Məhəmməd Füzuli – Meyvələrin söhbəti
Bahar fəsli idi. Çöllər, çəmənlər yaşıl don geymişdi. Qış yuxusundan ayılmış
güllər, çiçəklər min rəngə çalırdı. Lalə elə qızarmışdı ki, elə bil bağrına dağ
çəkmişdilər. Nərgizgülü bağa girən kimi ətrafına baxıb özünü itirdi. Bənövşə aciz-
aciz boynunu əyib durmuşdu. Qönçələrin açıldığını görən şeyda bülbül sevinir,
qızılgülə baxıb ah-naləyəbaşlayırdı. Çəmənlərdə yasəmənlərin xoş rəngi, ətri,
gözəlliyi qəlbə fərəh verirdi.
Təbiətin belə gözəl çağında, meyvələrin dilini bilən bir nəfər arif adam bağa
gəzməyə gəldi. O, bağa girən kimi meyvələrin fəxr edib öyündüklərini gördü. Alça
deyirdi:
- Dünyada mənim kimi gözəl meyvə hanı? Qızdırma xəstəliyinə tutulanların
şəfası, ağzı acı olanların dəvası mənəm. Bütün həkimlərin dediyi kimi, mən
başağrısının da dərmanıyam.
Alça sözünü deyib qutaran kimi Gavalı hirslənib özündən çıxdı və Alçaya dedi:
- Ey əfəl, utanmırsan ki, belə fəxr edirsən? Turşuluqdan dişləri qamaşdırırsan,
səni yeyən adam ya əzgin olar, ya da iflic. Meyvələr içində səndən yaramazı
yoxdur. Mənim isə adımı Gavalı qoyublar. Yüz min tərəfə saçılan budaqlarım var,
dür kimi saf, gah yaşıl, gah qırmızı, gah da zəfəran rənginə çalan meyvələrim var.
Gilas Gavalının səsini eşitcək ona belə tənə vurdu:
- Heç utanıb xəcalət çəkmirsən? Bəsdir özünü bu qədər tərif elədin. Sənin dadına
baxan adam gərək gündə üş dəfə bal yesin. Mənim əynimdəki gözəl libasım heç bir
meyvədə yoxdur, dənələrim göydəki ulduzlara bənzəyir. Hər budağım bir sərv
ağacıdır. Bütün gözəllər mənim həsrətimi çəkirlər.
Bu sözləri eşidən ərik qışqırıb dedi:
- Gör Gilas necə qudurub! Ey qarğa və sağsağanların yemi! Bu eybilə fəxr edib
özünü öyürsən? Vücudun bir damcı su ilə sümükdən ibarətdir. Səni yeyən
ziyandan başqa bir şey görməz. Səni bəsləyən bağban axırda zərərini çəkər. Mənim
adımı Ərik qoyublar. Gah zümrüd kimi yaşıl, gah da qızıl suyuna salınmış kimi
sarı oluram. Bağbanlar məni qurudurlar, karvanlar uzaq ölkələrə aparırlar. Hər
yerdə məni əziz tuturlar, mən xörəklərin dadı, ləzzətiyəm.
Əriyin dediyini eşidən Alma acıqlanıb qışqırdı:
- Ey qurdlu, vərəmli, yaxası yarıq! Sənin paltarın tozludur,özün də torpaq dadı
verirsən. Xasiyyətini bilə-bilə özünü öyürsən. Səni yeyənin qarnı şişər, bəlaya
düşər. Mənim isə adımı Alma qoyublar, üzüm al-qırmızıdır, paltarım atlazdandır.
İki sevgilinin arasında hamıdan məhrəməm. Məclisdə heç kim məni qoyub, başqa
meyvələrə əl vurmaz.
Alma bu sözlərlə öyünməkdə ikən Armud irəli çıxıb dede:
- Ey şeytan kimi fəsad törədən! Tərifə layiq olsaydın, adın alma yox, al olardı.
Mənim adımı isə Armud qoyublar. Yaxşı xasiyyətim var, nuşcanlıqla yeyərlər. Hər
xəstəyə şəfa, hər dərdə dəvayam.
Armud özünü hey tərifləyirdi. Birdən Üzüm onun səsini eşidib qəzəbləndi və
Armuda belə dedi:
- Ey qarnının qurdundan rəngi saralmış, ey zəiflikdən başı yekəlmiş! Özün dərdli
olduğun halda, özgələrə necə əlac edərsən? Keçəl dərman bilsəydi, öz başına
yaxardı. Əvvəlcə get öz dərdini sağalt, sonra da başqalarına şəfa ver. Mənim adımı
isə Üzüm qoyublar. Səbz, kişmiş, mövüc məndən olur. Meyvələr içində mən
hamıdan əzizəm. Turşu da məndən olur, halva da, şərab da. Kef məclislərinin
ziynəti də mənəm, mən!
Heyva bu danışığı eşidən kimi hirsindən sapsarı sarldı.Üzümə dedi:
- Ağzını yum! Səndən hazırlanan şərabı içən adamın həm pulu gedər, həm abır-
həyası, axırda hamının gözündən düşüb müflis olar, qəmə, qüssəyə batar. Ləzzət də
desən məndədir,dad da, yaxşı ad da. Bütün bağ və bağçanı mənim ətrim bürüyüb:
məni bəzək üçün taxtalara düzür, hər bir ölkəyə aparıb, gözəllərə töhfə verirlər.
Heyvanın öyündüyünü eşidən Narınc dilə gəldi:
- Ay yazıq, utanmırsan belə sözlər danışırsan? Özündən xəbərin yoxdur,
acığından rəngin saralıb? Hamı sənə rişxənd edir, sən isə özünü tərifləyirsən.
