57
Daoya çatmış insan «buludları yüyənsiz yönəldir, ayaqsız, küləklə bir qaçır». Fikir verirsinizmi,
yönəltmək də, qaçmaq da nəyinsə köməyi ilə yox, özü-özünə, təbii alınır.
Dao fəlsəfəsi və incəsənətdə Fen-lyu məktəbi
Dao ilə bağlı əxlaqın, estetikanın çox qəribə obrazları var. Çin rəssamlığında Fen-lyu deyilən məktəb
yaranmışdı. Fen-lyu «külək və axın» deməkdir. Bu adı niyə seçmişdilər? Çünki külək də, axın da həm güc,
güclü hərəkət deməkdir, həm də yumşaqlıqdır (yumşaqlıq isə sakitlik, eyləmsizlik, fəalsızlıq, etmək üçün
gözə soxulmamaqdır). Fen-lyu rəssamları deyirdilər: söyüd bərk, əyilməz olmadığı üçün çevikdir. Külək
əsir və o, yumşaqlığı ilə çevikcə axına uyur, əyilir, süzür. Rəssam əli də elə olmalıdır. Ruhun axınına uyğun
asanca, yumşaqca işlərini görməlidir. Bu nədir? Dao fəlsəfəsində təbiiliyə sevgi?
Dao fəlsəfəsində təbiilik
Dao öyrətisi deyir ki, təbiilik spontanlıqdır, yəni özü-özünə hərəkətə düşməkdir. Təbiilik öz-özünə
doğulmaqdır (yunanca «fizis» elə həm təbiəti, həm də doğulub-törəməni bildirir və ona görə də Anadolu
türklər təbiətə «doğu» deyirlər). Təbiilik etmək üçün dəridən-qabıqdan çıxmamaqdır, özünü ora-bura
vurmamaqdır, vurnuxmamaqdır. Əski Çin kitabı «Quan-szı»da yazılır: «Yalnız nəcib insan xeyir
güdməkdən azaddır və təhlükədən qorxmur, onun ruhu dinc və şaddır, o, nəsə etməyə çalışmır və içində
gizli məqsədlər, hiyləgər planlar saxlamır. O, qəsdən nəsə etmək üçün nəsnələrə toxunmada olmur, eləcə də
etdikləri qazanc üçün deyil. Adamların qələti odur ki, müdrikçilik əllamələri ilə məşğul olurlar, günahları
isə odur ki, düzlə əyrini qarışdırırlar. Ona görə də soylu (nəcib) insan ki Daonu mənimsəyib, çoxbilmiş
olmayan adama oxşayır, şeylərə dəyəndə isə etdikləri təbii şəkildə onlara uyğun olur. Bax, elə bu da
dincliyə yoldur, nəsnələrin dalına düşməməkdir».
Fikir verirsinizmi, Daonu mənimsəmiş adamın biliyi dar boğazdan qıjıltıyla axan su kimi deyil, genişliyə
yayılmış sakit çaydır və bu sakitliyinə görə də bilimsizliyə, avamlığa bənzəyir. Daonu mənimsəmiş soylu
adamın eyləmsizliyi odur ki, qəsdən, canfəşanlıqla, özünü irəli dürtməklə heç nə etmir, ona görə də
etdikləri etməməzlik kimi görünür. U-vey budur. Nəsnələri qapan, dünya ilə öz bildiyini yapan heç bir
eyləmə yol verməmək. Yalnız nəsnələrə uyuşan, deməli, nəsnələrin biçiminə yumşaqca, usdufca yatımlanan
hərəkətlərə yol vermək. Hərəkətləri etmək yox, hərəkətlərə yol vermək.
(Azərbaycanlı filosof Gündüz Sariyevin «Məhdudiyyət prinsipi» kitabından sonra biz deyə bilərik ki,
Dao fəlsəfəsinin bilgəsi belə davranmaqla təbiətin özü kimi edirdi. Nə mənada? Bunu anladaq. Gündüz
Sariyev öz araşdırmasında indiyənəcən bir çox fəlsəfi sistemlərin təklif etdiyi dünya modelindən, dünya
şəklindən tamam fərqlənən dünya görkünü qurmuşdu. O belə bir sualı götürür: «Dünyada hadisələr necə
olur, necə baş verir?» Buna, adətən, fəlsəfə belə cavab verir: - «Hadisələr qanunauyğun şəkildə baş verir.
Yəni qanunlar hadisələrə necə olmağın, baş verməyin yollarını buyurur və olaylar, hadisələr bu buyuruğa
uyğun hərəkət edəndə baş vermiş olurlar. Qanunlar nəyinsə olmağına icazələr və olma qaydalarını verirlər.
Qanunların icazə və olma qaydası vermədiyi şeylər təbiətdə baş vermir».
Gündüz Sariyev isə bu modelin tam tərsinəsini qurur. Söyləyir ki, təbiət nəyin olmasını yasaq etmirsə, o
da olur. Yəni ənənəvi dünya modeli deyir ki, filan hadisənin olması üçün proses «bu» və ya «o» yolla
getməlidir. Gündüz Sariyevin qurduğu dünya modeli isə deyir ki, filan hadisəni törətmək üçün proses
təbiətin yasaq etmədiyi hər bir yolla gedə bilər, qadağan edilməmiş, «olmaz!» deyilməmiş yolların sayı isə
istənilən qədər ola bilər. Bir sözlə, təbiət hadisənin əlindən tutub ədəb-ərkanla, qayda-qanunla aparmır,
təbiət, sadəcə, hadisənin olması üçün «qapıları» açır, hərəkətlərə yol verir. Bax, Dao fəlsəfəsinin müdriki də
58
belə davranır, hərəkətləri etmir, hərəkətə yol verir və bununla, G. Sariyevin anlatdığı təbiət kimi hərəkət
etmiş olur.
Dao fəlsəfəsi insan haqqında
Bax, bu yerdə Buddizmlə Dao fəlsəfəsinin insan haqqında öyrətisinin nələrdə ayrıldığını görmək olar.
Buddizmdə əzablardan, vurnuxmalardan qurtulmaq üçün insanın öz bilincinə qapılması buyurulur.
Azad olmaq istəyən kəs öz ruhuna, şüuruna elə qapılmalıdır, burada elə dərinə getməlidir ki, «Mən» tamam
üzdə, arxada qalsın. Bunu bir balaca da olsa, oxucu özü yoxlaya bilər. Məsələn, siz özünüzü nələrisə
görməkdə bulursunuz. Və özünüzə deyirsiniz: - «bu mənəm, – bütün bunları görən». Buddizm belə
düşünən, yaşayan bilinci «Mən»in toruna düşmüş sayır.
İndi başqa cür edin: siz nələrisə görürsünüz və birdən-birə duyursunuz ki, görənin, görünənin sizə dəxli
yoxdur. Onlar hamısı psixikanızın üzüdür, içinizə onların heç bir dəxli yoxdur və siz içinizin bu dərinliyinə
gömülürsünüz. Buddizm öz bilgələrindən bilincin dərinlərinə belə qapılmağı, «zillənməyi» istəyirdi.
Buddist sanki özünü yığışdırıb, öz içinə yığılır və bu zaman «Mən»in çərçivəsini arxada qoyaraq çərçivəsiz,
heçnəsiz kosmos boşluğunda böyük bir dincliyə qovuşur.
Dao bilgəsi isə uca Qut durumuna içinə yığılmaqla yox, Dao kimi duyulan varlığa «yayxınmaqla»,
özünü özündən boşaldıb ruhən dünya, varlıq «düzənliyinə» yayılmaqla, yumşaq-yumşaq hər şeyə, hər yerə
yatımlı olmaqla qut dincliyini qazanır.
Buddanın dörd həqiqəti (gerçəyi), işgəncələrdən qurtulmağın səkkizlik yolu insandan onları məqsəd
edib, onlara əsasən davranmağı tələb edirdi. Dao bilgəsi isə qəsdən etməyi, məqsədli davranmağı yoxsayır,
danırdı. Dao fəlsəfəsinin ünlü filosofu Çjuan-szı söyləyirdi: - «O kəs ki varlığın böyük bütövlüyünü anlayıb,
heç nə əldə etmir, buna görə də heç nə itirmir».
Bütövlüyü anlamaq nədir? Odur ki, hər nə olursa, öz yoluyla olur. Əldə etməmək nədir? Odur ki,
dünyaya təcavüz etmirsən. İtirmək nədir? Odur ki, gərək bir şeyi əldə edəsən ki, itirməyə də bir şeyin olsun.
Heç nə əldə etmirsənsə, heç nəyin olmadığı üçün itirmirsən də.
Biz, beləliklə, Dao fəlsəfəsində ruhun dincliyinə çatmaq üçün göstərilən eyləmsizlik (heç nə etməmək)
yolunu anlatmağa çalışdıq və gördük ki, bu yol əsl insanın necə olması haqqında baxışla bağlıdır. Əsl insan
Daonun boşluğunu, təkcə bir nəsnəyə çevrilməməsini özündə tapır. Öz ruhu Dao olur, Dao kimi təkcə bir
nəsədə çərçivələnmir, nəyləsə daralmır.
«Qjuan-szı»da deyilmişdi: «Daonu bilib ürəyində arınmış insanın sözlərində birtaylıq olmur. Bu sözlər
onun ağzından çıxmır, üz-gözündən bilinmir». Axı, Dao fəlsəfəsinin yaradıcısı demişdi: - «Bilən danışmır,
bilməyənsə danışır».
Buddizmdə Nirvana, Dao fəlsəfəsində Boşluq,
Sufizmdə Allah
İnsanın necəliyi, nəyi edib-etməməsi ilə bağlı başqa bir ucaman, azman (ülvi) təlimi, - Hindistan və Çinlə
Avropanın arasında duran İslam dünyasındakı Sufizm vermişdir. Dao fəlsəfəsindəki Daonun, Buddizmdə
Nirvananın yerini Sufizmdə Allah tutur. Yəni Dao bilgəsi Daoya, buddist Nirvanaya, Sufi isə Allaha can
atır.
Bu üzdəki oxşarlıqdır. Əslində isə Dao və Niravana ilə Allahın çox böyük fərqləri var. Bir də elə bu
fərqlərə görə Sufizm Buddizmdən, Daosizmdən ayrılıır. Sufi üçün Allah elə bir varlıqdır ki, həm Daonun,
həm Nirvananın verdiklərini insana verir, həm də öz sonsuzluğundan daha neçə-neçə yaxşılıqları insana
qismət edir.
İudaizmdəki, Xristianlıqdakı, İslamdakı Tanrının Uzaq-Şərq dini-fəlsəfələrindəki Daodan, Nirvanadan
fərqi odur ki, Tanrı uca bir Şəxsiyyətdir.
Dostları ilə paylaş: |