə qədər çalışdımsa, onu fikrindən daşındıra bilmədim. Məni düşünmədi,
fikirləşmədi. Üç ildir gedib, yəqin, orda qızlarla yatır, gəzir. Bəs mən neyləməliyəm? Mən qadınam,
cavanam, mən də istəyirəm. Amma kişini hardan tapasan? Cavanlar məktəbi qurtaran kimi qaçıb
gedirlər, döyüşdən qayıdan yaralılar, şikəstlər də heç özünkülərinin tələbatlarını ödəyə bilmirlər.
Bu gündən başlayaraq Katya hər gün onun yanına gəlirdi, ocaq qalayır, çay içir, göbələk bişirib araq
içir, sonra da meşəyə gedirdilər. Katya öz təbiiliyi, saflığı ilə, öz gözəlliyi ilə ağrılı-acılı günlərini
ona az da olsa unutdura bilirdi.
Stepan isə ona xəbərdarlıq elədi, sən uzağı ay yarım göbələk yeyə, bu inəyin südünü içə biləcəksən,
sonra isə şaxtalar düşəcək, inək də donub öləcək, sən də.
Ona minnətdarlığını bildirdi, yaxşı yadıma saldın. Yoxsa mən qarşıdan qış gəldiyini unutmuşdum. Sən
narahat olma, ay yarıma burda şəhər salmaq olar. Nə mən donaram, nə də inək.
Stepanın köməyi ilə tikinti materialları alıb gətirdi, fəhlə, usta tutdu. Çalovlu traktor torpağı qazıb


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə