1
Azərbaycan Banklar Asossiasiyası və Avropa Banklar
Federasiyasının 27 May 2010 –cu il tarixində birgə
keçirdiyi “Bankçılıq sahəsində regionlararası əməkdaşlıq:
Dayanıqlı maliyyə gələcəyi” adlı beynəlxalq konfransda
Mərkəzi Bank sədrinin müavini
Aftandil Babayevin
ÇIXIŞI
2
Hörmətli konfrans iştirakçıları!
Hörmtəli qonaqlar!
Xanımlar və cənablar!
Sizi Azərbaycan Banklar Assosiasiyası ilə Avropa Banklar
Federasiyasının birgə təşkil etdikləri bu mötəbər konfransda Azərbaycan
Respublikasının Mərkəzi Bankı adından salamlayıram və təşkilatçılara
təşəkkürümü bildirirəm.
Yaranmış qlobal şəraitdə beynəlxalq bank-maliyyə elitasının
nümayəndələrinin bir yerə toplanmasına həmişə olduğundan daha böyük
ehtiyac vardır.
Qlobal maliyyə sisteminin postböhran transformasiyasının
astanasında bu cür tədbirlərin keçirilməsi olduqca zəruri və faydalıdır.
Qlobal böhran və Azərbaycan
Qlobal böhran dünya təsərrüfatına əhəmiyyətli inteqrasiya olunmuş
Azərbaycanı ciddi sınağa çəksə də, milli iqtisadiyyat, o cümlədən bank
sektoru bu böhrana qarşı dayanıqlıq göstərmişdir. Ölkə iqtisadiyyatında
yaradılmış “təhlükəsizlik yastığı” və xarici borcdan minimal asılılıq bu
dayanıqlığı şərtləndirən əsas faktorlar olmuşdur.
Böhranın ən ağır ili olan 2009-cu ildə ölkədə iqtisadi artım tempi 9%-
dən çox olmuşdur.
Qlobal böhran Azərbaycan iqtisadiyyatına bir neçə kanalla təsir
göstərmişdir. Belə ki, qlobal böhranın təsiri ilə 2009-cu ildə:
3
o
Ölkənin əsas ixrac xammalı olan neftin orta illik qiyməti təxminən 1.5
dəfə ucuzlaşdı. Tədiyə balansının profisiti 16 mlrd.$-an 10 mlrd.$-a
endi;
o
Qlobal maliyyə-pul bazarlarının sıxılması şəraitində milli şirkətlərin,
bankların nəinki xarici borclarının təkrar maliyyələşməsi imkanları
məhdudlaşdı, hətta bu borcların əhəmiyyətli bir hissəsi geri çağırıldı.
Məsələn, təkcə Azərbaycan bank sisteminin 2009-cu il üzrə xarici
ödənişləri təxminən 1.2 mlrd. ABŞ dolları təşkil etmişdir. Bu isə bank
sisteminin öhdəliklərinin 10%-dən çoxdur.;
o
İqtisadi artımın digər maliyyə mənbələri də sıxıldı, məsələn, çox
sayda insanların gəlir mənbələrini formalaşdıran xarici pul baratları
20%-dək azaldı.
Belə bir şəraitdə ölkə 3 təhlükəli risklə üzləşmişdi:
1) Makroiqtisadi sabitliyin pozulması riski, o cümlədən milli valyutanın
devalvasiyası və yüksək inflyasiya riski.
2) Maliyyə sabitliyinin pozulması riski, o cümlədən banklarda və sistem
əhəmiyyətli dövlət şirkətlərində maliyyə vəziyyətinin pisləşməsi riski.
3) İqtisadi ressesiyanın baş verməsi riski, o cümlədən yaradılmış iş
yerlərinin itirilməsi və staqflyasiya riski.
Ona görə də krizis dövründə Mərkəzi Bank öz siyasətini Makroiqtisadi
sabitliyin, Bankların və sistem əhəmiyyətli müəssisələrin maliyyə
sabitliyinin qorunmasına, habelə İqtisadi artımın dəstəklənməsinə
yönəltmişdir.
Milli valyutanın sabitliyinin təmin edilməsi Mərkəzi Bankın
antiböhran siyasətinin aparıcı elementi oldu. Sabit manat həm istehlak,
4
həm də istehsal təyinatlı idxalın kəskin bahalaşmasının qarşısını aldı. Bu,
həmçinin əhalinin əmanətlərinin kəskin dəyərdən düşməsi, valyutada
olan xarici borc yükünün artması, manata ictimai inamın aşağı düşməsi
kimi təhlükələri neytrallaşdırdı. Manatın sabitliyi müəyyən resurslar tələb
etsə də, ölkənin strateji valyuta ehtiyatları 20 mlrd.$-ı keçərək ÜDM-in
47% həddində olmuşdur. Eyni zamanda manatın sabitliyini qorumaq,
xüsusilə də onun ABŞ dollarına nisbətən məsənnəsinin volatilliyinə yol
verməmək üçün manatın məzənnəsinin səbət üzrə hədəflənməsində
dəyişiklik edildi. Səbətdə ABŞ dollarının payı 70%-dən 90%-ə qaldırıldı.
Orta illik inflyasiya cəmi 1.5% olmuş, deflyasiyaya yol
verilməmişdir.
Manatın sabitliyi və aşağı inflyasiya böhran ilində əhalinin real
gəlirlərinin artım tempinin 6% səviyyəsində saxlanmasını təmin etdi.
Bu, iqtisadiyyatın rəqabət qabiliyyətinə də müsbət təsir göstərdi –
manatın real effektiv məzənnəsi 2009-cu ildə 3.5% aşağı düşmüşdür.
Makroiqtisadi tənzimləmə potensialını və siyasətin çevikliyini
artırmaq üçün Mərkəzi Bank haqqında qanuna dəyişikliklər edildi. Edilən
dəyişikliklər əsasında Mərkəzi Bank sistem əhəmiyyətli müəssisələr və
bankların maliyyə vəziyyətini stabilləşdirmək məqsədilə 2009-cu ildə
Ümumi Daxili Məhsulun təxminən 5%-in səviyyəsində likvidlik inyeksiyası
həyata keçirdi. Bu yardım onların xarici borclarının restrukturizasiyasına
və maliyyə vəziyyətinin stabilləşməsinə imkan verdi.
Nəticədə pul kütləsinin azalmasının qarşısı alındı. Mərkəzi Bankın
uçot dərəcəsi 2%-dək, məcburi ehtiyat normaları isə 0.5%-dək
azaldıldı ki, bu da kredit faizlərinin artmasının qarşısını almaqla iqtisadi
artımı və maliyyə sabitliyini dəstəklədi.
5
Bank sisteminin maliyyə sabitliyini qorumaq üçün hələ böhranın
təsirləri hiss olunmamışdan öncə bir sıra qabaqlayıcı immunizasiya
tədbirləri görülmüşdü. Yəni belə demək mümkündürsə iqtisadi və kredit
bumu dövründə kontrtsiklik prudensial tənzimləmə tədbirləri
görülmüşdür. Belə ki, bank aktivlərinin yüksək templərlə artdığı bum
illərində Mərkəzi Bank aktiv dialoq şəraitində bankları 1) ehtiyatlı kredit
siyasətinə dəvət etmiş, 2) kapitallaşma və ehtiyatlanma səviyyəsinin
artırılmasını təmin etmiş, 3) prudensial tənzimləmə normativlərini
sərtləşdirmiş, 4) xarici borclar üzrə məcburi ehtiyatlar tətbiq etmişdir.
Nəticədə bəzi oxşar region ölkələrindən fərqli olaraq Azərbaycanda xarici
borclar bankların öhdəliklərinin cəmi 20%-i səviyyəsində
məhdudlaşdırılmışdır. Ona görə də, bank sistemi qlobal krizisi hazırlıqlı
qarşılamışdır.
Böhran dövründə isə əlavə tədbirlər həyata keçirildi:
o
banklara və sığorta təşkilatlarına kapitalizasiya məqsədilə vergi
güzəştləri tətbiq olundu;
o
sığortalanan əmanətlərin məbləği 5 dəfə artırıldı (30 min
manatadək), nəticədə banklara etibar gücləndi;
o
bankların xarici borcları Mərkəzi Bank tərəfindən idarəetməyə
götürüldü və banklara zəruri likvidlik dəstəyi verildi;
o
mümkün itkilər üzrə bankların maliyyə ehtiyatlanması daha da
artırıldı.
Ölkədə ipoteka kreditləşməsinin aktivləşməsi Mərkəzi Bankın
antiböhran proqramının mühüm alətlərindən biri olmuş, tikinti sektoru və
daşınmaz əmlak bazarına stabilləşdirici təsir göstərmişdir.
6
Bütün bu tədbirlərin nəticəsində bank sisteminin yüksək maliyyə
immuniteti təmin edildi – ötən il sektorun ani likvidliyi təxminən 80%
səviyyəsində olmuş, kapitalın adekvatlığı göstəricisi 18% təşkil etmişdir.
Nəticədə krizisə baxmayaraq, sektorun artımı davam etmişdir –
2009-cu ildə kreditlər 17%, müddətli əmanətlər isə 30% artmışdır.
2009-ci ildə müşahidə edilmiş müsbət proseslər cari ilin ötən
dövründə də davam etməkdədir. Beləliklə, bütün bunlar onu göstərir ki,
Azərbaycan maliyyə yardımı üçün heç kimə müraciət etmədən, öz
resursları hesabına böhranın öhdəsindən gələ bilmişdir. Nəticədə, ölkə
iqtisadiyyatı qlobal krizisdən daha da güclənmiş şəkildə çıxmışdır.
Təsadüfi deyildir ki, bu günlərdə “Fitch” rating” beynəlxalq agentliyi
ölkənin xarici valyuta reytinqini “BB+”-dan “BBB-”-a qaldırmışdır.
Bütün qeyd olunan uğurların əsas səbəbi son illər ölkədə həyata
keçirilən uğurlu sosial-iqtisadi inkişaf və radikal iqtisadi islahat
strategiyası, nəticədə toplanmış maliyyə-valyuta ehtiyatları hesabına
iqtisadiyyatda yüksək dayanıqlıq potensialının yaradılması, irəli sürülən
effektli anti-böhran strategiyasının reallaşdırılması olmuşdur.
Aparılmış antiböhran siyasətinin qiymətləndirilməsinin bençmarkı
olaraq onu qeyd etmək olar ki, bu siyasət Beynəlxalq Valyuta Fondu və
Dunya Bankı kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də müsbət
qiymətləndirilmişdir. Belə ki, BVF-nun Bakıda olan son missiyasının
bəyanatında deyilir ki, “Azərbaycan iqtisadiyyatı qlobal maliyyə
böhranının təsirlərindən yaxşı qorunmuş, ölkənin rəsmi orqanları
krizisə uğurlu reaksiya vermişlər. Azərbaycan Mərkəzi Bankı
mübadilə məzənnəsini sabit saxlamaqla və bank sisteminə likvidlik
inyeksiya etməklə maliyyə sabitliyini uğurla qorumuşdur.
Məzənnənin sabitliyi inflyasiya səviyyəsini azalmağa,
7
dollarlaşmadakı müvəqqəti artımı səngitməyə və ev təsərrüfatları və
bankların balanslarına neqativ təsirlərin qarşısını almağa imkan
vermişdir.”
Azərbaycanın bank sistemi regional inteqrasiya kontekstində
Azərbaycan bu gün dünya iqtisadiyyatına sürətlə inteqrasiya
olunmaqla yanaşı eyni zamanda regional iqtisadi güc mərkəzinə
çevrilməkdədir. Cənubi Qafqaz ölkələrinin (Azərbaycan, Gürcüstan,
Ermənistan) ümumi ÜDM-ində Azərbaycanın payı son 5 ildə 16 faiz bəndi
artaraq 70%-ə çatmışdır. Son 5 ildə Cənubi Qafqazda baş vermiş iqtisadi
artıma Azərbaycanın töhfəsi 72% təşkil etmişdir. Bu gün Cənubi
Qafqazda valyuta ehtiyatlarının 88%-i, bank aktivlərinin isə 68%-i
Azərbaycanın payına düşür.
Ölkəmizin regional iqtisadiyyatdakı rolunun artması həm də onun
bank-maliyyə mərkəzinə çevrilməsində, bank kapitalı idxalı və ixracında
özünü büruzə verir.
Bu gün Azərbaycanın bank sistemində xarici kapitalın iştirakına heç
bir məhdudiyyət qoyulmamış, xarici kapitallı bankların fəaliyyəti üçün
əlverişli şərait yaradılmışdır. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə 23
xarici kapitallı bank fəaliyyət göstərir. Onlardan 5-i 100%-lik xarici kapitala
malikdir. Ümumi bank kapitalında xarici kapitalın payı 18.2% təşkil edir.
Təsadüfi deyildir ki, qlobal maliyyə böhranının ən aktiv fazasında belə
Azərbaycanın bank sisteminə xarici kapitalın axını dayanmamışdır.
Azərbaycanın yerli bankları da aktiv surətdə xarici bazarlara
çıxmaqdadırlar. Bu gün Azərbaycan banklarının xarici ölkələrdə 2 törəmə
bankı, 1 filialı, 6 nümayəndəliyi fəaliyyət göstərir. Bankların xarici maliyyə
bazarlarında fəaliyyətinin aktivləşməsi və nüfuzunun artması onların
beynəlxalq reytinqin alınmasına marağını artırmışdır. Belə ki, təkcə ötən il
8
9 bank beynəlxalq reytinqə malik olmuş və qlobal böhran şəraitində
həmin banklar reytinq səviyyələrini qoruyub saxlamışlar.
Bütün bunlar ölkəmizin iqtisadi sərhədlərinin durmadan genişləndiyini
göstərir.
Prioritetlər
Qlobal iqtisadiyyatın ləng bərpası şəraitində Mərkəzi Bank
makroiqtisadi sabitliyin və maliyyə stabilliyin qorunmasına, habelə iqtisadi
artımın dəstəklənməsinə yönəlmiş siyasətini davam etdirir.
Eyni zamanda düyada gedən son meylləri əsas götürərək biz kontr-
tsiklik makro-prudensial çərçivənin formalaşması üzərində
düşünürük.
Hesab edirik ki, bu çərçivə pul siyasətinin mühüm qanadına çevrilməli
və maliyyə köpüklərinin preventiv idarə olunmasında əsas alət
olmalıdır.
Hazırda Mərkəzi Bank kontr-tsiklik ehtiyatlanma, leveric və yeni
likvidlik normativlərinin konsepsiyası üzərində çalışır.
Eyni zamanda biz banklarda mükəmməl risk menecment sisteminin
və korporativ idarəetmə standartlarının tam tətbiqinə çalışırıq.
Hörmətli konfrans iştirakçıları!
Milli iqtisadiyyatın dayanıqlı inkişafını təmin etmək üçün bu gün
ölkəmiz alternativ iqtisadi artım modelinin – diversifikasiya modelinin
fəal axtarışındadır.
Bu axtarışlar cənab Prezidentin biznes ictimaiyyəti ilə son
görüşlərinin birindəki nitqində aydın şəkildə ifadə edilmişdir - “yeni
9
bazarların aşkarlanması işində əlavə tədbirlər görülməlidir... biz
xarici bazarları gərək aşkar edək.”
Şübhəsiz, bank sektoru belə bir modelin həyata keçirilməsində mühüm
vasitəçi olacaqdır.Bu baxımdan bank sektorunun maliyyə dərinliyinin
daha da artırılması mühüm prioritetdir. Bunun üçün Mərkəzi Bank
banklarda yeni maliyyə məhsullarının yaradılmasını bundan sonra da
təşviq edəcəkdir.
Bu prosesdə maliyyə institutları öz risklərini daim diqqətdə
saxlamalı, bunun üçün institusional potensiallarını davamlı artırmalıdırlar.
Çıxışımı yekunlaşdıraraq qeyd etmək istəyirəm ki, konfransda iştirak
edən nüfuzlu ekspertlərin dəyərli fikir və tövsiyyələri ölkədə makroiqtisadi
və maliyyə sabitliyin qorunması, eləcə də postkrizis dövrü üzrə yeni
siyasətin formalaşdırılmasına öz töhfəsini verəcəkdir. Dünyada son
vaxtlarda müşahidə edilən proseslər, xüsusilə Avropada son hadisələr
göstərir ki, böhranın səngiməsi ləng və qeyri-bərabər gedir. Bu da təcrübə
mübadiləsi baxımından bir daha keçirilən konfransın aktuallığını göstərir.
Diqqətinizə görə təşəkkür edirəm!
Azərbaycan Respublikası
Mərkəzi Bankının
Sədr
müavini
Aftandil
Babayev
Dostları ilə paylaş: |