- Ata, məni də özünlə Soltan bəyin kəndinə apar. Mən də oraları görmək
istəyirəm. Atam dinmədi. Rəmzinin iri qara gözləri atama zilləndi.
Yazda atam onu Soltan bəyin yaşadığı kəndə aparmışdı. Adı yadımdan çıxıb.
Atamın dostlarından biri Soltan bəyin də yxaın qohumlarından bir kişi Rəmziyə
Soltan bəyin gümüş saplı xəncərini yadigar olaraq bağışlamışdı. Uzun illər həmin
yadigar xəncər evdə ən əziz bir xatirə olaraq qalırdı. Erməniəlrin işğalında Xəncər
evdə divarda asılı idi.
Biz şəhərin mərkəzində yaşayırdıq. Hər il məktəb tətili başlayan kimi atam da
isti çəkməyək deyə bizi yaylaqlara, üç ay yayı dincəlməyə, istirahət etməyə
aparardı. Hamımız orta məktəbi qurtarıb, ali məktəbə gedənə qədər yay aylarında
Qara göl yaylağında, Minkənd istisuyunda, Qovuşuq kəndində istirahət edib
dincələrdik.
Ana təbiət elə bil bu yeri əzizləmiş, nə qədər gözəlliklər varsa, hamısından
Qara gölə pay vermişdi. Əsrarəngiz gözəllik məkanı – Qara göl. Gölün hər tərəfi
dağlarla əhatə olunmuşdu. Dağların ətəkləri çəmənlik, çəmənlikdə isə hər növ gül-
çiçək. Adam baxdıqca doymazdı bu gözəllikdən. Dəniz səviyyəsindən 1500 m
yüksəklikdə olan bu yaylağa ən çox yaxın kəndlərin, kolxoz və sovxozların
heyvanlarının yay otlaq sahəsi idi. Ən çox ata məkanım olan Qarqışlaq, sonra
Sadınlar, Quşçu və.s. kəndlərin heyvanlarının otlaq yeri idi. Bununla bərabər
maşın-maşın adamlar istirahətə gəlir, burada olduğu müddətdə təbiətdən zövq alır,
çınqıllı bulaqdan heç olmasa ürəyi sərinlədən bir stəkan su içirdilər.
Çınqıllı bulaqın suyu o qədər soyuq olurdu ki, heç kim bir stəkan suyu axıra
qədər içə bilmirdi. Deyirdilər ki, suyun belə soyuq olmasının səbəbi elə
çınqıllardır. Səhərlər qoyun-quzu səsinə yuxudan oyanardıq. Şehli çəməndə
ayaqyalın qaçardıq. Deyirdilər ki, ayaqyalın şehin üstü ilə yeriyəndə bu ayaqlara
çox xeyirdi. Bütün yay uzunu o yer qalmırdı ki, oranı gəzməmiş olaq. Ancaq «Ayı
dərəsi»ndən başqa. Orada qar olurdu. Qarın səbəbinə oraya gedərdik. Ancaq
deyirdilər ki, həqiqətən də orada ayı görənlər olub. Qardan əlimizə bir az götürən
kimi ayının qorxusundan tez qaçardıq.
Gölün hər tərəfi dağ ilə əhatə olunmasına baxmyaraq birdən göldə elə bir ləpə
qopurdu ki, heç yaxına da getmək olmurdu.
Yaşlı adamlar söyləyirdilər ki, bu göl çox müqəddəsdir. Əgər ora çirkli bir şey
atılardısa, onda bu göl belə fəğan edir və ləpələr o çirkləri vurub çıxarır.
Gölün suyu qıraqdan baxanda gömgöy görünürdü. Ancaq axşamlar isə sanki
qara rəngə boyanırdı. Bəlkə elə buna görə də bu gölə Qara göl adı vermişdilər.
Qara göl haqqında çoxlu rəvayət və əfsanələr söyləyirdilər. Deyirdilər ki, qış
aylarında gölün üstündə çoxlu qalın buz təbəqəsi olur. Yaxın kəndlərə gedən
adamlar yollarını kəsə etmək üçün buzun üstü ilə gedirmişlər. Oradan keçən
Azərbaycanlılar çox asanlıqla keçirlər. Buz tərpənmir. Qara göl Azərbaycanın
sərhəddində yerləşir. Oradan Ermənistanın Gorus rayonuna və yaxın kəndlərinə
getmək asan idi. Bir neçə erməni də istəyir ki, göldən keçib yollarını yaxın etsinlər.
Buz qırılır, ləpə qopur və ermənilər də gölün düz ortasında, ən dərin yerində
batırlar. Belə söyləyirdilər ki, həmin il yaz açılır və gölün ləpələnməsi dayanmır.
Axır ki, ermənilərin meyidlərini ləpə vurub gölün qırağına çıxarır.
Qara gölün suyunda duzluluq yox idi. Bu su həmi şirin həm də ağır idi. Gölün
qıraqları dayaz olmağına baxmayaraq suya nə isə düşəndə və adamlar çiməndə su
çəkib gölün ortasına aparırdı. Yəqin ki, gölün axacaq yeri var idi.
Belə söyləyirdilər ki, keçmişdə bir nişanlı qız gölün qıraqında paltar
yuyurmuş. Birdən qızın nişan üzüyü barmaqından sürüşüb gölə düşür. Qız nə qədər
gəzirsə üzüyü tapa bilmir. O, vaxtki adətlərə görə nişan üzüyünü itirmək böyük bir
günah və etibarsızlıq sayılırdı. Ancaq qız bu sirri heç kəsə demir. Aradan xeyli
keçir. Qızın nişanlısı naxırı otaran zaman Əli bulaqından əyilib su içmək istəyir.
Bir də görür ki, onun nişanlısına verdiyi və üzərində müəyyən işarəsi olan nişan
üzüyü bulaqın gözündədir. Oğlan üzüyü götürür. Qıza xəbər göndərir ki, sabah
onunla görüşsün. Görüşdə oğlan qızdan soruşur ki bəs sənin nişan üzüyün hanı?
Qız əvvəlcə qorxusundan heç nə demir. Birdən oğlan cibindən nişan üzüyünü
çıxarıb qıza göstərəndə qız tez deyir ki, sən allah məni bağışla. Göldə paltar
yuyanda barmağımdan sürüşüb gölə düşdü. Ancaq nə qədər gəzdinsə tapa
bilmədim. Bəs necə oldu ki, sən bunu tapa bildin?
Oğlan məəttəl qalır. Deyir:
-Sən nə danışırsan? Mən üzüyü Əli bulaqından tapmışam.
Deməli gölün dibindən sızan su Əli bulaqına gedirmiş.
Gölün qıraqlarında böyük qayalar vardı. O qayaların birində gecələr işıq
yandığını görənlər olub. Ona «çıraq daşı» deyirdilər. Bəlkə də o işıq gecələr qara
rəngdə olan gölə işıq verirmiş. Kim bilir, bəlkə də.
ş
ıqlı dağ, Keçəl dağ – hamısını gəzərdik. Gecələr isə dünyagörmüş Nurxanım
nənənin söylədiklərini, dediklərini yaxşı-yaxşı dinləyərdik. Nurxanım nənə
Qarıqışlaq kəndindən idi. Yaşlı, ancaq nurlu sifətindən həmişə nur yağan bu qadına
yəqin ki, bu adı əbəs yerə qoymamışdılar. Nurxanım nənə Qaçaq Nəbini öz gözləri
ilə görmüşdü. Söyləyərdi ki, Nəbi bizim kəndə gecələr gələrdi. Özü də atamla dost
olduğu üçün bizim evədə qalardı. Onlar səhərə qədər söhbət edər, səhər isə o
başdan xoruz səsi eşidilməmiş, heç kim onu görməsin deyə gedərdi. Onun zalım
xanlardan, bəylərdən çox, qisas alacağı ermənilər idi.
Bəli, Qara göldə, Keçən dağın başında Qaçaq Nəbinin qurduğu səngərləri,
oturub dincəlmələri üçün düzəltdikləri yerləri öz gözlərimlə görmüşəm. Dağ
başındakı səngər ağır-ağır daşlardan qurulmuşdu. Daşların aralarından isə top
atmağa yer qoymuşdular.
Yaşlı adamlar söyləyirdilər ki, Qaçaq Nəbi buradan, yüksəklikdən onun
üstünə qoşun toplayıb gələn erməni çinovniklərini və onun qoşunlarını top atəşinə
tutar, onları darmadağın edərdi. Onun qorxusundan heç kəs cürət edib bu tərəflərə
gələ bilməzdi.
Maraqlı idi. Sanki Nəbi bu yerlərdə təzəcə olmuşdu. Səngərdən bu yanda
yastı-yastı daşlardan stul kimi düzəltdikləri daşların yanında bizi təəccübləndirən
bir şey də vardı ki, onu demək istəyirəm. Bütün bunlardan əlavə daşdan bir yüyrük
də düzəltmişdilər. Məətəl qalmalı iş idi. Deyirdilər ki, bu yüyrüyü Nəbi özü daşdan
hazırlayıb. Bəs necə olub ki, övladı olmayan Nəbi bu uşaq beşiyini hazırlayıb.
Mənə elə gəlirdi ki, Qara gölü müqəddəs yer kimi tanıyan Nəbi, bəlkə də övlad
ümidini itirməyib. Bir arzu, bir niyyət kimi uşaq beşiyini hazırlayıb ki, gələn ilə
qədər onun övladı olsun. Çünki çox adamlar bayaq söylədiyim kimi «Çıraq