31
Maddə 96. Aliment alanın maraqları pozulduqda aliment ödənilməsi barədə sazişin
etibarsız sayılması
96.1. Alimentin ödənilməsi barədə sazişdə nəzərdə tutulan təminatın verilməsi şərtləri
azyaşlı uşağın, yaxud yetkinlik yaşına çatan, lakin əmək qabiliyyəti olmayan ailə üzvünün
maraqlarını pozursa, o cümlədən bu Məcəllənin 97.2-ci maddəsinin tələblərinə əməl
edilmədikdə həmin saziş məhkəmə qaydasında etibarsız hesab oluna bilər.
96.2. Bu saziş azyaşlı uşağın və ya yetkinlik yaşına çatan, lakin əmək qabiliyyəti olmayan
ailə üzvünün qanuni nümayəndəsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfındən
mübahisələndirilə bilər.
xviii[18]
Maddə 97. Aliment ödənilməsi barədə saziş üzrə ödənilən alimentin miqdarı və
indeksasiyası
97.1. Aliment ödənilməsi barədə saziş üzrə ödənilən alimentin miqdarı bu sazişin
tərəflərinin razılığı ilə müəyyən olunur.
97.2. Aliment ödənilməsi barədə saziş üzrə yetkinlik yaşına çatmayanlar üçün ödənilən
alimentin miqdarı məhkəmə qaydasında onlar üçün müəyyən edilə bilən alimentin
miqdarından az olmamalıdır.
97.3. Aliment ödənilməsi barədə saziş üzrə alimentin miqdarının indeksasiyası həmin sazişə
uyğun aparılır. Sazişdə alimentin miqdarının indeksasiyası qaydası nəzərdə tutulmayıbsa,
indeksasiya bu Məcəllənin 110-cu maddəsinə əsasən aparılır.
Maddə 98. Aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və
üsulları
98.1. Aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları həmin
sazişdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur.
98.2. Alimentlər aliment ödəməli şəxsin qazancından və ya digər gəlirindən müvafiq
hissədə; sabit pul məbləğində müntəzəm ödəməklə; sabit pul məbləğində birdəfəlik ödəməklə;
əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər.
98.3. Aliment ödənilməsi barədə sazişdə aliment ödənilməsinin müxtəlif üsulları nəzərdə
tutula bilər.
17-ci fəsil
ALİMENTİN ÖDƏNİLMƏSİ VƏ TUTULMASI QAYDASI
Maddə 99. Məhkəmənin qərarı ilə alimentin tutulması
Ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13—16-cı
fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər.
Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri
100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona
aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən
müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.
100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
32
100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər
gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində
alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində
verilə bilər.
Maddə 101. Mübahisənin məhkəmədə həllinə qədər alimentin tutulması
101.1. Məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə
minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi
çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə
tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər.
101.2. Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini
nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı
maddəsinə uyğun müəyyən edilir.
Maddə 102. Təşkilatın müdiriyyətinin aliment tutmaq vəzifəsi
Şəxsin işlədiyi təşkilatın müdiriyyəti notariat qaydasında təsdiq edilən aliment ödənilməsi
barədə saziş əsasında və ya icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və (və ya)
başqa gəlirindən aliment tutmağa və onu icra vərəqəsində və ya sazişdə göstərilmiş şəxsə əmək
haqqı və (və ya) başqa gəlirlər verilən gündən sonra ən geci 3 gün müddətində verməyə və ya
aliment tutulan şəxsin vəsaiti hesabına göndərməyə borcludur.
Maddə 103. Aliment ödənilməsi barədə saziş əsasında aliment tutulması
Aliment ödənilməsi barədə saziş və (və ya) icra vərəqəsi əsasında tutulan ümumi məbləğ
aliment ödəməyə borclu olan şəxsin əmək haqqının və (və ya) başqa gəlirlərinin 50 faizindən
çox olduqda da aliment notariat qaydasında təsdiq olunmuş saziş əsasında tutulur.
Maddə 104. Aliment verən şəxsin iş və ya yaşayış yerinin dəyişdirilməsi haqqında
məlumat vermək vəzifəsi
104.1. Aliment tutulması haqqında məhkəmənin qətnaməsinə və ya aliment ödənilməsi
barədə notariat qaydasında təsdiq olunmuş sazişə əsasən aliment tutan müəssisənin
müdiriyyəti qətnamənin icra olunduğu yerdə məhkəmə icraçısına və aliment alan şəxsə aliment
verən şəxs işdən çıxdıqda onun işdən çıxması haqqında, habelə məlum olduqda onun yeni iş və
yaşayış yeri haqqında 3 gün müddətində məlumat verməyə borcludur.
104.2. Aliment verməyə borclu olan şəxs iş və ya yaşayış yerinin dəyişməsi haqqında,
aliment yetkinlik yaşına çatmayan uşağa görə tutulduqda, həm də əlavə qazancı (əvəzçiliklə
işinə görə və s.) haqqında həmin müddətdə məhkəmə icraçısına məlumat verməlidir.
104.3. Bu Məcəllənin 104.1—104.2-ci maddələrində göstərilmiş məlumatlar üzürsüz səbəbə
görə xəbər verilmədikdə, bunda təqsirli olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 105. Tələbin aliment ödəməli olan şəxslərin əmlakına yönəldilməsi
Aliment ödənilməsi barədə saziş və ya məhkəmənin qətnaməsi əsasında müəyyən olunmuş
miqdarda aliment, habelə aliment üzrə borclar aliment ödəməli olan şəxsin qazancından və (və
ya) digər gəlirlərindən tutulur. Qazanc və (və ya) digər gəlirlər çatışmadıqda aliment onu
ödəməli olan şəxsin bankdakı və s. kredit idarələrindəki hesabında olan pul vəsaitindən, eləcə
də mülkiyyət hüququnun başqasına verilməsinə səbəb olan müqavilələr istisna olmaqla,