Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə36/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   32   33   34   35   36   37   38   39   ...   64

                                                                                                                                                    
141
Dərd-qəmdən qorusun övladı onu. 
O dağı çıxdıqda oğlu da hər an 
Gərək təqib etsin onu arxadan. 
O çıxsın, ətəkdə qoysun oğlanı, 
Balası zəncirtək saxlar aslanı
207

Qayıda bilməsə o kişi əgər, 
Ordan övladına eləsin xəbər. 
Işdir, heyrətindən dili tutulsa, 
Danışa bilməsə, qəfil lal olsa, 
Yazar, gördüyünü verər oğluna, 
Çünki varlığıyla bağlıdır ona." 
Həmin sifətlərə malik, cəld, qıvraq 
Bir qoca tapdılar soraqlaşaraq. 
Yollandı dağlara qocayla cavan, 
Sanki balasıyla getdi bir aslan. 
O günün sabahı, günorta çağı 
Gənc igid qayıdıb gəldi aşağı. 
Bükülü naməni möhkəm tutaraq, 
Baş əydi padşaha rəngi ağappaq. 
Şah alıb oxudu, beləydi yazı: 
"Məni bezdirmişdi yolların tozu, 
Lap cana gəlmişdim, qorxurdum yaman, 
Sanki cəhənnəmdi bu yolda hər yan. 
Elə bil həyatın asılır tükdən, 
Canından əl üzər bu yolu gedən. 
Bu yollar çətindir, incədir tüktək, 
Burdan mümkün deyil geriyə dönmək. 
Sarp qaya üstünə gəlib çatarkən 
Darısqal yollardan təngə gəldim mən. 
Baxdıqca keçdiyim qorxunc yollara, 
Qəlbim sıxıntıdan gəldi zinhara. 
Bu tayın yolları düzdür, hamardır, 
Hər yana baxırsan yaşıl bağlardır, 
Boldur gül-çiçəyi, suyu, meyvəsi, 
Gəlir hər tərəfdən quşların səsi, 
Havası tərtəmiz, qəşəngdir hər yan
Belə yurd arzular allahdan insan. 


                                                                                                                                                    
142
Havası tərtəmiz, ətir qoxulu, 
Gözəl torpaqları çeşməli, sulu, 
Çeşmələr, bulaqlar verib əl-ələ, 
Bunlardan böyük çay gəlib əmələ. 
Bu yanda bəzəkli gözəl bir həyat, 
O yanda azğınlıq, düşgünlük, fəryad.. 
O tərəf - cəhənnəm, bu tərəf - gülşən, 
Dönməz cəhənnəmə heç kəs behiştdən. 
Bir də ki, gəlmişik gör hardan-hara, 
Baxıram keçdiyim qorxunc yollara, 
Belə gözəl yerdən kim dönər geri, 
Keçər o dəhşətli qorxunc yerləri? 
Mən getdim, səlamət olsun görüm şah, 
Mən şadam, sizi də şad etsin allah!" 
Şah gizli sirlərdən oldu xəbərdar, 
Qoşunu tez etdi o yerdən kənar. 
Heç kəsə demədi oxuduğunu, 
Qorxdu ki, hamısı tərk edər onu. 
Şah razı olmadı orda qalmağa, 
Əmr etdi, qoşunu çəkdilər sağa. 
Durub dincəlmədən düzəldi yola, 
Daha düşünmürdü heç bir şey əsla! 
Qum kimi sərf edib bollu xəzinə, 
Səhradan əzabla qayıtdı yenə. 
Yol - qumluq, dərdi də - hədsizdi qumtək, 
Gedirdi qüssədən ahlar çəkərək. 
Səf çəkib tutmuşdu düşmənlər yolu, 
Doluydu vəhşiylə yolun sağ-solu. 
Ancaq şaha sarı onlar cumanda 
Qaranlıq basırdı yolu bir anda. 
Şah rüxsət vermədən, bir qədəm onlar 
Çıxa bilməzdilər zülmətdən kənar. 
Birisi çıxsaydı əgər fərmandan, 
Olardı durduğu yer ona zindan. 
Dilini bilirdi rast gəlsəydi kim, 
Heç lazım deyildi ona mütərcim. 
Onların dilində eləyib xitab, 


                                                                                                                                                    
143
Verirdi hərəyə layiqli cavab. 
O, tozlu yollarla səfər edirdi, 
Zamanı arxada qoyub gedirdi. 
Bu yolda heç nəyə meyl etməyərək, 
Qəlblərdən tozları silirdi yeltək. 
Dostların könlünü o şad edirdi, 
Yadlara həqiqi din öyrədirdi. 
Qorxunc səhralardan tufantək keçdi, 
Bir div ovlağına gəlib yetişdi. 
Sanki od düşmüşdü bu yerdə çölə, 
Səhra danışırdı alov diliylə: 
Bol qızıl veribdir bura yaradan, 
Ağacdan, otdansa yoxdu bir nişan. 
Qızıl mədənini İskəndər görçək, 
Sevindi bir qızıl tapan uşaqtək. 
Bir qədər yol gedib, atını çapdı, 
Cənnəttək bir gözəl düşərgə tapdı. 
Ağacları qızıl bir bağdı abad, 
Burda taca, təxtə çatmışdı Şəddad. 
Ölkələr fatehi girdi içəri, 
Qızıldan sapsarı gördü hər yeri. 
Meyvəylə doluydu bütün ağaclar. 
Ləl idi, dürr idi verdikləri bar. 
Alma, nar doluydu hər tərəf, hər yan, 
Hamısı qızıldan, parlaq yaqutdan. 
Gümüşü narınclar, qızıl türünclər, 
Adam inanmırdı saldıqca nəzər. 
Baharı cəvahir, yeri kimyatək, 
Zümrüddü, mərcandı hər ot, hər çiçək. 
Büsat içindəydi o zinətli bağ, 
Burda gövhərdəndi yanan hər çıraq. 
İnsan biçimində qalxıb ucalan 
İki heykəl vardı orda qızıldan. 
Qızıl olduğunu bilməsə əgər, 
Onlardan qorxardı yəqin görənlər. 
Orda saf büllurdan vardı bir hovuz, 
Xalis gümüşdəndi içindəki buz. 


                                                                                                                                                    
144
Orda saf əqiqdən balıqlar vardı, 
Seyrinə dalanlar heyran qalardı. 
Uca bir saraya malikdi gülşən, 
Bir daşı qızıldan, biri gümüşdən. 
Şah ayaq basanda həmin saraya 
Bir cənnət qəsdinə yetişdi guya. 
Şah qəsrin içini seyr eləyərkən  
Ətəyi yırtıldı yağan gövhərdən. 
Əqiqdən bir köşk də ziynətdi bağa, 
Gövhər içindəydi başdan ayağa. 
Onun qızıldan bir günbəzi vardı, 
Günəştək bərq vurub par-par yanardı, 
Üstündə müşk ilə ənbər tozundan 
Başqa heç bir tozdan yox idi nişan. 
Göyün günbəzinə girən mələktək, 
İskəndər o köşkə girdi sevincək. 
Gördü əqiqdən bir parlaq məqbərə 
Ki, kafur qoxusu saçır hər yerə. 
Mina naxışlıdır orda dər-divar, 
Mina yazılı bir yaqut lövhə var. 
Üstündə həkk olmuş: "Ey bura girən 
Qüdrətli qəhrəman, oxu, bil ki, sən: 
Şəddaddır bu qəbrin içində yatan, 
Bu bağı, bağçanı odur yaradan. 
Həyalı, ədəbli ol burda ancaq, 
Fikrindən keçməsin niqabı açmaq. 
Çalış, gizli qalsın bizim sirrimiz. 
Kimsənin sirrini açmamışıq biz. 
Gəl, bizim şərəfə hörmət elə sən, 
Bu torpaq sənə də olacaq məskən. 
Qəbrin günbəzini bu yerdə yatan 
Hərçənd tikmişsə də sərt, qara daşdan, 
Nəhayət, sürətlə dolanan fələk 
Tozlara çevirib yelə verəcək. 
Bədəni qarışqa yemi olacaq, 
Başı da at nalı altında torpaq. 
Doğrudur, çalışıb hərə birtəhər 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə