I aparıcı:
- Salam hörmətli qonaqlar, əziz dostlar.
II aparıcı:
- Bildiyimiz kimi, bu il söz ustası, tarixi romanlar
müəllifi kimi tanınan yazıçımız Fərman Kərimzadənin 80 illik
yubileyi qeyd olunur. Bu münasibətlə kitabxanamızda təşkil
olunmuş xatirə gecəsində hamınızı xoş gördük.
I aparıcı:
- Çoxəsrli Azərbaycan ədəbiyyatı tarixində Fərman
Kərimzadə adı və yaradıcılığı xüsusi yer tutur. Yazıçı Fərman
Kərimzadə doğma xalqın milli-mənəvi sərvətinin inkişafına
ömrünü səxavətlə sərf etmiş, ona öz yazışı, publisist qələmi ilə
xidmət göstərmişdir. Görkəmli söz ustası geniş planlı
əsərlərində millətinin həyatını, eyni zamanda doğma yurdun
mənzərələrini, tarixini əks etdirmişdir.
II aparıcı:
- İnsan tarıxdə, ürəklərdə əməllərilə yaşayır...
Fərman Kərimzadə insanlara qəlbən bağlı idi. O, yaşamağı,
həyatı, təbiəti çox sevirdi. İçindəki göynərtisi, iztirabı, başının
üstündəki tüstü-dumanıyla sanki Ağrı dağıydı.”Vedinin yanı
dağlar” deyimini eşidəndə gözündən gilə-gilə yaş axardı. Ağlı,
mənəvi saflığı ilə Tanrı onu xoşbəxt yaratmışdı. Ancaq onun
içində ağır yurd həsrəti vardı...
I aparıcı:
- O, həm də zərif, incəduyumlu şeirlər müəllifi idi.
Hər dəfə onun ssenarisi əsasında çəkilən “Axırıncı aşırım”
bədii filmi ekranlarda nümayiş etdiriləndə millətimizin
yaşadığı çətin günlər, keçdiyi ağır yollar yenidən göz önündə
canlanır. Abasqulu bəy kimi vətənpərvərlərdən, Kərbəlayi kimi
“Namus-qeyrəti, duz-çörəyi” urvatlı tutanlardan qürur hissi
duyuruq.
II aparıcı:
- Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi
Fərman Kərimzadə zəngin ədəbi-bədii irs yaratmış, istedadlı
nasir, publisist və ictimai xadim kimi şöhrət qazanmışdır. O,
uşaqlıq illərini Ağrı dağının romantik qoynunda yerləşən
24
cənnət Vedibasarda keçirmiş, mənəvi aləmini zənginləşdirmiş,
təbiətin gözəlliklərindən zövq almışdır. Kafiq qalası, Görsən
dağları, soyuq bulaqlar, şır-şır axan çaylar, al-yaşıl geyinmiş
bağlar-bağatlar, nərgizli, bənövşəli, yasəmənli tarlalar,
çəmənliklər, Dədə Qorqud keçən müqəddəs yerlər Fərman
Kərimzadəni təbiətin vurğunu etmişdir. İnsan qəlbini təlatümə
gətirən bu yerlər, cənnətməkanlar F.Kərimzadənin bədii-estetik
zövqünün zənginləşməsində müstəsna rol oynamışdır.
I aparıcı:
- Fərman Kərimzadə alovlu qəlbinin arzu və
istəklərini poetik dillə ifadə etmişdir.
Gördüyüm iş əbədiymiş, dərinmiş,
Bu qayalar Qorqud nəğmələriymiş
Pərdəsi daş, qundağı daş, simi daş,
Bu tamburu çalan lazım, a qardaş.
Vətən niskili, yazılmamış sənət inciləri, deyilməmiş publisist
sözləri qəlbində qalan Fərman Kərimzadə doğma ata-baba
yurdu Vedi həsrətilə dünyasını dəyişmişdir.
Xalq şairi Səməd
Vurğun gözəl demişdir ki, vətəninin, elinin qədrini bilən,
sevərək yaşayan, sevilərək dünyasını dəyişən sənətkarlar
ölmürlər, zəngin bədii irsilə əbədi yaşayırlar. Fərman
Kərimzadə ölümsüzlüyün zirvəsinə ucalan və milyonların
qəlbində əbədi yaşayan sənətkardır.
Dostları ilə paylaş: |