Qadının təhsili barəsində məsələ, ümumilikdə qadın məsələsi kimi, XIX əsrin 50-
60-cı illərində – təhkimçilik hüququnun ləğvi ərəfəsində və ondan sonra – rus
cəmiyyətinin diqqətini özünə cəlb etdi.
Bu, bir tərəfdən, Rusiyada bərabərlik və ictimai fayda haqqında liberal ideyaların
yayılması ilə, digər tərəfdən isə islahatdan sonra zadəganların əksər hissəsinin sosial
vəziyyətində baş verən dəyişikliklərlə bağlı idi. Məlumdur ki, təhkimçilik hüququnun ləğvi
sakinlərinin yaşayış üçün vəsaitsiz qaldığı bir çox zadəgan mülklərinin dağıdılmasına
səbəb olmuşdu. Və əgər zadəgan kişi işə girməklə bu problemi həll edə bilirdisə,
qadının müstəqil şəkildə qazanc əldə etmək imkanı olduqca məhdud idi. XIX əsrin
sonundan başlayaraq qadınların xüsusi təhsil alması vacib ictimai vəzifəyə çevrilmişdi.
Və XIX əsrdə emansipasiya uğrunda qadın hərəkatının əsas məqsədi ali təhsil uğrunda
mübarizə idi. Bu məsələnin geniş müzakirəsinə 1869-cu ildə keçirilən təbiətşünaslar
Qurultayı və həmin qurultaya xanım E.İ.Konrodinin qadının ali təhsil alması vacibliyi
haqda və bu ideyanın həyata keçirilməsinə yardım barəsində məktubu təkan verdi.
Sonra 400 nəfərin imzası ilə kollektiv bir məktub tərtib olundu və maarif naziri qraf
Tolstoya təqdim edildi. 1869-cu ilin payızında Sankt-Peterburqda hər iki cinsdən olan
insanlar üçün axşam kütləvi kursları təşkil olundu ki, burada universitet professorları
Beketov, Butlerov, Mendeleyev və başqaları mühazirə oxuyurdu. İlk tələbə qızlar
arasında N.Kosini, A.Blyumer, M.Boqdanova, N.Suslova, M.Bokova da vardı. Pedaqoji
tərkibin onlara münasibəti müxtəlif idi: açıq-aydın düşməncəsinədən tutmuş əsasən
üstünlük təşkil edən rəğbətlə yanaşanlara kimi. Tələbələr isə öz aralarında qızların
olmasına dostcasına yanaşırdı.
Qadın təhsili sistemində dəyişiklik etməyin vacibliyi barədə məsələni qoyan pioner
isə görkəmli rus cərrahı və pedaqoqu N.İ.Piroqov idi. 1865-ci ildə «Moskva məcmuəsi»
adlı jurnalda o bir məqalə çap etdirdi və məhz qadının insanın ilk tərbiyəçisi olduğu üçün
onun həmin ictimai funksiyanı uğurla yerinə yetirə bilməsi üçün təhsil alması ilə
əlaqədar qadın təhsili sahəsində köklü dəyişikliklərə ehtiyac olduğunu bir daha
vurğuladı.
1850-ci illərin sonunda Rusiya cəmiyyətində qadının universitet təhsili ala bilməsi –
qadının elmi fəaliyyətə cəlb olunması üçün ən vacib əsas – məsələsi artıq geniş
müzakirə olunurdu. 1859-cu ildə Peterburq universiteti öz qapılarını elmlə sistematik
məşğul olmağa cəhd edən qadınların üzünə açdı. Yüzlərlə qadın azad dinləyici sifətində
həmçinin Kiyev və Xarkov universitetlərinin auditoriyalarında özünə yer aldı. O zaman
təlimin geniş yayılmış formalarından biri də şəxsi mənzillərdəki «səyyar universitetlər»
idi: burada aparıcı professorlar pulsuz mühazirə oxuyurdu.
1861-ci ildə universitet əsasnaməsinə yenidən baxılan zaman Xalq təhsili Nazirliyi
qadınların rəsmi şəkildə universitetdə kurs dinləməyə «buraxıldığı» və onların elmi
dərəcə almaq üçün sınaqdan keçmək hüququ barədə məsələ müzakirəyə qoydu.
Universitetlərin əksəriyyəti bu məsələyə dəstək verdi. Yalnız Moskva və Derpt
universitetləri öz protestlərini hər iki cinsdən olan tələbələrin birlikdə mühazirə
dinləməsinin gənc insanlarla aparılan məşğələnin gedişinə mənfi təsir göstərə biləcəyi
ilə əsaslandıraraq buna qarşı çıxış etdilər. Lakin 1863-cü ildə qadınların universitetdə
mühazirə dinləmək hüququ ləğv olundu və 1864-cü ildə universitetlərdə artıq qadın
qalmamışdı. Hakimiyyət 60-cı illərin qadın tələbələrindən bərabərsizliyə və qadınların
əsarətinə qarşı etirazlarda iştirak etdiyi üçün bu cür intiqam aldı. Bu və sonrakı analoji
hadisələr Rusiya Nazirlər Şurasının gələcək sədri S.Y.Vitteyə qadınların «pozucu ideya
daşıyıcıları və həvəsləndiriciləri olduğu» üçün birgə təhsilin ali məktəbi inqilablaşdıra
bilməsini elan etməyə əsas verdi.
Ərlə-arvadın bərabərliyi haqda ən sadə, ağlabatan reformist ideya Pisarevin və
Çernışevskininin əsərlərində daha parlaq şəkildə əks olunmuşdur. Onlar qadını hər
şeydə kişiyə bərabər tuturdular: qadın həm iş yoldaşıdır, həm dostdur, həm anadır,
uşaqların tərbiyəçisidir. XIX əsrdə oxumaq arzusunda olan qızlar valideynlərin buna
razılıq verməməsi üzündən saxta kəbin kəsdirməyə məcbur olurdu. Bu cür kəbinin
əsasında bir qayda olaraq, valideyn himayəsindən yaxa qurtararaq müstəqil şəkildə
maarif yaxud elmlə məşğul olmaq istəyi dururdu. Görkəmli rus yazıçıları N.Leskov,
F.Dostoyevski, L.Tolstoy saxta kəbinlərə qarşı qətiyyətlə çıxış edirdi. Rus pravoslav
kilsəsi də saxta kəbinləri qəbul etmir və buna qarşı fəal mübarizə aparırdı. XIX əsr
cəmiyyətində ailə və kəbin problemləri ən kəskin mübahisələrin mövzusu olmuşdu,
məhz onlar qadın «azadlığı»na yol açmışdı. Səciyyəvi haldır ki, emansipasiya ideyası
əvvəlcə onun tərəfdarları və əleyhdarlarına bölünmüş kişilər arasında müzakirə edilirdi;
qadınlar özləri isə bu mübahisələrdə iştirak etmirdi. Nəticədə Rusiyada qadın
hərəkatının özü hələ ideoloji cəhətdən formalaşmamışdı və onun nə ümumi platforması,
nə də hərəkət proqramı vardı. Qadın mübarizəsinin əsas istiqaməti kişilərlə bərabər
işləyə bilmək imkanına malik olmaq idi ki, qadınların maddi müstəqilliyini və ali təhsil
almaq hüququnu təmin edə biləcəkdi.
Qadınların ali təhsilə və elmi məşğuliyyətə buraxılmasına qarşı nəinki siyasi
xadimlər, hətta kişi alimlər də (düzdür, başqa səbəbdən) etiraz edirdi.
A.Babel yazırdı ki, bir çox kişilər, xüsusən də elm sahəsindəki kişilər qadının
universitet təhsili almasına qarşı ona görə çıxış edir ki, əgər qadın özünü elmə həsr
etmək imkanı qazanarsa, onlar elmin nüfuzunun aşağı düşəcəyindən qorxurlar; həm də
onlar elmi məşğuliyyətdə təkcə kişi cinsindən olan seçilmiş insanlara aid xüsusi bir
imtiyaz görürlər.
Rus ziyalılarının qabaqcıl hissəsinin qadının təhsil hüququna tərəfdar olmasına
rəğmən dövlət siyasəti fəal ayrıseçkilik xarakteri daşıyırdı. Qadın bərabərliyinin qatı
tərəfdarı olan görkəmli alim Seçenovun nümunəsi Rusiyada XIX əsrin ikinci yarısındakı
sosial vəziyyət üçün qeyri-tipikdir. O zaman qadınların dövlət ali təhsili və elm
sahəsində total diskriminasiyası üstün meyil olaraq qalırdı.
Rusiya hakimiyyətinin bu siyasətinin real nəticələrindən biri qadınların ali təhsil
almaq və elmlə məşğul olmaq məqsədi ilə Qərbi Avropa ölkələrinə emiqrasiya etməsi
oldu. Oxumaq üçün hər şeydən əvvəl İsveçrə, Fransa, Almaniya kimi ölkələrin
universitetlərinə yollanırdılar. XIX əsrin ikinci yarısında İsveçrə qadınların kişilərlə
bərabər ali təhsil müəssisələrində oxuduğu ilk Avropa ölkəsi oldu. O dövr tələbələrinin
sosial vəziyyəti və emiqrasiya istiqamətinin aparıcı tədqiqatçısı A.Y.İvanov qeyd edir ki,
60-cı illərdən başlayaraq Sürixdəki universitet və politexnikum müxtəlif səbəblər
üzündən vətənində ali təhsildən kənarda qalmış rus gənclərinin axın mərkəzinə
çevrilmişdi. O dövrdə bu, əsasən qadınlar idi.
Qeyd etmək lazımdır ki, qadınların ali təhsil alması ilə bağlı çətinliklər təkcə
Rusiyada deyil, digər ölkələrdə də mövcud idi. Məsələn, Almaniyada qadınlar yalnız
1890-cı ildən sonra universitet təhsili almaq hüququna malik olmuşlar. Almaniyanın ali
məktəblərində qadınların təmsil olunmasına mane olan ciddi əngəl universitet
müəllimlərinin tələbə kontingentini seçməkdə qeyri-məhdud hüquqa malik olması idi.
Almaniyanın bir sıra universitetlərində qadın tələbələrin mühazirədə iştirakı professor
kişilərin razılığından asılı olurdu. Təkcə Veymar republikası (1919) dövründə qadının ali
təhsil və professional fəaliyyəti Almaniya konstitusiyası ilə möhkəmləndirildi. İlk alman
qadın professorları 1923-cü ildə bu vəzifəyə layiq görülmüş və uzun illər həmin fəxri
elmi ada malik yeganə qadınlar olan M.Vrangel və M. Vertinq idi. Maraqlı bir fakt: o vaxt
kı qanunvericiliyə əsasən, Almaniyada qadın professor ərə gedə bilməzdi. Baden-
Vürtenberq torpağının hökuməti yalnız dünya şöhrəti qazanmış professor Vrangel üçün
istisna etmişdi. Sürix universitetində 1871-ci ildə artıq 17 rus qadını, 1872-ci ildə 182
rusiyalı arasında 104 qadın (universitetdə cəmi 462 nəfər) təhsil alırdı. 1873-cü ildə
Sürix universitetində və politexnikumunda Rusiyadan 300 tələbə vardı ki, onların 103-ü
qadın idi. Sonrakı illərdə də rus tələbələr arasında qadınların sayı nəzərə çarpacaq
dərəcədə idi və fakültənin istiqamətindən asılı olaraq dəyişirdi.