Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə26/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   22   23   24   25   26   27   28   29   ...   64

                                                                                                                                                    
101
Parlaq cism hərəkət etdikcə belə, 
Ondan parlaq göylər gəldi əmələ. 
Göydə meyl edərək öz mərkəzinə
Onun ətrafında hərləndi yenə. 
Əvvəlki meylinə bağlı qalaraq. 
O, daim hərəkət etdi bu sayaq. 
İlk pərgar hərlənib dövr edən zaman 
Bu uca göylər də yarandı ondan. 
Göyün gərdişindən od oldu aşkar, 
Od hərəkət edən qüvvədən doğar. 
Odun qüvvəsindən hava yarandı. 
Hava istilikdən od kimi yandı. 
Havada rütubət bol idi əslən. 
Rütubət hərəkət etmədiyindən, 
Onun zərrələri çöküb su oldu, 
Bu cürə yarandı təmiz, şirin su. 
Xılt saldı su daim sakit duraraq, 
O xıltdan törədi gördüyün torpaq. 
Dörd ünsür yaratdı o pərvərdigar, 
Hərə öz yerində oldu bərqərar. 
Qatdı bir-birinə onları həyat, 
Yaratdı bunlardan bitki, nəbatat. 
Bitki də başqa cür artdı, dirçəldi, 
Cürbəcür heyvanlar vücuda gəldi. 
Bu qədər dərk edir ağıl hikməti, 
Uzağa getməyə yoxdur qüdrəti!" 
    VALİSİN DEDİKLƏRİ 
Alim Valis dedi: "Padşah hər zaman 
Bu qoca dünyada yaşasın cavan! 
Bilik təlimində bəxti yar olsun, 
Elm yollarında daim var olsun! 
Şahlar şahı özü verdi ki, fərman: 
Hər kəs bildiyini eyləsin bəyan. 
Mən də ərz eləyim: dünyaya təməl, 


                                                                                                                                                    
102
Məncə, su olmuşdur hər şeydən əvvəl. 
Qızğın hərəkətdən və çaxnaşmadan 
O yerə çatdı ki, od oldu əyan. 
İldırım buxardan ayırdı odu, 
Bundan rütubətli hava doğuldu. 
Suyun qatılığı getdikcə artdı, 
Həmin qatılıq da yeri yaratdı. 
Cövhərlər yerbəyer olduğu zaman, 
Təbiət qoynunda yarandı cahan. 
Ən saf və ən lətif cüzündən onun 
Yaranıb hərəkət elədi gərdun. 
"Sudan bu kainat yarana bilməz". 
Deyə inkar etmək istəsə hər kəs, 
Nütfəni bir anlıq qoy salsın yada, 
Sözümə sübutdur, dəlildir o da!" 
BƏLİNASIN DEDİKLƏRİ 
Bilici Bəlinas təzim elədi, 
Torpağı öpərək hörmətlə dedi: 
"Ey şahım, görüm ki, dünya durduqca 
Allahın yanında olasan uca! 
Yar olsun əqlinə hər bilik, hər sirr, 
Gözü nur, nuru göz ziynətləndirir. 
Şah gizli sirləri soruşdu bizdən. 
Fikrimi hüzura ərz eləyim mən: 
Ilkin tilsim kimi yaranmış torpaq. 
Qalan tərkiblər də ondandır ancaq. 
Hərəkət qüvvəsi ona etdi kar, 
Atəşi söndükcə yarandı buxar. 
Onun da ən parlaq zərrələrindən 
Ulduzlar yaranmış, - fikrindəyəm mən. 
Buxarda vəzncə ağır olanlar 
Hərə bir mərkəzdə tuturdu qərar. 
Onlardan birinci - işıqlı oddur, 
Dünyanın ən yüksək tağı da odur. 


                                                                                                                                                    
103
İkinci - havadır, hərəkətdədir, 
Hərəkət etməzsə, bilinməz nədir. 
Üçüncü - sudur ki, təravət verər. 
Hər şeyə təzəlik, lətafət verər. 
Dördüncü - torpaqdır, tapdayır əyyam. 
Tapdanan köksündən toz qalxır müdam." 
SOKRATIN DEDİKLƏRİ 
Sokratın növbəti yetişən zaman 
Sanki xurma yağdı yerə ağacdan, 
Dedi ki: "Padişah, şadlıqla ömr et. 
Din-bilik yolunda daim öndə get! 
Sənə şikar olsun bütün arzular, 
Sirrlər qarşısında daim aşikar. 
Şahın sorduğunu kim deyə bilər? 
Çünki çox gizlindir sorduğu sirlər! 
Kim necə bacarır fikir söyləsin. 
Varını hüzura təqdim eyləsin. 
Xilqət səhifəsi açılmamışdan 
Bircə vücud varmış, o da yaradan. 
Bir bulud yaratmış əzmi, cəlalı, 
Şimşəyi, yağışı olmuş faydalı
Onun yağışından yaranmış göylər. 
Ildırımından da günəş, ay, ülkər. 
Maddələr çökdürüb ondakı buxar, 
Bu yeri yaradıb etmiş bərqərar!" 
Bələdçi getmədi bundan o yana, 
Artıq danışmaqda görmədi məna. 
FƏRFURYUSUN DEDİKLƏRİ 
Alim Fərfuryus da təzim eylədi. 
Torpağı öpərək belə söylədi: 
"Ey şah, ömr edəsən durduqca dövran, 


                                                                                                                                                    
104
Bütün dövranların şahı olasan! 
Dünya boş qalmasın ədalətindən, 
Çünki zülmü, qəhri qəhr eləyənsən. 
Haqsevən padşaha cavab olaraq, 
Ərz edim fikrimi mən də bu sayaq: 
Hələ bu dünyalar yaranmamışdan 
Bir cövhər yaratdı böyük yaradan. 
Tanrının feyziylə yetirdiyi bu. 
Cövhər bir müddətdən dönüb oldu su. 
Ikiyə bölündü sonra bu su da, 
Yarı üzdə qaldı, yarısı altda, 
Bunlar andırırdı müşkü, kafuru, 
Yarısı mayedi, yarısı quru
150

Maye olan hissə etdi hərəkət, 
Quru olan isə tapdı sükunət. 
Hərəkət eləyən - göy oldu, parlaq. 
Sükunətdə qalan - bu yer, bu torpaq. 
Mənim də bildiyim bunlardır ki, var, 
Düşüncəm çıxmayır bu həddən kənar." 
HÜRMÜZÜN DEDİKLƏRİ 
Hürmüz də əl atdı qıfıla sarı
151

Zənciri çeynədi əqlin açarı. 
Düyünü açmadan əvvəl sidq ilə
Şaha dua edib başladı belə: 
"Açıla biləcək hər düyünə sən, 
Görüm ki, əql ilə üstün gələsən! 
Fələk istəyincə eləsin rəftar. 
Şadlığın əbədi olsun payidar! 
Padşah hər budağın söz bəhərindən 
Lütf edib bir meyvə istəyirsə, mən. 
Əlbəttə, çıxmaram belə fərmandan, 
Mən də öz fikrimi eləyim bəyan: 
Düşüncə yoluna düşəndən bəri 
Seyr etdim firuzə rəngli göyləri. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə