25
74.4. Uşağın verilməsi haqqında məhkəmə qətnaməsinin uşağın mənafeyinə ziyan
vurmadan icra olunması mümkün olmadıqda, uşağın mənafeyinə ziyan vurmadan uşaq,
məhkəmənin qərardadı ilə müvəqqəti olaraq tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi
müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilir.
BEŞİNCİ BÖLMƏ
AİLƏ ÜZVLƏRİNİN ALİMENT ÖHDƏLİKLƏRİ
13-cü fəsil
VALİDEYNLƏRİN VƏ UŞAQLARIN ALİMENT ÖHDƏLİKLƏRİ
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi
75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.
75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan
uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna
malikdirlər.
75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment)
valideynlərdən məhkəmə qaydasında tutulur.
75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər
(onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq
icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə
valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı
76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən
məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də
diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
Maddə 77. Uşaqlar üçün aliment tutulan əmək haqqının və (və ya) başqa gəlirlərin
növləri
Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək
haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur.
Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması
78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə
saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-
müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn
natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə
26
alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün
olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə
pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin
xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində
və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun
olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,
diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin
mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin
xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq
məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
Maddə 79. Valideyn himayəsindən məhrum olmuş uşaqlara görə tutulan aliment və
ondan istifadə
79.1. Valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci
maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar
valideynlərə (atalığa, analığa) ödənilir.
79.2. Valideyn himayəsindən məhrum olmuş və tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi
müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilən uşaqların valideynlərindən tutulan
aliment həmin müəssisələrin hesabına keçirilir və hər bir uşağın özünə xərclənir.
79.3. Göstərilən müəssisələr həmin məbləğləri bankda saxlaya bilər. Məbləğlərin
dövriyyəsindən alınan gəlirin 50 faizi uşaqların saxlanmasına sərf olunur. Uşaq bu müəssisələri
tərk etdikdə aliment məbləğlərinin cəmi və alimentin dövriyyəsindən əldə olunan gəlirin 50
faizi uşağın adına bankda açılan hesaba köçürülür.
Maddə 80. Əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq
hüququ
80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına
çatmış övladlarını saxlamağa borcludurlar.
80.2. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik
yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti,
diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan
sabit pul məbləğində müəyyən edilir.
Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı
81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır
xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan
yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və
digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə,
valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu
xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə
də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit
pul məbləğində müəyyən olunur.