Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə25/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   21   22   23   24   25   26   27   28   ...   112

– O nədi? Onu kim atdı? 

Koroğlu baxdı ki, sədrəzəm əkilmək istəyir. Tez sazı döşünə basıb 

paşaya dedi: 

– Paşa qulaq as! 

Laf eyləmə, Aslan paşa

Sədrəzəm qaçdı sandım. 

Havadakı humay quşlar 

Yuvasından uçdu sandım. 

Meydanda iyidlik satdı, 

Gəlmədi, günü yubatdı, 

Giziroğlu şeşpər atdı, 

Şeşpər yerə keçdi sandım. 

Koroğluyam, bilməm nədən, 

Qara bağrım oldu zədən, 

Eyvazdımı dara gedən? 

Yaralarım deşdi sandım. 

Elə ki, Koroğlu sözünü deyib qurtardı, bir dəlilərə baxıb dedi: 

Hoydu, dəlilərim hoydu, 

Yeriyin meydan üstünə! 

Havadakı şahin kimi, 

Tökülün al qan üstünə! 

Qoyun bədöylər kişnəsin, 

Misri qılınclar işləsin, 

Kimi tənab qılınclasın, 

Kiminiz düşman üstünə! 

Koroğlu çəkər haşını, 

Bəylər elər tamaşanı, 

Mən özüm Aslan paşanı, 

Hərəniz bir xan üstünə. 

Koroğlu oxuya-oxuya əlini bığına çəkdi. Dəlilər hər tərəfdən əli 

qılınclı töküldülər. Dava başlandı. Ara qızışmışdı, hər dəli birinin üstünə 

yeridi. Koroğlu Aslan paşanın üstünə hücum elədi. Dəlilər də qoşunun 

üstünə töküldülər. Koroğlu Misri qılıncı çəkib Aslan paşanın boynunu 

vurub yerə saldı. Dəlilər tənabları qılıncladılar. Eyvazın, Dəmirçioğlunun, 

Bəlli Əhmədin qollarını açdılar. Dəmirçioğlu dar ağacının birini 

çıxartdı, əlinə alıb özünü düşmən qoşununa vurdu. Xan Eyvazla Bəlli 

Əhməd də qoşuna cumdular. Dava bir qızışdı, bir qızışdı ki, ruzigarın 

gözü belə dava görməmişdi. 

İyidlər vuruşdu, qorxaqlar qaçdı. Mərdlə namərd seçildi, mərd 

oğul bəsləyən anaların başı ucaldı, namərd bəsləyən analar yerə girdi. 

Davanın şirin yerində Giziroğlu Mustafa bəy öz dəstəsi ilə gəlib çatdı. 

İki tərəfdən Aslan paşanın qoşununu araya aldılar. Qoşundan qırılan 

qırıldı, qaçan qaçdı, dağıldı. 

Düşmən basılandan sonra Giziroğlu başında dəstəsi geri qayıtdı. 

Bu tərəfdən Koroğlu özünü paşanın xəzinəsinə yetirdi. Bir təpik vurdu, 

xəzinənin qapısı taybatay açıldı. Koroğlu bir də baxdı ki, biçinçi qoca 




əlində bir xurcun kəsdirib xəzinənin qapısını. 

Koroğlu dedi: 

– Qoca, gir xəzinədən xurcununu doldur apar. 

Tay qocanın halını soruşma. Özünü xəzinənin içinə salıb xurcununu 

xırcım-xırcım doldurub düzəldi yola. 

Elə ki, dava qurtardı, hamısı birlikdə kefləri saz, damaqları çağ 

atlanıb Çardaxlı Çənlibelə yola düşdülər. Koroğlu bilirdi ki, Giziroğlu 

Mustafa bəy elə belə çıxıb getməyəcək. Hökman onun yolunu 

kəsəcək, onunla vuruşacaq, özü də dəlilərin yanında. Çünki bilirdi ki, 

Giziroğlu mərd adamdı. O ancaq Koroğlunun özü ilə haqq-hesab 

kəsmək istəyir. Yoxsa əslində onunla düşmənçiliyi yoxdu. Odu ki, 

qəsdən dəlilərindən geriyə qalmışdı. Qıratı bir çay qırağı ilə yavaşyavaş 

sürürdü. O tərəfdən də Giziroğlu Mustafa bəy doğrudan da 

Koroğlunun yolunu kəsmişdi. Koroğlu gəlib onun yanına çatmağa az 

qalmışdı. Qırat kişnəyib götürüldü. 

Giziroğlu Mustafa bəy Alapaçanı onun dalına saldı. Qırat Alapaçanın 

səsini eşitcək yerindəcə dayandı. Koroğlu dönüb Giziroğlunu 

yanında gördü. Koroğlu həmhuş eləyib əl açana qədər Giziroğlu onun 

başından bir əmud elə vurdu ki, Koroğlu atdan birbaş yaxındakı çaya 

yıxıldı. Giziroğlu sıçrayıb yenə də onun başının üstünü aldı. Koroğlu 

çaydan çıxdı. Giziroğluna əl verdi. Sonra atını minib dinməz-söyləməz 

yoluna davam elədi. Bir az gedib dəlilərə çatdı. Amma bu işi yolda 

dəlilərə açmadı. Atları sürüb gəldilər Çənlibelə çatdılar. Koroğlu 

Qıratdan, dəlilər də öz atlarından töküldülər. İçki məclisi quruldu. 

Dəlilər oturub kefə başladılar. Bunlar kefdə olsunlar, sənə kimdən 

deyim, Giziroğlundan. Giziroğlu elə ki, öz adamlarının yanına qayıtdı, 

hamısı dedilər ki, Koroğludan qorxub qaçıbsan. Giziroğlu nə qədər 

dedi ki, qorxmamışam, vuruşduq. Ancaq nə o məni basa bildi, nə də 

mən onu. Dəstə inanmadı. Axırda Giziroğlu hirslənib dedi: 

– İnanmayırsınız gedək Çənlibeldə bir də vuruşaq. Özünüz görün. 

Hamısı birlikdə Çənlibelə gəldilər. Amma Giziroğlunun fikri bu 

idi ki, Koroğlu ilə vuruşanda elə eləsin heç birisi basılıb xar olmasın. 

Bəli, elə ki gəlib Çənlibelə çatdılar, baxdılar ki, məclis qurulub. Dəlilər, 

xanımlar, Koroğlu özü hamı kefə məşğuldu, Giziroğlu öz adamlarına 

dedi: 

– Bu kefi pozmaq namərdlikdi. Gəlin gözləyək, qurtarsınlar, sonra. 



Hamı razılaşdı. Bir tərəfdə durub gözləməyə başladılar. 

Nigar xanım Eyvazı sağ yanında əyləşdirmişdi. Bilmirdi ki, oğlunu 

ölümdən qurtardığına görə Koroğluya necə razılıq eləsin. Baxıb-baxıb 

dedi: 


– Ay Koroğlu, sən ki, belə iyidliklər göstərirsən, görən bu dünyada 

sənin kimi iyid tapılarmı? 

Koroğlu bir fikirləşdi, aldı, görək nə dedi: 

Analar oğul doğubdu, 

Giziroğlu Mustafa bəy. 

Bu dünyaya tək gəlibdi, 




Giziroğlu Mustafa bəy. 

Nizəsinin ucu qanlı, 

Dəliləri dəmir donlu, 

Bir igiddi adlı-sanlı 

Giziroğlu Mustafa bəy. 

Bir atı var Alapaça, 

Aman vermir Qırat qaça, 

Nizəsinin ucu haça, 

Giziroğlu Mustafa bəy. 

Bir atadan kaş olaydıq, 

Bir-birindən xoş olaydıq, 

Doğmaca qardaş olaydıq, 

Giziroğlu Mustafa bəy. 

Hay geyəndə haya basar, 

Huy deyəndə huya basar, 

Koroğlunu çaya basar

Giziroğlu Mustafa bəy. 

Giziroğlu Mustafa bəy Koroğludan bu sözü eşidib başının adamları 

ilə onun yanına gəldi. 

Dedi: 


– Koroğlu, sən doğrudan da Koroğlusan. Mərd iyidsən, bu gündən 

sonra arada olan düşmənçiliyi atdım, səninlə qardaş oldum. Başımdakı 

dəstəmlə sənin dəlilərinə qarışdım. Əl ver, düşməninlə düşmən, dostunla 

dostam. 


Koroğlu ilə Giziroğlu bir-birlərinə əl verdilər. O gündən dost 

oldular. 

 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə