79
həyatı ilkin, təbiətə yaxın xamlıqda, qabalıqda sayılırdı. Şəhərə aid olanlarsa incəlmiş, səliqəyə salınmış
hesab olunurdu. Buradan mədəniyyətə ad vermək üçün «mədinə» sözünə gəlib çıxmaq elə də dolama yolla
getmək deyildi.
Mədəniyyətin belə bir anlamı da var: mədəniyyət bioloji, irsi yolda alınmamış informasiyalar (bilgilər,
soraqlar) toplusudur.
Mədəniyyət və informasiya
Soruşmaq olar, bəyəm, binaları, əmək alətlərini, mebelləri informasiya, bilgi adlandırmaq olar? Gündəlik
bilinc yalnız televiziyon, radio, mətbuat aracları ilə verilən xəbərləri, soraqları informasiya bilir. Əslində isə
belə deyil.
İnsana hər nə soraq verirsə, hər nəyin ki nəyisə bildirmək, anlatmaq üçün düzümü (müəyyən qaydada
təşkili) var, informasiyadır. «Düzümü var» ona görə dedik ki, qarmaqarışıq nəsnə nəyisə güclə sezdirə bilər.
Doğrudan da, sözləri necə gəldi səpələyin, görəcəksiniz ki, bitmiş düşüncə, bilgi alınmır. Hərfləri necə gəldi
yan-yana qoyun, görəcəksiniz ki, bəlkə təsadüfən bir söz alına. Vəziyyət hər yerdə belədir: harada ki
qarmaqarışıqlıq yaranır, informasiya sısqalaşır. Bina, divan, bağ, kostyum həm nəsnədirlər, həm də öz
düzümləri, quruluşları, strukturları ilə onları yaradan adamların, cəmiyyətin, çağın bilikləri, nəyi sevib-
sevmədikləri, texniki yetənəkləri haqqında soraqlar, informasiyalardırlar. Deməli, onlar yalnız nəsnə kimi
yaradılmırlar. Bina yalnız içində küləkdən gizlənməkdən ötrü tikilmir, tikilirsə, kasıbçılığı, vecsizliyi,
bacarıqsızlığı bildirir. Bina həm də gözəlliyi, rahatlığı və ya ciddiliyi, sərbəstliyə çağırışı bildirir. Bax, bu
mənada o informasiyadır.
Mədəniyyət anlayışının bayaqkı tanımına qayıtsaq, deyə bilərik ki, mədəniyyətdə olanların hamısı
informasiya, soraq qaynağıdır. Ancaq bu informasiyaları sonrakı nəsil öncəkindən bioloji-irsiyyət yolu ilə
almır. Bu nə deməkdir?
Götürək saçın rəngini. Adamın saçının qara və ya sarı olması irsiyyətdən gəlir və buna görə də təbiət
faktıdır, mədəniyyət yaradıcılığı deyil. Ancaq kosmetikanın verdiyi boyalarla o, saçını qara və ya sarı edirsə,
bu boyalar, artıq, mədəniyyət faktı olur. Və ya götürək yemək yeməyi. Bədənin təbii şəkildə acması və
yeməklə özünü doydurması hələ mədəniyyət faktı deyil. Ancaq yemək üçün süfrənin xüsusi qaydada
açılması, ilkin yemək jestlərinin çəngəl bıçaqla əvəzlənməsi mədəniyyətə aiddir.
Dağlar, göllər təbiət olaylarıdır. Ancaq onların şeirlərdən, şəkillərdən görünən görkləri və bu əsərlər
sayəsində aldıqları mənalar mədəniyyətin yaradıcılığı olur. Bax, bu anlamda mədəniyyət irsi yolla
alınmamış, insanın eyləmi, etdikləri sonucunda düzəldilmiş, yaradılmış dəyərləri özünə toplayır.
İnsanın iki cür eyləmi var: biri maddi, o birisi mənəvi fəaliyyətdir.
Əkində-biçində, fabrikdə işləyəndə maddi eyləmdə bulunur. Kitab, musiqi yazanlarınkı isə mənəvi
eyləmdir.
Bəs nədir onların fərqi? Demək ki, maddi fəaliyyət yalnız maddəni dəyişdirməklə, maddilikdə nəyisə
etməklə məşğul olur, düz olmaz. Çünki yazıçı da maddə üzərində çalışır, məsələn, mürəkkəblə kağızı yazır.
Kağız, yazının cizgiləri isə maddidir. Eləcə də heykəltəraş görkləri palçığın, mərmərin üzərində yapır. Bəs
maddi eyləmlə mənəvi eyləmin fərqi nədədir?
Maddi dəyərlər və mənəvi dəyərlər
Nəsnəl fəaliyyət maddi dəyərlər yaradır, mənəvi eyləmlərsə mənəvi dəyərləri topluma verir. Bəs maddi
dəyərlərlə mənəvi dəyərlər nədə ayrılırlar?
Desək ki, birincilər yalnız maddədən, ikincilər yalnız mənəviyyatdan ibarətdir, yenə düz olmaz. Çünki
nəsnəl dəyər olan dəzgahın, çəkicin düzümündə nəsnəlikdən başqa onları yaradanın, işlədənin düşüncələri,
80
bəzi duyğuları da daşlaşmışdır. Dəzgah, axı, həm də onu düzəldənin «filan işləri görmək üçün təkərcikləri,
dəstəkləri və s.-ni necə düzəltmək, bağlamaq gərəkdir» düşüncəsini bildirir.
Götürək mənəvi dəyəri. Burada düşüncə, duyğu tərəfi ilə birlikdə nəsnəl tərəf də var: məsələn, heykəlin
maddəsi. Bəs onda soruşmaq olar: maddi və mənəvi dəyərlərin hər ikisində də maddi və mənəvi tərəflər
varsa, niyə birinin adı maddi, o birisininki mənəvi dəyərdir?
Bu sualın cavabı belədir: maddi dəyərlər ya öz maddəsi ilə başqa maddi dəyərlərin yaradılması üçün
işlədilirlər (məsələn, benzin, dəzgahlar) və ya çörək, meyvə kimi öz maddələri ilə bizim maddi
gərəklərimizi ödəyirlər. İnsanın maddi ehtiyacları isə onun bioloji varlıq kimi yaşamasına şərait yaradan
başlanğıclardandır.
İnsanın mənəvi gərəkləri də var, məsələn, sənət əsərlərinə olan ehtiyacı, gözəllik içində yaşamaq istəyi.
Bu gərəklərin ödənilməməsi onun bioloji varlıq kimi yaşamasına, üzdən baxanda, elə də ziyan deyil. Bir gün
ac qalanda, soyuqdan qorunmaq üçün isti paltarı olmayanda insan xeyli əziyyət çəkir. Ancaq beş-on gün
musiqi eşitməyəndə, şeir oxumayanda adamların çoxu bundan elə də əziyyət duymurlar. Hərçənd bu
çatışmazlıq uzun davam edəndə kimlərinsə qanı qaralır, əsəbləri korlanır və bu yolla mənəvi çatışmazlıq
bioloji yaşamına da təsir göstərir.
Bir sözlə, mənəvi dəyərlər özlərinin qutlanmış (ruha tutulmuş) tərəfi ilə mənəvi gərəkləri ödəyirlər.
Mədəniyyətdə maddi dəyərlərin və mənəvi dəyərlərin bir-birinə güclü etgisi, hətta biri-birinə keçidi var.
Köhnə dəzgahların, avtomobillərin muzeylərdə tamaşa üçün saxlanması ona gətirib çıxarır ki, onlar insanın
sənaye yetənəkləri haqqında soraq verən mənəvi dəyər vəzifəsini görürlər, yəni insan, məsələn şəklə
baxırmış kimi onlara tamaşa edərək keçmiş və ya indiki sənaye haqqında informasiya alır.
Mənəvi dəyər də maddi dəyər kimi işlənə bilər. Mirzə Cəlil Sovet dövründə soyuq otağını qızdırmaq
üçün əlyazmalarını sobaya atanda, - olayı Anardan oxumuşuq, - qəzəbindən mənəvi dəyərlərini maddi
dəyərlər kimi işlətmişdi.
Bundan başqa, toplumda elə dəyərlər də var ki, «maddi-mənəvi» adlana bilər. Belələri tikililər,
dekorativ-tətbiqi sənət əsərləri (xalçalar, bəzəkli qılınclar) kimi həm nəsnəl, həm də mənəvi vəzifələr yerinə
yetirirlər. Yəni onların həm maddi, həm də mənəvi tərəfi işlədilir. Bu cur dəyərlərə bifunksional
(ikifunksiyalı) dəyərlər deyirlər.
Maddi və mənəvi dəyərlər arasında
səbəb-nəticə əlaqələri
Marksist mədəniyyətşünaslıq materialist olduğu üçün «hansı bölgə, - maddi dəyərlər hazırlanan bölgə,
yoxsa mənəvi dəyərlər düzəldilən bölgə başlanğıcdır, o birisinin necəliyini, çeşidini təyin edir?» sualına
materialistcəsinə cavab verir. Yəni deyir ki, başlıca dəyişmələr öncə maddi dəyrlər bölgəsində başlayır və
sonra da mənəvi dəyərlər sahəsində dəyişgilərə səbəb olur.
Burada məntiq belədir: insanlar qabaqca öz maddi gərəklərini ödəməlidirlər ki, sadəcə, yaşaya bilsinlər.
Yaşayanda isə mənəvi işlərlə də məşğul ola bilərlər.
Deməliyik ki, elə idealist filosoflar arasında da bunu danmayanlar vardı. XIX yüzildə yaşamış böyük
hind filosofu Vivekananda deyərmiş: «Ən böyük günah ac adamla din haqqında danışmaqdır».
Başqa bir hind filosofu Ramakrişna isə söyləyərmiş: «Ac adamın Allahı olmaz».
Göründüyü kimi, Marksizm yetərincə aydın məntiqə əsaslanır. Ancaq belə məsələlərdə aydınlıq hələ
yüksək doğruluq deyil. Bəzi adamlar var ki, çox böyük maddi yoxsulluqda yüksək mənəvi dəyərlər
yaratmışlar. Xristian zahidlərinin, müsəlman sufilərinin bir xeylisinin həyatı dediyimizə örnəkdir. Böyük
rəssam Modilyani tanınmadan, aclıq və səfalət içində ölmüşdü.
Sözsüz, maddi gərəklərin necə və hansı pillədə olması, onların hansı çeşidli maddi dəyərlərlə
ödənilməsi, bunun üçün nəsnəl dəyərlərin necə düzəldilməsi, toplumda necə paylanması, mənəvi
dəyərlərin necəliyinə bu və ya başqa güclə təsir göstərir.
Dostları ilə paylaş: |