Jan Batist molyer



Yüklə 342,87 Kb.
səhifə5/5
tarix25.06.2018
ölçüsü342,87 Kb.
#51343
1   2   3   4   5
VALER Sizi inandıra bilərəm ki, özgə adları mənim şərəfimə layiq deyil, bütün Neapol mənim əsil-nəcabətimi təsdiq edə bilər.
ANSELM Ehtiyatlı olun! Sözü deməmişdən qabaq bir düşünün. Yalanınızın üstü açıla bilər: qarşınızda duran adam bütün Neapolu tanıyır. Onu aldada bilməzsiz.
VALER (Məğrur sifətlə şlyapasını başına qoyaraq). Mən heç nədən qorxmuram. Əgər sizə Neapol tanışdırsa, onda gərək don Tomazo d’Alburçi də tanış olsun.
ANSELM Əlbəttə, tanışdır. Məndən yaxşı onu kim tanıyar?
QARPAQON Cəhənnəm olsun don Tomazo da, don Martino da. (İki şamın yandığını görüb, birini söndürür).
ANSELM Xahiş edirəm, onun sözünü kəsməyin. Qulaq asaq, görək nə deyir.
VALER Onu deyirəm ki, o mənim atamdır.
ANSELM Don Tomazo?
VALER Bəli!
ANSELM Yaxşı, görək! Daha uğurlu yalan düşünün, bununla nə bizi aldadarsız, nə də özünüzü xilas edərsiz.
VALER Xahiş edirəm, ifadələrinizdə ehtiyatlı olun. Mən sizi aldatmıram və dediyimi sübut edə bilərəm.
ANSELM Necə! Siz hələ cəsarət edib, don Tomazo d’Alburçinin oğlu olduğunuzu iddia edirsiz?
VALER Bəli, cəsarət edirəm və bunu hər kəsin yanında təsdiq etməyə hazıram.
ANSELM Sırtıqlığın dərəcəsinə bax! Onda məlumunuz olsun – və utanın – ki, on altı, bəlkə də daha çox il bundan əvvəl, dediyiniz adam arvadı və uşaqları ilə birlikdə dənizdə həlak olub, həmin vaxt onlar başqa nəcib ailələrlə birlikdə Neapolda baş verən qarışıqlıq və təqiblərdən qaçıb xilas olmaq istəmişdilər.
VALER Bəli. Amma sizin də məlumunuz olsun – və utanın – ki, onun yeddi yaşlı oğlunu və bir nökərini ispan gəmisi xilas etmişdi və xilas olunmuş oğlan – mənəm! Gəmi kapitanının mənə yazığı gəldi və himayəsinə götürüb, doğma oğlu kimi tərbiyə etdi. Sonra hərbi xidmətə getdim. Bir vaxt xəbər tutdum ki, öldüyünü sandığım atam sağdır. Mən onu axtarmağa yollandım və burada Tanrı məni gözəl Eliza ilə görüşdürdü. Onun gözəlliyi məni əsir etdi. Mənim coşğun sevgim və onun atasının sərtliyi məcbur etdi ki, mən başqa ad altında bu evə daxil olum, valideynlərimin axtarışını isə başqa adama tapşırdım.
ANSELM Bəs nə ilə sübut edə bilərsiz ki, danışdığınız nağıl yox, həqiqətdir?
VALER Sübut və şahidlər mövcuddur: gəminin kapitanı, atamın yaqut möhürü, anamın qoluma taxdığı əqiq bilərzik və mənimlə birlikdə xilas olmuş nökər – qoca Pedro.
MARİANA Ah! İndi mən də təsdiq edə bilərəm ki, siz yalançı deyilsiz! Sizin sözlərinizdən aydınca görünür ki, siz – mənim qardaşımsız.
VALER Mən – sizin qardaşınızam?
MARİANA Bəli. Sən danışar-danışmaz ürəyim çırpındı. Gör anamız necə sevinəcək! O, tez-tez mənə başımıza gələnləri danışırdı. Tanrı bizi gəmi qəzasında ölməyə qoymadı, amma ölümü əsirlik əvəz etdi: bizi dəniz quldurları xilas etmişdilər. On ildən sonra, təsadüfən azadlığa çıxdıq və Neapola qayıtdıq. Sən demə, bütün əmlakımız satılıbmış, atamızdan isə səs-soraq yoxdu. Onda biz Genuyaya getdik – orada anam oğurlanmış mirasımızın xırda-xuruş qalıqlarını yığa bildi, amma anamın qohumları onunla pis rəftar etdilər; o, bura köçdü və zülmlə dolanır.
ANSELM Ax, böyük Tanrı! Sənin qüdrətin hüdudsuzdur! Məni qucaqlayın, uşaqlar və atanızla birlikdə sevinin.
VALER Demək, siz – bizim atamızsız?
MARİANA Anam isə sizin öldüyünüzü bilib göz yaşları tökürdü.
ANSELM Bəli, qızım, bəli, oğlum: mən don Tomazo d’Alburçiyəm, Tanrı məni dənizdə ölümdən və müflislikdən xilas elədi: pullarımın hamısı üstümdə idi. on altı ildən çoxdur ki, sizin hamınızı həlak olmuş hesab edirdim, nəhayət uzun axtarışlardan sonra, xoşbəxtliyimi yeni nikahda, yeni ailədə axtarmaq qərarına gəldim. Mülayim və alicənab bir qızla evlənmək istədim. Neapola qayıtmaqdan qorxdum və oranı həmişəlik tərk etməyi qərara aldım. Əmlakımı satdım və keçmiş adım mənə keçmiş müsibətlərimi xatırlatmasın deyə, Anselm adı altında burada məskunlaşdım.
QARPAQON Demək, bu sizin oğlunuzdur?
ANSELM Bəli.
QARPAQON Belə isə, onda zəhmət çəkin, onun məndən oğurladığı on min ekünü özümə qaytarın.
ANSELM O? Sizdən oğurlayıb?
QARPAQON Bəli, o.
VALER Bunu sizə kim deyib?
QARPAQON Jak.
VALER (Jaka). Sən demisən?
JAK Görürsüz ki, susmuşam.
QARPAQON Komissar onun ifadələrini yazıb.
VALER Fikrinizcə, mən belə alçaq iş tutaram?
QARPAQON Tutarsan, tutmazsan, öz işindir, sən mənim pullarımı qaytar.

