98
− Bu səninkidir?
− Oğlum, görmürəm axı, o nədir?
Uşaq, bənövşəyi mürəkkəblə yazılmış kağızı nəzərdən keçirdi.
− Məktubdur, − dedi. – Ancaq... burada bir telefon nömrəsi də var...
Əkrəmin canından ürpərti, beynindən gizilti keçdi. Gicgahları sancdı.
− Mək-tub-dur?! Kimdəndir?!
Oğlan, vərəqin o biri üzünü çevirib, aşağısındakı imzaya baxdı.
− Aslandan.
− Necə?! As-lan-dan?!
Gipnoz edilmiş kimi, əlini qabağa uzadıb, sakitcə bir ayaq-bir ayaq irəliləyən
Əkrəm, stolun tininə toxunduğunun fərqinə varmadan, öz-özü ilə danışmağa
başladı:
− Aydındır... Demək, məni bu evdə onunla nahaqdan səhv salmırlar...
“Doktor Aslan, sizsiniz? Səsinizdən tanımadım...”
“Xeyr. Mən Aslan deyiləm!..”
“Yox?! Soruşmaq ayıb olmasın, bəs siz Yeganənin nəyisiniz?..”
“Yoldaşıyam... Əri...”
“Necə yəni əri?!”
Telefon söhbəti Əkrəmin qulaqlarında təkrarlandı.
− Yaxın gəl, oğlum. Oxu görək, Aslan əmi nə yazır...
Uşaq pəncərə önünə keçdi. Müəllimi qarşısında dərsini söyləyən əksər
şagirdlərə məxsus yeknəsəq bir tələffüzlə məktubu ucadan oxudu:
“Yeganə!
Bilirəm, uzun müddət nəvaziş, mehribanlıq gördüyün bir adamdan tikanlı,
acı sözlər eşidəcəyinə heyrətlənəcəksən. Bəlkə də bir başqası səndən soyuyub
ayrıldıqdan sonra, daha köhnə əhvalatları ortaya çəkməzdi. Ancaq mən,
ürəyimdəkiləri mütləq, tam çılpaqlığı ilə açıb deyəcəyəm!
Doğrudan da insanları – xüsusən qadınları tanımağa bəzən bir ömür də azlıq
edir...”
Əkrəm ətrafındakı bütün varlığı unutmuşdu. Diqqəti, həssaslığı, şüuru
qulaqlarında mərkəzləşmişdi. Qonşu uşağın dilindən qopan hər kəlmə sivri, paslı
mərmi təkin ürəyinin bu tərəfindən girib, o biri tərəfindən çıxırdı.
“...Əvvəllər mən səni o qədər sevirdim ki...
Köksüm məhəbbətlə dolu idi. Həm də bu sevdaya məni sən özün sövq
etmişdin... Arada bir para hərəkətlərini xoşlamasam da, üzünə vurmurdum; onları
gəncliyin gəldi-gedər şıltaqlığı sanırdım. Həyatımı, varlığımı sənsiz təsəvvürə
downloaded from KitabYurdu.org
99
gətirmirdim. Sevincim otağıma sığmırdı. Hətta “müharibədən qabaq Əkrəm adlı
bir oğlanın səni aldadıb yoldan çıxardığını” öz dilindən eşitsəm də, fikrimdən
dönmürdüm – evlənmək istəyirdim. Ayrı məqsədim yox idi. Lakin sonralar
məndən asılı olmayaraq hər şey dəyişdi... Sən ürəyimdəki o saf məhəbbəti,
içərisində ətirli, tər çiçəklər bəslənilən büllur vaza kimi qaldırıb, gülə-gülə yerə
vurdun, parçaladın. Heç heyfsilənmədin də... O gündən elə bildim yatmışdım,
ayıldım – səni ikinci bir Yeganə təki tanıdım... Anladım ki, xislətin tamam başqa
imiş!.. Mən öz eşqimdə aldanmışam. Əlaqəni pozmaq istədim, qoymadın.
Müqavimətsiz təslim oldun... Ancaq mən haradan biləydim ki, sən ərli qadınsan?!
Cəbhələrdə vuruşan bir əsgərin əmanətisən – bunu məndən gizlədirsən. İnan ki, bu
həqiqəti o zaman eşitsəydim, səni qapımdan qovardım. Artıq gecdir... Sənin
xəyanətin qarşısında mən özümü də cinayətkar sayıram. Mənə indi çatır ki, o vədə
evlənməyimizi niyə ləngidirdin. Yəqin iki gözünü itirmiş ərinin qayıtmasını, ondan
ayrılıb mənə getməyi düşünürdün. Yanılırmışsan! O, mənim üçün ən azı rəzalət,
alçaqlıq olardı! Elə bu əməlinə görə səni hər gün nifrətlə xatırlayıram!
