Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə50/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   46   47   48   49   50   51   52   53   ...   64

                                                                                                                                      
197
Bidarın munisi səhər çağına, 
Ağlar qəriblərin pak torpağına, 
Yazıq məhbusların dərdi-dilinə, 
Müqəddəs mehrabın nur qəndilinə, 
Təşnə bir tifilin süd həsrətinə, 
Naümid qocanın zəlalətinə, 
Xəstə qəriblərin intizarına, 
Döyülmüş yetimin göz yaşlarına, 
Dərd-qəmdən guşəyə çəkilənlərə, 
Şaxtadan dırnağı tökülənlərə, 
Dərdlinin çarəsiz oyaqlığına, 
Çarəsiz qalanın yazıqlığına, 
Əzabdan sonrakı asudəliyə, 
Pak, təmiz sevgiyə - aludəliyə, 
Əqlin zəfərinə, ülviyyətinə, 
Gizli ibadətin qüdsiyyətinə, 
Şüura yol açan sözə, dastana, 
Bəşər karvanını çəkən sarvana, 
Insanı içindən yeyən dərdlərə, 
Qəddini pünhanı əyən dərdlərə, 
Dözümsüz adamda səbrə, qüdrətə, 
Gözəlin üzündə həya, ismətə, 
Ümidsiz çəkilən son fəqanlara, 
Dadına heç kimsə çatmayanlara, 
Dinpərvər adamda olan inama, 
Peyğəmbərə gələn vəhyə, ilhama, 
Bütün insanların o son yoluna, 
Hamıya əl tutub kömək olana, 
Insanı son yola salan qapıya, 
Bizi ağuşuna alan qapıya, 
Üzünü axtaran baxışlarıma, 
Səsini eşitmək intizarıma, 
Mənə bəslədiyin sonsuz həsrətə. 
Düşdüyüm bu dərdə, bu fəlakətə, 
Həmişə, hər yerdə dada çatana
Can verib can alan o yaradana... 
Anacan, bu məktub gəlib çatarkən 


                                                                                                                                      
198
Çatıb qaşlarını kədərlənmə sən! 
Bu dünya fanidir, əbəs ağlama, 
Mənimçün yas tutma, qara bağlama! 
Dünyanın əzəldən axırı budur, 
Əyilmə ələmdən, mətanətlə dur! 
Dünya bir kimsəyə qalmışsa əgər, 
Səni də qoy üzsün bu dərd, bu kədər. 
Ancaq bu dünyanı fani görəndə
Başqaları kimi toxtaq ol sən də! 
Yox, əgər bunlara baxmayaraq sən 
Mənimçün yasxana qurmaq istəsən, 
Əvvəlcə şahanə bir məclis düzəlt, 
Gözəl yeməklərdən bir süfrə bəzət, 
Çağır qonaqlığa xalqı hər nə var, 
Bütün gələnləri elə xəbərdar: 
Təbrdə adamı yoxsa hər kəsin, 
Buyursun süfrəyə, doyunca yesin!.. 
Əgər yemiş olsa onlardan biri, 
Sən də ye dünyada acı qəmləri. 
Heç kim o süfrəyə əl uzatmasa, 
Sən də unut qəmi, heç batma yasa! 
- Oğlum ölüb, - deyə çəkmə heç məlal. 
Gəl, öz işlərinin qeydinəcə qal. 
Ikiqat uzun da olsaydı ömrüm, 
Axır yenə bir gün vardı bu ölüm. 
Ən uzun ömür də kifayət deyil, 
Nə fərqi, yaşadın otuz, ya yüz il? 
Behiştə getməkdən qorxarmı insan, 
Minlərlə açar var, yol da çırağban. 
Əbədi bir təxtə yiyələnərkən 
Nə üçün razılıq eləməyim mən? 
Yerində toz yoxdur, göyündə duman, 
Niyə at sürməsin oraya insan? 
Əlimdə qalmadı bu saxta saray, 
Siz də səbr eləyin, salmayın haray! 
Şəbdizim sıçradı çaydan o taya,  
Məndən salam olsun dosta, aşnaya
245



                                                                                                                                      
199
Bizi azad etdi zindandan fələk, 
Hamı azad olsun görüm bizimtək!.." 
Məktubu yazdırıb o, yola saldı, 
Özü də cənnətə sarı yol aldı. 
Gecəni sübh etdi dərdlə, əzabla, 
Keçdi bütün günü min iztirabla. 
Gecə öz təxtini yüklədi filə, 
Yer saldı donunu göylərtək nilə
246

Gün tutdu üzünü qüruba sarı, 
Qaraldı üfüqdə qızıl saçları. 
Aciz ulduzların əli büküldü, 
Gümüş dırnaqları bir bir töküldü. 
Şahın ağır-ağır yumuldu gözü, 
Cırmaq-cırmaq oldu qəmərin üzü. 
Bir örpək toxuyub gecə saçından. 
Torpağın başına örtdü asiman. 
Zənəbin ağzından alaraq zəhər, 
Ayın boğazına onu tökdülər
247

Başının üstündə görcək əcəli, 
Şahın öz canından üzüldü əli. 
Əsəbdən sıxıldı damarda qanı, 
Bir anda sustaldı bədəni, canı. 
Ölüm gözündəki qaranı aldı, 
Səhərtək ağ üzü soldu, saraldı. 
Candan bizar olub, canından keçdi. 
Canını tapşırmaq vaxtı yetişdi. 
Quş elə tez uçdu öz yuvasına 
Sürətdə baxış da çatmadı ona. 
Dünyada nə qədər bilicilər var, 
Bu gizli işlərdən deyil xəbərdar. 
Bunun çarəsini bir bilən varsa, 
Özünə bir çarə edər bacarsa. 
Köçüb bu dünyadan getdi İskəndər, 
Ona ən yüksəkdə təxt düzəltdilər. 
Dünyada min cürə yaxşılıq etdi, 
Özüsə dünyadan incimiş getdi. 
Həyat səhnəsində o düşdü dərdə. 


                                                                                                                                      
200
Nəhayət, üzünə çəkildi pərdə. 
Dolanıb görmüşdü o bir çox yeri, 
Başqa bir yerəydi indi səfəri. 
Hayana getsəydi böyük İskəndər, 
Oradan verərdi hamıya xəbər. 
Soraq gətirən yox bu son yolundan, 
Nə üçün bir xəbər gəlmədi ondan? 
Yoxsa, elə yerdir o yer ki, hər kəs 
Getsə, qayıtmağa yol tapa bilməz? 
Bunun da hikməti açılsaydı bir, 
Pərdənin dalında qalmazdı heç sirr.. 
İskəndər bənzərdi yaşıl yarpağa, 
Kəyan ağacından düşdü torpağa. 
Açıldı belindən qızıl kəməri, 
Zərrin bir beşikdə düzəldi yeri. 
Tabutun içinə kafur səpdilər, 
Çölünə düzüldü cəvahir, gövhər. 
O qədər yayıldı ətrin səfası, 
Çatdı Cudi dağa səxa dalğası
248

Qərq edib kəfəni müşk ilə uda, 
Qoydular nəşini qızıl tabuta. 
Bir bədən gümüştək ağarıb solsa. 
Nə fayda tabutu qızıldan olsa? 
Şahın öz rəyincə verildi qərar, 
Qoyuldu bir əli tabutdan kənar. 
Ovcuna torpaq da töküb bir qədər, 
Sonra hər tərəfə car çəkdirdilər: 
"Görün yeddi ölkə hakimi olan 
İskəndər dünyadan köçdüyü zaman 
O saysız-hesabsız xəzinələrdən 
Bir ovuc torpaqdır əlində gedən! 
Sizin də dünyadan gedərkən ancaq 
Payınız bir ovuc torpaq olacaq!..." 
Şəhri Zurdan Misrə yola saldılar, 
Hiylədən uzaqdır çünki o diyar. 
İskəndəriyyəni etdilər vətən, 
Onu taxta üstə atdılar təxtdən. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə