89
Bütün bu düşüncələr əsasında Kant bir nəticə çıxarır: hadisələri, təbiəti məqsədəuyğunluq əsasında
duymaq, düşünmək onların özündə amacauyğunluğu görmək deyil, onların bizi anlamaq bacarığına yad
olmadığını, düşüncə tərzimizə nəsə doğma, uyğun olduğunu duymaq, sezməkdir.
Kant insan bilincinin təbiətə bu münasibəti ilə bağlı həzz, bəyənti duyğusunu gözdən keçirir. Söyləyir:
istədiyimizin həyata keçməsi, ödənişi bizdə həzz doğurur, bunu biz bəyənirik.
Həzzimizin bir qaynağı da var: məsələn, dürlü qanunları bir araya sığışdıran daha ümumi, tutumlu
prinsipi tapanda təbiəti məqsədəuyğunluqda görmək istəyimiz ödənilir və ona görə də biz başlayırıq həzz
almağa. Reflektləşdirici hökm yürütmək bacarığı ilə biz dünyaya baxanda və onun mənimsənilə bilindiyini
duyanda bundan böyük həzz alırıq.
Sonra Kant həzzlə bağlı bir düzəliş verir. Bilincimizdə olan anlayışla biz şeyi anlayırıq, ancaq şeyin
oyatdığı həzz duyğusu ilə biz onu anlaya bilmirik.
Sonralar, - XX yüzildə «Neopozitivistlər» adını almış filosoflar bundan nəticə çıxardılar: poetik söyləm
(misra, beyt və s.) emotiv, yəni duyğudan doğan, duyğulu hökmlərdir. Təbiətcə «ah-of» nidalarına bənzəyir.
«Ah-of»la isə olayların nəliyini anlamaq olmaz. Deməli, poeziya əsl bilimlə (idrakla) məşğul ola bilməz.
Kantın çıxardığı sonuc isə bir az başqa cür idi. Onun fikrini öz sözlərimizlə açıqlayaq. Tutalım ki,
qarşımızda çinar durub. O, təkcədir (konkretdir). Və biz onu düşünüb, deyirik: «bu (təkcə), ağacdır
(ümumi)». Bax, belə düşünəndə biz bilim ilə, anlamaq ilə məşğul oluruq. Tapırıq ki, gördüyümüz nəsnə
filan cəhətləri olduğu üçün ağacdırsa, çinardısa, deməli, onun mahiyyətində ağacı ağac (=bütüncəyə), çinarı
çinar edən (= ayrıcaya) cəhətlər durub.
Ancaq həmin çinara başqa cür də baxmaq olar. Sən ona tamaşa edirsən, di gəl ki, düşünüşün nə onun
ağac olması, nə də çinar olması üzərində dayanır. Sən «bu» ağacın siluetini, budaqlarının sıralanmasını,
əyrisini-düzünü qavrayışla yığırsan, özü də bircə-bircə deyil, hamısını birdən əhatə edirsən və bunu
bacardığından həzz alırsan. Kant bax, bu həzzə estetik həzz, bəyənti deyir, bu cür tamaşa etməyi isə estetik
qavrayış adlandırır.
Beləliklə, estetik qavrayış üçün xarakterikdir: birincisi, hadisənin görünüşünü, daha dəqiq, formasını,
bilintisini qavramaq, ikincisi, qavranılanları heç bir anlayışla məhdudlaşdırmamaq (yəni sən baxıb, deyəndə
ki, «bu ağacdır» və bununla yetərlənəndə estetik qavrayış baş vermir). Ona görə də estetik qavrayışda
hadisə bizə nəliyi, «nədirliyi» ilə yox, daha çox «nəsə»liyi ilə açılır.
Üçüncüsü isə, estetik qavrayışımız hadisənin formasındakı məqsədəuyğun düzümü görəndə, onun
bizim anlamaq, bilmək bacarığımıza uyğunluğunu duyur ki, bundan da insan həzz alır.
Beləliklə, biz hər hansı bir şeyin formasına məqsədəuyğunluq kimi tamaşa edəndə estetik yaşantı
keçiririk, yəni olayı estetik cəhətdən yaşayırıq. Bax, burada insan bilincinin reflektləşdirici hökm yürütmək
bacarığının estetik həssaslığın yaranmasında rolu görünür. Reflektləşdirici hökm yürütmək bacarığı elə edir
ki, insan hələ anlamadığı cisim və hadisələrdən ruhun rahatsız halına düşmür, onlara elə yanaşır ki, sanki
onların necə və nə üçün olduğunu həmişə tapmaq olar. Və o zaman ki konkret bir şeyə belə baxır, estetik
qavrayış baş verir.
Kant yaxşı olanlarla gözəl olanların fərqi haqqında
Kant yaxşı nəsnələrin məqsədəuyğunluğunu gözəl şeylərin amacauyğunluğundan ayırır. Məsələn, yaxşı
stulun məqsədəuyğunluğu onun «rahat oturmaq» amacına uyğunluğudur və bu məqsədə nə qədər çox
cavab verirsə, o qədər yaxşıdır. Bizim ayrı-ayrı gərəklərimiz var. Gərəyimizi ödəyən şeyləri bəyənib,
onlardan həzz alırıq. Ancaq bir məsələ də var. Bizdə olan bir tələbat başqasında olmaya da bilər. Ona görə
də ummuruq ki, yaxşı saydığımız, bəyəndiyimiz «bu» şeyi hamı bəyənsin. Yaxşı saydığımız şey bizim və
gərəyi bizimkindən olanların çərçivəsi ilə məhdudlaşır. Halbuki bir şeyin gözəl olması haqqında hökm
yürüdəndə elə mühakimə sürürük ki, sanki onun hamı üçün gözəl olmasına inanırıq və ya umu-küsü
edirik.
90
Yadımıza salaq Könisberqli filosofun obyektivliyi necə almasını. Bundan çıxış edib, söyləyə bilərik ki,
Kantın fikrincə gözəllik haqqında düşüncələr və bəyənti obyektivliyə can atır. Yəni biz gözəllik haqqında elə
danışırıq, elə bil o, hamı üçün gözəl olmalıdır, hamı ondan həzz almalıdır.
Sonra Kant soruşur: bu istəyimizdə nəyə görə özümüzü haqlı sayırıq?
Onun cavabı. Çünki gözəl saydığımızı dar məqsədimizlə, umacağımızla bağlayıb, gözəl saymırıq. Bizim
gözəlliyə münasibətimiz təmənnasızdır (umacaqsızdır).
Bəzən belə deyirlər ki, gözəlliyə münasibətin umacaqsız olduğunu Kant üzə çıxarıb. Düz deyil. Əski
Yunanıstanda, bizim Şərqdə bunu yaxşı bilirdilər. Kantın yeniliyi başqa şeydədir. O düşüncədədir ki, biz
nəsnəni umacaqsız olaraq gözəl saydığımız üçün hesab edirik ki, o təkcə bizim üçün yox, hamı üçün gözəl
olmalıdır. Yəni əgər bizim konkret gərəyimizi ödədiyi üçün nəsnəni gözəl saysaydıq, başqaları deyə
bilərdilər ki, bundan bizə nə. Ancaq nəyisə özü-özündə gözəl saydığımız üçün istəyirik ki, başqalarının da
bu gözəlliyə gözləri açılsın.
Kant nəhayət maraqlı bir sonuca gəlir: əgər gözəl bir şeyə bizim münasibətimiz umacaqsızdırsa, deməli,
onun məqsədəuyğun formasını, görünüşünü biz heç bir məqsədə bağlamırıq. Deməli, gözəllik məqsədsiz
məqsədəuyğunluqdur.
Bəs məqsədsiz məqsədəuyğunluq mənəviyyatımızda nəyi ödəyir ki, bizdə həzz, sevinc, bəyənti oyadır?
Kant cavab verir: gözəlliyin məqsədsiz məqsədəuyğunluğu bizim mənəvi qüvvələrimizi
(düşüncələrimizi, duyğularımızı, təfəkkürümüzü, təxəyyülümüzü) elə canlandırır ki, onlar başlayırlar
ayrıca məqsədə yönəlmədən uyarlı şəkildə azad qüvvələr kimi oynaşmağa, səs-səsə verməyə, anışmağa.
«Oyun» sözünü Kant təsadüfən işlətmir. Oyun, oynaşma hər hansı bir düzümdə, qaydada baş verir.
Ancaq oyunun heç bir praktiki məqsədi yoxdur (söhbət ondan gedir ki, anlayışına görə oyun praktiki
məqsəd üstündə qurulmur, hərçənd qıraqdakı kimlərsə ondan qazanmaq üçün də istifadə bilərlər. Örnək
kimi totalizatoru göstərmək olar).
Oyun kimi gözəllik sayəsində də mənəvi qüvvələr azad şəkildə oynayanda konkret idrak, öyrənti
məqsədi güdmürlər.
Kant estetik ideyanın, incəsənətin çoxmənalılığı
haqqında
Könisberqli filosof gözəlliyin yuxarıda söylədiyimiz özəlliyindən nəticə çıxarır: ona görə də gözəlliyin bir
dürü olan incəsənət əsərinin oyatdığı estetik ideya (yəni bədii obraz, məzmun) elə ideyadır ki, heç bir
konkret düşüncə demir, ancaq zəncirvari törətmə prinsipi ilə «min» düşüncəyə təpgi verir, özü də bu vaxt
heç bir anlayışa sığmır. Gözəlliyin mənəvi qüvvələrdə oyatdığı oynaşma bir məqsədə yönəlmir ki, bir
məqsədin çərçivəsində qısılıb qalsın.
Kant bu düşüncəsindən incəsənət üçün ayrıca sonuclar çıxarır. Artıraq ki, həmin sonuclar bizim Ortaçağ
sənətimizin bəzi tərəflərini anlamaq üçün də faydalıdır. Ancaq bu haqda bir az sonra. Hələlik isə Kantın
incəsənət haqqında öyrətisinə baxaq. Birincisi, o, incəsənəti adi sənətdən fərqləndirir. Dəmirçilikdə,
dulusçuluqda düzəldilən şeylər məqsədəuyğunluq ölçüsü ilə biçilir və konkret amaca qulluq edir.
İncəsənətdə isə bədii əsər konkret amacı olmayan məqsədəuyğunluqla biçilir.
Könisberqli filosof incəsənəti xoşnutluq doğuran sənətlərdən də (məsələn, süfrə bəzəməkdən,
əyləncədən, zarafatdan da) fərqləndirir. Axırıncılar yalnız ləzzət vermək üçündür, incəsənət isə çoxlu
düşüncələr oyadır, çoxanlamlı estetik ideyalar vermək sayəsində həzz, bəyənti törədir.
Anlayışlarla, bu dəqiq, dar mənalı bilmək alətləri, aracları ilə alim işləyir, çoxanlamlı estetik ideyalarla
isə sənətkar. Dünyanı məqsədsiz məqsədəuyğunluqda görmək sayəsində sənətkarın mənəvi qüvvələri azad
qüvvələrin sərbəstliyi ilə oynamağa başlayır. Onun təxəyyülü, (fantaziyası) dürlü-dürlü görklər quramalar
sayrışması verir və onlar təfəkkürün, düşünüşün hər hansı anlayışına sığışmasalar da, bütünlükdə
təfəkkürün təbiətinə uzlaşmış qalırlar. Tərsinə olsaydı, yəni təxəyyül öz oyununda ümumi şəkildə
Dostları ilə paylaş: |