55
Şəhər bağı
Uca çinarlar. Qaynaşan insanlar. Gəzintilər. Qəhqəhələr. Pıçıltılar.
Sevdalar. Geyimlər, gecimlər. Şəkillər. Salamlar. Alqışlar.
Qarmon səsi...
İşıqlar. Gecənin qoynunda gündüz.
Rəqs meydançası.
İnsan baharı.
Yeni cəzb. Yeni çağırış.
Darvazalı məhlə
Ailənin özünəməxsusluğu, sirri, möcüzəsi, xatirələri, ənənəsi,
həmdəmliyi, həyanlığı.
Balaca kənd
Ümumidə itməmək. Şəhərdə öz yerini tapmaq.
Münasibət ciddiyyəti. Taleyə çevrilən ünvan.
Küçə
Həm ünsiyyət məkanı, həm də qəbahət meydanı.
Qonşuluq, həm də düşmənçilik.
Həmdəmlik, həm də yırtıcılıq.
Həm salam mehri, həm bıçaq zəhmi.
Həm söhbətxana, həm də qumarxana.
Həm şəhərə aparan, həm dustaqxanaya salan yol.
Cazibədar, təhlükəli, məkrli!
Tramvay
Həm sürət, məsafə, həm də oyun, sirk, qoçaqlıq.
Şəhər əfsanəsi.
56
Körpüylə təklikdə
Körpüdən şəhərə baxırsan...
Ömrünün sabahı səndən uzaqlarda...
Sən cavan, körpü qoca.
Hər şey qabaqda.
Arzularına qapılırsan!
Ata
Gülüşünü görməzdim.
Gülüşünü sındırdılar.
Atasını apardılar.
Bacısını apardılar.
Əmisi oğlunu apardılar.
Ömrünün yönünü dəyişdilər.
Bacısı oğlunu stolun üst başında oturtdurardı.
Özü üçün yaşamırdı.
Bizim üçün yaşayırdı.
Kimini oxudurdu, kimini böyüdürdü, kimini evləndirirdi.
Evinin qapısını açmışdı insanların üzünə.
Öyünməzdi.
Özü haqqında danışmazdı.
Özünü görməzdi.
Müharibə başlanan günü pəncərəmizi örtdü.
Sonra əsgər paltarı geydi. Qatara minib getdi.
Müharibədən qayıtdı və yenə də özünü unutdu.
Əmisi oğlunu düşündü.
Bacısını düşündü.
Əmisi nəvələrini düşündü.
Məni düşündü.
Qardaşımı düşündü.
Bilikliydi – bunu bildirmirdi.
Qabiliyyətliydi – bunu bildirmirdi.
Tələbələrinin sevimlisiydi – bunu bildirmirdi.
57
Qayğılıydı atam, – Qasım müəllim, – bunu bilirdik.
Qayğıdan nəşələnirdi atam, – Qasım müəllim, – bunu bilirdik.
Sevincini kəsdilər atamın.
Qardaşsız qoydular atamı.
Ata oldu başqalarına atam!
Qardaş oldu başqalarına atam!
Sevinc payladı başqalarına atam!
Az şey aldı həyatdan, çox şey verdi həyata!
Amansız oldu həyat atama qarşı.
Atam həyatdan küsmədi!
Gülüşünü qaytarmadılar atamın!
Heç kəsin gülüşünə sahib olmadı atam!
Ana
Axşamlar ehmallıca, atamı, qardaşımı oyatmadan məni geyin-
dirərdi, kinoya aparardı.
İohann Ştraus haqqında film göstərirdilər.
“Vena meşəsinin valsı” yaranırdı ekranda.
Araba səsləri quş səslərinə qovuşurdu, məhəbbətli məqamlar göz
önündən keçirdi.
Meşə nağıl danışırdı.
Mənim ən böyük nağılım isə yanımdakı anam idi, onun mehri idi.
Axşamlar ağ rəngli çarpayıma yanaşardı, danışardı, gülərdi,
bəxtiyarlığın zirvəsinə yüksələrdim.
Yayda qaynı Xalidlə bağçaya qonardılar, cəh-cəh vurardılar.
İlk dəfə Dilicanda gördüm anamı. Uzaqdan üstümə yüyürdü,
bağrına basdı, sevincimin həddi-hüdudu yox idi.
Girdə sifət, alçaq boylu, qara qaş, qara göz cavan anaydı – anam!
Xalid əminin toyunda yengə idi, gəlinin yanında gəlirdi.
Elə bilirdim dünya mənimdi!
Musiqiliydi, şeirliydi, nəğməliydi anam!
Bayatılar, laylalar, şikəstələr vurğunuydu!
Dava zamanı nənəm ağlayardı, anam oxuyardı.
Ana kimi oxuyardı.
58
Biz böyüyərdik – anamın sifətində qırışlar artırdı.
Biz böyüyürdük – anamın gülüşləri dəyişirdi.
Biz böyüyürdük – anam boydan kiçilirdi.
Xəstələnirdim – xəstələnirdi!
Qüssələnirdim – qüssələnirdi!
Ayağımıza tikan batırdı – ürəyi qanayırdı.
Günah işlədirdim – günaha batırdı.
Döyülürdük – döyülürdü.
Söyülürdük – söyülürdü.
Bizi özümüzdən yaxşı duyurdu.
Günlərin birində başımı qaldırıb gördüm ki, anam qocalıb.
Bilmədim günlər necə keçdi, illər necə ötdü!
Cavan anam necə qocaldı!
Məktəb
Səma yox idi məktəbimizdə.
Günəş yox idi məktəbimizdə.
Çay yox idi məktəbimizdə.
Kənd yox idi məktəbimizdə.
Ürəyi riqqətə gətirmirdi məktəb.
Xəyalı qanadlandırmırdı məktəb.
Fizikadan danışırdılar – fizikanı söndürürdülər.
Riyaziyyatdan danışırdılar – riyaziyyatı söndürürdülər.
Ədəbiyyatdan danışırdılar – ədəbiyyatı söndürürdülər.
Tarixdən danışırdılar – tarixi söndürürdülər.
Ölü ciddilik vardı məktəbimizdə.
Ölü bilik vardı məktəbimizdə.
Ölü nizam vardı məktəbimizdə.
Bayırda həyat vardı. İçəridə həyat ölmüşdü.
Bayıra həsrət çəkilirdi.
Bayırda dirilirdik.
59
PAYTAXTLI GÜNLƏRIM
Ağcaqayınlar arasında
Göyrüşümə bənzəyir.
Çinarım tək uca.
Meşələrim tək nizamlı; qışda qar ətəkli, yazda yaşıl libaslı, yayda
kölgəli, payızda qüssəli.
Küləklə təmasda, mübahisədə, dalaşda. Səmaya can atan.
Ağcaqayınlar arasındayam. Kəndimizə qayıtmışam.
Dahilər arasında
Ayıq vaxtı olmazdı. Çünki gələcəyin dahisiydi.
Küçə qadınlarına mərhəmdi. Çünki gələcəyin dahisiydi.
Restoranlarda hayqırardı. Çünki gələcəyin dahisiydi.
Kitab oxumazdı. Çünki gələcəyin dahisiydi.
Söyüşdən yorulmazdı. Çünki gələcəyin dahisiydi.
Borcunu qaytarmazdı. Çünki gələcəyin dahisiydi.
Müxtəlif adamları müxtəlif vaxtlarda sevərdi. Çünki gələcəyin
dahisiydi.
Cinsi əlaqəni insani münasibətin zirvəsi sayırdı. Çünki gələcəyin
dahisiydi.
Qonorar dəlisiydi. Çünki gələcəyin dahisiydi.
İmzasını hərarətlə öpürdü. Çünki gələcəyin dahisiydi.
Çətin idi mənim üçün dahilərin arasında yaşamaq.
İçkipərəst deyildim, küçə qadınlarıyla dostluq etmirdim, söyüş söy-
mürdüm, borcumu vaxtında qaytarırdım, əxlaqı müqəddəs sayırdım,
restoranlarda gecələmirdim, şəhvət hərisi deyildim, kitabı sevirdim.
Artıq idim dahilər arasında.
İyrəndim “dahilər”dən.
60
Ədəbiyyat tədrisi
Şairlərin ayaqqabısının tozu diqqətlə öyrənilirdi.
Asqırığı, tüpürcəyi dərin təhlil obyektinə çevrilirdi.
Sifətindəki sillə yeri – tarixi hadisə sayılırdı.
İşrətliləri – Məcnunlaşırdı.
İşvəkarları – Məryəmləşirdi.
Zəifliyi – qüdrətləşirdi.
Xəyanətləri – sədaqətləşirdi.
Bütün şairlər – başdan-binadan inqilabçı idilər; hamısının məqsədi
ideal cəmiyyət qurmaq imiş, despotizmi kökündən qopartmaq imiş!
Əyyaşlıq edəndə belə şairlər – pir oğlu pir olurlarmış!
Varlı olanda belə şairlər – yoxsul olurlarmış!
Qorxudan əsəndə belə şairlər – qorxmaz olurlarmış!
Qumar oynayanda belə şairlər – ibadət zirvəsinə ucalırlarmış!
Qadınına xəyanət edəndə belə şairlər – mənəviyyatın üst qatına
yüksəlirlərmiş!
Mənsəbə yalmananda belə şairlər – vüqar taxtında qürrə-
lənirlərmiş!
Ədəbiyyat dərsində ədəbiyyatdan bezirdim.
“Görəsən dünyada şairlərdən də pis adam olubmu?” – deyirdim.
Fəlsəfə tədrisi
“Birinci materiyadır” – deyənlər – materialistlərdir.
“Birinci şüurdur” – deyənlər – idealistlərdir.
Materialist düz deyir; idealist yalan danışır.
Dünya, Həyat, Cəmiyyət üç qanun əsasında inkişaf edir: əksliklərin
mübarizəsi və vəhdəti qanunu, kəmiyyətin keyfiyyətə keçməsi qanunu
və inkarı inkar qanunu əsasında.
Cəmiyyətin inkişafı – istehsal qüvvələriylə istehsal münasibətləri
arasında ziddiyyətlə bağlıdır.
Həmin ziddiyyət inqilabi yolla: köhnə iqtisadi münasibətlərin yeni
iqtisadi münasibətlərlə əvəz olunması yoluyla aradan qalxır.
Dostları ilə paylaş: |