50
eyni şəraitə malik olan ərazilərdə məskunlaşan, ümumi morfoloji tip və həyat hadisələrinin vahid ritmi və
orqanizmlərin dinamikası ilə seçilən fərdlərin məcmusudur. Coğrafi miqyasda belə qruplaşmalar fərdlərin bu və
ya digər rayonda yarımnöv arealı hüdudunda eyni şəraitdə, eyni istiqamətdə uyğunlaşması prosesində əmələ
gəlir. Bioloji coğrafi populyasiyalar məhsuldarlıq səviyyəsinə, heyvanlarda isə həm də aparıcı qida tipi, fərdlərin
hərəkətlik dərəcəsi, oturaq və ya miqrasiya həyat tərzinə görə fərqlənə bilər. Bir coğrafi populyasiyanın
fərdlərini birləşdirən xarakterik cəhət onların həyat ritminin birliyidir. Aşağı dərəcə (ranq) populyasiyalar üçün
müxtəlif adlar işlənir. Bunlardan ekoloji biotopik, yerli, lokal, elementar və b. populyasiyaları göstərmək olar.
Belə populyasiyalar müvəqqəti və qeyri-stabil ola bilər. Populyasiyanın ranqı (dərəcəsi) nə qədər aşağı olarsa,
populyasiyalarla əlaqə də bir o qədər sıx, fərdlər arasında mübadilə dərəcəsi böyük, fərqləndirici xüsusiyyətlər
isə az olar. Yarımnöv ranqının qruplaşmaları arasında fərq daha güclüdür, bu fərqlər ayrı-ayrı fərdlərin yalnız
fizioloji və davranış tərzi, həm də onlarda morfoloji tərzlərdə nəslən möhkəmlənmişdir. Populyasiyların
müxtəlif ranqları (dərəcələr) arasındakı əlaqələr növün vəhdətini və onun irsi fondunun zənginləşməsini təmin
edir.
Akademik S.S.Şvars təbii populyasiyaların ayrılmasına digər – tarixi-genetik cəhətdən yanaşır. Bu
baxımdan, populyasiyaları genetik vahid kimi yalnız cinsi çoxalma və çarpaz mayalanma olan növlər üçün
ayırmaq olar.
Ölçüsünə görə karlik, adətən lokal və superpopulyasiyalar ayırırlar. Superpopulyasiyalar başdan-başa
geniş əraziləri əhatə edərək çoxlu miqdarda fərdlərdən ibarət olur.
Populyasiyaları, həmçinin məkanca və yaş strukturuna, daimi yerində olan və ya məskunlaşdığı yeri
dəyişən və digər ekoloji dərəcələrə görə ayırmaq olar.
Müxtəlif növlərin populyasiyalarının ərazi sərhədi bir-birinin üstünə düşmür. Geniş populyasiya sərhədinə
malik olan növlər də mövcuddur. Məsələn, hərəkətdə olan iri heyvan sayılan sığının bir populyasiyasının zəbt
etdiyi ərazi müxtəlif bitki örtüyünü (müxtəlif cinslərdən ibarət meşələr, tarlalar, çəmənlər, yarğanlar, çay yatağı
və s.) özündə cəmləşdirir.
3.4. Populyasiyanın bioloji strukturu
Populyasiyanın strukturunun əsas göstəriciləri – orqanizmlərin sayı, məkanda yayılması və keyfiyyətcə
müxtəlif fərdlərin nisbəti sayılır.
Hər bir orqanizmin fərdi əlamətləri onun irsi proqramından, genetik tipindən və bu proqramın ontogenezin
inkişafında necə həyata keçməsindən asılıdır. Hər bir fərd müəyyən ölçü, cins, morfologiyasının fərqləndirici
əlamətləri, davranış xüsusiyyətləri və dəyişən mühitə qarşı uyğunlaşma dərəcəsinə malikdir. Bu əlamətlərin
populyasiyada yayılması da onun strukturunu təyin edir.
Populyasiyanın strukturu sabit deyildir. Orqanizmlərin böyümə və inkişafı, yenisinin dağılması, müxtəlif
səbəblərdən ölümü (məhv olma), ətraf mühitin dəyişməsi, düşmənlərinin sayının artma və ya azalması – bütün
bunlar populyasiya daxilində müxtəlif nisbətlərin dəyişməsinə səbəb olur.
Populyasiyanın cinsi strukturu
Fərdlərin mühitə tələbatı və onun ayrı-ayrı faktorlara qarşı davamlığı qanunauyğun və əhəmiyyətli dərəcədə
dəyişir. Ontogenezin müxtəlif mərhələlərində yaşayış yeri, qida tipi, yerdəyişmə xarakteri, orqanizmlərin
ümumi aktivliyi dəyişə bilər. Çox vaxt növ daxilində ekoloji yaş müxtəlifliyi növlər arasındakı fərqdən daha
yüksək dərəcədə təzahür edir.
Populyasiyanın yaş fərqləri onun ekoloji müxtəlifliyini və bununla da mühitə müqavimətini əhəmiyyətli
dərəcədə gücləndirir. Şəraitin normadan artıq güclü kənara çıxması zamanı populyasiyada yaşamağa qabil
fərdlərin bir hissəsinin qalması və populyasiyanın mövcudluğunun davam etməsi ehtimalı çoxalır.
Populyasiyanın yaş strukturu uyğunlaşma xarakterinə malikdir. O, növün bioloji xassələrinə əsaslanır, lakin
həmişə ətraf mühit faktorlarının təsir gücünü əks etdirir.
3.5. Bitkilərdə populyasiyanın yaş strukturu
Bitki senopopulyasiyası müəyyən fitosenoz daxilində onun fenotik vəziyyətindən və ekotopik və genetik
xüsusiyyətlərindən asılı olmayaraq növün bütün fərdlərini birləşdirir. Bitkilərdə senopopulyasiyanın yaş
strukturu (yaxud konkret fitosenozun populyasiyasının) yaş qruplarının nisbətilə təyin olunur.
Cücərtilər – toxumda olan ehtiyat maddələrindən və xüsusi assimlyasiyanın hesabına qarışıq qida alır. Bu
kiçik bitkilər üçün rüşeym strukturun mövcudluğu səciyyəvidir: rüşeym kökün inkişafı başlayan ləpə və bir
qayda olaraq yaşlı bitkilərdən fərqli olaraq sadə formalı böyük olmayan yarpaqlı biroxlu zoğdur.
İlkin bitkilər – (yuvenil bitkilər) – sərbəst qidalanmağa keçir. Bu bitkidə daha ləpə yoxdur, çox vaxt
təkoxluluğunu saxlayır, yarpaqlar başqa formada olub yaşlı bitkilərə nisbətən xırdadır.
İmmatur bitkilər – yuvenil bitkidən yaşlı vegetativ bitkiyə keçid əlamətlərə malikdir. Bunlarda çox vaxt
zoğun budaqlanması başlayaraq fotosintetik aparatın böyüməsinə şərait yaradır.
51
Yaşlı vegetativ bitkilərdə yeraltı və yerüstü orqanların strukturunda növün həyati forması üçün tipik
əlamətlər meydana gəlir və vegetativ üzvün quruluşu əsasən generativ vəziyyətə uyğun gəlir, lakin hələ
reproduktiv orqanlar yoxdur.
Bitkinin generativ dövrə keçməsi təkcə çiçək və meyvələrin peyda olması ilə deyil, həm də orqanizmin
dərin daxili biokimyəvi və fizioloji qurulması ilə təyin olunur.
Cavan generativ bitkilər – çiçəkləyir, meyvə əmələ gətirir, yaşlı struktur formalaşmasının yekunlaşması
gedir. Bəzi illərdə çiçəkləmədə fasilə də ola bilər.
Ortayaşlı generativ bitkilər – adətən ən yüksək böyümə həddinə çatır, hər il böyük artım
və toxum
məhsulu verir.
Qoca generativ bitkilər – reproduktiv funksiyası kəskin aşağı düşür, zoğvermə və köklərin inkişafı prosesi
zəifləyir. Məhvolma prosesləri yenidənyaranma proseslərini üstələyir, dezinteqrasiya güclənir. Qoca vegetativ
(subsenil) bitkilərdə toxumvermənin (meyvəvermə) dayanması, əzəmətliyi aşağı düşür, destruktiv proseslər
güclənir, zoğ və kök sistemi arasındakı əlaqələr zəifləyir, həyati formaların bəsitləşməsi nəzərə çarpa bilər,
immatur tipli yarpaqlar peyda olur.
Senil bitkilər – son dərəcə zəif olması, ölçülərinin azalması, bərpa olunduqda az miqdarda zoğun olması ilə
səciyyələnir, bəzən – yuvenil əlamətlər görünür (yarpaqların forması, zoğların xarakteri və s.).
Ölmüş fərdlər senil vəziyyətin son dərəcə təzahürüdür, bu zaman bitkidə təkcə ayrı-ayrı canlı toxumalar
qalır.
Populyasiyanın fərdlərinin yaş vəziyyətinə görə bölünməsi onun
yaş spektri adlanır. O, müxtəlif yaş
səviyyələrinin nisbətini əks etdirir.
Senopopulyasiya əgər bütün yaş qruplarından (və ya ona yaxın) ibarət olarsa, (konkret növlərin bəzi yaş
vəziyyətləri, məsələn, immatur, subsenil, yuvenil təzahür etməyə də bilər) ona normal senopopulyasiya deyilir.
Belə populyasiya asılı olmayıb toxum və vegetativ yolla özünü saxlama qabiliyyətinə malikdir. Belə
populyasiyada bu və ya digər yaş qrupu üstünlük edə bilər. Bununla əlaqədar olaraq cavan, ortayaşlı və qoca
(yaşlı) normal senopopulyasiyalar ayrılır.
Senopopulyasiyanın yaş strukturu əsasən növün bioloji xüsusiyyətləri ilə toxumvermənin - meyvəvermənin
dövriliyi, məhsuldar toxumların və vegetativ rüşeymlərin sayı, toxumların bitiş faizinin qalma müddəti, fərdlərin
bir yaş qrupundan digərinə keçmə sürəti, klon əmələgəlmə qabiliyyəti və b.) təyin olunur. Göstərilən bütün
bioloji xüsusiyyətlərin təzahürü ətraf mühit şəraitindən asılıdır.
Bir senopopulyasiyanın fərdlərinin inkişafı və bir yaş qrupundan digərinə keçmə sürəti müxtəlif
intensivlikdə ola bilər. Normal inkişafla, yəni yaş vəziyyətləri biri digərini adi ardıcıllıqla əvəz etməsi ilə
müqayisədə inkişaf tezləşə və gecikə bilər, ayrı-ayrı yaş vəziyyətləri sıradan çıxa bilər, təkrar sükutluq başlaya
bilər, fərdlərin bir hissəsi cavanlaşa və ya məhv ola bilər. Bir sıra çəmən, meşə, bozqır növləri istixanada və ya
əkinlərdə yaxşı aqrotexniki fonda becərildikdə öz ontogenezlərini qısaldır, məsələn, çəmən topalotu və
çobantoxmağı 20-25 ildən 4 ilə qədər, yaz gülülü (xoruzgülü) 100-dən 10-15 ilə qədər və s. Digər bitkilər isə
şərait yaxşılaşdıqda (məs. adi zirə) ontogenez uzana bilər.
Quraqlıq illərində və intensiv otarma zamanı senopopulyasiyanın ayrı-ayrı yaş vəziyyətləri sıradan çıxır,
bəzi növləri vaxtsız senil vəziyyətinə keçir, bəzi növlərin isə cavan və yetişmiş generativ fərdlərində çiçəkləmə
fasilə verərək elə bil ki, cavanlaşır və ontogenezini uzadır.
Yaş spektri yalnız xarici şəraitlə deyil, həm də növün reaktivliyindən və davamlığından asılı olaraq
tərəddüd edir. Otarmaya qarşı bitkilərdə müxtəlif maneələr olur: otarmada bəzi bitkilərdə cavanlaşma baş verir,
belə ki, qocalma həddinə çatmamış məhv edilir (məs. yovşan), digərində isə bərpa aşağı düşdüyündən
senopopulyasiyanın qocalmasına səbəb olur (məs. bozqır növü Ledebur çiləotu).
Bəzi növlərdə arealın bütün sahəsində geniş diapazon şəraitində normal senopopulyasiyalar yaş
strukturunun əsas əlamətlərini saxlayır (məs. adi göyrüş, dovşantopalı, çəmən topalı və s.). Belə yaş spektri
əsasən növün bioloji xassələrindən asılı olub baza spektri adlanır.
Baza spektri ən çox davamlı qruplaşmalarda edifikator növlərin senopopulyasiyalarına xasdır.
Fərdlər nə qədər böyük olarsa, onun mühitə və qonşu bitkilərə təsiri geniş sferdə olur. Əgər
senopopulyasiyanın yaş spektrində yaşlı vegetativ fərdlər, cavan və ortayaşlı generativ fərdlər üstünlük təşkil
edərsə, bütün populyasiya bütövlüklə digərləri arasında davamlı vəziyyət tutacaqdır.
Beləliklə, senopopulyasiyanın təkcə sayı deyil, həmçinin yaş spektri onun vəziyyətini və xarici mühitin dəyişən
şəraitinə uyğunlaşmasını əks etdirir və biosenozda növün mövqeyini təyin edir.
3.6. Heyvanlarda populyasiyanın yaş strukturu
Növün çoxalma xüsusiyyətlərindən asılı olaraq populyasiyanın üzvləri bir və ya müxtəlif generasiyaya
mənsub ola bilər. Bir generasiyada olduqda bütün fərdlər yaşa görə yaxın olur və həyat tsiklinin növbəti
mərhələləri təxminən eyni vaxtda keçir. Qeyri sürülü çəyirtkələrin çox növlərinin çoxalması yumurtalardan ilkin
yaşlı sürfələr peyda olur. Sürfələrin nəsilverməsi mikroiqlim və digər şəraitlərin təsirindən bir qədər ləngiyir, lakin
bütövlükdə kifayət qədər birgə keçir. Bu vaxt populyasiya yalnız ayrı-ayrı fərdlərin bir bərabərdə inkişaf