Tanımadığım bir şəxsin yanında ömrüm boyu məni günahkar elədin. Ərini
görsəydim, ərklə ona deyərdim, uzaqlaş qadınından, o sənin namusunu
tapdalamışdır. Ləyaqətsizdir! Sən orada odun-alovun içində vuruşarkən, Yeganə
burada qucaqdan-qucağa atılmışdır. O, təkcə səhnədə deyil, həyatda da rola
girmişdir. Aldanma onun zahiri gözəlliyinə! Sən hər kimsənsə, mənən eləsindən
qat-qat yüksəkdə durursan!.. Yeganə, sən hegemonluq iddiası ilə yaşasan da, əslən
qadınlıq adına qara bir ləkəsən!
Bu qədər!
Səni görməyi heç vaxt arzulamayan Aslan”.
Oğlan məktubu sona yetircək, marağını gizlədə bilmədi.
− Bu hansı Yeganədir? – deyə ifrat sadəlövhlüklə xəbər aldı. Əkrəm, ürəyini
tutdu, başını qapının haşiyəsinə dirədi.
− Sən tanımazsan, bala... Başqasıdır... Onun da əri mənim kimi iki gözdən
kordur...
Uşaq ani olaraq susdu və birdən yadına nə düşdüsə, yenə dilləndi:
− Sən davada olanda, bu Yeganə xalanın da yanına bir həkim gəlirdi. Adı
Aslan idi... Nənəm deyirdi: heyf o oğlandan bu nanəcib üçün!.. Nanəcib nədir,
əmi?
Əkrəm oğlanın axırıncı sözlərini eşitmədi.
Evlərinə çatmağa iki küçə qalmış Yeganə Zakirlə xudahafizləşdi:
downloaded from KitabYurdu.org
100
− Hələlik!.. – dedi. Ancaq ayrılmadı. Ətrafı xəlvət görüb, yanağını onun
dodaqlarına sürtdü. – Bu gün sən mənim yaman xoşuma gəldin.
− Nə barədən?
− Elə hər barədən. Yaxşılığa doğru çox dəyişmisən. Ağıllanmısan.
− Sən də əvvəlki Yeganə deyilsən.
− Ola bilər... – Qadın yuxuda sayıqlayırmış kimi gözlərini yumub pıçıldadı.
– Onu da yadından çıxarma ki, mən ərimdən qabaq səni sevmişəm. O vaxt məni
atıb, başqalarını tutdun... İnsafsız!.. Elə niyə elədin?..
Qarşı səkidən adam keçirdi. Zakir çevrildi, üzünü divara tutdu.
− Yaxşı, get, dincəl, quzum... Gecdir.
− Sağ ol. – Yeganə, bir addım dala çəkildi. Dodaqlarını qabağa uzadıb,
havanı öpdü. – Gecən xeyrə qalsın. Sabah zəngləşərik...
− Mütləq!
Zakir geri qayıtdı; özündən məmnun halda, astadan fıştırıq çala-çala
uzaqlaşdı.
Yeganə evə girəndə Əkrəmi paltarını soyunmadan çarpayıda uzanmış gördü.
İşığı da söndürməmişdi. Dolabçanın üstündəki külqabı papiros kötükləri ilə
dolmuşdu. Qapı aralı qaldığından otaq soyumuşdu.
Qadın deyindi:
− Bu nə cür yatmaqdır, bilmirəm!
− ...
O, çantasını acıqla divana tulladı, paltosunu çıxarıb şkafdan asdı; yaylığını
açıb stulun başına atdı.
− Mən, elə bil, bu evin qulluqçusuyam!.. Sil, süpür, səliqə-səhmana sal...
İşdən yorğun gələndə də bir dincliyin olmasın?!. Xaraba, buzxanaya dönüb!..
Əkrəm oyaq idi, eşidirdi. Nəfəsindən şərab qoxumasın deyə, Yeganə,
çantasında gəzdirdiyi “sen-sen”dən bir-ikisini götürüb dilinin altına qoydu. Sonra
aynanın qabağında fırlanaraq özünə baxdı. Yanaqları azacıq pörtmüşdü. Gözləri
qızarmışdı. Amma çox təravətli görünürdü. Zakirin sözündə həqiqət vardı.
Doğrudan da qəşəngləşmişdi.
Çarpayı cırıldadı. Əkrəm o biri böyrü üstə çevrildi. Qadın geri qanrıldı.
İkrahla ərini süzdü:
− Bayaqdan niyə dinmirsən?! Mən daş-divarla danışıram?!
− Dincəyin, nə deyim?!
Yeganə, Əkrəmin səsindəki qəzəbi, kini apaşkar hiss elədi. “Yenə buna nə
olub?” – düşündü.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |