IX. Avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələr Azərbaycan Respublikasının
müvafiq icra
hakimiyyəti orqanının icazəsi ilə quraşdırılır.
X. Avtomobil yollarının layihələşdirilməsini, tikintisini, yenidən qurulmasını və təmirini həyata keçirən hüquqi və
fiziki şəxslər yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 10. Avtomobil yollarının saxlanılması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin
edilməsi
I. Avtomobil yollarının saxlanılması və abadlaşdırılması yol hərəkəti iştirakçılarının tələbatlarının maksimum
ödənilməsinə və yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət etməlidir. Bu məqsədilə:
1) avtomobil yolları yol hərəkətinin iştirakçıları üçün sərfəli və rahat şəraitdə saxlanılmalı və daha da
yaxşılaşdırılmalıdır. Yol hərəkətinin təhlükəsizliyi üçün qorxu törədən şərait yarandıqda, yol hərəkəti qadağan
edilməli və ya məhdudlaşdırılmalıdır, təhlükəsiz hərəkət şəraitinin bərpası üçün təxirəsalınmaz tədbirlər
görülməlidir;
2) avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri (o cümlədən təhlükəli və çətin
keçilən sahələri əks etdirən marşrut xəritələri və sxemləri), svetoforlar və yol hərəkəti təşkilinin digər texniki
nizamlama vasitələri quraşdırılmalıdır;
3) avtomobil yolunun yaxınlığında xəstəxananın olması, onun istiqaməti, yerləşdiyi məsafə, xəstəxananın telefon
nömrəsi barədə məlumat verən müvafiq yol nişanları quraşdırılmalı, yolların yaxınlığında tibb müəssisələrinin
yerləşməsi "Tibbi yardım məntəqəsi" yol nişanı ilə bildirilməlidir;
4) texniki qurğuların quraşdırılması, kommunikasiyaların çəkilməsi, mühafizə işlərinin görülməsi, servis
obyektlərinin tikilməsi və avadanlıqlarının qurulması təmin edilməlidir;
5) avtomobil yollarında yol şəraiti və hərəkət rejimi haqqında yol hərəkəti iştirakçılarına vaxtında məlumat
verilməli, yol şəraitinin xeyli pisləşməsi zamanı (qar yığınları, yolun buz bağlaması) isə, bu məqsədlə radio və
televiziya vasitələrindən istifadə olunmalı, əlverişsiz hava şəraitində yol hərəkəti iştirakçılarının təhlükəli yol
sahələrini qəzasız keçmələri təmin edilməlidir;
6) avtomobil yollarında işlərin görüldüyü, yol tikintisində istifadə olunan mexaniki nəqliyyat vasitələrinin, tikinti
materiallarının və s. qoyulduğu yerlər, yol örtüyünün hərəkət üçün təhlükə törədə biləcək zədələri (kələ-kötür və
çökək yerlər, çuxurlar və s.) qəza təhlükəli sahələr və yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi yerlər vaxtında
aşkar edilməli və təxirəsalınmadan aradan qaldırılmalıdır, bu mümkün olmadıqda isə müvafiq yol nişanları ilə,
çəpərləyici və yönəldici vasitələrlə bu Qanunla nəzərdə tutulmuş xəbərdarlıq nişanları ilə işarələnməlidir;
7) avtomobil yollarının hərəkət hissəsinin palçıqdan, su, qum və ya qar yığınından, buzdan və yaxud daş
düşməsindən təcili olaraq təmizlənməsi üçün tədbirlər görülməlidir;
8) tırtıllı, uzun ölçülü, iri qabaritli, təhlükəli və yükdaşıyan digər ağır çəkili nəqliyyat vasitələrinin avtomobil
yollarının üst örtüyünü, yol qurğularını, dəmir yolunu və ya dəmiryol keçidinin avadanlığını zədələyə biləcəyi
hallarda, onların hərəkəti qadağan olunmalı və ya yolun təhlükəli olan sahələrini qəzasız keçmələri təmin edilməli,
xüsusilə təhlükəli hallarda isə, başqa yol hərəkəti iştirakçılarının hərəkəti məhdudlaşdırılmalıdır;
9) şəhərlərarası avtomobil yollarında təcili yardım çağırış sistemləri qurulmalıdır, nəqliyyat vasitələrinin
dayanacaqları, duracaqları, təşkil edilməli və yol hərəkəti iştirakçılarının ilk tibbi yardım almaq, dincəlmək,
qidalanmaq, insanın adi həyati və məişət ehtiyaclarının ödənilməsinin təmini məqsədi ilə müvafiq yerlər
düzəldilməlidir;
10) avtomobil yollarından yol nişanlarının, svetoforların, hərəkətin təşkilinin digər texniki vasitələrinin
çıxarılmasına, görünüşünün müxtəlif maneələrlə məhdudlaşdırılmasına, zədələnməsinə, özbaşına qurulmasına,
görmə şəraitini pisləşdirən reklam lövhələrinin və transparantların qurulmasına yol verilməməlidir.
II. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün avtomobil yollarının bu maddənin birinci hissəsinin
tələblərinə uyğun olaraq saxlanılmamasına və abadlaşdırılmamasına, habelə avtomobil yollarında təhlükəsiz hərəkət
şəraitinin yaradılmamasına görə:
1) dövlət əhəmiyyətli avtomobil yolları üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
2) yerli əhəmiyyətli avtomobil yolları, küçələr və meydanlar üzrə müvafiq icra hakimiyyəti orqanları;
3) özəl avtomobil yolları üzrə bu yolların sahibləri;
4) dəmiryol keçidləri üzrə dəmiryol təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
III. Bu maddənin birinci hissəsində göstərilmiş tələblərin hüquqi və ya fiziki şəxslər tərəfindən yerinə yetirməsinə
nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
IV. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada və həddə bu maddənin birinci hissəsində göstərilmiş tələbləri pozan hüquqi və ya fiziki
şəxsləri məsuliyyətə cəlb və tənbeh etmək ixtiyarı vardır.
V. Bu maddənin ikinci hissəsində göstərilmiş hüquqi və fiziki şəxslər avtomobil yollarının lazımi vəziyyətdə
saxlanılmaması, onların abadlaşdırılmaması və ya avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmaması
nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı yol hərəkəti iştirakçılarına dəymiş maddi zərəri ödəməyə
borcludurlar.
Maddə 11. Avtomobil yollarından istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi
I. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər bu maddənin tələblərinə riayət etməklə
avtomobil yollarından istifadə edə bilərlər. Avtomobil yollarında yalnız dövlət qeydiyyatından keçmiş, texniki
cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələrinin hərəkətinə yol verilir.
II. Nəqliyyat vasitələri yol hərəkəti qaydalarına uyğun olaraq, ancaq yolun hərəkət hissəsində hərəkət edə bilərlər.
Nəqliyyat vasitəsinin yol çiyini ilə hərəkətinə yalnız dar yollarda başqa nəqliyyat vasitəsi ilə toqquşmamaq, habelə
qısamüddətə dayanmaq üçün icazə verilir.
III. Nasaz nəqliyyat vasitələrinin, yüklərin, materialların sahibləri onları ümumi istifadədə olan yolun təhkim zolağı
(yolların tikintisi və ya çəkilmiş yol üçün ayrılan zolaq) hüdudlarından kənara çıxarmadıqda, avtomobil yollarına
xidmət edən yol təsərrüfatı müəssisələri özləri bu nəqliyyat vasitələrini, yükləri, materialları təhkim zolağının
hüdudlarından kənara çıxarmaq hüququna malikdirlər. Bu zaman avtomobil yollarına xidmət edən yol təsərrüfatı
müəssisələri nəqliyyat vasitələrinin, yüklərin və materialların salamatlığı üçün məsuliyyət daşımırlar.
IV. Avtomobil yollarında və təhkim zolağında aşağıdakılar qadağandır:
1) örtüyü təkmilləşdirilmiş yollarda tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkəti (dolayı
yollar olmadıqda, onların körpülərdən, bəndlərdən, bataqlıq yerlərdən keçən yol sahələrindən hərəkəti, yol
örtüklərinin zədələnməməsi şərti ilə, yollara xidmət edən yol təsərrüfatı müəssisələrinin yazılı icazəsi ilə həyata
keçirilə bilər);
2) yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsi, yaxud tutulması, yolda kənd təsərrüfatı
məhsullarının qurudulması, zibil və qar yığınlarının yaradılması;
3) yolların hərəkət hissəsində yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, bitumun axmasının mümkünlüyü
ilə bağlı işlərin görülməsi, habelə yük vurulub-boşaldılması;
4) yollardan qum və çınqıl çıxarılması;
5) xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıdılması;
6) mal-qaranın otarılması, habelə onların yolun müəyyən edilməmiş və uyğunlaşdırılmamış yerlərindən keçirilməsi;
7) üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan alması, körpülərin altında qayıq stansiyalarının, digər
qurğuların yerləşdirilməsi;