120
özümə “günahım nə idi” sualını da vermək mənasızlaşırdı.
Bəlkə də, günah etmək üçün yaşayırdım, yaşadılırdım. Tanrı
da bizim günahlar etməyimizə ümid edirdi. O da müəyyən
ümidlərin izi ilə kainatı idarə edirdi. O, hansı ümidlərdi? Bunu
yalnız Allah bilirdi... Biz isə qurulmuş ssenarini oynayan
oyunçular idik... Rolumuzu məharətlə oynayırdıq... Lap belə
onun istədiyi kimi... Axı nə baş verir-versin intiharı rədd
edirdi O...
121
17. Müəmmalı hadisə
– Ara, bu türklərin qanını içmək lazımdır!
– Mən qamaz-qamaz bu türklərin canını alacam, sən də
içərsən tələsmə ara, tələsmə.
Tatatatatat, ta, ta, ta!.. (avtomat səsi eşidilir)
– Ara, qaçın, deyəsən türklərdir!
– Areni vurdular! Tez gəlin, qaçıb canımızı qurtaraq!
– Qaçmayın, qaniçənlər, qaçmayın! Hamınızı qırıb cəhənnəmə
göndərəcəm!
Tatatatatat, tatatatat, tatatatat!.. Avtomat səsləri daha
yaxınlıqdan eşidilir. İndi artıq sükutu yalnız havada sürətlə
hərəkət edən mərmilərin atıldığı avtomatın səsi pozur.
Qəhrəman kəşfiyyatçı qorxmadan irəliyə doğru şığıyır. Onun
bir amalı vardır – kəndə soxulan erməniləri öldürmək!..
... ... ...
Səhnədəki məktəblilər Xocalı faciəsinin həmin dəhşətli
anlarını tədbir iştirakçılarına çatdırmaq üçün hazırladıqları
səhnəciyi bacardıqları qədər yaxşı canladırmağa çalışmışdılar.
Zalda oturanlar sükut içərisində səbirsizliklə bu səhnəciyin nə
ilə bitəcəyini gözləyirdilər. Nəhayət ki qısa işıqlandırılmış bu
döyüş səhnəsi bitdi. Bu dəfə qalib biz idik – azərbaycanlılar!
Deyəsən, tamaşaçıların da böyük əksəriyyəti bundan razı
122
qalmışdı. Amma nədənsə dodaqların büzənlər də var idi.
Bəlkə, onlar daha haqlı idilər. Bəlkə, o birilər heç,
ümumiyyətlə, haqlı deyildilər... Hər halda məktəbin yetmiş iki
yaşlı qocaman fiziki Hüseyn müəllim səhnəcik bitər-bitməz
ayağa qalxıb zalı tərk edəndə son sözü bu olmuşdu:
– Biz həmişə sözdə, kinolarda, mahnılarda qalib gəlirik onsuz
da..!
Amma tədbir iştirakçılarının çoxu bu səhnəcikdən
təsirlənmişdi. Hətta bir həftəyə qədərdir ki, uşaqları bu
tədbirə hazırlaşdıran Gülər müəllimə göz yaşlarını saxlaya
bilməmişdi.
Tədbir isə hələ davam edirdi. Bu dəfə Aytəkin şeir demək
üçün öz sinif yoldaşlarını dəvət etdi. Artıq həyəcanı da
keçmişdi. Arabir birinci sırada əyləşən atasına nəzər salır,
daha da inamlı olmağa çalışırdı. Yəqin ki, tədbir bitəndən
sonra atasına yaxınlaşacaq və ilk sualı da “ata bəyəndin?”
olacaqdı...
Ramil isə tədbirin ta ilk dəqiqələrindən o illərə
qayıtmışdı... Cismi, özü burada olsa da, gözləri səhnədəki
qızına baxsa da, ruhən indi o həmin illərə qayıtmışdı...
*** *** ***
1992-ci il... Martın 6-sı... Arzu ilə başladığı ali təhsilini
yarımçıq qoyub birbaşa döyüş bölgəsinə getdi həmin gün.
Azərbaycan özünün ən ağır illərini yaşayırdı həmin illərdə. Ən
adi vətəndaşından tutmuş ziyalısına qədər hər kəs bu qırğının
nə vaxt bitməsini gözləyirdi. Bacaranlar əlindən gələni edir,
silaha sarılıb döyüşlərə gedirdilər. Amma təəssüf ki, bacardığı
işi etməyənlər də az deyildi...
Həmin gün Aytəkin ilə gəzib-dolaşdığı bütün yerlərə
getmiş, kəlmeyi-şəhadətini dilə gətirən müsəlmanlar kimi son
dəfə öz-özünə pıçıldamışdı da – “Səni tapacağam, and içirəm,
123
qisasını alacağam... Aytəkin!” Sonra isə vidalaşmaq üçün
evlərinə – ata-anasının, bacısının yanına dönmüşdü. O,
sonralar bu vida mərasimini dəfələrlə xatırlamışdı. Xüsusilə
bacısının onun ayaqlarına düşüb yalvarması hər yadına
düşəndə ürək ağrısı keçirirdi:
– Ramil, qurbanın olum, bizi qoyub getmə. Bəs biz sənsiz necə
dözərik, hə?!
– Nuranə, qalx ayağa, sən uşaq deyilsən ki, niyə məni getməyə
qoymursan? Öləndə öləcəyik, hər gün tabutu gələn şəhidlərdən
artığıq biz?! Onların bacıları bacı deyil?!
– Axı sən tək oğulsan, mənim, atamızın, anamızın yeganə
ümid yerisən. Bacın sənə qurban olsun, heç olmasa bir ay
gözlə, sonra istəsən gedərsən...
– “Aslanın erkəyi, dişisi olmaz”, – bunu ki həmişə sən mənə
deyirdin. İndi nəyə görə təkcə mən valideynlərimin ümid yeri
oluram?! – bunu deyib bacısını sakitləşdirmək üçün boynunu
qucaqlayıb zarafat etdi.
Maraqlı idi ki, Səmayə xanım oğlunun döyüşə getməməsi
üçün çox da yalvar-yaxar etmirdi. Bəlkə də, onun tərsliyinə
bələd olduğu üçün susurdu. Amma onun nigaran baxışlarında
daha çox qürur hissi görmək olurdu. Yeganə oğul övladının
vətən uğrunda döyüşə getməsinə dözə bilməsə də, bunu ona
bəlli etmək istəmirdi. Bilirdi ki, Ramil deyibsə, gedəcək. Onu
yolundan heç
kəs saxlaya bilməz. Qorxurdu ki,
narahatçılığını, ürək ağrısını oğlu anlasa, fikri onda qalacaq,
soyuq səngərdə yağı düşmənə tab gətirməyəcək. Odur ki,
özünü tox tutmağa çalışırdı.
– Ay ana, qurbanın olum, barı sən dillən!.. – Nuranə əlacsız
halda bu dəfə də ona üz tutdu.
Qadın isə heç bir söz demədən qızının saçlarını oxşayır,
onu ovundurmağa
çalışırdı. Nəhayət, onun sakit
olmayacağını görüb məzəmmətlə dilləndi:
124
– Ay qızım, bəs mən sənə uşaqlıqdan öyrətməmişəm ki, yola
gedənin arxasınca ağlamazlar?!
Bu sözlər məzəmmətlə səslənsə də, danlamaq üçün
deyilməmişdi.
– Bundansa, çay gətir qardaşın üçün, bir azdan gedəcək axı.
Səmayənin son sözləri qızını sakitləşdirmişdi. Hiss
olunurdu ki, “yola gedənin arxasınca ağlamazlar” məsələsi
onun halına əməlli-başlı təsir etmişdi. Odur ki, başını aşağı
salıb qardaşına çay gətirmək üçün evə tərəf getdi...
*** *** ***
– Necəsiniz, Ramil müəllim? – bayaqdan bəri səhnədə
şagirdlərinin yanında dayanan Gülər müəllimə indi onun
qarşısında dikilmişdi. Tədbir də elə indi bitmişdi. Bunu Ramil
səhnəyə ani nəzər salanda hiss etdi. Hələ ki, qızı da orada idi.
– Salam Gülər xanım! – ani tərəddüddən sonra ayağa qalxıb
qadınla salamlaşdı.
– Belə tədbirə görə sizə minnətdarıq!
– Borcumuzdur, Ramil müəllim. Biz sizin kimi qəhrəman
döyüşçülərin şücaətləri qədər olmasa da, çalışırıq ki, əlimizdən
gələni edək.
– Bir daha təşəkkür edirəm. Əmin olun ki, şagirdləriniz sizinlə
fəxr edir, – Ramil bunu deyib sağollaşdı. Qızı artıq gəlib onun
əlindən tutmuşdu.
– Ata, evə gedirik?
– Hə, qızım, gedək.
Ata-bala hər ikisi məktəbin qarşısına çıxıb dayanacağa
yaxınlaşdılar. Ramil bayaqkından fərqli olaraq, fikirlərində
daha aydın və rahat idi. Bəlkə də, indi onun əlindən bərk-bərk
tutan sevimli qızının təsirindən idi ki, özünü çox yaxşı hiss
edirdi. Siqaret yandırmaq istəyəndə tədbirdən əvvəl məktəbin
qarşısındakı dayanacaqda gördüyü dilənçi oğlanı xatırladı.
Dostları ilə paylaş: |