Qarnın qurdla dolub, bədənin qurdlara məskən olub, mənim isə adımı Narınc
qoyub, əynimə elə gözəl paltar geydiriblər ki, həmişə bu paltarımla fəxr edirəm.
Elə bircə şəklimə baxanın xoşu gələr.
Turunc dilləndi:
- Ey ağılsız Paltar nədir ki, onunla fəxr edirsən? Eşşəyin üstünə zərli, naxışlı palan
qoymaqla çönüb adam olmaz. Rəngim həmişə yaşıldır, görkəmim təzə.
Bu sözləri eşidən Nar, Narınc ilə Turuncun fəxr etdiklərinə gülüb dedi:
- Bu mə”nasız danışıqlar, puç arzular nədir? Rəngə qalsa, mənim meyvəmin,
çiçəyimin rəngi hamıdan əladır. Tərifəlayiq bir şey varsa, o da mənim
turşaşirinliyimdir. Mən özümü tərifləyib deyirəm ki, Narınc ilə Turunc nökərim,
heyva ilə Alma isə qulluqçularımdır.
Nar özünü bu cür tərif etməkdə ikən bağda Xurma bunları eşitdi. Narın üstünə
qışqırıb dedi:
- Az tə”riflə özünü, sən buna layiq deyilsən! Amma mən bütün Ərəbistanda və
sair yerlərdə məşhuram, məni Misir və Şam ölkələrindən hər yerə sovqat
aparırlar. Məni o qədər xoşlayırlar ki, cürbəcür adlarla şağırlar.
Xurma özünü tərifləyib qutaran kimi, Badam qeyzlə nərə çəkib ona dedi:
- Ey səyyah Xurma, sənin pisliyin elə ondadır ki, heç vaxt bir yerdə qərar
tutmursan, gah bağdadlı olursan, gah da isfahanlı. Sənin bu tərifini eşidib lap
əridim. Mənim isə o qədər yaxşı xasiyyətlərim var ki, sadalamağa utanıram.
Abinabat, noğul, halva məndən hazırlanır.
Püstə bunları eşidib ağzını açdı. Badama bu sözlərlə sataşdı:
- Ey kinindən ağzı yumulu, arından üzü örtülü Badam! Sənin səxavətin az,
xəsisliyin çoxdur. Minlərcə daş dəyməyincə sınmırsan. Mənim isə, qönçə kimi
ağzım açıqdır. Məni yemək istəyən əziyyət çəkməz.
Bundan sonra Fıstıq, İydə, Şabalıd, Fındıq, İnnab, Tut, Albalı, Əncir, Zoğal,
Qoz, Lumu sözə başlayıb hərəsi özündən bir əfsanə danışdı. Şaftalı deyirdi
padşaham. Fıstıq deyirdi ki, ulduzlar içində Ayam. Qoz deyirdi mən şaham. Fındıq
deyirdi şahənşaham. Lumu deyirdi mən bu bağın sevimlisiyəm. Şabalıd deyirdi
pəhlavanam. Əncir deyirdi dünyada məhşuram. İnnab deyirdi gözələm. Zoğal
deyirdi... Albalı da özünü tə”rifə başladı, Tut da tuti kimi dil-dil ötdü.
Dincəlib ləzzət almaq üçün bağa səyahətə gəlmiş arif adam bu səs-küyü eşidib
orada qalmaq istəmədi, evinə qayıdarkən yolu bostana düşdü. O, bostanı elə bir
vəziyyətdə gördü ki, az qaldı bağrı çatlasın.
Burada Xiyar özünü tə”rifləyir, təcürbə və bacarığından danışıb deyirdi:
- Mən ürək yanğısının dərmanıyam, məni yeyənlərin ürəyini sərinlədirəm.
Bunu eşidən Gərmək üzünü Xiyara tutub dedi:
- Ay zalım, bu tərif nədir eləyirsən? Sənin bircə quru addan başqa nəyin var?
Camış əti səndən dadlıdar. Tərifə mən layiqəm ki, həm xəstələrə şəfa, həm ürəklərə
səfa verirəm!
Gərməyin tərifini eşidən Qarpız el nərə çəkdi ki, dəniz kimi cuşə gəldi. O dedi:
- Məgər bu xasiyyətlər məndə yoxdur? Mən dərdlərə şəfa, gözlərə işıq verirəm.
Qızdırma və başağrısının dərmanıyam. Rəngim qırmızı, suyum saf və şirindir.
Bunları eşidən Qovun hiddətləndi. Qarpıza verdiyi vəzirliyi, Gərməyə verdiyi
vəkillik mənsəbini əllərindən aldı. Xiyarı mülazim, Şamamanı xadim rütbəsindən
qovdu və bostançıya əmr etdi ki, bunların cəzasını versin. Xiyarın qabığını
soydurub, ixtiyarını əlindən aldı. Gərməyə bir neçə yerdən yara vurub parçalatdı.
Qarpızı ortadan böldü, Şamamanı bir kənara atıb dedi:
- Bu bostanda sizin şahınız mənəm! Ətrimin, dadımın tayı-bərabəri yoxdur!
Xülasə, Qovun özünü o qədər təriflədi ki, axırda özü-özünə hirslənib başını
yardı. Bunu görən səyyah bostanda qalmaq istəmədi. Bu dünyanın işlərinə heyrət
edib, lovğalananlara gülüb yoluna düzəldi.
Dostları ilə paylaş: |