56
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IX nömrə
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs,
cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə
tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti
həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin
etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
A. Ərizənin mümkünlüyü
62. Məhkəmə qeyd edir ki, bu ərizə Konvensiyanın 35‐ci maddəsinin 3 (a) bəndinin mənasında
açıq‐aşkar əsassız deyil. O daha sonra qeyd edir ki, o, hər hansı digər əsasa görə də mümkünsüz
hesab edilə bilməz. Buna görə də ərizə mümkün elan olunmalıdır.
B. Ərizənin mahiyyəti
1. Tərəflərin izahatları
(a) Hökumət
63. Hökumət ərizəçinin evinin “BŞİH‐nin 2004‐cü il 14 may tarixli sərəncamına uyğun olaraq dövlət
orqanları tərəfindən ictimai ehtiyaclar üçün alındığını” bildirmişdir. Bu sərəncam Bakı şəhərinin
Baş İnkişaf Planına əsaslanırdı. Ərizəçinin evi və sözü gedən ərazidəki digər binalar “gecəqonduya
oxşayırdı və şəhərin görünüşünə xələl gətirirdi (Hökumət ərizəçinin yarı dağılmış vəziyyətdə olan
evinin bəzi şəkillərini göndərmişdir). Ərizəçinin evi 2009‐cu ilin sentyabrında sökülmüşdür.
64. Hökumət bildirmişdir ki, müdaxilə onun baş verdiyi 2004‐cü il 15 may tarixində (BŞİH‐nin
sərəncamı bu tarixdə qəbul edilmişdi) qüvvədə olmuş maddi hüquq normalarına uyğun idi. Həmin
vaxt ərizəçi evinin altında yerləşən torpaq sahəsinə hər hansı hüquqa malik deyildi. Eyni zamanda,
bu vaxt evin özü də ərizəçinin xüsusi mülkiyyətində deyildi. Buna görə də həmin zaman qüvvədə
olmuş 1982‐ci il tarixli Mənzil Məcəlləsinin dövlət və ictimai mənzil fonduna daxil olan yaşayış
sahələrinə dair normaları hazırkı işə tətbiq edilmişdir. Hökumət bildirmişdir ki, digər tərəfdən
“ərizəçinin istinad etdiyi bütün hüquq normaları həmin tarixdən (2004‐cü il 15 may) sonra qüvvəyə
minmişdir və buna görə də hazırkı işdə tətbiq oluna bilməz”.
65. Hökumət bildirmişdir ki, ərizəçinin evi “özgəninkiləşdirilən” zaman yerli hakimiyyət orqanları
1982ci il Mənzil Məcəlləsinin 40‐cı, 41‐ci, 90‐cı, 91‐ci, 94‐cü və 96‐cı maddəsinə uyğun hərəkət
etmişlər və həmin müddəaların bütün tələblərinə əməl olunmuşdur. Hökumət daha sonra ölkə
məhkəmələrinin qərarlarındakı əsaslandırmanı ümumiləşdirmiş və ərizəçiyə 1982‐ci il Mənzil
Məcəlləsinin müddəalarına uyğun olaraq evinə görə ədalətli kompensasiya ödənildiyini qeyd
etmişdir. Torpaq sahəsinə gəlincə, Hökumət bildirmişdir ki, ərizəçi istər ölkə məhkəmələri, istərsə
də Avropa Məhkəməsində işə baxılan zaman verdiyi izahatlarında həmin sahəyə hər hansı
hüququnun olduğunu sübut edə bilməmişdir.
66. Nəhayət, Hökumət bildirmişdir ki, müdaxilə ərizəçinin üzərinə həddən artıq fərdi yük qoymamış
və istifadə edilmiş vasitələrlə nail olunmasına çalışılan məqsəd arasında ağlabatan tarazlıq təmin
edilmişdir. Evin sökülməsi şəhər planlaşdırılması ilə bağlı işlərlə əlaqəli olmuşdur və onun məqsədi
bir vaxtlar sakinlərin özləri tərəfindən tikilmiş “gecəqonduları sökməklə” şəhərin görünüşünü
abadlaşdırmaq idi.
(b) Ərizəçi
67. Ərizəçi evinin 2009‐cu ilin dekabrında söküldüyünü və bu tarixin müvafiq vaxtda tətbiq edilməli
olan özgəninkiləşdirmə qanunvericiliyinin müəyyən edilməsi məqsədləri üçün onun mülkiyyət
hüquqlarına müdaxilə vaxtı hesab edilməli olduğunu bildirmişdir. BŞİH‐nin 2004‐cü il 14 may tarixli
sərəncamı Hökumətin də iddia etdiyi kimi əsl müdaxilə deyildi, belə ki, BŞİH‐nin xüsusi mülkiyyəti
özgəninkiləşdirmək səlahiyyəti yoxdur və 2009‐cu ilin dekabrında ölkə məhkəmələrində iddia
qaldırana qədər ona bu sərəncam barədə məlumat belə verilməmişdi.
57
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IX nömrə
68. Ərizəçi qeyd etmişdir ki, Bakı şəhərinin Baş İnkişaf Planı Azərbaycan SSR Nazirlər Şurasının
1987‐ci il 18 may tarixli, 182 nömrəli qərarı ilə təsdiq edilmişdir və 2005‐ci ilə qədər olan dövrü
əhatə etməsi nəzərdə tutulurdu. Lakin bu hadisəyə qədər həmin plana bir neçə il idi ki, əməl
olunmurdu. Belə ki, dövlət orqanları şəhərin inkişafı ilə bağlı həmin planda nəzərdə tutulmuş bir
sıra layihələri həyata keçirmişdi. Hər bir halda Baş İnkişaf Planının mövcudluğu dövlət orqanlarının
Konstitusiyaya və mülkiyyətlə bağlı digər qanunvericilik aktlarına zidd hərəkətə yol verməsinə
bəraət qazandıra bilməzdi.
69. Ərizəçi evinin “gecəqonduya” bənzəməsinə dair Hökumətin səsləndirdiyi iddia ilə
razılaşmamışdır. O, Hökumət tərəfindən təqdim edilmiş şəkillərin evinin sökülməsinə başlandıqdan
sonra çəkildiyini qeyd etmişdir. Bundan əlavə, NRİH evinin pis vəziyyətdə olduğu qənaətində idisə,
məhkəməyə müraciət edərək, mülkiyyətçinin ağlabatan müddətdə evini təmir etməsini tələb edə
bilərdi.
70. Ərizəçi bildirmişdir ki, evdən əlavə onun altında olan torpaq sahəsi də 1 saylı Protokolun 1‐ci
maddəsinin mənasında onun “əmlakı” idi. O, bununla bağlı Mülki Məcəllənin 243.1‐ci maddəsinə,
Torpaq islahatı haqqında Qanunun 9‐cu maddəsinə və Vətəndaşların qanuni istifadəsindəki
torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnaməyə (yuxarıda 56‐58‐ci bəndlərə bax)
istinad etmişdir. Bu sənədlər ona torpaqdan istifadə etmək və əvəzi ödənilmədən onun üzərində
mülkiyyət hüququ əldə etmək hüquqlarını verirdi.
71. Şikayətin mahiyyətinə gəlincə, ərizəçi ölkə məhkəmələrində irəli sürdüyü dəlillərini təkrar
etmişdir (yuxarıda 29‐cu və 32‐ci bəndlərə bax). O xüsusilə qeyd etmişdir ki, ölkə məhkəmələrinin
və Hökumətin istinad etdiyi 1982‐ci il tarixli Mənzil Məcəlləsinin müddəaları bu işə tətbiq oluna
bilməzdi. O təkrar etmişdir ki, dəfələrlə şikayət etməsinə baxmayaraq, ölkə məhkəmələri və Hökumət
tətbiq edilməli olan qanunvericilik, o cümlədən Konstitusiyanın, Mülki Məcəllənin, yeni Mənzil
Məcəlləsinin, prezidentin müvafiq fərmanlarının və digər normativ‐hüquqi aktların müddəaları ilə
bağlı mövqeyini bildirməmişdir.
72. Bundan əlavə, ərizəçi bildirmişdir ki, ona heç zaman daşınmaz əmlak və torpaq sahəsinin
özgəninkiləşdirilməsi ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq əvvəlcədən pul şəklində
kompensasiya təklif edilməmişdir. Bunun əvəzinə, ona köçürülmüş qəbiristanlığın yerində inşa
edilmiş “barak tipli” binalardakı mənzillərə köçmək təklif olunmuşdur. Bu isə bütün həyatı boyu
yaşadığı həyətyanı sahəsi olan özəl evi üçün nə qanuni, nə də ekvivalent kompensasiya hesab oluna
bilməzdi. Bununla əlaqədar olaraq o, həmçinin evinin və NRİH tərəfindən verilmiş yeni mənzillərin
bazar dəyərləri ilə bağlı verilmiş “ekspert rəyi” ilə də razılaşmamışdır. Onun sözlərinə görə bu sənəd
müvafiq ixtisasa malik olmayan şəxs tərəfindən tərtib edilmiş və hər hansı şəkildə əhəmiyyətli
dərəcədə yoxlanmamışdır.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Mübahisə predmeti olan evin və torpaq sahəsinin ərizəçinin “əmlakı” olub‐olmaması məsələsi
73. Məhkəmə təkrar edir ki, 1 saylı Protokolun 1‐ci maddəsinin birinci hissəsindəki “əmlak
konsepsiyası müstəqil mənaya malikdir və maddi nemətlər üzərində mülkiyyət hüququ ilə
məhdudlaşmır. O, ölkə qanunvericiliyində müəyyən edilən formal təsnifata münasibətdə də
müstəqildir. Maddi nemətlər kimi əmlak qismində çıxış edən bəzi digər hüquqlar və maraqlar da
“mülkiyyət hüquqları” və beləliklə də, bu müddəanın məqsədləri üçün “əmlak” hesab oluna bilər
(bax: İatridis Yunanıstana qarşı (Iatridis v. Greece [GC], no. 31107/96, § 54, ECHR 1999II)).
“Əmlak” konsepsiyası yalnız “mövcud əmlak” ilə məhdudlaşmır və həmçinin ərizəçinin azından
mülkiyyət hüququndan səmərəli istifadənin əldə edilməsi ilə bağlı ağlabatan və qanuni gözləntisinin
olduğunu iddia edə biləcəyi əmlakı, o cümlədən tələbi əhatə edə bilər. “Gözlənti” sözü gedən
mülkiyyət marağını nəzərdə tutan qanunvericilik normasına və ya hüquqi akta əsaslandıqda “qanuni”
hesab edilir. Hər bir işdə bütünlükdə işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1‐ci maddəsi ilə
qorunan həqiqi marağa malik olma hüququnu verib‐vermədiyi araşdırılmalıdır (bax: “Saqinadze və
Digərləri Gürcüstana qarşı (Saghinadze and Others v. Georgia, no. 18768/05, § 103, 27 May 2010,
with further references)).