VI gəliş
Qarpaqon, Komissar, Mirzə, Jak, Valer, Eliza, Mariana, Frozina, Anselm, Kleant, Lafleş



KLEANT Sakit olun, atacan və heç kəsi təqsirləndirməyin. Mənim sizin itən pullarınız haqda məlumatım var və gəlmişəm sizə deyim ki, əgər mənim Mariana ilə evlənməyimə icazə versəniz, pulunuz qaytarılacaq.
QARPAQON Hardadı?
KLEANT Narahat olmayın, etibarlı yerdədir, ona mən cavabdehəm və ümumiyyətlə hər şey məndən asılıdır. Mən yalnız sizin qərarınızı gözləyirəm. Sizə seçmək imkanı verirəm – ya Mariananı mənə verirsiz, ya da mücrünüzlə vidalaşırsız.
QARPAQON Onun içindən heç nə götürməmisən ki?
KLEANT Heç nə. Mariananın anası artıq buyurub ki, onun üçün fərqi yoxdur – siz, yoxsa mən – Mariananın özü necə istəyir elə. İndi söz sizindir.
MARİANA (Kleanta.) Siz hələ bilmirsiz, amma indi tək bu razılıq kifayət deyil: Tanrı mənə təkcə qardaşımı deyil (Valeri göstərir), atamı da (Anselmi göstərir) qaytardı. Görək o nə deyəcək?
ANSELM Övladlarım, mən ona görə qayıtmamışam ki, sizin istəyinizin əksinə gedim. Cənab Qarpaqon, etiraf edin ki, həmişə gənc qızın ürəyinə oğul daha çox yatar, nəinki ata. Məni artıq söz deməyə məcbur eləməyin, məndən nümunə götürün və hər iki toya razılıq verin.
QARPAQON Mücrümü görməyincə, heç nə deməyəcəm.
KLEANT o, sağ-salamatdır.
QARPAQON Mənim cehizə pulum yoxdur.
ANSELM Məndə tapılar. Bu barədə narahat olmayın.
QARPAQON Siz hər iki toyun xərclərini öz üzərinizə götürürsüz?
ANSELM Bəli, götürürəm. Razı qaldız?
QARPAQON Hə, amma siz mənə bu toylarda geymək üçün təzə paltar tikdirməlisiz.
ANSELM Tikdirərəm. İndi isə şənlənmək olar.
KOMİSSAR Dayanın, cənablar, dayanın, tələsməyin. Bəs akt tərtibatının pulunu kim verəcək?
QARPAQON Sizin aktınız bizim nəyimizə lazımdır?
KOMİSSAR Elə çıxır ki, mən havayı zəhmət çəkmişəm?
QARPAQON (Jakı göstərərək). Budur sizin haqqınız: onu asa bilərsiz.
JAK Gəl indi bundan sonra yaşa, görüm! Həqiqəti deyirsən – dəyənəklə döyürlər, yalan danışırsan – asmaq istəyirlər!
ANSELM Gəlin, siz onu bağışlayın, cənab Qarpaqon!
QARPAQON Bəs komissarın haqqını verəcəksiz?
ANSELM Yaxşı, verərəm. Di, uşaqlar, ananızı sevindirməyə tələsək.
QARPAQON Mən isə sevimli mücrümün yanına tələsim!
Yüklə 342,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə