29) nəqliyyat vasitəsinin dayanması -- adamların
minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya
boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir;
30) məcburi dayanma -- texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda
maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır;
31) nəqliyyat vasitəsinin durması -- əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə
toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər
səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud
yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab
edilir;
32) parklanma -- nəqliyyat vasitəsinin onun üçün xüsusi ayrılmış müvafiq qaydada işarələnmiş yerdə durmasıdır;
33) yol hərəkəti iştirakçısı -- hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-
qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat
vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir;
34) sürücü -- hər hansı növ nəqliyyat vasitəsini idarə edən şəxsdir (sürücülüyü öyrədən avtomobil təlimatçısı da
sürücüyə bərabər tutulur);
35) sərnişin -- nəqliyyat vasitəsində hərəkətdə olan, lakin onun idarə edilməsinə aidiyyəti olmayan şəxsdir;
36) piyada -- nəqliyyat vasitələrindən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxsdir
(mühərriksiz əlil arabalarında gedən, velosiped, moped və ya motosiklet aparan, kirşə, əl arabası, uşaq və ya əlil
arabası aparan şəxslər də piyadaya bərabər tutulur);
37) velosipedçi -- əlil arabaları istisna olmaqla, velosipedi idarə edən şəxsdir;
38) mal-qara ötürən -- mal-qaranı, yük və ya minik heyvanlarını yoldan keçirən şəxsdir;
39) ötmə -- qarşı hərəkət zolağına (hərəkət hissəsinin qarşı tərəfinə) çıxmaq və əvvəlki zolağa (hərəkət hissəsinin
əvvəlki tərəfinə) qayıtmaq üsulu ilə bir və ya bir neçə nəqliyyat vasitəsini keçməkdir;
40) üstünlük -- nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək
hüququdur;
41) yol vermək -- sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi
başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə
biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir;
42) məhdudiyyətli görünmə -- duman, yağış, qar və başqa şəraitdə, habelə toranlıqda yolun 300 metrdən az
məsafədə görünməsidir;
43) yol-nəqliyyat hadisəsi -- yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin
hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və
ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi
zərər dəyməsinə səbəb olan hadisədir.
Maddə 2. Qanunun təyinatı
Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil
etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının
qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının
alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə
dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.
Maddə 3. Yol hərəkəti haqqında qanunvericilik
Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 4. Yol hərəkəti sahəsində dövlət vəzifələri
Yol hərəkəti sahəsində dövlətin aşağıdakı vəzifələri vardır:
1) dövlət siyasətini, o cümlədən vahid elmi-texniki siyasəti, habelə yol hərəkəti standartlarını müəyyən etmək və
onları həyata keçirmək;
2) yol hərəkətinin təşkili, onun təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi, yol hərəkəti qaydalarının,
habelə onların pozulmasına görə məsuliyyətin müəyyənləşdirilməsi ilə bağlı qanunlar və digər normativ-hüquqi
aktlar qəbul etmək, onların icrasını həyata keçirmək;
3) yol hərəkətinin inkişafının və təhlükəsizliyinin təmin edilməsinə dair ölkə və onun inzibati ərazi vahidləri üzrə
proqramları və planları qəbul etmək, onların icrası üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin
etmək;
4) yol hərəkətinin inkişafına və təhlükəsizliyinə dair proqramları və planları, avtomobil yolları şəbəkəsinin
saxlanılması və inkişaf etdirilməsi, yollarda təhlükəsiz hərəkətin, habelə yol hərəkətinə dair ekoloji tələblərin təmin
edilməsi sahəsində həyata keçirilən tədbirləri dövlət yol fondundan və dövlət büdcəsindən maliyyələşdirmək;
5) yol hərəkətinin təşkili üzrə ixtisaslaşdırılmış xidmətləri təşkil etmək, o cümlədən texniki vasitələrin və
avtomatlaşdırılmış sistemlərin qurulmasını və istifadəsini, qəza-xilasetmə işləri görülən və kütləvi tədbirlər keçirilən
yerlərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək;
6) avtomobil yollarının tikintisinə, yenidən qurulmasına, təmirinə, saxlanılmasına və mühafizəsinə dair, habelə
Azərbaycan Respublikasında istehsal olunan nəqliyyat vasitələrinin konstruksiyasına və texniki vəziyyətinə dair
vahid tələbləri müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək;
7) avtomobil yollarının təmiri və saxlanılması ilə bağlı fəaliyyətin, yol hərəkətinin təhlükəsizliyinə təsir göstərən
digər növ fəaliyyətin həyata keçirilməsi, nəqliyyat vasitələrinin təmiri və istismarı, daxili və beynəlxalq sərnişin və
yük daşımaları, təhlükəli yüklərin daşınması qaydasını müəyyən etmək;
8) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanının və sürücülük vəsiqəsinin
nümunələrini müəyyən etmək;
9) ekoloji təhlükəsiz tələblərinə əməl etməklə, yol hərəkəti iştirakçılarının ehtiyaclarının təmin olunması məqsədilə
avtomobil yollarının saxlanılmasını, təmirini, yenidən qurulmasını və tikintisini təşkil etmək və onların həyata
keçirilməsinə nəzarət etmək, yolların qəza təhlükəli sahələrini aradan qaldırmaq;
10) yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olaraq dövlət yollarında texniki xidmət sahələri təşkil etmək;
11) yol hərəkəti iştirakçılarının tibbi təminatını, o cümlədən yol-nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi
yardımın göstərilməsini təşkil etmək;
12) sürücülərin hazırlanmasını və onların ixtisasının artırılmasını həyata keçirən məktəb və kursların açılmasına
razılıq vermək, onların fəaliyyətinə nəzarət etmək, nəzəri və təcrübi imtahanlar qəbul etmək, imtahanlardan
müvəffəqiyyətlə keçənlərə sürücülük vəsiqəsi vermək, onların uçotunu aparmaq;
13) əhaliyə yol hərəkəti qaydalarının öyrədilməsini və yol hərəkəti təhlükəsizliyinin təbliği işini təşkil etmək, yol
hərəkəti təhlükəsizliyi sahəsində bu Qanunla müəyyən olunmuş tələblərə hüquqi və fiziki şəxslər tərəfindən əməl
olunmasını təmin etmək;
14) yaşayış məntəqələrinin baş planlarına, müfəssəl planlaşdırılması və tikintisi layihələrinə, kompleks nəqliyyat
sxemlərinə və yol hərəkətinin təşkili sxemlərinə uyğun olaraq rayon (şəhər) ərazilərində yol hərəkətinin
avtomatlaşdırılmış idarəetmə sistemlərini təşkil etmək;