87
Kant anlayışların transendantlığı haqqında
Filosof «Təmiz zəkanın tənqidi» kitabında yazır ki, təcrübəmizdə dürlü-dürlü məkan, zaman biçimində
görüntülər iç-içə, yan-yana, üst-üstə düzülüb. Sonra o, «təbiət» sözünü alışmadığımız şəkildə işlədərək
yazır: təbiət bizdən dişarıda olan nəsnələr dünyası deyil, təcrübəmizin içidir, yəni qavrayışımıza düzülmüş
görüntülər (Kant buna yunanca oluşub bilinənlər anlamını verən fenomenlər deyir) dünyasıdır.
Təfəkkürümüz, anlayışlarla işini görən düşünüşümüz təcrübəmizin içində axtarışlar aparır və bu zaman
obyektiv düşüncələr tapır. Sonra Kant yenidən soruşur: bəs bu obyektivliyin, yəni hamı üçün doğru
olmağın kökü nədədir? Və cavabı belə verir: məsələn, hamı inanır ki, səbəbsiz heç nə baş vermir, hər şey
nəyinsə nəticəsidir. Əgər biz bu inamı dünyadan, təcrübəmizdən (və ya təbiətdən) alsaydıq, gərək bütün
sonsuz şeyləri yoxlayaydıq. Yəni nə olubsa, nə olursa, nə olacaqsa, hamısının səbəb nəticəsində baş
verdiyini yoxlayaydıq. Bu isə mümkün deyil, hər şeyi yoxlamağa bir ömür, bir cüt göz, qulaq bəs etməz.
Deməli, təfəkkürümüzdə təcrübədən qabaq, təcrübədən asılı olmayan belə bir qanun var ki, «səbəbsiz heç
nə olmur».
Kant təfəkkürdəki anlayışları və anlayışlar əsasında düzəldilmiş qanunları təcrübədən alma saymırdı.
Belə hesab edirdi ki, onlar təfəkkürümüzdə irəlicədən var və ona görə də obyektivdir, yəni hamı üçün
ortaqdır. Anlayışların, beləcə, təcrübədən qabaq olmasına Kant onların transendantlığı deyirdi (beləcə, o,
duyularımzdan o taydakılar anlamını verən «transendent»i Tanrı, Sonsuzluq və s., ilə bağlı işlədirdi, həmin
anlamda «transendent»in başqa deyilişi olan «transendant»ı isə anlayışlara aid edirdi). Deməli, anlayışların
transendantlığı onların obyektivliyinin əsasıdır. Bunu bir az da anladaq.
Bir çox filosoflar hesab edir ki, bilinc anlayışları, qanunları özündən dişarıdakı təbiətdən öyrənib yığır.
Yəni insan ABC1 hadisəsinə baxır, görür ki, onda «A» var. Sonra bu «A»nı ABC2, ABC3, ABC4, ABC5
olaylarında da görür və beləcə, ümumiləşdirir ki, «A» bütün «BC»lərda (BCn-də ) var. Bax, qanunlar da,
anlayışlar da, bütün ümumiləşdirmələr də (bütüncələşdirmələr də) belə qurulur.
Könisberqli filosof isə deyirdi: sən ABC1, ABC2, ABC3, ABC4, ABC5-də «A»nı görə bilərsən, ancaq
ixtiyarın yoxdur deyəsən ki, bu «A» bütün sonsuz sayda olacaq «BC»lərın (BCn-in) hamısında mütləq təkrar
olunacaq. Dünyanın özü bunun üçün sənə heç bir güvənc (qarant) vermir. Deməli, «bütün «BC»lərda
mütləq «A var» qanununun obyektivliyini, yəni hamı tərəfindən doğru sayılmasını, həmişə doğru olmasını
sən təcrübədən ala bilməzsən.
Bəs onda bu obyektivliyin əsası haradadır? Kant cavab verir: təfəkkürümüzün özündə. Çünki təfəkkür
şüurumuzun içində olan təcrübəmizin qanunvericisidir. İnsan anlamaq üçün təfəkkürün verdiyi anlayışlar
şəbəkəsindən doğan əlaqələrdə, ilişgilərdə təbiəti açır. Təfəkkür deyir: «səbəb filan cür olmalıdır». Və insan
təcrübəsində nədə «filan cür olmağı» görürsə, onu səbəb kimi anlayır.
Başqa cür də demək olar. insanların hamısında təfəkkürün quruluşu eyni cürdür. Və bu təfəkkür
deyəndə ki, bütün «A»larda «A» var, bu, hamı üçün, həmişə doğru olur, çünki heç kimdə, axı, təfəkkür
sonra başqa quruluşa düşmür.
Deməli, anlamaq, yəni yalnız duymaqla yetərlənməmək, həm də duyduğunu düşünmək o deməkdir ki,
sən təfəkküründən bir olan anlayışı götürüb, bir çox ayrı-ayrı görüntüləri (fenomenləri) ona aid edirsən,
onun içinə və ya altına salırsan. Məsələn, hər birisi təkcə olan proseslərin hamısını bir olan «səbəb»
anlayışına bağlayıb, düşüncə söyləyirsən: «onların hamısı səbəbdir». Ona görə də Kant əlavə edir: hökm
sürmək, hökm yürütmək bacarığı təkcəni bütüncəyə (ümumiyə, anlayışa) tabe etdirmək bacarığıdır.
Məsələn «Sokrat (təkcə) insandır (ümumi)».
Doğrudan da, diqqət edək bizim «anlamaq» sözünə. Artıq kitabımızın birinci bölümündə demişdik ki,
azərbaycanca «anlamaq» sözü «anmaq» sayəsində anlamağı nəzərdə tutur. Bəs nəyi anırıq? Ümumini.
Təkcəni görəndə onun aid olduğu ümumini təkcənin nəliyini tanıyırıq. Deməli, bu türk sözü də Kantın
dediyini deyir. Deyir ki, ümumi yazılmış anlayışlarımız təcrübənin bizə verdiyi təkcələrdən öncə
transendental olaraq bilincimizdə var. Təcrübəni anlayanda biz təcrübədən öncə (aprior) olan anlayışları
anırıq.
88
Kantın estetika haqqında söhbətlərini, bax, buradan başlayıb, açmaq olar.
Kant reflektləşdirici hökm yürütmək bacarığı ilə estetik
qavrayış haqqında
Könisberqli filosof anlamaq, hökm yürütməklə bağlı yuxarıda göstərdiyimiz formadan fərqlənən tamam
başqa düşünüş gedişini də seçib-göstərir: bir də görürsən, təkcə (konkret olan) qarşımızda durub, ancaq
onun hansı ümumiyə aid olduğunu, hansı anlayışa girdiyini hələ bilmirik, onun üçün də həmin ümumini
axtarmaq istəyirik. Məsələn, təfəkkür deyir: hər dəyişginin öz səbəbi var. Bu, ən ümumi qanundur. Ancaq
səbəb və nəticə əlaqəsinin dürlü variantları var. Bədəndə bir xəstəliyə gətirib çıxaran səbəb-nəticə zənciri
Göy cisimləri arasında özünü göstərən səbəb-nəticə ilişgisindən xeyli ayrılır. Bu ayrıntılara görədir ki,
ümumi səbəb-nəticə ilişgisi içində ayrı-ayrı özəlliyi əhatə edən,- bu özəllik az şeyə aid olduğu üçün nisbətən
az əhatəlidir, - aşağı qata aid ümumi kimi olan çoxlu qanunlar var ki, hamısı səbəb-nəticənin variantlarıdır.
Biz konkret olayı həmənki səbəb-nəticə variantlarından birinə aid etməklə bu təkcənin necəliyini anlayırıq.
Məsələn, götürək, «soyuqdəymə (səbəb), - sətəlcəm (nəticə) zəncirini». Kiminsə xəstələnməsini bu səbəb-
nəticə variantına aid edəndə onun xəstəliyinin özəlliyini tapırıq. Bilirik ki, sətəlcəmin hansı cəhətləri varsa,
hamısı bu xəstədə var.
Kant «hökm yürütmək bacarığının tənqidi» adlı əsərində göstərir ki, biz konkret hadisəyə (təkcəyə) rast
gələndə onun özəlliyini açan nisbətən dar tutumlu ümuminin (yəni ayrıcanın) olmasına inanırıq. Və Kant
buna inanıb, özünü həmin ümumini axtarmağa boş buraxmış düşüncəyə «reflektləşdirici hökm yürütmək
bacarığı» deyir. («Reflektləşdirmək» terminini bu mənada ilk dəfə ingilis filosofu Lokk işlədib.
Reflektləşdirən şüur özündə axtarışlar aparan şüurdur).
Estetik hadisələrin başlıca cəhətlərini, estetik dadbilimini (zövqünü) bir bacarıq kimi anlamaq üçün Kant
başlayır reflektləşdirici hökm yürütmək bacarığını öyrənməyə. Adi adam səbəbini anlamadığı hadisələrin
arasına düşəndə başını itirir, vahiməyə düşür. Ancaq bu bilinməzliklərə başqa cür baxmaq da olar. Belə
baxmanı ən çox dünyanı ləzzətlə, vurğunluqla tamaşa edən adamın bilincində və ya elmi axtarışlarında
görmək olar. Bu zaman insan hansısa hadisəni idarə edən qanunu bilmir, ancaq ona tamaşa edəndə bundan
üzülmür, çünki belə bir inamı var: onları idarə edən, yönəldən nəsə qanunlar var.
Bəs bu inam onda haradandır? Başqa bir inamdan. Bu inama görə, dünyada şeylər, olaylar elə düzülüb,
elə gedişdədir ki, sanki onlar ümumi bir məqsədlə yerbəyer ediliblər və hərəsi həmin məqsədin
gerçəkləşməsində ona ayrılmış rolu yerinə yetirərək səhnədən çıxır. Buna məqsədəuğunluq (teleologiya)
deyirlər.
Ancaq yox!
Kant istəmir desin ki, dünyanın özü kiminsə tərəfindən məqsədəuyğunluqla ölçülüb biçilib. Filosoflar
olub ki, - bunu, artıq, indi oxuduğunuz kitabda söyləmişik, - dünyada müəyyən uyğunluğu, bir hadisənin
başqasına gərəkliyini görüb, nəticə çıxarıblar: dünya səhnəsində məqsədəuyğunluq (amacauyğunluq) var,
yəni olaylar irəlicədən qoyulmuş məqsədə uyğun şəkildə öz gələcəklərinə keçirlər. Həmin məqsəd isə onları
idarə edən, ağıl ilə ölçüb biçən Tanrının bilincində durur. Artıq, demişik ki, dünyanı məqsədəuyğun
qurulmuş sistem kimi görməyə teleologizm deyirlər.
Kant varlığın teleoloji biçimdə olmasını tamam danır. Məqsədəuyğunluğu yalnız bir məsələdə qəbul
edir: bizim reflektləşdirici hökm yürütmək bacarığımıza irəlicədən belə bir prinsip qoyulub: «neyləyirsən
elə, ancaq dünyaya elə bax, sanki o, nəsə ağıl tərəfindən ağılla ölçüb-biçilib».
Sonra Könisberqli filosof davam edir: reflektləşdirici hökm yürütmək bacarığındakı bu inama görədir ki,
təcrübəmizdə bütün təsadüfi görüntülərə (fenomenlərə) baxmayaraq təcrübəmizdə bir bütövlük, sintetiklik
var. Biz öz təcrübəmizi şeylərin, olayların dağınıq yığnağı kimi görmürük, hətta ən bilinməz hadisələr də
təcrübəmizi dağıtmır, bizdə inam qalır ki, onun aid olduğu ümumini tapacağıq və biliyimizin şəbəkəsində o
öz xanasını tutacaq.
Dostları ilə paylaş: |