Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları


Mühazirə 6 Azərbaycan dilində rəsmi işgüzar yazılı nitq



Yüklə 262,04 Kb.
səhifə57/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   78
Mühazirələr 2021

Mühazirə 6

Azərbaycan dilində rəsmi işgüzar yazılı nitq



Azərbaycan ədəbi dili rəsmi-işgüzar üslubunun əsas xüsusiyyətləri. Dilçilikdə üslub dedikdə dilin diferensiallaşma prosesi, daha doğrusu, müxtəlif funksiyalara görə fərqli təzahür forması nəzərdə tutulur. Üslub ədəbi dilin ən əsas tarixi kateqoriyasıdır: o, ədəbi dilin tarixi inkişafı, inkişaf tarixinin dövrləri və mərhələləri, ədəbi norma anlayışları ilə bağlıdır.

Azərbaycan ədəbi dilində aşağıdakı üslublar mövcuddur: bədii, elmi, publisistik, rəsmi-işgüzar və məişət üslubu. Hər bir funksional üslub xətti müəyyən tarixi inkişaf prosesinin məhsulu olaraq özünəməxsus leksik-semantik, qrammatik xüsusiyyətlərə malikdir və həyatın müxtəlif sahələri üzrə cəmiyyətə xidmət edir. Bu üslublar arasında cəmiyyətin hər bir fərdinin istifadə etdiyi, işləkliyi digər funksional üslublardan daha fəal olan rəsmi-işgüzar üslubdur.

Rəsmi-işgüzar üslub – sənədlərin, beynəlxalq aktların, hüquqi qanunların, fərman və əmrlərin, iş yazışmalarının dilidir. Bu üslub qanunvericiliyə, bütün sahələrdə kargüzarlığa, huquqi zəmində münasibətlərin tənzimlənməsinə xidmət edir. Bu üslub üçün ümumiləşdirmə, obyektivlik, izahın məntiqi təşkili, fikrin aydınlığı, birmənalılıq və əsas şərtlər hesab edilir. Rəsmi-kargüzarlıq üslubu dövlətin digər dövlətlərlə, dövlətin vətəndaşlarla, vətəndaşların bir-biri ilə rəsmi formada, daha doğrusu, sənədlərin dili ilə ünsiyyət formasıdır.

Rəsmi-işgüzar üslubda müəyyən qəliblərdən, standart formalardan istifadə olunur, hər hansı bir sənədin xüsusi yazılma qaydası mövcuddur. Bu üslubda nə forma, nə də məzmun standartlarından kənara çıxmaq olmaz. Çünki bu üslubun təzahürü olan hər bir mətn sənəd xarakteri daşıyır.

Rəsmi-işgüzar üslubun dili digər funksional üslublarla müqayisədə daha mühafizəkar xarakter daşıyır. Digər üslublarda rast gəldiyiniz dil zənginliyi, obrazlılıq, ifadə rəngarəngliyi bu üslub üçün yolverilməzdir. Fikrin yığcam və aydın formada çatdırılması, faktların dəqiqliyi, şablon ifadələrdən istifadə rəsmi-işgüzar üslubun əsas göctəriciləridir.

Rəsmi-işgüzar üslubda istifadə olunan sənədləri 3 növə ayırmaq mümkündür:

- Diplomatik sənədlər

- Rəsmi sənədlər

- İşgüzar sənədlər

Diplomatik sənədlərə beynəlxalq sazişlər, konvensiyalar, deklorasiyalar və s. aiddir. Bu tip sənədlərin hazırlanması xüsusi peşəkarlıq, maksimum diqqət, ən xırda nüansın belə gözdən qaçmamasını tələb edir. Diplomatik sənədlərin hazırlanmasında bütün söz və ifadələr həssaslıqla seçilməli, fikrin tam aydınlığı üçün ən ideal variant əsas götürülməlidir. Bu sənədlərin dilində məna sürüşməsinə, ikimənalılığa, lüzumsuz təkrara yol vermək olmaz. Bir sözlə, hər hansı diplomatik sənəd hazırlayarkən dünən, bu gün və sabah da nəzərə alınmalıdır. Diplomatik sənədlərin dilində işlənən sözlərin böyük bir qismi beynəlmiləl termin səciyyəli olur. Əgər dildə hər hansı bir ifadənin həm beynəlmiləl, həm də milli terminlə ifadəsi mövcuddursa, bu halda belə beynəlmiləl termindən istifadə daha məqsədəuyğundur.

Böyük Britaniyada diplomatik sənədlərin dili üçün “5C” qaydası tətbiq edilir:

Clear – aydın

Complete – dolğun

Concise – yığcam

Courteous – nəzakətli

Correkt – düzgün (2)

Rəsmi sənədlərə qanunlar, əmr və fərmanlar, vətəndaş aktları, kodekslər, konstitusiya və s. aiddir. Rəsmi-işgüzar üslubun bu növünə dövlət və ictimai qurumların, ayrı-ayrı vətəndaşlar, eləcə də hüquqi şəxslərin rəsmi münasibətlərinin tənzimlənməsində istifadə olunan sənədlər daxildir.

Bir çox rəsmi sənədlər kollektiv əməyin məhsuludur və peşəkar mütəxəssislər tərəfindən hazırlanır. Məhz hər hansı yeni qanun və yaxud mövcud qanuna edilən dəyişikliklər dövlətin qanunverici orqanında müzakirə edilir, müzakirə zamanı edilən təklif və tövsiyələr nəzərə alınaraq redaktə edilmiş son variant qəbul edilir. Bəzən müəyyən sənədlər ümumxalq müzakirəsinə təqdim edilir və ümumxalq referendumu ilə qəbul edilir. Məs, Konstitusiyaya edilən əlavə və dəyişikliklər.

Rəsmi sənədlərin dilində fikrin dəqiqliyinə ifadələrin aydınlığına, müddəaların hüquqi əsaslılığına xüsusi diqqət yetirilməlidir.

İşgüzar sənədlər vətəndaşların bu və ya digər problemlərini həll etmək istiqamətində hazırlanan sənədlərdir. Bu sənədlər dövlət əhəmiyyəti daşımayaraq ya vətəndaşın dövlətlə, ya da vətəndaşın vətəndaşla münasibətlərini tənzimləyir. Belə sənədlərə misal olaraq, ərizə, izahat, tərcümeyi-hal, məktub və s. göstərmək olar. Bu tip sənədlərin hazırlanmasında şablonlardan istifadə edilir. Belə sənədlərdə məzmun yığcam verilməli, vətəndaşın mövqeyi aydın və lakonik formada izah olunmalıdır. Sənədlərin dilində mürəkkəb sintaktik konstruksiyalardan, obrazlı ifadələrdən, lüzumsuz təkrarlardan istifadə yolverilməzdir. Bir çox işgüzar sənədlər hazır blank formasında olur ki, vətəndaşlardan müvafiq yerləri doldurmaq tələb edilir.

İstənilən rəsmi və işgüzar sənədlərin hazırlanmasında standartlaşdırma, unifikasiya və trafaretləşdirmə prinsiplərinə əməl edilməlidir. Bunlar sənədlərin hazırlanması işini xeyli sürətləndirir və xətalara yol verməməyə imkan yaradır.



Standatlaşdırma – diplomatik, rəsmi, işgüzar sənədlərin hazırlanması və icrası üçün qayda və tələblərin yaradılmasıdır. Rəsmi sənədlərin dilini standart əsaslarla ümumiləşdirmək ünsiyyətin tipik vəziyyətlərini əks etdirən standart dil modelləri sistemini formalaşdırır. Sənədin bütün semantik tərəfləri sabit məntiqi formalar – modellər şəklində həyata keçirilir. Nəticədə rəsmi bir sənədin tərtib edilməsi prosesi standart dil modellərinin müəyyən bir məntiqi ardıcıllıqla birləşdirilməsinə qədər azalır. Sənədlərin dilini standartlaşdırmaq rahatlıq və vaxta qənaət etməyə xidmət edir.

Unifikasiya – (birləşmə) müəyyən şeyləri vahid sistemə, formaya gətirməkdir. Rəsmi sənədlərin unifikasiya edilməsinin mahiyyəti sənədlərin növlərini azaltmaq, onların forma və quruluşunu, işləmə, saxlama, qeyd aparma əməliyyatlarının vahidliyini təmin etməkdir. Sənəd axınının vahid formalara və standartlara endirilməsi, eyni zamanda, sənəd formalarında detalların vahid yerləşdirilməsini, onların azaldılmasını, bir-biri ilə əlaqəli sənədlərdə məlumatların müqayisəli olmasını təmin etməkdir.

Trafaretləşdirmə isə mümkün qədər çox sayda məlumatı standart formada daxil etməyə imkan verir. Trafaretdən istifadə edərək sənədlərin tərtib edilməsi çox zaman istifadə olunan, dəyişdirilə bilən hissələri ilə hazır mətnlərin və ya onların hissələrinin birləşməsinə əsaslanır.

Trafaretləşdirmə ofis proseslərinin mexanizasiyasından, avtomatlaşdırılmasından və kompüterləşdirilməsindən istifadəni genişləndirməyə, müasir informasiya texnologiyalarını tətbiq etməyə kömək edir.

Azərbaycan rəsmi-üşgüzar üslubunun inkişaf tarixindən. Azərbaycan ədəbi dili rəsmi üslubunun ilk nümunələri XVI əsrdə meydana çıxır, XVII-XVIII əsrlərdə isə rəsmi üslub formalaşır. XVII-XVIII əsrlərdə rəsmi üslub nümunələrinin dil-üslub kamilliyi, hər şeydən əvvəl, müəyyən “rəsmilik” standartlarının artıq tamamilə üzdə olması ilə diqqəti cəlb edir: bu standartların eynilə ərəb, yaxud farsdilli nümunələrdə də işlənməsi belə bir fikrə gəlməyə əsas verirki, son orta əsrlərə doğru ərəb, fars və türk dilləri üçün eyni olan ümumi rəsmi üslub modeli müəyyənləşmişdir. Azərbaycanda təkcə Azərbaycan dilində deyil fars, yaxud ərəb dilində tərtib olunmuş rəsmi sənədlər belə Azərbaycan dilinin materiallarını (ən azı təfəkkür tərzini) əks etdirir. XVII əsrdə rəsmi üslubun keyfiyyətini səfəvi hökmdarlarının məktubları müəyyən edir:

II Şah Abbasın Şirvan bəylərbəyi Hacı Mənüçöhr xana 1070 (1659-60)-ci il tarixli məktubu:

“ İxlas təriqində rasix ül-əqidə, şücaət və mübarizət yolunda Həsəndidə Hacı Mənüçöhr xan! Təvəccöh və inayətim tərəfinə nihayətsiz bilüb özünü əksər xatirimdə biləsən, xüsus bəzi feyzlü məclislərdə, inşallah, yaxşı vəchlə hüzurimizə yetmək müyəssər ola. Aineyi-zəmiri-Əimeys-məsumin əleyhüməssəlam mehrində Dərviş Mustafa yoldaşilə Şirvan səmtindən öz vilayətinə getmək iradəsi var. Mehribanlıq lazıməsin yerə gətirib, rəvanə edəsən. Əlhəq!”

Bu və bu tipli rəsmi məktublarda, hər şeydən əvvəl, diqqəti o cəlb edir ki, adi rəsmi informasiya (məlumat, münasibət, təklif və s.) nə qədər dəbdəbəli, parlaq, “ali” dillə təqdim olunur.

Səfəvi hökmdarlarından I Şah Səfinin (1628-1642) Avstriya-Macarıstan hökmdarı II Ferdinanda (1619-1637), Şah Hüseynin (1694-1722) Polşa hökmdarı Fridrix Avqusta (1694-1733) məktublarında da təxminən eyni ifadə tərzi müşahidə edilir1 . XVI əsrdən, yəni Səfəvilər dövlətinin mövcudluğunun ilk dövrlərindən gələn həmin rəsmi dil ənənəsi XVIII əsrə ötürülür.

Azərbaycan ədəbi dili rəsmi üslubunun formalaşması və inkişafında Azərbaycan-Rusiya münasibətlərini əks etdirən sənədlər əhəmiyyətli rol oynamışdır. Məlum olduğu kimi, XVIII əsrin əvvəllərindən başlayaraq Rusiya öz nüfuzunu Cənuba doğru genişləndirməyə çalışır və müxtəlif metodlara, üsullara əl atır. Azərbaycanı İrana və Türkiyəyə qarşı qaldırmaq üçün ölkəyə şərq dillərini bilən casuslar göndərilir, rəsmi müraciətlər olunur, yerli əhalidən Rusiya imperatoruna ərizələr gəlir (bunların bir qismi xüsusi təşkil olunur və həmin ərizələrdə, adətən, rus qoşunu Azərbaycana dəvət edilir) və s. Azərbaycan-Rusiya münasibətlərini əks etdirən sənədlərdə ölkənin həm daxili problemlərindən, həm də başqa ölkələrlə əlaqələri məsələlərindən bəhs olunur. XVIII əsrdə rəsmi üslub ictimai funksiyasına görə kütləviləşir; getdikcə daha sürətlə xalqın həyatına daxil olur – kütləviləşmənin iki tərəfini qeyd etmək lazımdır: birincisi, mərkəzi rəsmi təşkilatlar xalqa müraciət edirlər; ikincisi, xalq kütləsi mərkəzi rəsmi təşkilatlara müraciət edir . Birinci tipdən olan sənədlərə I Pyotrun manifestini misal göstərmək mümkündür. Azərbaycan ədəbi dili rəsmi üslubunun klassik nümunəsi olan bu sənəd 15 iyul 1722-ci ildə I Pyotrun Azərbaycana yürüşü zamanı knyaz Dmitri Kantemir tərəfindən tərtib edilmişdir. Manifestin əvvəli dəbdəbəli, lakin tədqiqatçıların qeyd etdikləri kimi, tamamilə ayıq müraciətdən ibarətdir: “Pyotri-əvvəl ibn Aleksey padşahi-Rusiya beunirəbbani və qüdrəti-cahandakı ilə biz Petros-əvvəlki imperatori-təvayifi-rus xudadari-ərzeyni-məmaliki-şimaleyi tülüvəl zəval vəl nisf əl-nəhreyi padşah əl-bərreyi və xaqan əl-bəhreyi və neçə dəxi sair və sair padşahlıqların və hökumətgahların hakimi və malikanə buyruqçusu. Şövkətlü və əzəmətlü səadətlü və məhəbbətlü ulu möhübbümüz və qədimi dostumuz şahi-alicah həzrətlərinin hökumətində və xidmətində olan izzətlü və hörmətlü süpəhsalariyan və xaniyan və qorçu-başıyan və ağayani-qul və tüfəngçiyan və topçubaşıyan və bəglər-bəgliyani-qul və soltaniyan və vüzəra və sair zabitan və nəfərətan bin və yüzbaşıyan və fəzilətlü üləma və mövla və hörmətlü imamlar və müəzzinlər və sair ərbabi-xüddam cəvamei və…..”

Manifestin dili, şübhəsiz, klassik üslubun tarixi təsiri altındadır. Şübhəsiz, I Pyotrun manifesti “ali üslub”dan “orta üslub”a meyilli olmaqla o zamana qədər mövcud olmuş, az-çox təkmil rəsmi üslub təcrübəsi nəzərə alınmaqla tərtib edilmişdir; rəsmi üslubun milliləşməsi, xalqın həyatına daxil olması prosesinin məhsulu, nəticəsidir. Rəsmi üslubun keyfiyyətinə və funksional imkanlarının genişlənməsinə XVIII əsrdə müxtəlif şəxslər tərəfindən yazılmış ərizələr bilavasitə təsir edir. Ərizələr öz strukturu etibarilə üç əsas hissədən ibarətdir: başlanğıc, ərizəçini maraqlandıran məsələnin şərhi və nəhayət, onun istəyi, arzusu, mülahizəsi və s. Ərizələr adətən bu cür başlanır: “Ərzədaşt duagu Qulammirzeyi-tüccar sakini-Dərbənd bəzirveyi ərzi vəlacaygah padşahi-məmaliki-urus mirəsənd ki...”; “Ərzədaşt kəmtərin bəndəgan İmamqulu yüzbaşı naibiDərbənd bezirveyi ərzi bəndəgan nəvvabi-məmalikibəhreyn və əl-şimaleyn mirəsənd ki...” və s.

XVIII əsrin ikinci yarısında rəsmi üslubun diqqəti daha çox cəlb edən nümunəsi II Yekaterinanın “Qanunicədid”idir – kitab 1780-1785-ci illərdə Peterburqda çap olunmuşdur; burada, ümumiyyətlə türk dillərinin faktlarına müraciət edilsə də, Azərbaycan dili daha mükəmməl təmsil olunur və odur ki, “Qanuni-cədid”in tərcüməsini, birinci növbədə Azərbaycan dilinin mənbəsi saymaq lazım gəlir. “Qanuni-cədid” “Allah taala həzrətlərinin mərhəməti və irafeyi-xeyrilə biz Yekaterina saniyən ba əl-cümlə Rusiyyə momləkətinin padişahı və hökmdarı və sair və sair və sairlərin bəzm cəmi sədaqətlü rəiyyətlərimizə elam və bəyan edirüz” – adlı müqəddimə ilə açılır. Müqəddimənin və ümumiyyətlə “Qanuni-cədid”in dili I Pyotrun manifestinin dil-üslub təcrübəsinin davamı olmaqla yanaşı, daha demokratik, daha kütləvi, daha anlaşıqlıdır:

XIX əsrdə rəsmi üslubun bu və ya digər dərəcədə inkişafına mətbuatın meydana çıxması, kitab nəşri böyük təsir göstərir, bununla belə, Azərbaycanın dövlət müstəqilliyinin olmaması rəsmi üslubun milli təfəkkür əsasında deyil, ancaq Rusiya imperiyasının qanun, qərar və göstərişlərinin təcrübəsi əsasında inkişafına səbəb olur. Məsələn, 1817-ci ildə Peterburqda imperatorun imzaladığı “Тариф по азиатской торговли” adlı rəsmi sənədlər toplusu Azərbaycan ədəbi dilinə yaxın bir dilə tərcümə olunub 1830-cu ildə çap edilir – tədqiqatçıların göstərdiyi kimi, həmin kitab, əsasən, Orta Asiya üçün nəzərdə tutulmuşdu, tərcümədə Azərbaycan dilinə üstünlük verilməsi isə bu dilin digər türk xalqları arasında asan anlaşılması idi.

Azərbaycanda və ümumən Rusiyada ticarətin inkişaf rəsmi üslubun, əsasən, ticarət, təsərrüfat və s. məsələləri ilə bağlı olmasını şərtləndirir; məsələn, “Əkinçi”dən “Badkubədə neftin xalvarı, yəni iyirmi pudu 1 manat 5 – qəpikdən tutmuş 2 manat 50 qəpik. Neft cövhərinin pudu boçkasız 65 qəpik, boçka ilə 1 manat” (22 iyul, 1875-ci il). XIX əsrdə Azərbaycan dilinə tərcümə olunmuş, yaxud Azərbaycan dilində yazılmış bir sıra sənəd nümunələrini (formalarını) nəzərdən keçirək: İltizamnamə: Bin səkkiz yük əlli altıncı ildə və fevral ayının səkkizinci günündə biz zildə qol qoyan filan və filan qəriyənin əhlindən filan və filan verürük bu iltizamnaməni Dərbənd ətrafının hakiminə. Ondan ötrü ki...

Şərtnamə: 1861-ci sənədə mah ğənvarın on beşinci günündə mən aşaqədə qol çəkən və möhür basan Tiflis sakini usta Əliəkbər Mustafa oğlu saqdım kaputan Mirzə Fətəli Axundova yüz əlli min kərpic öz məxsusi kürəxanəmdən… Qəbalənamə: Bin iki yüz yetmiş üçüncü sənayehicriyyədə məhərrəm ayının igirmi birinci günündə Dərbənd sakini fılan özünün xas olan mülkündən… və həd və hüdudu dəxi ola Şərqdən…, beh səhih edüb filanə satdı… Ol səbəbdən bu qəbalənamənin təhririnə müsaidə… və səbti-dəftəri-məhkəməyi-şəriət olundu.

Bunlardan əlavə, XIX əsrin rəsmi üslubun vəsiyyətnamə, ərizənamə, şikayətnamə, cavabnamə, dəvətnamə, təziyənamə, qəsəmnamə, şəhadətnamə, təməssüknamə, vəsihətnamə və s. kifayət qədər çoxlu formaları mövcud olmuşdur

Azərbaycan ədəbi dilinin rəsmi üslubu XX əsrin əvvəllərində iki tipoloji ənənə əsasında inkişaf edir: bunları şərti olaraq Şərq və Qərb ənənələri adlandırmaq mümkündür. Həmin ənənələr tədricən birləşir. Rəsmi üslubun dil potensialının müəyyənləşməsində Şərq ənənəsi əsasdır – bu mənada ki, ərizədən tutmuş diplomatik dövlət sənədinə qədər bütün rəsmi üslub nümunələri XX əsrin əvvəllərinə qədər artıq mövcud idi, məhz bu mərhələdən başlayaraq bir sıra sənədlərin Qərb ənənəsində hazırlanması prosesi gedir. Məsələn:

1) Oktyabrın onundan on beşinə kimi başlanır realni uşqolaya qəbul olmaqdan ötri imtahanlar yarımıncı, birinci və ikinci qlaslara;

2) imtahan olunacaq şəhər uşqolasında hər gün saat ikidən sonra;

3) ərizələri göndərmək olar oktyabrın on beşinə kimi şəhər uşqolasına. Poçt ilə və ya vermək olar inspektorun özünə;

4) təyin olunmuş vəqtdə gəlməyən uşaqlar dəxi imtahan olunar dəsrə şüru olunandan sonra;

5) dəsrə gələn uşaqlar özləri ilə bərabər gətirməlidirlər: qələm, kağız və çernil… Göründüyü kimi, mətn bütövlükdə rus sintaksisinin təsiri altındadır – hətta bu təsir o qədər güclüdür ki, bilavasitə tərcüməni xatırlardır və Qərb rəsmi düşüncəsinin Azərbaycan dilli sənədlərdə nə dərəcədə iştirak etdiyini göstərir. Əlbəttə, Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına qədərki dövrdə rəsmi sənədlər çox nadir hallarda yerli xalqın dilində tərtib olunur – bu ancaq o zaman edilir ki, birbaşa geniş xalq kütlələrinə müraciət olunur, elan verilir və s. Müstəqil Azərbaycan dövlətinin meydana çıxması ilə ən müxtəlif sahələrdə (o cümlədən, diplomatik yazışmalarda) Azərbaycan türkcəsi işlənir. Azərbaycan Demokratik Cümhuriyyətinin sənədləri Azərbaycan ədəbi dili rəsmi üslubunun inkişafında xüsusi rol oynamışdır. Hər şeydən əvvəl, Azərbaycan Parlamentində edilən çıxışları, aparılan söhbətləri, mübahisələri xatırlatmaq lazım gəlir – həmin çıxış, söhbət və mübahisələrdə Azərbaycan dili müstəqil dövlətin rəsmi dili kimi praktik fəaliyyət meydanı əldə edir.

Məmməd Əmin Rəsulzadənin Azərbaycan parlamentinin 27 aprel, 1920-ci il tarixli iclasındakı çıxışından:

“Əfəndilər! Mütəcasir bir ultimatum qarşısında bulunuruz. Burada təslimdən bəhs edirlər. Fəqət, əfəndilər, təslim nə demək!.. Kimə tərki-mövşe ediriz?.. Bizə deyirlər ki, hüdudumuzu keçən ordunun başında Necati adında bir türk komandanı durmuşdur. Rusiyadan gələn bu mütəcavüz ordu, təmin edirlər ki, həyat və məmat mücadiləsində bulunan Türkiyəni xilas üçün qoşur. Əfəndilər. Türkiyə Azərbaycanın xilaskarıdır. Amalimilliyyətimizin təbcil edildiyi müqəddəs bir məmləkətdir! Onun xilası üçün gedən qüvvəni biz məmnuniyyətlə istiqbal və teşyi edəriz. Fəqət bu şərtlə ki, bu qüvvə bizim hürriyyətimizi, istiqlalımızı çığnamasın. Halbuki əfəndilər, bizə sormadan hüdudumuzu keçən hər hansı bir qüvvə dostumuz deyil, düşmənimizdir! Duyduğumuz bu propoqanda düşmən propoqandasıdır. Bizi iğfal edirlər, yalandır. Gələn ordu rus ordusudur. İstila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qonmaqdır. Anadolu imdadına gedəcək bəhanəsilə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Qızıl Rusiya ilə anlaşmaq üçün hökuməti, mütləq bolşeviklərə təslim və ultimatumu qəbul etmək zilliyyətinə qatlanmağa ehtiyac yoxdur. Bu mütəcəsuranə ultimatumu kəmali-nifrətlə rədd etməlidir. İhtilalçı Rusiya ilə mübariz Türkiyənin müvasele və tənasüdünü təmin etmək zərurətilə radikal bir hökumətin məbusan tərəfindən təşkili və bu hökumətə səlahiyyəti-vasiə verilməsiylə tədilisiyasət etmək qabildir. Məbusan zatən belə bir təşəbbüslə məşğuldur. Bu surətlə həm Rusiya ilə bir lisani-ümumi tapılar, həm də istiqlali-millimiz rəxnədar olmaz. Eyni zamanda Anadoluya imdad məqsədi də hasil olar! Başqa cür yapılan hər hansı bir güzəşt, hüquqi-milləti-təslimdən 601 ibarət olar kı, buna qatlanmaq mühill-şərəf olduğu kimi böyük bir fəlakəti dəxi mücibdir!.. İstiqlalımızı göz bəbəyi kimi müdafiəyə qərar verən bir məclisə dinlədiyi bu ultimatumu qəbul etmək hökuməti kəndi əlilə dost kisvəsinə bürünmüş düşmənə təslim etməkdir! Biz buraya millətin iradə və arzusu ilə gəldik, bizi buradan yalnız qüvvət və süngü çıxarmalıdır!.. “

Çıxış mətninin təhlili göstərir ki, burada yad dil elementləri o qədər də az deyil, lakin bu, bütövlükdə anlaşıqlı və eyni zamanda mükəmməl dildir – mütəcasir, mütəcavüz, teşyi, iğfal, mütəcəsuranə, müvasele, təsapüd, rəxnidar kimi “çətin” sözlərlə yanaşı başında Necati adında bir türk komandanı durmuşdur; bu şərtlə ki, bu qüvvə bizim hürriyyətimizi, istiqlalımızı çığnamasın; bizə sormadan hüdudumuzu keçən hər hansı bir qüvvə dostumuz deyil, düşmənimizdir və s. tipli “canlı danışıq dili” elementləri işlənir.

Nəyayət XX əsrin ortalarından başlayaraq, xüsusən də Azərbaycan yenidən müstəqilliyinə qovuşduqdan sonra Azərbaycan ədəbi dilinin rəsmi üslubu bütün istiqamətlərdə inkişaf etməyə başlamışdır.

Rəsmi-işgüzar yazılı nitqin leksik xüsusiyyətləri. Rəsmi-işgüzar yazılı nitq leksik, qrammatik, morfoloji, sintaktik xüsusiyyətlərinə görə digər üslublardan fərqlənir.

İşgüzar yazışmalarda ən çox istifadə olunan rəsmi- işgüzar yazılı nitqin leksik xüsusiyyətləri elmi ədəbiyyatda aşagıdakı kimi xarakterizə olunur:

1.Rəsmi- işgüzar yazılı nitqin leksikası ali leksikadır. Bu üslubda dilimizdə işlənən bir sıra qəlib ifadələr, ştamplaşmış sözlərdən və ifadələrdən istifadə olunur. (məsələn: elan etmək, qərara almaq, sərəncam vermək, təklif vermək, müzakirə etmək və s.). Bu üslub üçün xarakterik cəhətlərdən ən başlıcası sabit söz birləşmələrinə daha çox yer verilməsi və metaforaların, məcazların, epitetlərin, frazeoloji birləşmələrin işlənməməsidir.


  1. Rəsmi- işgüzar yazılı nitqdə ümumxalq danışıq dilində işlənən bəzi sözlərdən də istifadə edilir ki, bu ifadələr sənədlərdə rəsmi xarakter daşıyır.

Məsələn: “qonaq”, “danışıq”, “görüş”, “elçi”, “söhbət”, “səfər”, “razılıq” və s. Lakin ümumxalq danışıq dilindən və bədii üslubdan fərqli olaraq, bu sözləri rəsmiləşdirmək üçün onların əvvəlinə “rəsmi” sifəti əlavə olunur: “rəsmi görüş”, “rəsmi səfər” və s.

  1. Rəsmi- işgüzar yazılı nitqin dilində bir sıra terminlər daha fəal istifadə edilir. Məs;

bəyannamə, bəyanat, diplomatik, konsul, müqavilə, nota, ultimatum, fərman, əmr, xasiyyətnamə, etibarnamə, arayış və s.

Qeyd olunanalarla yanaşı rəsmi üslubda müraciət formaları da xüsusi əhəmiyyət kəsb edir. Müraciətə təntənəli xarakter vermək, xüsusi hörmət ifadə etmək üçün

“cənab”, “zati alilər” kimi xitablardan istifadə olunur. Bu müraciətləri formalaşdırarkən xüsusən diqqətli olmalı, müraciət olunan şəxsin mövqeyi, təmsil etdiyi dövlətdə qəbul olunmuş normalar, milli və dini xüsusiyyətlər nəzərə alınmalıdır.


Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə